İki gün sonra Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovun 80 yaşı tamam olur. Ötən il İlyas müəllimin ad günü münasibətilə qələmə aldığım yazıyla Ədalət partiyasının sədrini bir daha tərik edirəm.
Heydər Oğuz
“Bir çiçəyin qoxusu nədirsə, bir insanın şəxsiyyəti də odur”.
Doğrusu, insan şəxsiyyətini çiçək qoxusuna bənzədən bu müqayisənin hansı əcnəbi mütəfəkkir tərəfindən dilə gətirildiyini unutmuşam. Bu fikirlərin həmin mütəfəkkirin mənsub olduğu millətin milli mentalitetini nə qədər əks etdirdiyini də bilmirəm. Amma səmimi şəkildə deyim ki, həmin fikirləri ilk oxuyanda ondan Azərbaycanın ətrini almışam. Nədən ki, bu müqayisə bizim milli mentalitetimizə, həyata yanaşma tərzimizə tamamilə uyğundur. Şəxsən bu sətirlərin müəllifi dəfələrlə qoca nənələrimizdən erməni qəsbkarlarına qarğış edərkən, “Allah onların qoxusunu kəssin!” dediklərini eşidib. Etiraf edim ki, əvvəllər tez-tez eşitdiyim bu cümlələrin tam mənasını məhz yuxarıdakı bənzətməni oxuduqdan sonra anlamışam.
Haqqında bəhs etdiyim aforizmin işığında cəmiyyətimizə nəzər salanda, qoxusuz insanların bollaşdığını görürük. Bazarlarımızda plastik materiallardan düzəldilmiş süni, xüsusi istixanalarda yetişdirilmiş ətirsiz çicəklər artdığı kimi, aramızda da qoxusuz insanlar dolaşır. Bir çox hallarda bu insanların ən yüksək postlarda əyləşməsi də süni çiçəklər kimi yalnız görüntüləri ilə diqqət çəkməyə çalışmalarını şərtləndirir. Beləcə, getdikcə qoxusunu itirən cəmiyyətimizdə şəxsiyyətlərə ehtiyac daha da artır, onların qədir-qiyməti bilinir.
Cəsarətlə deyə bilərəm ki, bu gün 79 yaşını haqlayıb, 80-ə qədəm qoyan İlyas İsmayılov da belə insanlardandır. Son zamanlar onun haqqında bəzi keçmiş iş yoldaşları tərəfindən qələmə alınmış bir çox yazıları oxuyanda mənim tanıdığım İlyas İsmayılovla mənim tanımadığım – sabiq Respublika prokuroru, Ədliyyə naziri və başqa yüksək vəzifələrdə işləmiş İlyas İsmayılov arasında heç bir fərq olmadığını gördüm. İlyas müəllim Respublika Prokuroru olarkən kim idisə, müxalifət lideri, millət vəkili, Ədalət partiyasının sədri kimi də eyni adamdır.
Tutduğu ictimai statusuna baxmayaraq, hər zaman eyni xarakterdə olmaq isə hər kişiyə nəsib olmur. Bir çox adamlar sadəcə vəzifələrinə görə adam olurlar. Vəzifədən ayrıldıqdan sonra isə əvvəlki hallarından əsər-əlamət qalmır, yenidən hansısa yüksək postlara “dırmaşmaq” üçün dəridən-qabıqdan çıxır, yüz cildə girir, yaltaqlıq qabiliyyətlərini daha çox işə salmağa çalışırlar.
Bu baxımdan insan oğlunun əsl şəxsiyyətini müxtəlif zamanlarda göstərdiyi davranışlar müəyyənləşdirir. Amerikalı yazar Abigail van Burenin dediyi kimi: “Bir insanın xarakterinin gerçək göstəricisi ona faydası olmayacaq insanlarla və onun qarşısında dayana bilməyəcək şəxslərlə necə davranışında gizlənib”.
Türkiyədə təhsil alıb Azərbaycana qayıtdıqdan sonra tanıdığım İlyas İsmayılovu məhz bu iki fərqli situasiya qarşısında eyni davranış biçimində görmüş və şəxsiyyətinə hörmətlə yanaşmışam.
Mənim tanıdığım İlyas İsmayılov cəsarətilə, qorxunun üzərinə getməsiylə seçilib. Onun bu xüsusiyyətini ilk dəfə Türkiyədən yenicə qayıtdığım dövrlərdə kəşf etmişəm. Həmin zamanlar ölkənin bütün müxalifət partiyaları rejimə qarşı mitinq keçirməyə qərar vermiş, lakin liderlər qərargahlarından çölə çıxmamışdılar. Yalnız İlyas müəllim bu ənənəni pozmuş və qələbəliyin qarşına çıxmaq yolunu tutmuşdu. O dövrlərdə rəhmətlik Elçibəy də bu addımı yüksək qiymətləndirmiş, “İlyas İsmayılov müxalifətin abrını qorudu”, - demişdi.
Bu yaxınlarda tanış olduğum keçmiş Cəlilabad prokuroru Ələmdar Məmmədovun söhbətimizdə təsvir etdiyi Respublika prokuroru İlyas İsmayılovun profili də tamamilə eyni idi. Onun bildirdiyinə görə, 1989-cu ildə Cəlilabad hadisəsi baş verəndə bütün yerli rəhbərlər rayonu tərk etmiş, avtoritar boşluq yaranmışdı. Rayonun müxalif qüvvələri meydanda kütləvi aksiyalar keçirdiyi bir zamanda İlyas müəllim yanındakı bir neçə şəxslə Cəlilabada gəlmiş və hadisəni araşdırmağa başlamışdı. Mitinq iştirakçılarının hakimiyyətə qarşı çılğınlıqlarını sakitləşdirmək üçün qorxmadan tribunaya qalmış və mikrofonu alaraq cəsarətli çıxış etmişdi. Çıxışında aksiyaçıların etirazlarına baxmayaraq, hadisəni törədənlərin mütləq cəzasına çatacağını vurğulamaqdan belə çəkinməmişdi.
Respublika Prokuroru olarkən onun göstərdiyi bu dəyanət və mübarizlik müxalifətdəki İlyas İsmayılovun da əsas xarakteristik özəlliyi kimi ortaya çıxır. Azərbaycan ictimaiyyəti son 25 ildə müxtəlif statuslar daşıyan İlyas müəllimi yenə eyni cəsarətdə görür, qanunsuzluğun üzərinə gedən şəxsiyyət olaraq tanıyır. Onun deputat olduğu zamanlar Milli Məclisdə dəfələrlə qaldırdığı məsələlər hakimiyyəti qanunsuzluqlardan çəkindirmək cəhdiləri kimi xarakterizə oluna bilər. Elə buna görə də Milli Məclis deputatlarının qanunsuz seçilmələri ilə bağlı qaldırdığı məsələ parlamentdə ciddi qalmaqallarla yadda qalıb, parlamentin sədri Oqtay Əsədovun sərt reaksiyası ilə qarşılaşıb. Əslində parlamenti millət vəkillərinin toplandığı məkan əvəzinə, öz iradələrinə tabe olan sözçülər yığıncağına çevirmək istəyən siyasi iradənin İlyas İsmayılova son seçkilərdə maneələr yaratması da onun bu cəsarətinin, “üzə ağ olmasının” nəticəsi idi. Yəqin razılaşarsınız ki, öz fərdi maraqlarını ümumxalq mənafeyinə qurban verməyi bacaran bir deputatın parlamentdə hakimiyyətin üzərinə cəsarətlə getməsi 1989-cu ildə Cəlilabadda hakimiyyəti iflic edən etirazçıların qarşısına çıxıb sərt mövqeyini ortaya qoyan Respublika prokurorunun hərəkətilə həm forma, həm də məzmunca eynilik təşkil edir.
2014-cü ildə öz ərizəsiylə prokurorluq orqanlarından istefa verən sabiq prokuror Mobil İsmayılov qələmə aldığı “60 ilin hesabatı” kitabında İlyas müəllim barədə yazır: “İlyas İsmayılov Respublika Prokuroru olduğu dövrdə prokurorluğun mənəvi-əxlaqi kamillik mühitini daha da zənginləşdirdi. Mənəvi dünyasının işığı ilə sifətində əks olunmuş alicənab görkəmi onun gözəl insan olmasından, daxili və xarici aləminin vəhdətindən xəbər verirdi. Bu, mənim ilk müşahidələrimdən doğan qənaətim idi. Hamımız onu xeyirxah, nəcib, obyektiv bir insan olmaqdan savayı, həm də ciddi, tələbkar, prinsipial bir rəhbər kimi qəbul edirdik. O, yüksək mənəviyyata, dərin düşüncəyə, elmi fikir yürütmək bacarığına malik bir Respublika Prokuroru kimi tanınırdı”.
Maraqlıdır ki, İlyas müəllim haqqında eyni sözləri onun müxalifətçiliyi barədə də demək olar. İnanıram ki, yalnız Ədalət partiyasının üzvləri yox, Azərbaycanın bütün siyasi təşkilatlarının nümayəndələri tərəddüd etmədən Mobil İsmayılovun bu cümlələlərinin altına öz imzalarını qoyardılar. Şəxsən məni bu partiyanın sıralarına gətirən başlıca səbəblərdən biri də elə İlyas müəllimin bu mənəvi keyfiyyətləri, dik duruşu, qürurlu və əzmkar mövqeyi idi. Yaxın dostum Elxan Şükürlü təxminən 10 il əvvəl mənə Ədalət Partiyasına üzv olmaq təklifini verəndə, məhz buna görə, təklifi tərəddüdsüz qəbul etmişdim. Mən İlyas müəllimin sədrlik etdiyi partiyanın sıravi üzvü kimi fəaliyyət göstərmək istəyirdim. Elxan bəy isə məni partiyanın rəhbər orqanlarında görməkdə israrlı idi.
Ədalət partiyasına üzv olduqdan sonra İlyas müəllimi daha yaxından tanımaq şansı əldə etdim. Açığını desəm, mənim bir qələm əhli kimi formalaşmağımda belə, bu tanışlığın xüsusi rolu olub. İlyas müəllimin müavini olanadək şairanəliyimin ağır basdığı ifadə tərzim tədricən ciddiləşdi, konkretləşdi. Bu ciddi dəyişikliyin isə sadə bir səbəbi vardı. Sonradan anladım ki, bəzi kəskin epitetlərləri məfhumların arxasına yapışdırmaqla mən əslində yazılarımın gücləndirmir, əksinə, qərəzli görünməsinə yol açırmışam. Məhz həmin dövrlərdə yazdığım bir qəzəldə də bu həqiqəti ifadə edərək deyirdim:
Hansı bir kəlmədə ki zərrə qədər kin görünür,
Cümlənin zərrəsi yox, cümləsi çirkin görünür.
Mənə bu həqiqəti anladan isə İlyas müəllimin yazılarımı redaktələri olmuşdu.
Ədalət partiyasının sədr müavini təyin olunandan bir müddət sonra İlyas müəllim məni kabinetinə çağırıb dedi: “Heydər, sən istedadlı, yaxşı analitik təfəkkürə malik oğlansan. Sevinirəm ki, bizim partiyada təmsil olunursan. Amma mətbuatda Ədalət partiyasının sədr müavini adıyla verdiyin açıqlamalar istər-istəməz mənim sözçüm kimi görünməyinə, dolayısıyla bütün partiyanın mövqeyinin ifadəsi kimi anlaşılmalara yol açır. İstərdim ki, partiya funksioneri kimi verdiyin açıqlamaları ictimailəşdirmədən öncə mən də gözdən keçirim”.
Doğrusu, İlyas müəllimin bu təklifi ürəyimcə olmamışdı. Mən harda yer alıb-almamağıma baxmayaraq, öz mövqeyi olan adamam. Bir çox məsələlərdə içərisində olduğum çevrəylə eyni düşünməyə bilir və fikrimi açıq dilə gətirirəm. Odur ki, İlyas müəllimin bu sözlərini senzura təşəbbüsü kimi qəbul etmiş, daxilən qırılmışdım. Amma ağsaqqallara sonsuz ehtiramım İlyas müəllimin bu təklifinə qarşı çıxmağımı da əngəlləmişdi. Ürəyimdə düşünmüşdüm ki, əlimdəki yazını sədrə verim, əgər redaktə yox, senzura faktı ilə qarşılaşsam, onu ictimailəşdirməz və bundan sonra ya partiya funksioneri kimi yox, adi qələm əhli kimliyi ilə məqalələr, ya da sadəcə şair kimi şeirlər yazaram. İlyas müəllimin mənim şairliyimə iradı olacağını isə sanmırdım.
Bu düşüncəylə yazımı redaktəsinə təqdim etdiyim İlyas müəllimin necə etina ilə cümləbəcümlə məni oxuduğunu görüb təəccüblənmişdim. Redaktədən sonra göz gəzdirdiyim mətndə peşəkar redaktə işarələriylə qarşılaşmağım isə daha böyük heyrətimə səbəb olmuşdu. Sonradan İlyas müəllimin uzun illər bir hüquq jurnalının redaktoru olduğunu öyrənəndə bu qabiliyyətin səbəbini başa düşmüşdüm.
İlyas müəllimin redaktəsindən çıxmış yazıma baxanda isə fikirlərimin heç birinə toxunulmadığını, əksinə onların daha konkret və ciddi bir üslubla ifadə olunduğunu görmüşdüm. Yazımdakı bu müsbət dəyişikliyin səbəbini anlamaq üçün mətndəki redaktələrə bir daha nəzər salmışdım. İlyas müəllim sadəcə bəzi epitetləri silmişdi. Məsələn, mən “mənfur rejim” yazmışdım. O isə “mənfur” sözünü çıxıb “rejim”i saxlamışdı. Mənim yazıma ciddilik gətirən də məhz bu cür artıq kəlmələrin budanması idi.
Açığını desəm, redaktədən çıxan yazımın bu halını daha çox bəyənirdim. Bir müddət bütün yazılarımın İlyas müəllim tərəfindən redaktə edilməsini belə, arzulamışdım. Sonra isə ağsaqqala əziyyət verməyi də vicdanıma sığışdırmadığımdan, onun göstərdiyi yolla könüllü getməyə çalımışdım. Bu mənada mənim formalaşmağımda İlyas müəllimin oynadığı müstəsna xidməti danmaq Allahsızlıq olardı.
İlyas müəllim ötkəm və zəhmli olduğu qədər də, diqqətcil və qarşısındakının fikrini dinləməyə önəm verən insandır. O, partiyanın ən mühüm qərarlarını bizimlə məsləhətləşir, kollegial iradəni əsas götürür. Bir çox məsələlərdə öz istəyinə uyğun olmayan qərarlara imza atmaqdan çəkinmir. Məsələn, partiyamızın son prezident seçkilərini kəskin tənqid edən qərarının qəbulunu qətiyyən istəmirdi. Mənim və oğlu Etimadın israrlı tələblərindən sonra arzulamadığı halda bu bəyanatın yayılmasına razı olmuşdu. O, mənimlə söhbətində ciddi və riskli addım atdığımızı, özünü yox, bizi düşündüyünü bildirmişdi. Demişdi ki, onsuz da özü dünyanın hər üzünü görmüş, müxtəlif vəzifələrdə işləmiş, gözü bundan sonra heç harda olmayan insandır. Bizim gələcəyimiz isə qabaqdadır. Partiyanın sərt bəyanatı bizim cəmiyyətdə layiq olduğumuz mövqeni tutmağımıza mane ola bilər. Mən isə İlyas müəllimə ölkəmizin gələcəyi üçün karyeramız nədir, canımızdan belə keçməyə hazır olduğumuzu söyləyincə, təqdiredici baxışlarıyla bəndənizi süzmüş və daxilən razılaşdığını büruzə vermişdi…
İlyas müəllim bütün insani münasibətlərdə əxlaqı gözləyən, bir çox özünə sərf etməyən məsələlərə Azərbaycan siyasi cəmiyyətinə xas olmayan səbrlə yanaşan şəxsiyyətdir. Bu, onun demokratik ruhundan irəli gəlir. Partiya həyatında fəal iştirak etdiyim müddətdə bir çox insanların onunla yollarını ayırdığının şahidi olmuşam. Ancaq nə İlyas müəllim gedənlərin, nə də gedənlər İlyas müəllimin əleyhinə bircə kəlmə də danışmayıblar. Partiyamızdan müxtəlif vaxtlarda çox insan uzaqlaşıb. “Ədalət”in quruculuğunda müstəsna rol oynayan Elxan Şükürlü, indi Yaşıllar partiyasının sədri olan Mayıs Gülalıyev, hüquq müdafiəçisi Aydın Kərimov, Heydər Əliyevin ilk müavinlərindən olan Qafar Məmmədov, Putinin dostu kimi tanınan İlham Rəhimov, dəyərli jurnalist, redaktor Rusvat Bayramov və başqaları İlyas müəllimə silahdaşlıq ediblər. Bir çox partiyalardan fərqli olaraq “Ədalət”də yaşanan bu qopmaların səsi isə çıxmayıb. Bu, təbii ki, İlyas müəllimin fərqli qərarlara dözümlülüyünün və seçdiyi kadrların əxlaqi keydiyyətindən irəli gəlib. Bildiyimə görə, bu gün də müxtəlif səbəblərdən “Ədalət”dən üz döndərən sabiqlərlə İlyas müəllimin müsbət əlaqələri davam edir.
Azərbaycan cəmiyyətinin ən böyük bəlasına çevrilən yerlipərəstlik də bu insanın xarakterinə yaddır. “Ədalət”dən qopanların regional mənsubiyyəti də ilk gündən etibarən İlyas müəllimin müxtəlif regionların nümayəndələrini öz yanında görmək istədiklərini sübut edir.
Onu tanıyanların bir çoxları İlyas müəllimin yaratdığı partiyanın adını “Ədalət” seçməsini də təsadüfi saymır. Bu ad həqiqətən də onun boyuna yaraşır. Bir çox məsələlərin həllində biz həmişə onun mötədil mövqeyini görmüş və təqdir etmişik. Yuxarıda sitat gətirdiyimiz aforizmdən çıxış edərək, deyə bilərəm ki, İlyas İsmayılov şəxsiyyətindən ədalət qoxusu gəlir.
Haqqında danışdıqca sözlərin tükənmək bilmədiyi İlyas müəllim təbiətin bu xoş günündə dünyaya göz açıb. Bəlkə də onun müsbət xarakterlərinə də məhz bu təvəllüdü öz imzasını atıb. Necə deyərlər, Allahın xoş günündə, Novruz bayramında doğulan İlyas müəllim artıq 80 yaşına qədəm qoyur. Biz bu ikiqat bayram münasibətilə İlyas müəllimi təbrik edir, ona daha uzun və sağlam ömür arzulayırıq.
20.03.2017
Heydər Oğuz
Paylaş: