Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2018-ci ildə 8 idman növündə antidopinq qayda pozuntusu aşkarlayıb.
“Report” xəbər verir ki, bu barədə qurumun illik hesabatında bildirilir. Rəsmi açıqlamada qeyd olunur ki, il ərzində 817 testdən 445-i yarışdankənar müddətdə, 372-si yarış müddətində olub. Həmçinin, 44 idmançıdan bioloji pasport üçün qan toplanıb. Beynəlxalq federasiyaların verdiyi sifarişlərə əsasən, 2018-ci ildə ümumi 101 test sifariş edilib. Bunlardan 67-si yarışma müddətində, 34-ü yarışmadan kənar təşkil edilib. Bütün testlərin keçirilməsi üçün 162 missiya tələb olunub. Bu missiyalar 817 test, 543 idmançı və 21 idman növünü əhatə edib.
Güləşdə 12, taekvondoda 7, boksda 5, cüdoda 3, ağırlıqqaldırma, velosiped idmanı və voleybolda hərəyə 2, atletika üzrə isə 1 qeyri-əlverişli analiz nəticəsi aşkarlanıb. Əlavə olaraq, ağırlıqqaldırmada 1 atipik nəticə tapılıb. İl ərzində dopinq nəzarətindən imtina 1 dəfə, məkan məlumatı pozuntusu halları 8 dəfə baş verib. Aşkarlanan qadağan edilmiş maddələr müxtəlif olub. Qeyri-əlverişli analiz nəticələrinin bir çoxu anabolik steroid təşkil edib və idmançıların 25 faizi azyaşlı olub. Ümumilikdə 2018-ci ildə 35 Antidopinq Qayda Pozuntusu baş verib və 35 yekun qərar açıqlanıb.
Təhsil və təlim üzrə keçirilmiş seminarlarda respublika idman federasiyalarında və idman klublarında 34, Təhsil Nazirliyi ilə birgə idman məktəblərində 2, Milli Olimpiya Komitəsi ilə birgə “Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 1 və Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunda 1 seminar baş tutub. Həmçinin, cari ildə Cənubi Koreyada keçirilmiş Pxençxan Qış Olimpiya Oyunları, batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı, velosipedin BMX növü üzrə dünya çempionatı, cüdo üzrə dünya çempionatı zamanı antidopinq maarifləndirmə təbliğatı aparılıb.
Əlavə olaraq, Bədən Tərbiyəsi və İdman Günü, Ədalətli İdman Günü tədbirləri zamanı antidopinq üzrə maarifləndirmə işləri reallaşdırılıb. İdmançıların və digər aidiyyatı şəxslərin antidopinq sahəsində məlumatlılığının artırılması məqsədilə Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən tətbiq edilmiş elektron antidopinq təhsil platformasının Azərbaycan dilinə tərcüməsi başlanılıb. AMADA Birləşmiş Krallıq Antidopinq Agentliyi (UKAD) ilə antidopinq sahəsində araşdırma və təhqiqatlar üzrə əməkdaşlığa start verilib.
Cari il ərzində AMADA dopinq nəzarəti əməkdaşları üçün 11 treninq keçirib, idmançılar və idmançılara köməkçi heyətlə antidopinq sahəsində hüquq üzrə 53 görüş, qeydiyyata alınmış test qrupu və nəticələrin emalı üzrə 59 görüş, məkan məlumatı və digər antidopinq qaydaları barədə 34 görüş təşkil edib. Həmçinin, təhsil müəssisələrində antidopinq sahəsinə dair tədris proqramının hazırlanmasına başlanılıb.
Paylaş: