Xəbər lenti
Dünən, 19:25
 
 
Onlar Azərbaycan Xalq Cəbhəsi Hərəkatında “abarogen” deyillər, gəlmədilər.
 
 
 
Rəzalət... Çox böyük bir rəzalət baş verir. Bu rəzaləti  Azərbaycan xalq hərəkatının adından qaynaqlanan adlar altında  törədilirlər. Bu gün lazım olanda Milli Şura kimi, lazım olanda AXCP kimi özünü təqdim edən qurum artıq açıqca düşmən səngərində Ermənistan rəhbərliyinin müdafiəçisi kimi çıxış edir.
Cəmil Həsənli son video müraciətində Milli Şuranın bütün mahiyyətini ortaya qoydu, ermənilərdən daha çox Ermənistanın Baş nazirini və onun ailəsini qoruyan canfəşanlıq etdi.
 
Mən bu baş verənləri, bundan öncə illərdi AXCP adı altında anti-Azərbaycan fəaliyyəti göstərənlərin səbr daşdıran əməllərinə Milli Azadlıq Hərəkatının gercək fədailərinin artıq mövqe bildirməyinin zəruri oldugunu düşünərək Sizlərə və gəncliyə müraciət etmək istəyirəm. Bu adamlar AXCP adı altında illərdi yüzminlərin dişi-dırnağı ilə ərsəyə gətirdiyi dəyərləri məhv edirlər. Bu yüzminlərin şərəfli bioqrafiyasını öz əməlləri ilə zədələyir, ləkələyirlər. Bu yüzminlər nə Milli azadlıq hərəkatı dönəmində, nə sonra hakimiyyət uğrunda mübarizə aparmayıblar (Elçibəy prezidentliyi dönəmindəki  hakimiyyət haqda ayrıca yazım olacaq). Bizim məqsədimiz yalnız düşüncəmizin hakimiyyətə gəlməsi olub. Bu yüzminlər çatışmazlıqlara etirazları, narazılıqları ilə olsa da dövlətinin və dövlətçiliyinin yanında olublar. Amma vətən söz konusu olanda səfərbər əsgər olduqlarını bəyan ediblər. 2016-cı ilin aprel savaşı dönəmi bunun təsdiqidir.


 
Neftin qiymətinin 14 dollara düşməsini bayram edən indiki AXCP (“Yurd” birliyi), başqa adla Milli Şura ilə  bu yüzminlərlə hərəkatçını eyni tutmaq olmaz! Həm AXCP (“Yurd” birliyi) çetesi, həm indiki hakimiyyətdə olan bəzi “ağac içi qurdu” məmurları bilərəkdən bu yüzminləri hakimiyyətə düşmən kimi sırımağa çalışırlar. Yanlışdır! Bu hərəkatçılar siyasətlə məşğul olmasalar belə, onların özləri də, dünyasını dəyişənlərin  övladları da haqlı olaraq valideyinlərinin bioqrafiyası ilə qürur hissi keçirirlər. O həssas yerə haqsızca toxunub onları narazı salmaq olmaz. Çetenin süni şəkildə bu qarşıdurmanı (ən azından cəmiyyətin bütövlüyünü pozmaq cəhdini) yaratmaq istəyi sıralarına narazıları cəlb etməkdirsə, bəzi məmurların məqsədi də Prezidentə “çoxlu narazılar var biz onların qarşısındayıq” deyərək özünü qiymətə mindirməkdir. Mənsə təklif edirəm ki, Milli demokratik düşərgə və bu yüzminlərin iradəsini ifadə edənlərlə Prezident, iqtidar milli maraqlar naminə bir yerdə olmalıdırlar, cəbhələşmə olmamalıdır. Bu nəticəyə gətirən müxtəlif reseptlər var və təkmilləşdirilməlidir. Bu bir başqa mövzudur və bu haqda ayrıca yazım olacaq.
 
Əziz hərəkatçılar! Biz Sizlərlə birlikdə bütün ömrümüzü milli azadlıq hərəkatına, Azərbaycanın müstəqilliyinin əldə olunmasına, əldə edilən müstəqilliyin qorunmasına həsr etdik və hec kimdən də “sag ol” gözləmədik. Hər cür  ağır şərtlərdə meydanlarda, səngərlərdə, məhbəslərdə olduq. Umacağımız heç nə olmadı. Öz timsalımda – müxtəlif  dəvətlərə baxmayaraq hec vaxt hakimiyyətdə təmsil olunmadım (Baxmayaraq ki , bu gün Elçibəyin prezidentliyi dönəmində hakimiyyətdə olanlar bir çox məsələlərdə yaxasını kənara çəkəndə mən hakimiyyətdə olmamağıma  və heç bir məsuliyyət daşımamağıma baxmayaraq Elçibəy xatirinə bəzən ifrat müdafiə mövqeyindən danışmaq məcburiyyətində qalıram. Elçibəy sağ olsaydı mən susardım.Çünki Elçibəyin heç kimin müdafiəsinə ehtiyacı olmayıb, yoxdur). Milli Məclisdə müstəqillik elan olunandan sonra 50 nəfərlik (25 nəfər demblokdan olmalı idi) tərkibdə olmağıma belə razılıq vermədən səngərləri seçdim, 8 il məhbəs həyatı   yaşadım. Mən Azərbaycan Xalq Cəbhəsini (hərəkat) təsis edən 64 nəfərdən biriyəm. Kimin kim oldugun çox yaxşı bilirəm.


 
Bugünkü AXCP-nin Azərbaycan Xalq Cəbhəsi hərəkatına heç bir aidiyyatı yoxdur. Bugünkü AXCP “Yurd Birliyi” adı altında AXC ictimai legitimliyi qazandıqdan sonra hərəkata transfer edilibdi. Bu qurumun liderlərinin fəaliyyətinə baxın. Nə ilə yadda qalıblar? Onlar nə milli azadlıq hərəkatında özlərini riskə atıb, nə səngərlərdə görünüb, nə Elçibəyin ağır zamanlarında yanında olub, əksinə  ona ən çətin zamanlarında satqınlıqları, xəstə olanda əllərindəki media ilə böhtanları ilə yadda qalıblar. Elçibəy dünyasını dəyişdikdən sonra isə təşkilatını bölənlərdən olublar. Azərbaycan Xalq Cəbhəsi hərəkatının partiyaya çevrilməsini təkid edən də  bu qurum olub və təşkilatı bundan sonra Ə.Elçibəyin nəzarətindən çıxarıb, buqələmun kimi AXCP adı altında fəaliyyət göstəriblər. Bunlar, necə deyərlər, Xalq Cəbhəsi Hərəkatında “abarogen”deyillər. Gəlmədilər. Eynilə  Azərbaycanın Qarabağ bölgəsinə gəlib Artsax elan edənlər kimi. Bu məcazi mənada olsa da Cəmil Həsənlinin düşmən dövlətin rəhbərini və ailəsini açıqca müdafiəsindən sonra məcazilik də arxa planda qalır. Üstəlik xatırlatma edim ki, AXCP (“Yurd”) bazasında Milli Şura adlı qurum  xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunanda mənzərə aydın  idi
 
Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, ikiillik keçici və koalisyon bir hökumət qurulacaqdılar o vaxt. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. 
 
İndi siz deyin, əziz hərəkatçı dostlar və çox məsələlərdən hali olmayan Gənclik, ölkəmiz içərisində Ermənistan tərəfindən Qarabağ respublikası kimi yaradılan və təqdim edilən separatçı rejimin  Azərbaycana, milli iradə və mədəniyyətinə,dövlətçiliyimizə nə qədər aidiyyatı var?


 
Eynilə bu gün hakimiyyətə gəlmək üçün kənar dövlətdə yenilənərək Azərbaycanda ikinci erməni dövləti yaratmağa razılıq verən, Ermənistan baş nazirini və onun ailəsini ermənilərdən daha çox təbliğatı ilə qoruyanların da Azərbaycana, Azərbaycan Xalq Cəbhəsi hərəkatına  nə qədər aidiyyatı var?  İndiki AXCP də, Azərbaycan Xalq Cəbhəsi hərəkatının müxtəlif resurslarını mənimsəyərərk yaradılmış “Artsax cəbhəsi” deyilmi?  
 
Bu duygusal yanaşma deyil. Hər təşkilat qayəsi, məramı, məqsədi, fəaliyyəti ilə müəyyən olunur, özünü pasportlaşdırır. Elçibəy dünyasını dəyişənə qədər onu liderimiz, təşkilatını mübarizə ocağımız bildik. Mən məhbəsdə ikən Elşibəy dünyasın dəyişdi və təşkilatını böldülər (bu da ayrica movzudur və yazılarımın birində toxunacam). Həbsdən çıxdıqdan bir neçə il  sonra qurucu lider olaraq Milli Dirçəliş Hərəkatı Partiyasını yaradaraq Azərbaycan Xalq Cəbhəsi Hərəkatının ana prinsiplərini gücümüz yetən qədər həyata keçirməyə davam etdik. 
“Artsax cəbhəsi” nə etdi, nə edir? Adını oğurladığı Xalq Cəbhəsi Hərəkatının ana prinsiplərinin hansının uğruna fəaliyyət göstərir?
 
Azərbaycan Xalq Cəbhəsi Hərəkatının baxışı Bütöv Azərbaycan baxışlar sistemidir. Bütöv Azərbaycançılıq baxışı  özünü təkcə ərazi baxımından ehtiva etmir, həm də  insanların bir yerdə səadətə qovuşmasını istəyir. Bu sistemi qəbul edən təşkilat və ya fərd nəinki tək-tək Azərbaycan insanlarının, ümumiyyətlə Azərbaycanın özündə yaşayan və kənarda yaşayan bütün soydaşlarımızın hüquqlarının təmin olunması üçün ciddi çaba göstərməlidir. Güney Azərbaycanda yaşayan 40 milyon azərbaycanlının hüquqlarını müdafiə eləmək də görəvdir, Borçalıda yaşayan 600 000 insanın hüquqlarına da biganə qalmamaq, diasporda olub Azərbaycandan ayrı düşmüş insanlarımıza  sahib çıxmaq da. Bu sistemi qəbul edənlər Qərbi Azərbaycandan qovulmuş insanlarımıza və onların təzminat davasına  sahib çıxmalı, Qərbi azərbaycanlıların ordan qovulması və status məsələsi, onların reportasiyası və kompakt yaşaması üçün məsələləri gündəmə gətirməlidir, Dərbəndə   yaşayan azərbaycanlılar  da diqqətdə saxlanılmalıdır. Rusiyanın onlara münasibətinin yaxşı olmasına səylər göstərilməlidir. Türk etnosunun dövlət qurduğu və ya yaşadığı hər yerdə daha dərin inteqrasiyaya səy göstərmək fəaliyyət istiqamətlərindən biri kimi Elçibəy tərəfindən tövsiyə olunmayıbmı?


 
Əziz hərəkatçılar,dəyərli Azərbaycan gəncliyi,    “Artsax cəbhəsi”nin bu davranışları özündə ehtiva edən hansı fəaliyyətini göstərə bilərsiniz? Elçibəy: “Mən Tehran və Rusiya cocuqları ilə bir masada oturmaram” deyirdi. Özünü Elçibəy təşkilatının davamçıları kimi göstərən, başqa dövlətlərə “cocuqluq” etdikləri sübut olunan AXCP (Yurd ) bazasında Milli Şura isə bu gün Paşinyan və ailəsini canfəşanlıqla   müdafıə edir, Qarabağda ikinci erməni dövləti yaratmaq sövdələşməsi aparırlar. Bir çox həqiqətlərdən kənar tutulmuş dəyərli Azərbaycan gəncliyi,  bu çete ilə  güvənli   gələcəyə getmək olarmı?
 
Dəyərli hərəkatçı dostlar, bu adamlar AXCP adı altında ömrümüzü qoyduğumuz, illərdi ərsəyə gətirdiyimiz dəyərləri məhv edir, yüzminlərin şərəfli bioqrafiyasını öz əməlləri ilə zədələyir, ləkələyir. Buna son verməyin zamanıdır!
 
Fərəc Quliyev
İstiqlalçı deputat,
Milli Dircəliş Hərəkatı Partiyasının sədri          


Ana səhifəyə qayıt        Baxış: 5 283          Tarix: 1-07-2020, 18:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma