Xəbər lenti


Sosial şəbəkələrdə avtomobilin dərəyə aşırılması əks olunan videogörüntülərlə bağlı araşdırma aparılıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov məlumat verib.
E.Zahidovun sözlərinə görə, Bakıxanov qəsəbə sakini Zamin Babayev Sabunçu rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus BMW markalı avtomobilin tanışı, dəfələrlə məhkum olunmuş Elnur Abbasov tərəfindən qaçırılması və həmin şəxs tərəfindən dərəyə atılması barədə məlumat verib:
“Zamin Babayev ərizəsində qeyd edib ki, Elnur onun avtomobilini almaq istəyib, maşını yoxlamaq məqsədilə ondan alıb. Lakin daha sonra qaytarmayıb. Zamin Babayev bildirib ki, Elnur Abbasovla dəfələrlə telefon danışığı olub.
Elnur Abbasov pul axtardığını və tapan kimi avtomobili alacağını deyib. Lakin mayın 11-də Elnur Abbasov Zamin Babayevə məxsus avtomobili dərədən yuvarlayıb”.
DİN sözçüsü bildirib ki, Sabunçu rayon Polis İdarəsində daxil olan məlumat əsasında araşdırmalar aparılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (başqasının əmlakını məhv etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” kimi tanınır.

 



Ana səhifəyə qayıt        Baxış: 1 303          Tarix: 12-05-2020, 15:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma