Xəbər lenti

 

 

Qalib Şəfahət

 

Dünyanın düz vaxtları idi. Bir-birimizin kəndinə-kəsəyinə, hələ üstəlik evinə-eşiyinə də  rahatca gedib gəlir, xeyrində, şərində yaxından iştirak edirdik.

     Onda kim idi səndən soruşan – “haraya gedirsən və  nə üçün gedirsən”?  Kim idi sənə ­– “gözün üstə qaşın var”! – deyən. Deyən tapılsaydı belə, sən də bir az səsinın tonunu qaldırıb ağzının alımını  verərdin.   “Sən kimsən? Sənə nə var ki, mən  hara gedirəm və hardan  gəlirəm? Kefimin ağasısan? –deyərdim. –Kimin nə hünəri var ki,  kirvəmgilə gedib gəlməyi mənə qadağa qoysun”. 

      Sonra  o yollar elə bağlandı ki... Nə mən o kəndə gedə bildim, nədə ki, kimsə mənım qarşımı kəsib soruşdu: – “Hara gedirsən və niyə gedirsən?”

    İndiki düşüncəmlə belə fikirləşirəm – “Əgər gedəsi olsaydım, kimsə  məndən soruşsaydı, onda mən  ona heç nə deyə, nə də  cavab qaytara bilməzdim. Durub yazıq-yazıq üzünə baxardım”.    Hansı üzlə, necə deyə bilərdim ki, “kirvəmgilə gedib gəlirəm”.

     Söz yox, adını belə qoymuşdum, “kirvəmgilə gedirəm!”  Əslinə qalsa onlara getməyimin əsas səbəbi Suzanna idi.

  Kəndlərimiz çox yaxın olduğuna görə qonşu kəndə gedəndə ata, eşşəyə o qədər də ehtiyac duyulmurdu, çox vaxt elə bir-birimizin evinə piyada gedib gəlirdik.

 

***

    Atamla Alberd əmi yaxın kəndlərdən olsa da əvvəllər bir-birini tanımamışdılar. Bəlkə də uşaq olanda adamlar bir-birinə o qədər əhəmiyyət vermirlər. Müəyyən bir zaman kəsiyi lazımdır ki, insanlar bir-birini yaxından tanıya bilsınlər. Həm də belə bir deyim var, – “çətin günlər insanı bir-birinə yaxınlaşdırır da, uzaqlaşdırır da”. Əsas məsələ odur ki, sən o zamanın sınağından üzüağ çıxa biləsən.

    Əsgərlikdə bir yerdə xidmət eləmişdilər. O vaxtdan  isti münasibətlər səmimi dostluğa çevrilmişdi. Mən özümü dərk eyləyəndən ailəlikcə mehriban dostluğumuzun şahidi olmuşdum.

   Dostluqlarının səbəbini nənəmin dilindən eşitmişdim. Nənəm o zamanlar deyirdi, – “a bala, erməni olanda nə olar? Erməni də insandı, onların da yaxşısı-yamanı, mərhəmətlisi-qanacaqlısı, dostluqda sədaqətlisi olur. Fərqi yoxdu, yaxşı elə hər yerdə yaxşıdı. İstər erməni olsun, istər də müsəlman. Gözümün ağı-qarası  olan bircə oğlum erməninin hesabına bu gün sağ-salamat  gözümün qabağındadır. Yoxsa, Allah bilirdi aqibəti necə olacaqdı”.

     Onu da deyim atam nənəmin son ümid, son sığınacaq yeri olub. Nənəm deyirdi, ondan başqa məni həyata bağlıyan kimim-kəmsəm yox idi.

      Evimiz Araz çayından çox da uzaq deyildi; ağlım kəsəndən nənəm məni də yanına alıb tez-tez Araz çayının qırağına gedərdi. Çayın qırağında dayanıb həsrət-həsrət çaydan o yana, Cənubi Azərbaycan tərəfə baxardı. Elə ofuldanardı, elə ofuldanardı ki, yağı görsə ona yazığı gələrdi.

      Əvvəllər nənəmin ofuldanmağına  o qədər də əhəmiyyət verməzdim. Başına gələn əhvalatı mənə danışandan sonra ona yazığım gəlir, çox ağrıyıb-acıyırdım. Nənəmin yanında özümü toxtaq tutsam da, nənəmdən xəlvət onun dərd-sərini  düşünüb hönkür-hönkür ağlayıb ürəyimi boşaldardım. Danışırdı – “Onda cavan qız idim. Bilmirəm nə məsələ idi, atam anamı, qardaşımı və məni götürüb Cənubi Azərbaycanı gecəylə tərk edib bu tərəfə – Şimalı Azərbaycana (onda bu tərəflərə “şurəvilər” deyirdilər) köçdü. Beş ilə qədər burda ac-yalavac, bir qarın ac, bir qarın tox yaşasaq da, qulağımız dinc, başımız sakit idi, bir təhər başımızı girələyirdik. Mən artıq ərgən qız idim. Baban mənə elçi düşdü. Evləndik. Aradan bir il keçməmişdi, yuxarıdan göstəriş  gəldi. Bizimkilər yenidən İrana qayıdası oldu. Bayaq dərdimiz bir idi, indi birə-beş artdı. Mən də ailəli, necə bir-birindən ayrılasan, öz doğmalarından  uzaq olasan? Çox ölçüb-biçdik, axırda atam belə qərara gəldi:  – “Sən ailəlisən qal, – dedi. – Sağlıq olsun, İranla məsafə o qədər də uzaq deyil. Tez-tez gəlib gedərik”. Başqa əlacımız da yox idi. O ayrılıq, bu ayrılıq, öz doğmalarımdan bu günə qədər də xəbər-ətər tuta bilmirəm. Başlarına nə iş gəldi, necə getdilər, sağ-salamatdırlarmı, hələ də heç nədən xəbərim yoxdu”.  Nənəm yenə ofuldanıb sözünü davam etdi: 

– Demək, a bala, mənim bağrım daşdan imiş, mən bu boyda dərdə-azara tab gətirib dözə bilmişəm. Hələ də gözlərim yollardan yığılmayıb. Elə bilirəm ki, bu gün, sabah qapını döyüb içəri girəcəklər.

    Mənə belə gəlirdi nənəmin bu baxışları o baxşlardan deyildi. Əzizlərinin timsalında bütün həsrətlərə acı-acı baxıb, ayrılıqlara dözüm nümayiş etdirirdi. – Araya çökmüş sükutdan sonra dərin köks ötürüb dedi: – Eh, a bala! Hələ bununla yaxamı həsrətin, ayrılığın əlindən qopara bilsəydim nə dərdim olardı ki! Sonra da müharibə başladı.  (Böyük Vətən Müharibəsi nəzərdə tutulur). Onda atanın heç bir yaşı tamam olmamışdı. Kişi müharibəyə getdi. Birtəhər başımızı girələyə-girələyə neçə illər də onun yolunu gözlədik.  Söz yox, müharibədən sonra qayıtdı. Yenicə Allahımıza şükür oxuyurduq ki, aradan üç il keçməmiş kişi yatıb ayılmadı.  O gündən sonra bütün ümidlərimi atana bağladım. Atan mənim yeganə təskinlik, ümid yerim oldu.

 

***

     Bildiyimə görə nənəmin əvvəllər ermənilərdən  xoşu gəlmirmiş. Niyəsini dəqiq bilmirəm. Yəqin, bildiyi bir şey, bir səbəbi varmış. Amma onu bilirəm ki, həmişə deyirmiş, “erməniyə etibar yoxdu, ermənilər murdar millətdi”.

     Əsgərlikdən sonra  Albert əmi bizə gəlibmiş. Nənəm ağız buzüb atama deyib ki, “bu erməninin bizim evdə nə işi var”? Atam onda başına gələn hadisəni nənəmə danışıb, deyib, – “Ay ana, bu erməni olmasaydı sağ tikəm ələ gəlməzdı”. Nənəm təlaşla nə olduğunu soruşanda atam başına gələn hadisəni danışıb. –  “Ay ana, əsgərlikdə “avtorotada” xidmət  edirdik. İşimiz-gücümüz qırıq-salxaq maşınları remont etmək idi. Onda texnika  o qədər də inkişaf etməmişdi. Hər şey əl gücünə, qol gücünə  görülürdü. Zİl markalı maşının altına daş, taxta yığıb yuxarı qaldırmışdıq. Maşının altına girib təmirlə məşgul olurdum. Bir də gördüm kimsə mənim ayağımdan tutub dartdı.  Elə dartıb kənara tulladı ki, maşından hardasa 5 metr aralıya düşdüm. Özümü toplayıb demək istəyirdim ki, – Niyə belə etdin? Məqsədin nədir? –  Söz ağzımdan çıxmamış məni dartıb kənara atan adam dilləndi:

– Ara, maşının altında qalıb öləcəkdin.

   Çox həyacanlı görünürdü. Sözünü tamamlamamışdı ki, kubikin dağılıb maşının yerə sərildiyini gördüm. Dilim-ağzım  qurumuşdu. Ana, o anda ölümdən qorxmadım, sənin yalqız qalacağın məni yaman qorxutdu.  Maşın məni xıncım-xıncım edib öldürəcəkdi”.

     Bu hadisədən sonra atamla Albert əmi öz aralarında əhd-peyman bağlayıblar ki, ölüncə bir-birlərinə qardaşdan  artıq olacaqlar. Bilmirəm, o inanc nə qədər doğrudu; hər ikisi barmaqlarını çırtıb qan alıblar, sonra da o qanı bir-birinə qarışdırıblar. Qan qarışanda insanları bir-birinə daha da bağlayırmış. Hələ onu da  zarafata salıb beynimə yeritmişdilər ki,  Albert əminin qızını sənə alacağıq. Albert əmi də arada, kefinin saz vaxtı gülə-gülə deyirdi:

   –Ara, kürəkən, birdən qızı almazsan, bizı biabır edərsən haaa...

    Dinmirdim. Başımı yerə dikirdim. Nə deyəcəkdim? Daha deyə bilmirdim ki, “almamaq nədi, qızdan ötrü canım da çıxır”. Üstəlik də nənəm gülə-gülə nə desə yaxşıdı:

– A bala, siz göbəkkəsdi, yəni deyikli olmusunuz. Adətə görə göbəkkəsdi olanlar nişanlı kimi bir şeydi.

   Bu göbəkkəsdinin – deyikli olmağın – nə olduğunu o qədər də başa düşmürdüm, amma orasını bilirdim ki, nəsə bu yaxşı sözdü. Mənə sərf edirdi axı. Sevinirdim.

   Düzünə qalsa, qızdan ötrü qanım elə qaynayırdı ki, dəli-divanə idim. Ürəyim gedirdi. Üzünü görmək bir yana, adını eşidəndə dizlərim əsim-əsim əsirdi. Utanmasam deyərdim – Alıram, elə indicə gedib gətirin. Yaxud bizdə olanda qolundan tutub deyərdim – “daha evnizə qayıtdı yoxdu, mənimsən ki, mənimsən, mənimlə bir yerdə qalmalısan”. Həmişə çalışırdım bir bəhanə tapıb onlara gedim. Evdə  başa düşsələr də üstünü vurmurdular. Düzdü, bir-birimizə eşqimizi elan etməmişdik.  Bunu deməyə ehtiyac da  yox idi. Xoş münasibətimizdən, davranışımızdan bir-birimizi başa düşürdük.  Valideyinlərimiz yarı zarafat, yarı ciddi bunları tez-tez elan edirdilər. Bu elan bizim çox xoşumuza gəlirdi. Bu elandan özümüz də nə utancağlıq, nə çəkincəklik hiss etmirdik. Uşaqlıqdan belə bir mühit yaradılmışdı. Biz də “belə də olmalıdır”, ideyası ilə  könüllü olaraq razılaşmışdıq. İkicə gün ondan ayrı qalanda darıxırdım. Elə bilirdim nəsə çatışmır. O da məni görən kimi çoxdandır yaxın adamını görməmiş kimi üstümə qaçıb deyirdi – “Harda idin, sənsiz yaman darxırdım”!

 

                                                                         ***

 

    Albert əmiyə evimizdə hamının hörməti vardı. Təkcə Albert əmiyə yox, elə onun arvadı Rozanna xalaya da, qızı Suzannaya da. Evimizdə onları hamı yaxın adam kimi qəbul edirdilər.

     Ya biz onlara gedəndə, ya da onlar bizə gələndə elə bilirdin hər iki ailədə toy-bayramdı. Nənəm Suzannanı daha çox istəyirdi. “Gəlinimdi” – deyib həmişə boynunu oxşardı. Bu da mənə xüsusi bir ləzzət verərdi. Nənəm hər belə dedikcə mən özümlə qürrələnər, özümü  ailə-uşaq sahibi, yetkin bir kişi hiss edərdim.

      Suzanna da  nənəm belə dedikcə elə əzilib büzülürdü, özünü elə naza qoyurdu, elə bilirdin tam yetişmiş bir qızdı, bu gün-sabah toy edib gəlin köçürəcəklər.

 

                                                                     ***

 

     O inəyi Albert əmidən mən istəmişdım. Əhvalat belə olmuşdu. Uşaq idim, ağlım o qədər də kəsmirdi. Bəlkə də saflıqdan irəli gəlirdi. Uşaqlar saf olur axı. Zaman-zaman həyat özü insanı rəndələyib formaya salır. Həm də kənddə yaşadığımıza görə mala, heyvana çox həvəs göstərirdik. O inəkdən çox xoşum gəlirdi. Heyvanların da yaraşıqlı, gözə gəlimlilərinə  rast gəlmək olur. Nə olsun heyvandır? Onların da arasında seçilənləri olur. İnək də olsa elə bil Tanrı ona xüsusi bir yaraşıq vermişdi. Yerişində, duruşuda özünə xüsusi olaraq fikir verən qadınlar kimi ağayanalıq, özündən razılıq duyulurdu. Həm də başqa inəklərdən fərqli olaraq üstündə bir mısqal da olsun çirk, palçıq görə  bilməzdin.  Kənardan baxanda elə bilirdin gözəl-göyçək  bir qadın özünə sığal çəkib yar görüşünə tələsir.

  Tükləri qızılı-sarı rəngə çalırdı. Kənardan baxanda parıltılı görünürdü. Günəş şəfəqləri üzərinə düşəndə elə bilirdin qızıldı parıldayır. Bilmirəm məhsuldarlığına görə, ya tüklərinin qızılı-sarı rəngə çaldığına görə, adına “qızıl inək” deyirdilər.

     Bir neçə dəfə yanımda o inəyi yaman tərifləmişdilər. Mənim də qəribə bir xasiyyətim vardı. Yaxşı nə görürdümsə  istəyirdim ki, mənim olsun. Elə istəyirdim o inək bizim inəyimiz olaydı.

     Bir gün onlara getmişdik. Atam Albert əmi yeyib-içirdilər, kefləri saz idi. Biz də Suzannayla bir tərəfə çəkilib oynayırdıq – öz uşaqlıq aləmimizdə idik. Birdən  ağlıma gələni dilimə gətirdim:

– Albert əmi, o  qızıl  inəyi mənə verərsənmi? –dedim.   

Kişi tərəddüd etmədən, gülərək:

– Ayıb deyilmi, kürəkən! İnəyi də, bu qızı da sənə verəcəm. Gedəndə apararsan – dedi.

Atam:

 – Əşşi uşaqdı, dediyinə fikir vermə, durub sənin qapından inəkmi aparacam, a canı sağ olmuş? – desə də, Albert əmi iki ayağını bir başmağa dirədi ki, – “Yox! Mənim ağzımdan söz çıxdısa eləməliyəm. Vəssalam! Mən bu uşağın sözünü heç vaxt yerə salmaram. Bu uşaq indiyə qədər məndən heç nə istəməyib. Birinci dəfədir, onu  gərək  mütləq yerinə yetirim, – dedi.

 Gecə evimizə qayıdırdıq. Düzdü, qalsaydıq çox sevinərdim, amma atamın xasiyyəti idi, nə vaxt olur-olsun, mütləq evə qayıtmalı idi. Biz həyətə düşəndə inək tövlədən çıxarılıb həyətdəki  dirəyə bağlanmışdı. Həyətdə atamla Albert əmi xeyli cəhli çəkdilər. Axırda Albert əmi dedi:

     – Aparmırsan aparma! Özüm sizinlə söhbət edə-edə aparıb qapınıza bağlayıb  qayıdaram – deyib inəyin ipindən çəkə-çəkə yola düşdü.

    Atam onun ciddiliyini görüb çarəsiz  razılaşdı:

– Görürəm inadından əl çəkmirsən. Yaxşı,  sən qayıt, İlkin özü aparar, mən də kömək edərəm.   

     Yol boyu atam məni danladı:

– Bizi biabır etdin, səndə bu nə xasiyyətdi, başqasından nəsə istəyirsən? Qapımızda mal-heyvanmı əskikdi?

      Dillənmədim. Elədiyim hərəkətə görə həm sevinirdim, həm də peşman olmuşdum. Bəlkə də atam danlamasaydı o qədər də peşman olmazdım.

 Sonralar yarizarafat, yarıciddi, “Qızın cehizi indidən gəlib. Cehizi gəlibsə özü də mütləq gələcək.  Fərasətli oğul bax belə olar!” – deyirdilər.

 

                                                                              ***

       Məndən böyük iki bacım var idi. Onlardan sonra iki oğlan uşağı doğulsa da  qalmayıblar. Nənəm bəzən mənim dünyaya gəlməyimdən danışırdı.  Anam mənə hamiləykən yuxuda ona agah olub ki, uşağın kirvəsi erməni olsa  atamın oğlan uşağı olacaq, özü də mütləq sağ qalacaq. Elə o günlərdə Albert əmi bizə gəlibmiş, söhbət əsnasında deyib:

     –Ara, qardaş, sənin oğlun olacaq, onun da kirvəsi mən olacam. Ondan sonra uşağınız duracaq. Axı siz türklərdə belə inanclar, inamlar  çoxdur. Ürəyimə damıb,  mənim də qızım olacaq. Qızımı da oğluna alarsan qohum olarıq! 

      Nənəm deyirdi, “Elə bil bu söz lap yerinə düşdü, ürəyimcə oldu. Atandan qabaq mən dilləndim:

– Düz deyirsən, Albert. O uşağın kirvəsi səndən artıq adam olacaq? Ağıllı fikirdi.  – Sonra da gülərək dedim: – elə kirvəsinin də qızını oğlumuza alarıq.

       Nənəm zarafatla deyirdi – “Elə bil canı yanmamışın ağzı fal imiş, necə demişdisə eləcə də oldu. Bircə qalıb qızı gətirməyimizə, sağlıq olsun, o da inşallah, qismət olar. Tez böyü, ağrın alem, tez böyü, toyunu görməmiş ölüb-zad eyləyən deyiləm. Gərək oğlumun toyunu görüm ki, mən də rahat ölə bilim”.

Suzanna ilə mən isə elə həvəsdə idik ki, əlacımız olsaydı həmişəlik bir yerdə olmaq üçün lap tez böyüyərdik.

 

                                                    ***

      Münaqişə təzə-təzə alovlanırdı. Arada eşidirdik, ermənilər belə bir təxribat törədiblər. Türklər də (yəni bizimkilər) cavabını gecikdirməmişdi, həmin andaca cavablarını qaytarmışlar. Düzdü bizimkilərdə silah olmasa da sağlam  ruh var idi, Vətən istəyi, vətən sevgisi var idi. Hərə əlinə keçən nə vardısa – quş tüfəngi, lapatka, yaba ilə, heç nəyi olmayan dişi ilə, caynağı ilə silahlanırdı.

   Məlum hadisələrdən sonra, açığı məndə Suzannagilə əvvəlki gedib-gəlmək həvəsi qalmamışdı. Qanadı qırılmış quş kimi həyətdə-bacada  çox həvəssiz, könülsüz davranırdım. Həm də evdən tapşırmışdılar, “amanın bir günüdü bala, bir müddət getmə, görək nə olur, gedərsən bizi yazıq edərsən”.

     Nənəm neçə ildən sonra bir vaxtlar boğçasında gizlətdiyi sözü yenidən işə salmışdı. “Erməni alçaq millətdi, erməniyə etibar yoxdu”.

    Hadisələr başlayandan sonra bir gecə Albert əmi Suzannanı, Rozanna xalanı  götürüb xəlvəti  bizə gəlmişdi. Bu gəliş əvvəlki gəlişlər kimi deyildi. Könülsüz, ürəksiz  gəlmişdilər; gəlişləri ilə otağa ölü bir sükut çokmüşdü. Davranışlarında, hərəkətlərində, baxışlarında, duruşlarında  əməlli-başlı soyuqluq hiss olunurdu. Bu gəliş vida gəlişi idi. 

      Hamı günahkar kimi bir-birinin üzünə baxmağa utanırdı. Mən də Suzannanın qarşısında günah iş tutmuş adam kimi gözümü gözündən qaçırırdım. Onun da  mənim kimi hisslər keçirdiyini duyurdum.

 Albert əminin gözləri dolmuşdu, üzünü atama tutub dedi:

– Bilirsən qardaş, bir vaxtlar rahatca gəlib getdiyim evə indi xəlvətcə gəlmişəm. Allah mərdimazarın evini yıxsın. Butün münasibətimiz, arzularımız puç olub getdi. Sabaha umud yoxdu, sabah necə olacaq!

    Onda elə istəyirdim ki, Süzanna ilə əl-ələ tutub gözdən-könüldən çox uzaq bir yerə gedək, orda qalaq. Arzularımızın çiçək açacağı bir məkan olsun yerimiz. Orda heç kəs bizə dəyib dolaşmasın.

   Mən bu arzumu Suzannaya deyə bilmədim. Onu da bilmədim  ki, o da mənim kimi fikirləşirdi, yoxsa yox!

     O gündən sonra təsəlli yerim  qızıl inək oldu. O inək sanki mənim ümid yerim idi. O inəyi hər gördükcə, elə bilirdim hər şey düzəlcək. Hər şey əvvəlki öz məcarasına düşəcək.

 

                                                                    ***

    Anamın qardaşı erməni  gülləsindən şəhid olmuşdu. Evimizdə qanqaraçılıq hökm sürürdü. Zarafat deyildi, dağ kimi oğul bir namərd gülləsinə qurban getmişdi. O gündən anam  mənim qızıl inəyimə qənim kəsilmişdi. “Düşməndən qalan mirasdi!” – deyirdi.

   Sanki hər şeyin səbəbkarı mənim qızıl inəyim idi, o bizim qapımızda olmasaydı bu müsibət də anamın başına gəlməzdı. Heç bir dəfə də o inəyi sağmadı.  Deyirdi,  “düşmənin murdar  əli dəyib onu məməsinə!” Nənəm məcbur olub gedib özü sağırdı. Anama heç nə demirdi. Amma xəlvətdə  gileylənirdi, “bu dilsiz, ağızsız heyvanın nə günahı var?! İnəkdi, kimin qapısında olur olsun, yaxşı baxsan yaxşı süd verəcək, baxmasan baxımsız qalıb əldən düşəcək”. Nənəmin sözündə həqiqət var idi. Amma anam elə bir durumda idi ki, söz deyiləsi deyildi.

    Atam da hardasa nənəm kimi mənim sarı inəyimi, dolayısıyla keçmiş dostu Albert  əmini müdafiə edirdi: – “Bu yaramazların pis əməllərinə Albert və Albert kimi düşünənlərin nə cavabdehliyi var, nə də məsuliyyəti. Onlar da o namərdlərin əməllərinin qurbanı olublar; neynəsinlər, yuxarı baxırlar bığdı, aşağı baxırlar saqqal,  – deyirdi.  – Ondan mən pislik görmədim, məni ölümün cəngindən qurtardı. Qəlbində qara niyət olsaydı, deyərdi, “cəhənnəmə ölsün. Mərdlik etdi. Həm də o inəyi bizə pis niyətlə verməmişdi.  O nə bilsin ki, sonralar belə bir həngamə qopacaq”.

     Elə bil inək ona qarşı edilən biganəliyi, laqeyidliyi duymuşdu. İnəyin hərəkətləri  qəribə idi. Həyatda, bacada küskün gəlin kimi hərlənirdi.

     Bir axşam inək həyətə qayıtmadı. Çox axtardım. Əsgərlərimiz ermənilərin sərhəddə inəyin alnından vurduğunu dedilər. Pis oldum. O vəhşilər inəyi güllələyəndən sonra ümüdlərimin qapısı tamam bağlandı.  Qızıl inəyimə atılan güllə mənim arzularıma, istəklərimə atılan sonuncu güllə oldu.

Suzanna daha mənlik və mənimki deyildi!




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 18-12-2018, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma