Deputat Fəzail Ağamalı internet TV-lərdən birində Baş prokurorluğa müraciət edərək, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda və onun sədri Vüqar Səfərli barədə cinayət işi qaldırılmasını tələb edib. Bu çağırışdan sonra Baş Prokurorluq hansı addımı atmalıdır?
Ovqat.com-un sualını cavablandıran Baş prokurorun keçmiş birinci müavini, sabiq deputat, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli bildirdi ki, nəinki şəxsən kimsə müraciət edəndə, hətta kütləvi informasiya vasitələrində hər hansı bir qanun pozğunluqları haqda yazılarsa, Prokurorluq o məsələləri də nəzarətə götürməlidir, araşdırmalıdır və qanuna uyğun ölçü götürməlidir: "Qaldı ki, Kütləvi İnformasiya Vasitələrinə Dəstəyi Fonduna, Fəzail Ağamalı onu Əli Həsənov çıxana qədər eləsəydi, daha düzgün olardı. Çünki onlar Əli Həsənovun nəzarətində idi. İndi Əli Həsənov çıxandan sonra edir. Əlbəttə, yıxılana balta çalan çox olur".
M.Mütəllimlinin fikrincə, nəinki deputatın, hər bir şəxsin bu cür çağırışlar etmək səlahiyyəti var: "İştirakçılıq haqqında" qanun var. O qanuna görə, hər bir vətəndaş hər hansı bir qanun pozğunluğu haqda müvafiq orqanlara məlumat verməlidir, amma təəssüf ki, həmin qanun demək olar, işləmir. Prezident Aparatı, Prokurorluq da ora daxil olmaqla, Azərbaycanda dövlət orqanları şikayətlərə, ərizələrə demək olar ki, baxmır. Şəxsən mən özüm dəfələrlə Prokurorluğa müraciətlər eləmişəm, bu və ya digər qanun pozğunluqları qalır, heç bir ölçü götürmürlər. Çünki özləri o qədər qanunu pozurlar ki, başqa orqanlar haqqında ölçü götürməyə cəsarətləri çatmır".
Şamo EMİN,
Ovqat.com
Paylaş: