Xəbər lenti

 
Azərbaycanın İsveçrədəki səfiri Xanim İbrahimovanın keçmiş Mədəniyyət naziri Əbülfəz Qarayevlə əlbir olub dəyəri 500 min avrodan bahalı xalçanı mənimsəyib yerinə sintetik xalça alaraq təmsil olunduğu ölkə rəhbərinə hədiyyə etməsi, özünə isə bu pulla villa alması barədə saytımızda gedən məlumat ciddi rezonansa yol açıb.
 
Ovqat.com xəbər verir ki, iddialarla bağlı mətbuata verdiyi müsahibədə xanım səfir məlumatın yalan və şər olduğunu və bizi məhkəməyə verəcəyini bildirib. Onun dediyinə görə, İsveçrə qanunvericiliyi də ölkə rəsmilərinə 50 frankdan bahalı hədiyyə verilməsini yasaqlayır və xanım səfir istəsə belə, bu dəyərdə qiymətli əşyanı hədiyyə edə bilməz. 


 
Sözsüz ki, Xanım İbrahimovanın iddiaları çürütmək üçün məhkəməyə müraciət etmək haqqı var və biz də irəli sürülən iddiaların araşdırılmasında maraqlıyıq. Çünki burada söhbət Azərbaycan xalqının talan olunan sərvətlərindən, mədəniyyət nümunələrinin xaricə daşınmasında və diplomatik qalmaqaldan gedir. Ölkənin milli maraqları bu kimi məsələlərdə həqiqətin ortaya çıxarılmasını, fakt doğrudursa, hər kəsin layiqli cəza almasını tələb edir. 
 
Qəribədir ki, Xanım İbrahimova məhkəməyə hazırlaşdığı sıralarda onun üçün növbəti sürpriz tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənlidən gəlib. Jurnalist Xanım İbrahimovanın 4 il bundan əvvəl Nyu-Yorkda alıb dərhal pulunu ödədiyi evinin sənədlərini və şəkillərini paylaşıb. Maraqlı odur ki, ABŞ kimi ölkələrdə hətta milyarderlər belə, aldıqları evin pulunu dərhal ödəmirlər. İpoteka ilə alınan evlərin pulları tədricən ödənilir. Nədənsə İbrahimov-Hüseynov ailəsi bu haqdan yararlanmayıblar. Ən əsası isə bu ev üçün hər il 5.500 ABŞ dollarına yaxın vergi də ödəyirlər. İsveçrədə işlədiyi halda bu bədxərcliyin səbəbini araşdırmağı Xanım İbrahimovayla onun həyat yoldaşı Aydın Hüseynovun və müvafiq qurumların öhdəsinə buraxırıq.



Əlbəttə ki, bu sözləri deyərkən həmin evin satılan xalçanın hesabına alındığını iddia etmir və buna eyham vurmuruq.  Nəzərə alsaq ki, Xanım İbrahimova 2017-ci ildə İsveçrəyə səfir göndərilib, ev isə bundan bir il əvvəl alınıb, sözügedən evin həmin xalça ilə hər hansı əlaqəsinin olması mümkün deyil. Bununla belə, yəqin ki, əlaqədar qurumlar səfirin fəaliyyətini yoxlayıb, məlumatın nə dərəcədə doğru olub-olmadığını ortaya çıxaracaq. Biz də öz növbəmizdə araşdırmalarımızı davam etdirəcək və məlumatları da siz dəyərli oxucuların diqqətinə çatdıracağıq. Hələlik isə Cavanşir Həsənlinin ortaya çıxardığı məlumatları təqdim edirik.


 
“Mətbuatdan məlum olduğu kimi 3 il bundan əvvəl İsveçrəyə səfir təyin olunan Xanım İbrahimova həmin ölkənin rəhbərliyinə hədiyyə kimi göndərilən çox bahalı bir xalçanı satıb. Onun yerinə isə saxta xalça alıb hədiyyə edib.

İddialara görə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin cəzalandırılmasının bir səbəbi də bu olub. Hərçənd bu səbəb kimi inandırıcı görünmür, çünki bu məsələyə görə xanım diplomat hələ ki cəzalandırılmayıb və işindədir.

Amma söhbət 500 min avro dəyərində xalçadan gedir. Olsun 100 min, 50 min, 10 min! 

Maraqlıdır ki, bu iddialar Xanım İbrahimova ilə bağlı indi sizə təqdim edəcəyim məlumatla üst-üstə düşür.



Belə ki, xanım diplomat və həyat yoldaşı Aydın Hüseynov hələ 4 il əvvəl Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahının lap yaxnlığında 320 EAST 46TH ST #4E ünvanında COLON JUAN & HANSFORD TANISHA adlı cütlükdən dəyəri 165.000 dollar olan 73,6 kvadratmetrlik (793 ft kvadrat) ikiotaqlı mənzil alıb. Mənzil üçün 2016-ci il yanvarın 14-də həmin məbləğ ödənilib.
Əmlak kodu 0910_22_1.01_C0213 olan mənzilin illik vergisi 5,459.78 təşkil edir”.





 
Jurnalist daha sonrakı statusunda yazır:
 
Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova “Qafqazinfo”ya müsahibəsində xalçadan danışıb:
 
"Şəxsimlə bağlı yazılan məlumatların hamısı tamamilə şər və böhtan xarakterlidir. Bu xüsusda qeyd edim ki, işgüzar nüfuzumuzu ləkələyən və yalan məlumatlar yayan bəzi mətbu orqanların və şəxslərin qanunvericiliyə müvafiq olaraq məsuliyyətə cəlb edilməsi üçün hüquqi addımlar atılacaqdır".
 
Xanım diplomat Nyu-Yorkda 165 min dollara aldığı mənzillə bağlı susub. Yəqin hesab edir ki, şəxsi məsələdir, ona görə”.


Ana səhifəyə qayıt        Baxış: 3 589          Tarix: 4-06-2020, 00:11      


Paylaş:   

Ən çox oxunanlar