Xəbər lenti

  

Ataların gözəl bir sözü var: “Utanmasan, oynamağa nə var ki?”

Hacı İbarhim Nehrəmli və qardaşlarının bu ölkənin başına gətirdikləri azmış kimi, bir də zaman-zaman xoruz banı eşitməmiş bəyanatlarla ictimaiyyəti ələ salmaları, sözün həqiqi mənasında, heyrət doğurur. Diaspora Mərkəzindən tutmuş, “Xəzər adaları”na qədər qədər genişşaxəli bir çox mənimsəmə, vergi öhdəliklərindən yayınma hallarında adları hallanan İbrahimovlar susmaq və borclarını qaytarmaq yerinə, allı-güllü bəyanatlarla özlərinə haqq qazandırmağa çalışırlar. Hətta yeri gələndə bir-birilərini tanımadıqlarını söyləməkdən belə çəkinmirlər. Halbuki, Azərbaycan adlı məmləkətdə yaşayan hər kəs bu qədər kredit alıb təyinatı üzrə xərcləməməyin arxasında böyük himayədarlıqların dayandığını bilməmiş deyil. Onlar isə sanki bir-birilərindən xəbərləri yoxmuş kimi çıxış edir, “qardaşımın məsuliyyətindən mənə nə” məntiqilə məsuliyyətdən yayınırlar.

 

İlk dəfə bu metoddan istifadə edən Hacı İbrahim Nehrəmli olmuşdur. Ötən il qardaşı Sahib İbrahimovun həbsilə əlaqədar media qurumlarının suallarını cavablandıran Hacı “Mən onun haqqında heç nə bilmirəm, bilmək də istəmirəm” – deyərək, yaxasını kənara çəkmişdi. Əlində yaxşı bəhanəsi də vardı: S.İbrahimovla hər hansı əlaqəsi yox imiş. Sözünü isbatlamaq üçün isə “Belə bir şey varsa, Allah qapısını açsın!”, - deyib digər suallardan yayınmışdı. Daha sonra məlum olmuşdur ki, Sahib İbrahimov “yuxarıdakı” hansısa himayədarının sayəsində həbsdən azad olunub.

“Yeni Müsavat” qəzetinin 2016-cı ilin noyabrında işıq üzü görən saylarından birində Sahib İbrahimovu həbsə aparan səbəbə aydınlıq gətirilərək bildirilirdi ki, o, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılaraq həbs edilib. Məlumata görə, sahibkar kimi vergi uçotunda dayanan Sahib İbrahimov dövlətə olan 1.5 milyon vergi borcunu ödəməkdən yayınır, dəfərlərlə xəbərdarlıq edilməsinə, möhlət verilməsinə baxmayaraq, o, vergi borcunu ödəmir: “Nəhayət, Vergilər Nazirliyi Yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə dəvət olunan Sahib İbrahimov elə oradaca şübhəli şəxs qismində saxlanılıb. 2 sutka nazirliyin müvəqqəti saxlama yerində saxlanılan iş adamı sonradan “yuxarı”dan gələn zənglə sərbəst buraxılıb”.

 

İki il sonra eyni məzmunda məlumat yenə mətbuat orqanlarında işıq üzü gördü. Növbəti dəfə də Sahib İbrahimov vergi borcunu ödəmədiyinə görə saxlanıldı. Yenə borcunu geri qaytarmaq üçün möhlət verilərək sərbəst buraxıldı. Görünür, möhlət başa çatdığından Sahib İbrahimov indi öz borcunu prezidentə ödətdirmək niyyətindədir. Xaricdən yayımlanan telekanallardan birinə göndərdiyi tele-müraciətində ölkə başçısına bəzi məsləhətlər verməyi də unutmayan iş adamı bildirib:

“Çox istərdik ki, sizin sözünüzün imzanız qədər dəyəri olsun”.

İş adamı müraciətinin davamında daha da irəli gedib dövlətin yalnız bir ailəyə işlədiyinə eyham vuraraq deyib:

“Bir müraciətinizə baxdım; orda deyirsiniz ki, biz uşaqlarımızı xoşbəxt etməliyik, gələcəyini qurmalıyıq. Çox şükür olsun, sizin övladlarınız xoşbəxtdir, gələcəkləri də ki təmin olunmuşdur. Nə deyim sizə, bilmirəm, bu qədər müraciət etmişəm, hər şey demişəm. Sizdən heç bir cavab yoxdur. Heç reaksiyanız belə yoxdur. Dövlətdə bütün uşaqlar sizin uşaqlarınızdır. Bu uşaqların hamısının xoşbəxtliyi və gələcəyi sizi maraqlandırmalıdır. Dövlət 3 uşaqdan ibarət deyil ki!”

Sahib İbrahimov daha sonra prezidentdən ona olan borcunu geri qaytarmağı tələb edib. “Cəsarətin” son həddi olan həmin videonu əziz oxucuların diqqətinə çatdırırıq:

Prezidentin Sahib İbrahimova nə qədər və niyə borclu olduğunu bilmirik. Əgər bunu məcazi mənada deyirsə, heyrətlənməmək mümkün deyil. Çünki bu ölkədə həmin sözləri dilə gətirmək haqqının ən az olduğu insanlar məhz İbrahimov qardaşlarıdır. Nədən ki, Sahib İbrahimovun bir qardaşı Diaspora Mərkəzindən sırf dövlət əmlakını təyinatı üzrə xərcləməməkdə, dolayısıyla mənimsəməkdə ittiham olunaraq vəzifəsindən azad edilmişdi. Həm də bunu sıravi bir reket jurnalisti yox, Azərbaycan Prezidentinin Aparat rəhbəri Ramiz Mehdiyev irəli sürmüşdü. Xatırlayırsınızsa, Ramiz Mehdiyev ötən il prezident seçkilərindən sonra Diaspora Komitəsinin sədri vəzifəsindən qovulan Nazim İbrahimovun “ixtisara düşməsinin” səbəbini bu cür əsaslandırmışdı:

 

“Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.

Daha sonra Ramiz Mehdiyev ittihamlarının ən xırda detallarına vararaq, qeyd etmişdi ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: “Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.

Sahib İbrahimovun digər qardaşı Hacı İbrahim isə daha böyük maxinasiyalarda ittiham edilir. Onun heç bir səmərəsi olmayan, özünün etirafına görə, təyyarədə birdən-birə beyninə gələn “Xəzər adaları” layihəsi çərçivəsində 1 milyard dollardan çox vəsaiti sulara axıtdığı ortaya çıxmışdı. Dəfələrlə bu maxinasiyaya görə hüquq mühafizə orqanlarına çağırılan Hacı İbrahim daha sonra “Xəzər Adaları”nı  “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinə sırıyaraq, məsuliyyətdən yaxa qurtarmışdı. Halbuki, həmin layihənin tam səmərəsiz olduğu bəlli idi və bir çox ekspertlər tərəfindən bu fakt etiraf edilib. Məsələn, iqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, bu layihənin yeri, məkanı ilk gündən doğru seçilməyibmiş: “Ona görə də ”Xəzər adaları”nın yaşayış yeri kimi götürülməsi problemlidir. Dənizdə daim rütubət var, sahildə sement və digər çoxsaylı zavodlar var. Yəni daimi yaşayış üçün o qədər də əlverişli deyil. Xəzər adaları” Bakının 25 kilometrliyindədir. Bu baxımdan əyləncə mərkəzi kimi fəaliyyəti effektiv ola bilər”.

 

“Xəzər adaları”nda inşa edilən 5 hündürmərtəbəli yaşayış binalarının əyləncə mərkəzinə çevrilməsinin çətinliyindən ona xərclənən pulların ölkə iqtisadiyyatı üçün itki olduğu sirr deyil. Deməli, bu mənasız layihənin səhmləri dövlətə məxsus “Azərbaycan Sənaye Korporasiyası”na verilməsi Hacı İbrahimə göstərilmiş ən böyük diqqətidir. Eynilə 10 il Diaspora Komitəsinə rəhbərlik etdiyi halda bu sahəyə ayrılan vəsaiti təyinatı üzrə xərcləməyən Nazim İbrahimov da məsuliyyətə cəlb olunmadığına görə “dövlət qayğısısızlığından” şikayətlənə bilməz. Elədirsə, Sahib İbrahimov 1.5 milyonluq vergi borcunu niyə prezidentdən istəyir? Axı İbrahimov qardaşları üçün də bu o qədər də boyük məsrəf olmamalıdır.

 

Görünür, iki qardaşına göstərilən “dövlət qayğısından” mədəsi şirə verən üçüncü  qardaş da öz borcunu binəva dövlətin üzərinə yükləmək istəyir. İndi anlayırsınızmı, İbrahimov qardaşları niyə bir-birindən küsülüdürlər? Vallah, bu dövlətin yerinə kim olsa, o qardaşları elə barışdırar ki, ömürlərinin sonuna qədər qol-boyun gəzərlər.




Ana səhifəyə qayıt        Baxış: 2 815          Tarix: 28-09-2019, 08:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma