Xəbər lenti

  

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu ilə kameralar qarşısına çıxaraq, birtərəfli qaydada hazırladığı "Əsrin Sazişi" planını açıqlayıb.

Ovqat.com xəbər verir ki, D.Tramp təklif etdiyi sülh planının 80 səhifədən ibarət olduğunu açıqlayıb.

Planın detalları barədə geniş məlumat verməyən ABŞ prezidenti irəli sürdüyü prinsiplərin həm İsrail, həm də Fələstin üçün çox dəyərli maddələr ehtiva etdiyini açıqlayıb. Plana əsasən, Qüds İsrailin, Şərqi Qüds isə Fələstinin paytaxtı olacaq. Fələstinlilər bu planı qəbul etsələr, ABŞ Şərqi Qüdsdə də öz səfirliyini açacaq.

Onun sözlərinə görə, yeni planda Fələstinin müstəqillik qazanması üçün 4 illik çalışma nəzərdə tutulub.

Donald Tramp planının qəbul ediləcəyi təqdirdə həm Fələstinin müstəqil bir dövlət kimi tanınacağını, həm də indikindən 2 qat artıq torpağa sahib olacağını vurğulayıb.

İsrailin də "Gələcəkdə qurulacaq Fələstin dövləti" şərtlərini müzakirə etməyə hazır olduğunu ifadə edən Tramp məqsədlərinin İsrail və Fələstin dövlətlərini millət olaraq tanımaq olduğunu deyib. Onun sözlərinə görə, bu zamana qədər irəli sürülən sülh planları realist deyildi və mürəkkəb detalları ehtiva edirdi ki, bu da problemin həllini çətinləşdirirdi. Trampın təqdim etdiyi həll planında isə Fələstinlə İsrailin ayrı-ayrı dövlət olması nəzərdə tutulub.

Çıxışında Fələstin rəhbəri Mahmud Abbasla görüşdüyünü bildirən ABŞ prezidenti ona dediyi sözləri də açıqlayıb: “Mən cənab Abbasla Ağ Evdə görüşdüm və ona dedim: “Bəlkə də dünyanın ən çətin işlərindən biri İsrail və Fələstinliləri barışdırmaqdır”.

Trampın "tarixi" çıxışından sətirbaşları:

* “Fələstinin İsrailin təhlükəsizliyinə təhdidi realist iki dövlətli bir həll yolu ilə azaldılacaq”.

* “İsrail ilk dəfə xəritənin açıqlanmasına icazə verdi, bu cəsur addım üçün Baş nazir Netanyahuya təşəkkür edirəm”.

* “Ətraflı bir xəritə üçün bir komissiya quracağıq”.

* “Terrorizmin rədd edilməsi gələcək Fələstin dövlətinin qurulması üçün şərtlərdən biridir”.

* “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”.

* “İsrail üçün çox şey etdim, ən başlıcası, İranla bağlanan qorxunc və bərbad nüvə sazişindən imtina etdim”.

* “Fələstin üçün çox yaxşı bir müqavilə olmasını istəyirəm. Fələstinlilər üçün çox şey etməliyəm, əks təqdirdə bu, ədalətli olmaz.

* “Yenə də belə yaxşı komandanı bir daha görməzlər, hamısı çox yaxşı müqavilə hazırlayanlardır, qarşı tərəfin də yaxşı olmasını istəyirlər”.

* “Bu xəritə Fələstini ikiqat artıracaq, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətində ABŞ səfirliyi açılacaqdır”.

* “Fələstin xalqı nəhayət firavanlıq və xoşbəxtliyə qovuşacaq, xarici yardım olmadan öz başlarının çarəsinə baxacaqlar”.

* “Cənab Abbasa bir məktub göndərdim və Fələstinlilərə ayrılan torpaqların 4 il müddətində onlar üçün açıq olacağını söylədim”.

* “Bu tarixi fürsətə cavabınız dünyaya Fələstinin dövlət olması üçün ona necə rəhbərlik etdiyinizi dünyaya göstərəcək”.

* İran rejimi xeyli zəiflədi. Dünyanın bir nömrəli terrorçusu Qasım Süleymanini ortadan qaldırdıq. Hizbullah vasitəsilə yaxşı şeylər arzulamırdılar. İsrailə nifrəti yaymağa çalışırdılar. “Qüdsü azad etmək üçün İsraillə vuruşmalıyıq” deyirdilər, İsrailin düşmən olduğunu söyləyərək Yaxın Şərqi bölməyə çalışırdılar.

* “İslam dünyasının İsrailə hücum etmək əvəzinə 1948-ci ildə etdiyi səhvi düzəltməsinin zamanı gəldi”.

* “Öz səfirlərini buraya göndərdikləri üçün “Bəhreynə, Birləşmiş Ərəb Əmirliklərinə və Omana təşəkkür edirəm”.




Ana səhifəyə qayıt        Baxış: 3 157          Tarix: 29-01-2020, 00:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma