Xəbər lenti

  

“9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş növbədənkənar Parlament seçkiləri mövcud iqtidar komandasının demokratik islahatlar yolu ilə təkamül potensialına malik olmadığını bir daha nümayiş etdirdi”.

Ovqat.com xəbər verir ki, AMİP-in parlament seçkisi ilə bağlı verdiyi bəyanatda belə deyilir:

Son bir il ərzində hakimiyyət daxilindəki bəlli dəyişikliklər, ciddi islahatların aparılacağı ilə bağlı ən yüksək səviyyədə verilən vədlər və cüzi də olsa müsbətə doğru atılan addımlar cəmiyyətin əhəmiyyətli hissəsini ümidləndirmiş və seçkilərin ədalətli keçiriləcəyinə inam yaratmışdı. Lakin gözlənilənlərin əksinə olaraq seçki prosesinin kütləvi qanun pozuntuları ilə keçirilməsi, administrativ resursların hakimiyyətin dəstəklədiyi namizədlərin müdafiəsinə yönəldilməsi, icra strukturlarının seçkilərin gedişinə zorakı müdaxilə faktları, MSK tərəfindən siyasi partiyalara məşvərətçi səs hüquqlu komissiya üzvlərinin təyin olunması ilə bağlı qadağa qoyulması islahatların davamlı olacağı ilə bağlı bütün ümidlərin üzərindən xətt çəkdi. Nəticə etibarı ilə səsvermənin həqiqi nəticələri kobud şəkildə saxtalaşdırıldı və faktiki olaraq dövləti cinayət baş verdi. Bununla da eyni zamanda Azərbaycanın beynəlxalq aləmdəki imici növbəti dəfə zədələndi.

Seçkilərin rəsmi nəticələri elan olunmadan bir qism ölkələrdən seçkilərlə bağlı gələn təbrik bəyanatları isə seçicilərin və namizədlərin tapdanmış hüquqlarına hörmətsizlik kimi qəbul olunur və tərəfimizdən təəssüflə qarşılandı.

Azərbaycan Milli İstiqlal Partiyası 9 fevralda keçirilmiş seçkinin rəsmən elan olunmuş ilkin nəticələrinin Azərbaycan xalqının iradəsini ifadə etmədiyini bəyan edir və hesab edir ki, bu seçkinin nəticələri tanına və bu seçkilər vasitəsilə formalaşan parlament legitim sayıla bilməz.

AMİP Milli Məclisə keçirilən seçkinin nəticələrini tanımadığını bəyan etməklə yanaşı bu nəticələrin ləğv edilməsini, yeni Parlament seçkilərinin keçirilməsini tələb edir və siyasi təşkilatları, eləcə də ölkə ictimaiyyətini bu yöndə bütün mümkün qanuni vasitələrdən istifadə etməklə sivil mübarizəyə çağırır.     




Ana səhifəyə qayıt        Baxış: 2 869          Tarix: 12-02-2020, 06:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma