Xəbər lenti
21-11-2020, 11:34


 
Vikipediyanın Özbək seqmenti üzrə tarixi Xudafərin körpüsü və Prezident İlham Əliyevin abidənin ziyarətinə dair xüsusi bölmə yaradılıb.
 
Ovqat.com-a bu barədə məlumat Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən verilib.
 
Məlumata görə, Mərkəzin layihəsi ilə Vikipediya Beynəlxalq elektron ensiklopediyasında Azərbaycan və İranı birləşdirən, Ermənistan işğalından azad edilmiş Cəbrayıl rayonunda Araz çayı üzərində salınmış tarixi Xudafərin körpüsü haqqında özbək dilində bölmə istifadəyə verilib. 
 
Bölmədə qeyd olunur ki, 23 avqust 1993-cü il tarixində Cəbrayıl rayonunun Ermənistan ordusu tərəfindən işğalı nəticəsində tarixi abidə Xudafərin körpüsü Ermənistan ordusunun nəzarətinə keçmiş, yalnız 4 oktyabr 2020-ci il Azərbaycan ordusunun əks hücumu nəticəsində Cəbrayıl rayonu və Xudafərin körpüsü işğaldan azad edilmişdir. Vurğulanır ki, 1993-cü ildə Cəbrayıl rayonu Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Xudafərin körpüləri də dağıntılara məruz qalmışdır.
 
Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubunun öz əksini tapdığı qeyd olunan bölmədə vurğulanır ki, Araz çayı üzərində çoxlu körpülər salınsa da onlardan ən əhəmiyyətlisi Xudafərin körpüləridir. 
 
Bölmədə Xudafərin körpüsünün tarixinə nəzər salınıb və qeyd olunub ki, Böyük İpək yolunun üzərində yerləşən körpü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunmuşdur.
 
Yaradılmış bölmədə yazılır ki, Xudafərin körpüləri  tikinti materialı və memarlıq üslubuna görə daha monumentaldır və xüsusi naxışlı, dairəvi daş bəzək lövhələri, yüksək memarlıq-mühəndis işinə görə o, Azərbaycan memarlıq ənənələrinin ən dəyərli abidəsi, şah əsəridir.
 
Altbölmə kimi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin erməni işğalçılarından azad edilən Xudafərin körpüsü ilə bağlı bəyanatı verilmişdir. 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın işğaldan azad edilən Xudafərin körpüsünü ziyarət etməsinə dair fotoşəkillər də yazıya əlavə edilib. 
 
Bölmə daxilində İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddə yerləşən Araz çayı üzərində inşa edilmiş eyni adlı su anbarı haqqında da məlumat verilir. 1993-cü ildən 2020-ci ilin 18 oktyabr tarixinə qədər su anbarının Ermənistan Respublikasının işğalı  altında olduğu qeyd olunur və onun vasitəsi ilə Azərbaycan Respublikasının 75 min hektar ərazinin suvarılmasının mümkün olacağı qeyd olunur. 
 
Özbək dilində “Xudaferin koʻpriklari” adlı bölmə ilə https://uz.wikipedia.org/wiki/Xudaferin_ko%CA%BBpriklari adlı linkdə tanış olmaq mümkündür.  

 




Ana səhifəyə qayıt        Baxış: 2 222          Tarix: 18-11-2020, 11:33      


Paylaş: