Xəbər lenti

  

Son illər iki qardaş ölkə - Turkiyə və Azərbaycan arasında ayrılmanın əsasını qoyan Səvəfi-Osmanlı münasibətləri tez-tez gündəmə gətirilir. Əksər hallarda qardaş Türkiyənin gözünə girmək xətrinə birmənalı şəkildə Şah İsmayıl Xətai tənqid və təhqir atəşinə tutanlar bu kor təəssübləri sayəsində Osmanlı sultanı Yavuz Sultan Səlimi də opponentlətinə söydürürlər. Bu kor təəssübkeşlik sayəsində qazananlar isə düşmənlər olurlar.

Zənnimizcə, türkləri əfəndi millətdən bu günün kölə, zavallı toplumuna çevirən daxili müharibələrin araşdırılması ya tarixçilərin ixtiyarına buraxılmalı, ya da qardaşı qardaşa düşmən edən bu qanlı qovğaların bütün iştirakçıları ya eyni şəkildə qınanmalıdır. Azərbaycanın böyük şairi mərhum Şahmar Əkbərzadənin dediyi kimi, Şah İsmayılın da, Sultan Səlimin də, Əmir Teymurun də, Sultan Bəyazitin də yerinə UTANILMALIDIR.

Bu gün məzhəb təəssübkeşliyi ilə tariximizə tüpürənlər həm də öz yerlərinə utansınlar deyə, aktyor Ağalar Bayramovun gözəl ifasında həmin şeiri Ovqat.com oxucularına təqdim edirik:

 

Utanım yerinə ay bulud sənin,
Allahın altında ağ eyləyirsən..
Alışır ciyəri çölün, çəmənin,
Yağışı dənizə səpələyirsən..

Utanım yerinə sənin, ay dəniz,
Susuzlar qoynunda yetmir kamına..
Çayların başını kəsib tər-təmiz,
Dönmüsən suların qəbristanına..

Bu da ki, min illik Türk qəbristanı,
Analar kor oldu ağı deməkdən..
Utanım yerinə, Türk yatağanı,
Gözlərin doymadı Türkü yeməkdən..

Utanım yerinə Misri qilincım,
Tufəng çıxan kimi qınına girdin..
Utanıb-qızarıb sənə güvəncim,
Sən öz qanımıza yerikləyirdin..

Utanım yerinə qoç Koroğlu, din!
Düşmənin kimiydi? – Həsən paşaydı..
"Leş bir yana, baş bir yana" -deyirdin,
Qalağa vurduğun qardaş başıydı..

Utanım yerinə Əmir Teymurum,
Əzdin Bəyazidi, qırdın Tatarı..
Sənin zəfərinlə sındı qürurum,
Yadlara qul oldu yurd balaları..

Şah babam Xətayi, ey Sultan Səlim,
“Çaldıran” deyəndə odlanıram mən..
Əsrlər keçsə də düzəlmir belim,
Sizin yerinizə utanıram mən..

Utanım yerinə ey insan oğlu,
Bir yandan əcəldən fəryad edirsən..
O biri yandan da zirehli, zağlı,
Ölüm silahları icad edirsən..

Bir utanc qurumu qurardım hökmən,
Egər olmasaydı məni qınayan..
Yerlərdən, göylərdən utanıram mən,
Utanım yerinə, ay utanmayan..!




Ana səhifəyə qayıt        Baxış: 1 764          Tarix: 14-11-2019, 07:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma