Xəbər lenti


İl 2012. 2 may. Düz 8 il keçir o məşum gecədən - Tale dostum, böyük ədəbiyyat adamı, həmişə dostluğumuzdan, imzasından qürur duyduğum, həm insan, həm də imza kimi maraqla oxuduğum Fərid Hüseynlə Təbrizdə ədəbiyyat festivalından qayıdarkən "ETTELAAT" (İran Kəşfiyyat Nazirliyi) tərəfindən həbsimizdən.

Nə boyda 8 il. Təbrizdə... Təsəvvür edin. O Təbrizdə ki, bir xalq kimi həmişə nicatlar yerimiz, ümidlər ünvanımız olub. O Təbrizdə ki, bir fərd kimi mərhumə anamın xərçəngdən müalicəsini də orda alırdıq həbsimdən 6 ay öncəyə qədər. O vaxtlar məni ən çox üzən son yarım ildə Təbrizin məni iki dəfə sarsıtması idi həm də - 2011 payızında anamı itirdim, 2012 yazında azadlığımı. Payızdan bunu gözləyərdim, yazdan da, amma Təbrizdən gözləmirdim, gözləməz idim. İndi mənim həm də 8 illik həsrətimin adıdır Təbriz. Amma bir məqam da var: Könül yollarında məsafələr olmaz. Mən öz qəlbimdəki, ümidimdəki Təbrizimlə barışmışam. Allah necə haqdı!

Son vaxtlar qanrılıb sol çiynimin üstündən geriyə baxanda yanlışlarımı daha aydınlığı, daha çılpaqlığıyla görürəm. O üzdəndir ard-arda etiraflarım. Bir etirafı da indi etmək istəyirəm, məhz bu gün.

Zaman-zaman ölkədə baş verən neqativlərə qarşı ictimai qınaq, mövqe göstərmişəm. İstər yumşaq, istərsə də sərt, necə olubsa, həmin vaxtdakı düşüncələrimlə, hisslərimlə düz mütənasib olub mövqeyim. Doğru da olsa, yanlış da olsa, fərq etmir, ən əsası, səmimi olmuşam. Yəni qəlbimlə barmaqlarım arasında, ürəyimlə dilim arasında məsafə olmayıb. Di gəl, sırf hakimiyyətə qarşı, konkret olaraq Prezidentə yönəlik tənqidi fikirlərimdə cəmi iki dəfə "qırmızı xətt"i keçmişəm. Qalan bütün məqamlarda o "qırmızı xətt" özüm üçün bir ruhani-mənəvi sərhəd olub. Nədən ki, (nə qədər loru səslənsə də bu, belədir) mənim qəlbimdə Prezidentə bir kişiyana əbədi minnətdarlığım var. Nə bir vətəndaş, nə bir şair, nə bir yazıçı, nə də bir başqa kimsə kimi - Məhz kişiyana minnətdarlıq. Həmin dövrdə göstərdiyi prinsipiallığa xatir, boynumuzu kəndirdən çıxardıb bizi ailəmizə bağışlamağına xatir, valideynlərimizin könlünü bizi xilas etməklə ömürlük şad etməyinə xatir olan bir minnətdarlıqdır bu. Köhnə kişilər bu hissin adına "Kişiyana minnətdarlıq" deyərlər. Dəqiq ifadədir. Bəli, bir az gəncliyin verdiyi aşırı emosionallıq, bir az da digər məlum səbəblərdən dolayı həmin o qəsd etdiyim "qırmızı xətt"i iki dəfə keçmişəm. İndi düşünürəm, səhv etmişəm.

<b>İranda həbsdə olan şairlər ikinci dəfə danışdılar </b>

Bunlar elə şeylərdir, gərək öz başına gələ ki, başmaqçı olasan. Bu etiraflar belə uzaqdan-uzağa tanış gəlməyə, yad görünə bilər kimlərəsə. Olsun. Heç Allah kimsələrin başına gətirməsin də. Qəti arzulamıram. Sadəcə, insan bilmədiyinin düşmənidir. Eybi yox, qoy elə Allah onların başına gətirməsin mənim çəkdiklərimi, onlar da heç vaxt başa düşməsinlər mənim nə dediyimi, nə demək istədiyimi. Allah necə haqdı!

Hə, bir də unutmadan bir başqa həssas məqamı da qeyd edim, qalsın yaddaşda. Allah köməkləri olsun, incimirəm, sadəcə fakt kimi qeyd edirəm. Bizim bu ədəbi camiədə, yazı-pozu adamları arasında qeybətdən düşməyən, aşağı-yuxarı bütün məclislərdə ağına-bozuna arxasınca danışılan adamlardan biri də mənəm. Olsun. Təkcə Allah şahiddir ki, daha kimsədən zərrə qədər incikliyim yox. Danışsınlar. Allah keçsin hamımızın günahından. Sözüm ona, bir neçə il qabaq belə bir şayiə də buraxmışdılar ki, "Şəhriyar İrana işləyir". Bildiyiniz kimi, bu "İrana işləmək" söhbəti də çox adama yapışır məlum dini-siyasi-coğrafi məsələlərdən dolayı. Sən demə, söhbət mərhum dostumuz, böyük şair Vaqif Səmədoğluna da çatıbmış. Məclislərdən birində Vaqif müəllim bu şayiəyə işarə edib belə bir cümlə işlətdi: "Eşitmişəm, deyirlər guya Şəhriyar o vaxt “verbovat” olub, indi İrana işləyir. Amma bu necə ola bilər ki, o, həbsdən qayıdandan sonra hərbi xidmətə getdi, özü də Daxili Qoşunlara?!" Qəribədir, o məclisdən sonra həmin şayiəçilərin gölünə daş atdılar elə bil. Ustad yanaşmasıydı, necə deyərlər, "Kitabın düz ortasından". Əlbəttə, oralardan təmiz gəlməyən adamın vətənində hərbi xidmətdə nə işi var? Kimdir onu hərbi xidmətə göndərən? Gülməli və kədərli şayiə idi. Ruhu şad olsun Vaqif müəllimin, əsgərlikdə yanıma da gəlmişdi.

Xülasə, 2 may tarixini xatırlayıban atüstü bioqrafik ekskursiya da etdik sizinlə. Olsun. Bu günümüzə min şükür. Karantini də çox ciddiyə almayın, mən 86 gün təkadamlıq kamerada qalmışam zirzəmidə, heç nə olmayıb. Əksinə, xeyir tapmışam, qədirbilənlik öyrənmişəm. Deyirdim, İlahi, iynə ucu boyda bir günəş işığı göndər mənə, görüb nəfəs alım. İndi hamınız evinizdə, günəş də hamıya çatır, min bir şükür. Darıxsanız, pəncərədən baxın. Ən gözəl şeydir pəncərədən baxmaq. Ondan gözəl iş yoxdur. İzaholunmaz mistik aurası var pəncərədən baxmağın. Mən pəncərələrin müqəddəsliyinə inanıram. Pəncərədən baxın və pıçıldayın: "Bu yaz bir başqa yazdır..."

Nə danışırsan?! Heyif deyil pəncərə?!



Ana səhifəyə qayıt        Baxış: 2 210          Tarix: 3-05-2020, 20:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma