Xəbər lenti
 
 
Təhsil millətin bu günü, sabahı, var olması deməkdir. İnkişaf etmiş, yüksək tərəqqiyə nail olan ölkələr ancaq təhsilin gücü ilə bu nailiyyətlərə imza atıblar. Bu baxımdan hər bir millətin, dövlətin təməlində insan kapitalı durur. Biz də  bu prinsipə əsaslanaraq dövlətimizin təməl qurucuları olan uşaqlarımızı oxutmalı, onları yüksək biliklə silahlandırmalıyıq. 
 
XIX əsr maarifçilərinin davamçısı olan "Maarifci Qadınlar" İctimai Birliyi  yarandığı ilk illərdən etibarən təhsildən kənarda qalan məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi istiqamətində fədakarlıq göstərir, böyük uğurlara imza atır. Məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi ilə bağlı ilk layihəni Xacmaz şəhərindən başlayan "Maarifci Qadınlar" İB bu layihələri ölkə hududlarından kənarda da həyata kecirməyə başladı. Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan, təhsil almaq imkanından məhrum olan azərbaycanlı məktəbyaşlı  uşaqların təhsilə cəlb edilməsi kimi mühüm problemin həllinə həsr olunan layihənin icrası nəticəsində  yüzlərlə məktəbyaşlı vətəndaşımız təhsilə cəlb olunub.


 
Belə ki, illər öncə İstanbula işləmək ücün gedib müvəqqəti yerləşməyi  planlaşdıran insanlar qanunları bilmədikləri ücün, yaxud imkansızlıqdan qanuni əsaslarla qeydiyyatdan keçmədiklərindən Türkiyədə məktəblərə qəbul edilməmiş, nəticədə    savadsız qalmış, hərf yazmaq, oxumaq bilmədən həyat sürmüşlər. 
 
Biz Türkiyədə ailə qurmuş həmin vətəndaşlarımızın övladları da ata-analarının taleyini yaşamasınlar deyə, böyük İstanbulu ev-ev, küçə-küçə gəzib, insanlarla əlaqə saxlayıb təhsilə cəlb edərək yüksək səviyyədə bilik vermişik. Böyük əziyyətlərlə, fədakarlıqla ərsəyə gətirdiyimiz məktəbdə bizim təhsil verdiyimiz uşaqlar indi yazma-oxuma bilməyən valideynlərinə bunu öyrədirlər.
 
Millətimizin gələcəyini daha da parlaq görmək ümidilə bundan sonrakı fəaliyyətimizlə daima maariflənməyə üstünlük verəcək, gənc nəslin təlim-tərbiyəsini ön planda saxlayacağıq.
 
"Maarifci Qadınlar"İB  


Ana səhifəyə qayıt        Baxış: 1 766          Tarix: 7-12-2020, 14:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma