Xəbər lenti

  

 

Koronavirus xəbərləri yayıldıqca tibbi maskalarla çölə çıxanların da sayı artır.

Bütün dünyada dəb halını almış bu tendensiya yavaş-yavaş bizim ölkəmizdə də görünməkdədir. Qoruyucu tədbirlərə baxmayaraq, koronavirusunun qarşısını almaq isə böyük müşkülə çevrilib.

Ovqat.com-un məlumatına görə, hazırda təkcə Çində bu bəladan ölənlərin sayı 427 nəfərə çatıb, virusa yoluxanların sayı isə 23 mindən çoxdur.

 

Koronavirus Çindən başqa ölkələrdə də qeydə alınıb. Astraliyada virus daşıyıcılarının sayı 15-ə yüksəlib. Hindistanda nə qədər insanın bu xəstəliyə yoluxduğu bəlli olmasa da, ölkədə fövqəladə vəziyyət elan olunub. Belçikada da, Finlandiyada da, ABŞ-da da, Kanadada da, Rusiyada da bu virusa yoluxanlar var. Ümumilikdə indiyədək koronavirusun 28 ölkəyə yayıldığı xəbər verilir.

 

Sual oluna bilər: İnsanların məsələyə bu qədər həssaslıq göstərməsinə, ağzını, burnunu tibbi maskalarla qapamasına baxmayaraq, niyə virusdan qorunmaq mümkün deyil?

Hər kəsi maraqlandıran bu suala ABŞ-ın Vanderbilt Universitetinin yoluxucu xəstəliklər mütəxəssisi Dr. Vilyam Şaffner aydınlıq gətirib. Onun sözlərinə görə, adi cərrahi maskalar koronavirusdan effektiv qorunma təmin etmir. Koronavirusdan qoruyan maska ​​növü N95 olaraq bilinir. Maska havadakı kiçik hissəciklərin ən az 95 faizini süzdüyünə görə belə adlanır.

Həmin maska adi tibb maskalardan daha qalındır və istifadəsi asan deyil. Buna görə də Şaffner N95 maskalarının xalq tərəfindən istifadəsini tövsiyə etmir.

 

N95 maskalarının təsirli olması üçün taxıldıqdan sonra yoxlanılmalı və maska ​​ilə üz arasında kiçik bir boşluq belə qalmamalıdır.

Şaffner bu şəkildə maska ​​taxmağın tənəffüsü çətinləşdirdiyini, maskanın içinin nəm olduğunu və ümumiyyətlə xlostrofobik bir xof meydana gətirdiyini bildirib.

Bu cür maskalar, virus daşıdığından şübhələnilən xəstələrlə məşğul olan həkimlər tərəfindən istifadə edilir.

 

"Şəxsən mən bu maskanı ​​lazım olanda yarım saatdan çox taxa bilmirəm. Bəzən nəfəsim daraldığından karantin otağından çıxıb bir az nəfəs almağa ehtiyacım yaranır. Yalnız bundan sonra işimə davam edə bilərəm", - Şaffner belə deyib.




Ana səhifəyə qayıt        Baxış: 1 008          Tarix: 4-02-2020, 20:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma