Xəbər lenti

  

Azərbaycan rəsmiləri Gəncə meri Elmar Vəliyevə qarşı sui-qəsd edən Yunis Səfərovun əvvəllər İranın Qum şəhərində və Suriyada təlim keçdiyini bəyan etmişdilər. Respublika Prokurorluğu, DİN və DTX tərəfindən yayılan həmin açıqlamalardan sonra gözlər Hüseynçilər  təşkilatına yönəlmişdi. Hətta bəzi informasiya vasitələri sui-qəsdin arxasında duran şəxsin konkret adını belə açıqlamış, bunun Hüseynçilər təşkilatının sədri Tohid İbrahimbəyli ola biləcəyini bildirmişdilər.

İttihamlardan az sonra Tohid İbrahimbəylinin məsələylə bağlı video-açıqlaması yayılıb. Açıqlamada Yunis Səfərovun həqiqətən də Hüseynçilər təşkilatının üzvü olduğunu və İranda təlim keçdiyini, Suriyanın Palmira şəhərində vəhabilərə qarşı döyüşdüyünü  bildirən T.İbrahimbəyli Elmar Vəliyev sui-qəsdinin isə təşkilatın direktivi əsasında həyata keçirilmədiyini, bunun sui-qədçinin şəxsi təşəbbüsü olduğunu irəli sürüb.

Elmar Hüseynov sui-qəsdində bəzi qaranlıq məqamlara aydınlıq gətirdiyini nəzərə alıb video-açıqlamanı Ovqat.com oxucularına təqdim edirik:

 

 

Bəs, Tohid İbrahimbəyli kimdir?

Bununla bağlı Yenicag.az-ın maraqlı iddiaları var. Saytın bildirdiyinə görə, Tohid İbrahimbəyli daima Azərbaycana qarşı təxribat xarakterli çıxışlarla yadda qalıb. O, İrana yaxınlığı ilə bilinən şəxslərdəndir: “Əvvəllər Mübariz Ruhanilər Cəmiyyətinin (MRC) sədri olan Tohid İbrahimbəyli 2003-cü ildə Tehranda təşkil olunan konfransda iştirak edib və ayətullah Xamneyi ilə görüşüb. O, daha əvvəllər də həbs olunub. Belə ki, İbrahimbəyli İsrail səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında polis tərəfindən saxlanılıb, məhkəmənin qərarı ilə ona 7 sutka həbs verilmişdi.

 

Tohid İbrahimbəylinin atası Alim İbrahimli, anası isə Sudabə İbrahimlidir. Əslən Lənkəran şəhərindən olan ailə Məşəddə məskunlaşıb.

 

Dəfələrlə həbs olunan İbrahimbəyli barədə daha bir məhkəmə qərarı isə 2011-ci ilin yayına təsadüf edir. Həmin il Gəncəyə səfər edən “ilahiyyatçı” Gəncə polisi tərəfindən saxlanılıb və barəsində 5 günlük həbs qətiimkan tədbiri seçilib. Səbəb isə onun polisə müqavimət göstərməsi olub.

 

 

Qeyd edək ki, mütəmadi olaraq Azərbaycan dövlətçiliyi əleyhinə radikal çağırışlar edən Tohid İbrahimbəyli hələ 2017-ci ilin yanvarında radikal şiə təriqətçilərinə məxsus “nur-az.com” internet saytı vasitəsilə Elmar Vəliyevin öldürülməsinə çağırış edib.

 

Yunis Səfərovla bağlı məlumatın araşdırılması zamanı məlum olub ki, bır sıra Azərbaycan vətəndaşları 2013-2016-cı illər ərzində Tohid İbrahimbəyli tərəfindən İranın Qum şəhərində toplanaraq maddi maraq qarşılığında qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün Suriya ərazisinə göndəriliblər.

 

Belə ki, istintaq zamanı Göyüşov Taleh Həsən oğlu və Tohid İbrahimbəylinin yaxın qohumları İbrahimli Həbib Əkbər oğlu, Musayev Pərviz Əlimusa oğlu, Ziyadov Elmir Savadxan oğlunun Yunis Səfərovla birgə İran İslam Respublikasının Qum şəhərində Tohid İbrahimbəyli tərəfindən təşkil edilmiş gizli toplantıda və Suriya ərazisində qanunsuz silahlı birləşmələr tərkibində döyüşlərdə iştirak etdikləri müəyyən edilib. Həmçinin müəyyən olunub ki, Taleh Göyüşov bu il iyulun 10-da Gəncədə polis əməkdaşlarına soyuq silahla hücum edilməsi ilə müşayiət olunan qanunsuz aksiyanın fəal iştirakçısı olub.

 

Həmin şəxslər iyulun 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunublar”.




Ana səhifəyə qayıt        Baxış: 4 864          Tarix: 19-07-2018, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma