Xəbər verdiyimiz kimi, ötən cümə günü Təbrizdə “Traxtur Sazi”nin Tehranın “İstiqlal” komadası ilə keçirdiyi qarşılaşma azarkeşlərin maraqlı təzahüratları ilə yadda qalıb. Təbrizlilərin böyük coşqu ilə inlətdiyi stadionda ən diqqəti çəkən məqam isə Türk ordusuna verilən əsgər salamı idi. Rəsmi Tehran Türkiyənin Şimali Suriyada keçirdiyi Barış pınarı hərbi əməliyyatına kəskin qarşı çıxsa da, təbrizlilər bu matçda fərqli şüarlar səsləndirib, Ankaranı dəstəkləyən simvollar nümayiş etdiriblər. Bu da onu göstərir ki, Türkiyənin hərbi əməliyyatı İranda birmənalı qarşılanmır və rəsmi Tehran öz xalqının iradəsinin nəzərə almadan xarici siyasət yürüdür.
Bunlar öz yerində. Tehranın siyasi iradəsinə zidd şüarların səsləndirildiyi Təbrizin Qurdlar dərəsinə mövcud rejimin bu qədər laqeyd qalması bəzi suallara yol açır: Rəsmi Tehran “Traxtur Sazi” tərəfdarlarının bu dəcəlliyinə necə dözür? Niyə futbol komandası öz siyasətinə uyğun “islah” etmir?
Sakit Sarvan adlı bir müəllifin ötən il qələmə aldığı və “Yeni Müsavat” qəzetinin 05.12.2018 tarixli buraxılışında dərc etdiyi “Azərbaycan türklərinin əfsanə komandası “Traktorsazi”: İran rejiminin planları nəyə yönəlib?” sərlövhəli bir yazı yuxarıdakı suallara kifayət qədər aydınlıq gətirir. Yazıdan məlum olur ki, Tehranın sadəcə buna gücü çatmır. Əlindəki bütün imkanlardan istifadə etməsinə baxmayaraq, “Traktur Sazi” yaşayır və onun “qırmızı qurdları” Cənubi Azərbaycanı hələ də coşdurur.
Aktual olduğunu nəzərə alıb yazını nöqtə-vergülünə toxunmadan Ovqat.com oxucularının diqqətinə sunuruq:
“Traktorsazi” futbol klubu 1970-ci ildə Təbriz şəhərindəki traktor zavodunun himayəsi ilə yaradılıb. Yarandığı ilk illərdən uğurlu nəticələr göstərən klub 1990-cı ildə rumıniyalı Vasili Qocanın məşqçiliyi dövründə böyük nailiyyətlər əldə edib. İranın yüksək liqasına vəsiqə qazanması klub tərəfdarlarının genişlənməsinə səbəb olub. “Traktorsazi” İranın “ən çox və ən coşqun azarkeşləri” olan komandası kimi tanınır. Türkiyə KİV-də isə sözügedən komanda “dünyada ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.
Hazırda “Traktorsazi” komandasının azarkeşləri “Barselona” futbol klubunun tərəfdarları ilə müqayisə olunur, “Asiyanın Barselonası” adlandırılır. Adıçəkilən klub tərəfdarlarının Azərbaycan dilində səsləndirdikləri şüarlar Barselona azarkeşlərinin katalan dilindəki şüarları ilə müqayisə edilir. “Traktorsazi” komandası azarkeşlərinin ən çox səsləndiridiyi şüarlar aşağıdakılardır:
- “Yel yatar, tufan yatar, yatmaz Traktor bayrağı!”
- “Azərbaycan yurdumuz, Traktror boz qurdumuz!”
- “Yaşasın Azərbaycan!”
- “Azərbaycan var olsun, istəməyən xar olsun!”
- “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”
- “Bakı-Təbriz-Ankara, biz hara, farslar hara!”
Komandanın nüfuzunun artması və millətçiliyin mərkəzinə çevrilməsi İrandakı və ölkə xaricindəki panfarsist və paniranist dairələrinin narahatlığını artırıb. 2010-cu ildə kulubun sahibi Nasir Şəfəqinin KlV-ə açıqlamsında “klubumuzun rəsmi qeydiyyatdan keçmiş 482 min azarkeşi var” sözləri adıçəkilən dairələrin diqqətini xüsusilə cəlb edib. “Traktorsazi” tərəfdarlarının getdikcə çoxalması, həmçinin yüz minlərlə azarkeşin komandanın qələbəsi və ya məğlubiyyətini alqış və şüarlar ilə qarşılaması hakim rejimin başağrısına çevrilib. Komanda və onun tərəfdarları milli təhlükəsizliyə təhdid kimi dəyərləndirilib, yaranmış vəziyyətdən çıxış yolu kimi klub əslən Xoy şəhərindən olan Nasir Şəfəqinin əlindən alınaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yerli “Sepah-e Aşura” korpusunun idarəetməsinə verilib. Klubun rəhbərliyinə gətirilən mühafizəkar hərbçilər “Traktorsazi”nin zəifləməsi və dağılması üçün əllərindən gələni əsirgəməyiblər.
“Traktorsazi” azarkeşlərinin komandanın digər şəhərlərdə keçirilən oyunlarına getməsi hüquq-mühafizə orqanlarına əlavə problemlər yaradır. Xüsusilə də adıçəkilən komandanın Tehranın “Persepolis” və “İstiqlal” komandaları ilə oyunları iqtidar üçün ən böyük başağrısına çevrilir. Oyunların keçirildiyi Tehrandakı 100 min nəfər tamaşaçı tutan “Azadi” stadionunun yarısından çoxu “Traktorsazi” tərəfdarları ilə dolur. Qələbə və ya məğlubiyyətdən asılı olmayaraq oyunun sonu kütləvi dava ilə bitir. Tehranda keçirilən oyunlarda “Traktorsazi” komandasının əleyhinə səsləndirilən irqçi şüarlara tərəfdarlar tərəfindən verilən sərt cavablar komanda ətrafındakı həssaslığı daha da artırır. Dövlət televiziyası oyunu təqribən 3 dəqiqə gecikmə və stadiondakı səsləri efirə vermədən yayımlayır. "Traktorsazi” futbol komandası dəfələrlə tərəfdarlarının rəftarına görə cəzalandırılıb və oyunlar tamaşaçısız stadionda keçirilib. Komanda tərəfdarları isə belə cəzaları bəhanə kimi xarakterizə edir, əsl məqsədin tərəfdarların ruhunu sındırmaq olduğunu bildirirlər.
Qeyd edək ki, İranda qadınların stadiona girişi qadağandır. Bəzən qadınlar kişi paltarı geyərək stadiona daxil olurlar.Lakin “Traktorsazi”nin qadın tərəfdarları sözügedən tələbə riayət edərək, stadiona getmirlər. Təbriz stadionunda keçirilən oyunları ətrafdakı təpələrdən izləyirlər. Bu təcrübənin adət halını alacağından narahat olan hüquq-mühafizə orqanlarının qadınları təpələrdən uzaqlaşdırması kütləvi iğtişaşlarla nəticələnib. Minlərlə qadın azarkeş həbs olunub. Son illərdə həmin təpələr tikanlı məftil ilə hasara alınıb.
“Traktorsazi” futbol komandasının tərəfdarları Azərbaycan Respublikasının uğurlarına sevinir, ölkəmizin problemlərini özlərinə problem hesab edirlər. Dağlıq Qarabağ və ətraf rayonların ermənilər tərəfindən işğalına etiraz əlaməti olaraq “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirirlər. Hətta oyunlar Qarabağ ilə bağlı xüsusi günlərə təsadüf edərsə, Qarabağın azadlığı uğrunda şəhid olanların xatirəsi xüsusi olaraq anılır və şüarlar səsləndirilir.
“Traktorsazi” futbol komandasının azarkeşləri 2016-cı il aprel ayının əvvəlindəki dörd günlük döyüşlərdən sonra keçirilən ilk oyunda Azərbaycan Respublikası əsgərinin şücaətindən ruhlanaraq:
“Sən çağırsan gələrəm mən, Sən yaşa, Azərbaycan!
Eybi yoxdur ölərəm mən, Sən yaşa, Azərbaycan!
Mən bilirəm Vətənimsən, Sən yaşa, Azərbaycan", -şüarını səsləndirmişlər. Sözügedən şüar müxtəlif oyunlarda təkrarlanır.
Komandanın azarkeşləri son illərdə, həmçinin İran hökumətinin biganəliyi səbəbindən Urmiyə gölünün qurumasına da etiraz edir və:
“Urmu gölü səslənir, susuzam, haray, haray!”,
“Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir!”, - kimi şüarlar səsləndirirlər.
Məqsədli şəkildə adıçəkilən klubu zəiflədərək dağıtmaq siyasətinin əks-effekt verdiyini görən siyasi dairələr 2017-ci ilin sonunda “Traktorsazi”ni hakimiyyətə yaxınlığı ilə tanınan Təbrizli iş adamı Məhəmmədreza Zunuzi Mütləqə satıblar. Klubun yeni sahibi “yeni məşqçi və oyunçu cəlb edəcəyik, komandanın tərəfdarlarına yeni-yeni qələbələrin sevincini yaşadacağıq” sözləri ilə fəaliyyətə başlasa da, süni olaraq yaradılan çətinliklər aydın müşahidə edilir. Ötən müddət ərzində klubun yeni sahibinin baş məşqçilik üçün “Bursaspor”un baş məşqçisi Ərtoğrul Sağlam və Con Toşak ilə bağladığı müqavilələrə məlum dairələrin təzyiqi ilə xitam verilib.
25 noyabr 2018-ci ildə Tehranın “Azadi” stadionunda “Persepolis” - “Traktorsazi” komandalarının oyunu daha böyük qalmaqala səbəb olub. “Persepolis” tərəfdarları oyundan əvvəl sosial şəbəkələrdə xəbərdaredici video-bildirişlər yayaraq, ölkənin rəsmi dilindən başqa qeyri-dildə və milli birliyə xələl gətirən şüarlar səsləndirildiyi təqdirdə əks şüarlar səsləndirəcəklərini və “Artsax” plakatı qaldıracaqlarını ifadə ediblər. “Traktorsazi” tərəfdarlarının Azərbaycan dilində şüarları, xüsusilə də “Qarabağ bizimdir, bizim olacaq” şüarının əleyhinə azərbaycanlıları təhqir edən şüarlar səsləndirib və üzərində fars dilində “Artsax” yazılmış plakat qaldırıblar.
Mühafizəkar hərbi dairələrə yaxınlığı ilə tanınan sosial şəbəkə ünvanlarında yayılmış videoların birində “Persepolis” tərəfdarı formasında olan şəxs qəliz ləhcə ilə Azərbaycan dilində söyləyir ki, “biz Persepolisin azəri tərəfdarları bazar günü stadiona gedəcəyik. Pantürklərə cavab olaraq biz Qarabağın əsl adı olan “Artsax" şüarını verəcəyik. Erməni “Artsax”! Erməni “Artsax”i! Erməni ‘Artsax”i! söyləyəcəyik”.
Nəzərə alınmalıdır ki, sözügedən hərəkətlər ictimai etiraza səbəb olub, həmçinin İslam Şurası Məclisinin bir neçə azərbaycanlı üzvü tərəfindən qınanılıb.
Urmiyə şəhərindən İslam Şurası Məclisinə seçilmiş deputat Seyid Hadi Bahaduri bu barədə bildirib: “Qanuna görə ölkənin baş prokuroru azərbaycanlıları təhqir edənləri cəzalandırmalıdır. Stadionda təhqirə yol veriləcəyi təqdirdə oyunun dayandırılacağı əvvəlcədən elan olunsa da, buna əməl edilmədi”.
Urmiyə şəhərindən seçilmiş digər deputat Ruhullah Həzrətpur isə belə deyib: “Ölkənin Futbol Federasiyası bu məsələ ilə bağlı tədbir görməlidir. Qarabağ islam dünyasının ayrılmaz bir hissəsidir. Bu kimi hərəkətlər cahilliyin göstəricisidir və insan hüquqlarına ziddir. Biz bu məsələni diqqətdə saxlayacağıq”.
Təbriz şəhərindən seçilmiş deputat Şahabəddin Bimeğdar da öz fikrini bildirərək deyib: “Bu kimi hərəkətlər beynəlxalq aləmdə qəbuledilməzdir. Mən bu məsələni İslam Şurası Məclisində qaldıracağam və ölkənin gənclər və idman nazirinə xəbərdarlıq edəcəyəm”.
Mərənd şəhərindən seçilmiş deputat Məhəmməd Həsənnejad “Twitter”də yaydığı paylaşımda yazıb: “Əgər bu gün ermənilərin Qarabağı işğal etməsinə göz yumsaq, sabah yəhudilərin Fələstində, xristianların Bosniya və Herseqovinada və buddistlərin isə Cənub-Şərqi Asiyada müsəlmanlara hökmranlıq edəcəyini gözləməliyik”.
Ərdəbil şəhərindən seçilmiş deputat Seyid Hemayat Mirzadə bildirib: “Azərbaycanlılar onlara qarşı edilən təhqirlərə necə cavab verəcəklərini yaxşı bilirlər. Biz lazımi yerlərə etirazımızı bildirəcəyik. Əgər məsul şəxslər bu məsələ ilə bağlı dərhal ölçü götürsə, belə hadisələr təkrarlanmayacaq. Aidiyyəti qurumların nəzarətinə baxmayaraq, bəzən belə hadisələrin qarşısını almaq olmur. Bir kiçik qrup nəsə etməyə çalışır, digərləri isə onu təkrarlayır. Lakin yenə də belə hərəkətlər qəbuledilməzdir. Qarabağ sözünün mənası açıq-aşkar məlumdur. Gec və ya tez Azərbaycan xalqı öz doğma torpaqlarında - Qarabağda yaşayacaq. Ermənilər özləri də bilirlər ki, Azərbaycanın haqqını tapdalayıblar, Qarabağı zəbt ediblər. Tərəfdarların bir qismi üzərində “Artsax” yazılmış plakat qaldıraraq, ixtilaf yaratmaq məqsədi ilə bu addımı atıblar. “Persepolis” tərəfdarlarının bu addımı bütün farsdilli və Tehran sakinlərinin münasibəti deyil. Azərbaycan bütün İran deməkdir. İranın Azərbaycansız heç bir mənası yoxdur. “Traktorsazi” tərəfdarlarının stadionda əxlaqlı və səbrli davranışı Azərbaycan xalqı üçün fəxrdir”.
Sakit Sarvan, xüsusi olaraq Musavat.com üçün
Paylaş: