Xəbər lenti

  

Səkkiz aydır Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan İlham İsmayılov Mingəçevirdəki Heydər Əliyev Mərkəzində Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsində təmsil olunan yazarlarla görüş keçirmişdir.

AYB-nin regional bölməsindən Ovqat.com-a verilən məlumata görə, səhər rəhbəri əvvəlcə foyedə yerli yazarların əsərlərindən ibarət kitab sərgisi ilə tanış olmuş, söz adamlarının hər biri ilə hal-əhval tutmuşdur.

Bundan sonra iclas zalında yazarlarla bir araya gələn şəhər rəsmisi ölkə prezidenti İlham Əliyevin tapşırığı ilə Mingəçevirdə aparılan abadlıq-quruculuq işləri, ayrı-ayrı yaşayış massivlərində sakinlərlə keçirilən “səyyar görüş”lərin əhəmiyyəti, bir sıra yeni sənaye obyektlərində  xeyli sayda iş yerlərinin açılması barədə məlumat vermişdir.

 

Çıxışının sonrakı məqamlarında Mingəçevirdə və yaxın bölgələrdə yaşayan söz adamlarının Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə keçirilən tədbirlərdə iştiraklarını yüksək qiymətləndirən, iyirmi il qabaq bölmənin yaradılması ilə bağlı görülən hazırlıq işlərində özünün də yaxından iştirak etdiyini xoş bir xatirə kimi dilə gətirən İlham müəllim yerli yazarlarla görüşə məmnunluq hissiylə gəldiyini və hər bir qələm sahibini dinləmək arzusunda olduğunu bildirmişdir.

    Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə  son iyirmi il ərzində şəhərin ədəbi simvoluna çevrilən bölmənin xəttiylə keçirilən yubiley, kitab təqdimatı və poeziya gecələrinin insanlara unudulmaz anlar bəxş etdiyindən, yaradıcı gənclərə yönəlik qayğıdan, on bir ilə yaxın müddət ərzində  oxuculara nəcib hisslər aşılayan “Bənövşə” ədəbi dərgisinin (əvvəlki adı “Mingəçevir leysanı”) nəşrinə şəhər rəhbərliyinin göstərdiyi mənəvi dəstəkdən söz açmış, 2014, 2016 və 2018-ci illərdə işıq üzü görən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik” almanaxlarının yerli yazarlara ən gözəl söz töhfəsi olduğunu vurğulayaraq, yerli söz adamları ilə görüş keçirən şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılova minnətdarlığını bildirmişdir.

 

   Ahıl qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəsib Bayramoğlu əvvəlcə öz yardıcılığı barədə söhbət açmış, sonra isə şəhərdə keçirilən mədəni-kütləvi tədbirlərdə yazarların potensialından istifadə edilməsi üçün bir sıra təkliflər irəli sürmüşdür.

   Mingəçevir bələdiyyəsinin üzvü, yazıçı-publisist Zahid Qasımlı son doqquz aydan bəri rəhbərlik etdiyi “Palitra” Ədəbi Klubunun AYB Mingəçevir bölməsinin ən uğurlu layihələrindən biri olduğunu, yerli yazarları tanıtmaq və dünyalarını dəyişmiş görkəmli söz adamlarının ədəbi irsini təbliğ etmək baxımından mühüm rol oynadığını vurğulamışdır.

 AYB-nin və Dünya Gənc Türk Yazarlar Vəqfinin üzvü şair Elşən Əzim son üç il ərzində Türkiyə, Qırğızstan və Özbəkistanda  iştirakçısı olduğu tədbirlərin böyük önəm kəsb etdiyini, həmin ölkələrdə yaşayan şairlərlə görüşlər zamanı  Mingəçevirin ədəbi aləmi barədə söz açdığını da söyləmiş, AYB-nin Mingəçevirdəki bölməsinin bu istiqamətdə apardığı işləri yüksək dəyərləndirmişdir.  

 

 Tədbirin ayrı-ayrı məqamlarında çıxış edən AYB-nin üzvləri - “Mingəçevir qönçələri” ədəbi məclisinin rəhbəri  Zümrüd Rəhimova, nəsimişünas Əbülfət Həsənoğlu, Səxavət Kəlbəcərli, “Bənövşə” jurnalının şöbə redaktoru Məmməd Mərzili, gənc şairə Rəna Əliyevanın anası Pərvanə  Əfəndiyeva və “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov AYB Mingəçevir bölməsinin xəttiylə keçirilən tədbirlərə şəhər rəhbərliyinin dəstəyinin vacibliyindən, Mingəçevirdə ümumrespublika səviyyəli “kitab bayramı” keçirmək istəklərindən, yerli universitet, kollec və ümumtəhsil məktəblərində yazarlarla görüşlərin əhəmiyyətindən söz açmışlar.

 

      Tədbirdə dilə gətirilən arzulara və irəli sürülən təkliflərə münasibət bildirən şəhər rəhbəri İlham İsmayılov yerli yazarlarla görüşdən məmnun olduğunu, bölmənin fəaliyyətini gücləndirmək üçün yazarlara dəstək verəcəyini və “Bənövşə” ədəbi dərgisinin bundan sonra da nəşrinin vacib olduğunu bildirmiş, söz adamlarına bir daha yaradıcılıq uğurları arzulamışdır.

Sonda şəhər rəhbəri yazarlarla xatirə şəkilləri çəkdirmişdir.

Vahid Qafarlı

Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Ana səhifəyə qayıt        Baxış: 1 151          Tarix: 2-09-2019, 13:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma