Xəbər lenti

  

Türkiyənin Suriya sərhədlərindən narahatedici xəbərlər gəlir. Məlumata görə, ABŞ öz ordusunu PKK-nın Suriya qanadı PYD-ni qorumaq üçün Türkiyə sərhədlərinə yerləşdirib.

Ovqat.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunun səbəbi qardaş ölkənin PKK ünsürlərinə qarşı apardığı mübarizədir. Xüsusilə də Türk ordusunun Sincar və Qaraçok dağlarında həyata keçirdiyi hava hərəkatları bölgədə gərgin vəziyyət meydana gətirib.

Belə ki, hava əməliyyatlarında ağır yara alan kürd separatçıları artıq 3 gündür ki, Türkiyənin sərhəd hərbi hissələrinə ardı-arda əks-hücuma keçiblər. TSQ-in top atışları ilə geri püskürdülən PKK-çılar əks-hücumlarda da xeyli itkiylə üzləşiblər. Son 3 gündə həmin hücumda zərərsizləşdirilən terrorçu sayının 18 nəfər olduğu xəbər verilir.

 

Türkiyənin kürd separatçılarına həm havadan, həm qurudan bu ağır zərbəsi PYD (PKK-nın Suriya qanadı) lideri Saleh Müslümü ABŞ-I şantaj etmək məcburiyyətində qoyub. O, Vaşinqtona göndərdiyi ismarışında deyib: “Ya ABŞ bizi qorusun, ya da biz Raqqa əməliyyatından geri çəkilirik”.

Görünən budur ki, S. Müslümün bu təhdidi işə yarayıb. Türkiyənin NATO-dakı ən güclü müttəfiqindən kürd separatçılarına ciddi dəstək gəlib. Məlumata görə, separatçıların Türk ordusuyla döyüşdüyü Derbesiye bölgəsinə ABŞ öz zirehli qüvvələrini göndərib və PKK-çılar üçün zirehli qalxan yaradıb.

AP agentliyinin xəbərinə görə, 200 Amerikan dəniz piyadası sərhəddə separatçılarla çiyin-çiyinə keşikdə dayanır. Bunu agentliyə açıqlamasında Amerikalı polkovnik John Dorrian bildirib və əlavə edib: 'Bölgəyə əsgər nəqli davam edir”.

 

Reutersə danışan PYD-çi əsgəri yetkili Şarvan Kobani isə sərhədlərin ABŞ tərəfindən qorunacağını etiraf edib: “Sərhədlərdə bundan sonra Amerikan əsgərləri postda dayanacaq”.  

Terrorçuların və Amerika əsgərlərinin ortaq şəkildə keşik çəkdiyi Derbesiye Türkiyə sərhəd postlarından sadəcə 300 metr uzaqlıqdadır.

Qeyd edək ki, kürd separatçıları ABŞ-ın Suriyada etibar etdikləri yeganə qüvvədir. Pentaqon İŞİD-in ikinci paytaxtı sayılan Raqqanı məhz bu qüvvədən istifadə edərək qurtarmağa çalışır. Bu məsələdə dəfələrlə Türkiyə-ABŞ arasında ciddi mübahisələr çıxmış, Vaşinqtonun mövqeyi Ankaranın NATO-dan soyuyub Moskvaya yaxınlaşmasına yol açmışdır.




Ana səhifəyə qayıt        Baxış: 2 065          Tarix: 30-04-2017, 11:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma