Xəbər lenti


İyulun 12-də Tovuzda baş verən hadisələr fonunda ölkədə siyasi fəallıq artdı və Azərbaycanın Qarabağ siyasətini, onun necə olması gərəkdiyini Xarici İşlər Nazirliyi deyil, meydana toplaşan xalq göstərdi. Nəticədə isə ilərdir aparılan uğursuz Qarabağ siyasətinin müəlliflərindən biri olan Elmar Məmmədyarov vəzifədən uzaqlaşdırıldı və onun yerinə təhsil naziri Ceyhun Bayramov təyin olundu. Hansı ki, bu təyinatın özü də ölkədə bir çox suallar doğurdu. Ən əsas sual da budur ki, ölkədə layiqli diplomat yoxdur ki, dövlətin xarici siyasət kimi əhəmiyyətli sahəsi təhsil nazirinə həvalə olundu? Bu və digər məsələlərlə əlaqədar Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə söhbətləşdik.

– Sərdar bəy, sizin də dəfələrlə mətbuatda qaldırdığınız bir problem – xarici işlər nazirinin vəzifədən uzaqlaşdırılması məsələsi reallaşdı. Lakin nə qədər gözlənilməz olsa da, onu təhsil naziri Ceyhun Bayramov əvəz etdi. İlk olaraq bu təyinatla bağlı fikirlərinizi bilmək istərdik.

– Əvvəla onu deyim ki, dövlət məmurlarının dövlətin və xalqın qarşısındakı əvvəlki xidmətlərinə görə, ya yeri dəyişdirlməlidir, ya da irəli çəkilməlidir. Əgər biz Ceyhun Bayramovun təhsil naziri işləyərkən əldə etdiyi “nailiyyətlərinə” baxsaq görəcəyik ki, o, təhsil naziri olarkən Azərbaycanda qəbul imtahanlarındakı keçid balının üç yüzdən yüzə düşməsinə baxmayaraq, ali məktəblərdə yerlərin böyük əksəriyyəti yarımçıq qaldı, qəbul planı dolmadı. Bu o deməkdir ki, onun rəhbərlik etdiyi dövrdə təhsil sistemi çökdü.
İkincisi, onun təhsil naziri olduğu dövrdə Azərbaycan məktəblərində ağlagəlməyən cinayətlərdən tutmuş, özünü öldürməyə qədər murdar hadisələrə biz rast gəldik. ABŞ Dövlət Departamentinin illik hesabatına əsasən, Azərbaycan məktəbliləri arasında otuz faiz uşaq narkotik maddə qəbul edir, yəni bunun özü də təhsil sistemində nə qədər qüsurlu bir iş gördüyündən xəbər verir. Eləcə də təhsil sistemində korrupsiya, rüşvət baş alıb gedir. Həmçinin, seçki saxtakarlığında müəllimlərdən geniş istifadə olunur. Son seçkilərdə biz prezidentin iradəsinə zidd olaraq necə saxtalaşdırılmalar aparıldığını gördük. Bu, müəllimlərin mənəvi vəziyyətindən xəbər verir. Yəni müəllimlər saxtakar və rüşvətxordur, bunun da rəhbəri Ceyhun Bayramovdur.
O, təhsil naziri olduğu vaxtda dövlətimiz üçün çox təhlükəli işlər də görüb. Onun birincisi budur ki, Azərbaycan Konstitusiyasına, prezidentin dil haqqında sərəncamlarına zidd olaraq yüz altmış min uşaq rus dilində təhsilə cəlb edilib. Konstitusiyaya zidd olaraq rus dilində təhsil təşkil edildi, dörd yüzdən çox rus məktəb və rus sektoru açıldı. Halbuki bu, Azərbaycan Konstitusiyasına ziddir, Rusiyaya birbaşa xidmət etməkdir, rusbaşların yetişdirilməsi deməkdir. Rus dilini bilmək başqa şeydir, rus dilində təhsil başqa. Çünki təhsil düşüncənin formasını müəyyənləşdirir. Hansısa hicablı bir xanım tərcüməçı ola bilər, amma ingilis dilində təhsil alsa, o, heç vaxt örtünməz. Çünki hansı xalqın dilində təhsil alırsansa, o xalqın mədəniyyəti, tarixi, adət-ənənəsi ona oxutdurulur və o adam təhsil aldığı xalqın təəssübkeşinə çevrilir. Ona görə də bu qərar Azərbaycanda yüz altmış min – iki yüz min rusbaş uşağın yetişməsinə xidmət edir. Yəni bu, açıq şəkildə Rusiyaya xidmət edir.
Ceyhun Bayramovun vaxtında bir məktəb dəftəri buraxdılar, üzərində Nizami Gəncəvinin şəklinin altında yazılmışdı ki, o, fars şairidir. Hətta farslar bu gün Nizamini özlərinin şairi eləməyə o qədər də cəsarət etmirlər. Bayramovun vaxtında isə bu oldu, sonra da dedilər ki, səhv olub. Amma faktiki olaraq bir milyona yaxın dəftər buraxılmışdı. Nizami Gəncəvinin şəkli, ortada da fars şairi.
İkinci bir təhlükə – tarix kitablarında bir xəritə salmışdılar, Azərbaycanın bütün ərazisi “Böyük Ermənistan”ın ərazisi kimi təqdim edilmişdi. Yenə dedilər ki, səhv olub.
Üçüncü təhlükəli iş – bir dərsliyin üzərində Ermənistan bayrağının simvolları – üçrəngli Ermənistan bayrağı verildi. Etiraz olundu, dedilər ki, səhv olub. Eləcə də təhsil sistemində hicaba qarşı qadağalar, dini işlərə qarışmaq və s. İndi əgər Məmmədyarov Rusiyanın casusu idisə, gizlin fəaliyyət göstərirdisə, təhsil naziri açıq şəkildə Rusiyanın buradakı maraqlarını müdafiə edəcək. Sabah bu xarici işlər naziri Azərbaycan səfirliyinin üzərində erməni bayrağı asacaq, soruşsan deyəcək səhv olub.

– Yəni hesab edirsiz ki, Ceyhun Bayramovun bu vəzifəyə təyinatı Rusiyanın “dobro”su ilə baş tutub?

– Əlbəttə, Rusiyanın “dobrosu” ilə verilib. Bu adam Rusiyanın siyasətini həyata keçirəcək, Azərbaycan xalqına heç bir aidiyyatı olmayacaq. Dövlət Təhlükəsizlik Xidməti onun Təhsil Nazirliyində olduğu vaxtda oradakı korrupsiyanın vəziyyətini aşkarlamayana qədər biz bu adamın salamat adam olduğunu hesab edə bilmərik. Biz dəfələrlə demişik ki, Təhsil Nazirliyində mütləq yoxlamalar getməli, ordakı korrupsiya aşkar olunmalıdır. Yəni o, bir təhsil naziri kimi Azərbaycana bundan artıq nə ziyan verə bilər?! Tələbələrin təhsil səviyyəsi düşüb sıfra, müəllimlərin mənəvi vəziyyəti göz qabağındadır, eləcə də açıq halda rus və ermənilərin maraqlarını ifadə edən çoxlu addımlar atıb. Hamısı da “təsadüf oldu”, “yanlış oldu”. Sən dərslik buraxırsan, erməni Azərbaycan ərazisini “Böyük Ermənistana” daxil etmir, sən Azərbaycan ərazisini daxil edirsən ora. Ermənistan öz kitablarında bunu etmir, Azərbaycanda mənə bir kitab göstərin ki, Azərbaycan bayrağının rəmzlərinə uyğun rənglənib. Azərbaycanda kitab buraxırsan, erməni bayrağının rəmzlərinə uyğun. Yəni bu dərəcədə ola bilməz ki, biz deyək bu təsadüfdür. Bunlar təsadüf deyil, açıq-açığına erməni-rusun maraqlarını təhsil sistemində müdafiə edən adamlardır. Bunun da başında Bayramov durub. İndi onu qoyublar xarici işlər naziri. Əvvəla, təyinatlar bilavasitə prezidentin səlahiyyətlərinə daxildir, biz buna müdaxilə edə bilmərik. Sadəcə olaraq bu adamın əvvəlki fəaliyyətinə qiymət verə bilərik ki, Məmmədyarov casus kimi fəaliyyət göstərirdisə, amma, dediyim kimi, bu adam casus kimi işləmir, ondan fərqli olaraq açıq-aşkar təhsil naziri olarkən Rusiyanın Azərbaycanda gələcək tərəfdarları ordusunu yaratmaqla məşğul olub. Azərbaycanda rusdilli təhsil sistemi yaradıb, Konstitusiyaya, milli maraqlarımıza, strateji inkişafımıza zidd olaraq. Dünyada ruslar özləri ingilis dilində danışır, Rusiyada başqa heç bir xalqın dilində məktəb yoxdur. Orada yüz minlərlə azərbaycanlı oxuyur, onlar üçün heç bir institut təşkil olunmayıb. O halda nəyə görə Azərbaycanda rus dilində institut olmalıdır, rus dilində məktəblər olmalıdır, rus sektoru olmalıdır? Hətta açıq-açığına… Baxmayaraq, 1956-cı ildə Azərbaycanda rus dili dövlət dili elan olunub və o vaxtdan Azərbaycanda demək olar ki, əsas təhsil müəssisələri azərbaycan dilində olub. Bu adam gələndən sonra Azərbaycan təhsil sistemini təzədən Rusiyanın təhsil sisteminə uyğunlaşdırıb. Mən bunu açıq şəkildə deyirəm və belə hesab edirəm ki, bizim gözümüz onun üstündə olmalıdır. Bu adam Azərbaycan üçün çox təhlükəli işlər görəcək. Çox təhlükəli. İlham Əliyevdən çox Putinin tapşırıqlarını yerinə yetirəcək.

– Sizcə, həqiqətənmi Qarabağ probleminin həllinin illərlə yubadılmasında Elmar Məmmədyarovun bir fərd və nazir olaraq yarıtmaz siyasi-diplomatik fəaliyyəti ciddi rol oynayıb, yoxsa…

– Qətiyyən. Tovuza hücum və indi gedən proseslər göstərdi ki, Azərbaycan hökumətinin Qarabağı azad etmək fikri yoxdur. Baxmayaraq ki, cəmiyyət, generallar, alimlər, cəmiyyətin görkəmli adamları, siyasi partiyalar, hətta Türkiyənin ictimaiyyəti, deputatları Qarabağı qaytarmaq üçün Azərbaycana istiqamət göstərirlər ki, bunlar Tovuzdan girib, sən gir öz torpağını qaytar. Azərbaycan hökuməti inadlı şəkildə Qarabağda hərbi əməliyyat keçirtmədi. Niyə? Bunu istəmirlər. Hətta bizim özümüzün, hökumətin verdiyi məlumatdır, ermənilər Qarabağdan qoşunları gətirib yığıb Tovuza, bax, Ermənistan o qədər Qarabağdan arxayındır. Özü deyir. Azərbaycan hökuməti rəsmi məlumat verdi ki, adamları olmadığına görə qoşunları Qarabağdan gətiriblər Tovuza. Gör bu nə qədər arxayındı ki, Qarabağı azad etmək üçün Azərbaycan hökuməti heç bir hücum etməyəcək, ermənilərə də problem yaratmayacaq. Bu nə deməkdir?… Axırda da prezident deyir ki, heç kim bizə deyə bilməz ki, hara getmək lazımdır, hara hücum etmək lazımdır. Bunların təsəllisi odur ki, biz Tovuzdan torpaq vermədik. Bu nə sözdür? Azərbaycan iyirmi faizi qırx ildir ermənilərin əlindədir, sən deyirsən ki, qələbə qazanmşıq. Hansı qələbədən söhbət gedə bilər? Ona görə də mən elə hesab edirəm ki, Azərbaycan hökumətinin Qarabağı azad etmək fikri yoxdur. Hətta bu münaqişədə dönüb Qarabağa tərəf baxmadı da.

– Sizin sözlərinizdən belə çıxır ki, xarici işlər nazirinin dəyişdirilməsi sadəcə Qarabağ danışıqlarını daha bir neçə il də uzatmaq məqsədi güdür?

– Hökumət danışıqlar yolunu tutubsa, bu danışıqlar ancaq Qarabağı vermək üçündür. Bilirsiniz, Madrid danışıqlarının şərti odur ki, Dağlıq Qarabağa referendum keçirilir, orada yerli xalq hansı qərarı qəbul edirsə, onlar da hamısı ermənidir, deyəcəklər ki, biz Ermənistana birləşmək istəyirik… Zatən onlar Azərbaycan vətəndaşı olmaqla bağlı olaraq Azərbaycana üsyan edirlər. 1988-ci ildə demoqrafik proses dəyişdi, orada azərbaycanlı yoxdur. Dünyanın hər yerindən erməniləri gətirdilər, məskunlaşdırdılar. Yəni bu problemin dinc yolla həlli Dağlıq Qarabağın ermənilərə verilməsindən başqa bir şeylə nəticələnə bilməz. İndi hökumət deyəcək, biz bu məsələni dinc yolla həll edəcəyik. Bu o deməkdir ki, bu əraziləri ermənilərə verməyə hazırlaşırlar.

– Amma bu təyinatdan sonra yeni nazir Ceyhun Bayramov açıqlama verdi ki, Azərbaycan torpağının bir qarışı da ermənilərdə qalmayacaq…

– O, müdafiə naziridir? Onu yalnız müdafiə naziri və Ali baş komandan deyə bilər. Çünki bu müharibə yoluyla həll edilməlidir. Sən xarici işlər nazirisən, necə deyə bilərsən torpaqları qaytaracaqsan? O deyə bilərdi ki, biz heç vaxt danışıqlarda güzəştli mövqedə olmayacağıq, biz danışıqları sıfırdan başlayacağıq, biz danışıqlarda Madrid müddəalarından, Minsk qrupu həmsədrliyindən imtina edəcəyik. Əgər bu doğrudan da populist bir söhbət deyilsə, bunları deməli idi. Bu nə deməkdir, sən Qarabağı necə qaytaracaqsan? Sən kimsən, Ali baş komandansan, müdafiə nazirisən, dövlət təhlükəszilik xidmətisən? Sənin əlində silahın var? Gedib müharibə edəcəksən? Sən Azərbaycanı təmsil edirsən…

– İndiyə qədər cəmiyyət olaraq Elmar Məmmədyarovu tənqid etmişik ki, “dişsiz siyasət” yürüdür…

– O, “dişsiz siyasət” yürütmür. O, Rusiyanın agenti idi, Rusiyanın tapşırıqlarını yerinə yetirirdi. Dünən İlham Əliyevin özü də dedi ki, indi bizə məlumdur ki, Azərbaycan xarici ölkə səfirliklərinin böyük əksəriyyəti agentlərdir, hamısı cəlb olunub xarici ölkə agentlik şəbəkələrinə, Azərbaycan xalqına deyil, xarici ölkələrə işləyirlər. Bunu mən demirəm, prezidentin özü deyir. Bunun da başında Elmar Məmmədyarov durur. O, səfirləri kim təyin edir-Elmar Məmmədyarov. Yəni Xarici İşlər Nazirliyi bir casus şəbəkəsidir. Xarici ölkədəki casus şəbəkəsidir. İndi Ceyhun Bayramov da təhsil naziri olanda ruslara açıq-aşkar xidmət edibsə, indi də Rusiyanın Azərbaycandakı xarici işlər naziri olacaq. Putin nə deyəcək, onu da edəcək. Allahşükür deyirdi ki, mən ölənə qədər Putinə sədaqətliyəm, bu da Putinə sadəqətli olacaq. Təhsil Nazirliyində həyata keçirdiyi siyasəti, eləcə də XİN-də həyata keçirəcək. Məsələn, dediyim kimi, bir də baxacağıq ki, Azərbaycanın səfirliklərindən birində Ermənistan bayrağı dalğalanır. Soruşanda deyəcək ki, səhv olub, biz çaşmışıq o bayraq əvəzində bu bayrağı qoymuşuq. Və yaxud da danışıqlarda deyəcəki ki, nəinki Dağlıq Qarabağ, hətta Naxçıvan da, Tovuz da Ermənistan ərazisidir. Sonra deyəcək ki, çaşdım. Çünki elədiyi şeylərə belə haqq qazandırırdı özünə. Və yaxud deyəcək ki, biz farsdan dönməyik, biz millət deyililk. Üstü açılanda da deyəcək ki, mən səhv eləmişəm, çaşmışam.

– Sərdar bəy, sizin dediyinizdən belə çıxır ki, İlham Əliyevin dediyi casus şəbəkəsi bundan sonra da toxunulmaz qalacaq.
– Casus şəbəkəsi ləğv ediləcək, yerinə açıq-aşkar şəkildə Rusiyanın maraqlarını ifadə edən nazirlik görəcəyik. Yəni əvvəlkilər kimi üstüörtülü yox, Məmmədyarov gizlin edirdi bunu. Daha gizlin yox, açıq-aşkar şəkildə Rusiyanın tapşırıqlarını yerinə yetirəcəyik. Çünki onun əvvəlki təcrübəsi də belə olub. Təhsil Nazirliyində gördüyü işlərə görə deyirəm ki, bu adamın indi daha böyük imkanları var ki, Rusiyaya xidmət eləsin.

– Bu illəərzində Azərbaycan dövləti bir layiqli diplomat yetişdirmədi ki, XİN rəhbəri postu ona həvalə olunsun?…

– Azərbaycanda kadr siyasəti yoxdur, aşağı keyfiyyətli idarəetmə var. Belə idarəetmədə kadrlar şəxsi sədaqətə, qohumluğa, dostluğa, tanışlığa, müəyyən bir klana mənsub olmağa görə təyin olunur. Ona görə kadrların peşəkarlıq xüsusiyyəti, dövlət və xalq qarşısında xidmətləri, onun imkanları nəzər alınmır. Bayramov deyir ki, mən bir qarış torpaq verməyəcəm. Təhsil naziri olduğun dövrdə bir dəfə ağzını açıb “Qarabağ” sözünü işlətmisən? Bir dəfə Qarabağla bağlı mövqe ortalığa qoymusan? Vətəndaşsan, nə olsun nazirsən. Təhsil naziri deyə bilməz ki, Qarabağ işğaldan azad edilməlidir? Orta məktəblərdə Qarabağla bağlı hansı işi aparmısan? Hansı hərbi-vətənpərvərlik işi aparmısan? Sənin bütün fəaliyyətin göz qabağında olub və fəaliyyətin dövründə nə qədər böyük nöqsanlar olduğunu Azərbaycanda hamı bilir. Demək olar ki, Azərbaycan təhsili iflasa uğrayıb. İndi də xarici siyasətin içinə düşüb. Onsuz da xarici siyasət iflasa uğrayıb, indi bu adam başqa şey edə bilməyəcək. İndiyə qədər bizim səfirlər Rusiyaya gizli şəkildə agentlik edirdilər, indi bu, açıq şəkildə öz siyasətini aparacaq. Təhsil naziri olanda rus sektorunun sayını artırdı, yüz altmış min azərbaycanlı uşağı Rusiyanın tərəfdarlarına çevirdi. Bunun başqa analoqu yoxdur. Bu da ancaq ora müəyyən bir proteksiya nəticəsində gəlib. O adam diplomat deyil, xarici siyasətdə “sıfır” bir adamdır. Siyasi ağlı, şüuru yoxdur. Biz onun nazir kimi çıxışını görməmişik. Amma yenədə özləri bilərlər. Ancaq bu təyinat göstərdi ki, Azərbaycanda Dağlıq Qarabağı almaqla bağlı heç bir irəliləyişə ümid etmək olmaz. Yəni status-kvonu saxlamaq, münaqişəni Rusiyanın nəzarəti altında saxlamaq üçün atılan addımdır. Sadəcə Məmmədyarov ifşa olunmuşdu, onun casusluğunu hamı bilirdi. Kifayət qədər ictimaiyyət onu ittiham edirdi ki, Məmmədyarov Rusiyanın agentidir, söyürlər, lənətləyirlər. Hökumət sadəcə olaraq o təzyiqlərin qabağında dayana bilmədi. Yəni açıq-açığına bir agenti orada saxlamaq o deməkdir ki, mən də buna razılıq vermişəm. İndi isə açıq Rusiyanın maraqlarını ifadə edən adamı gətirib qoyublar XİN.

– Sərdar bəy, son vaxtlar belə bir fikir gəzirdi ki, biz Qarabağ məsələsini hərbi yolla həll etsək xarici dövlətlər bizə qarşı çıxa, müəyyən təzyiqlər ola bilər. Amma Tovuz hadisələri göstərdi ki, Rusiya istisna olmaqla heç bir dövlət Azərbaycana qarşı çıxmadı…

– Rusiya sadəcə olaraq bilir ki, bizimkilər məcbur olub o döyüşlərə başlayıblar, yoxsa, xoşluğa qalsa bizimkilər heç ermənilərin hücumuna cavab verməz. Rusiya görsə ki, Azərbaycan öz torpaqlarını azad etmək istəyir, nə deyəcək? Beynəlxalq hüquq var, MDB-nin əsasnaməsi var, ATƏT-in əsasnaməsi var, nəhayət Azərbaycanın strateji müttəfiqi var – Türkiyə. Dünyanın bir çox ölkələri Rusiyanın ağzından şillə ilə vurub, otuzdurub yerində. Azərbaycanda da eynilə Türkiyə otuzduracaq yerində. Türk birliyinin üzvüyük, səkkiz türk dövlətinin daxil olduğu ittifaq yaratmışıq, Macarıstanla bir yerdə. İslam konfransı təşkilatının üzvüyük. İslam ölkələri arxamızdadır, sən bacarıqlı bir siyasət apar. Məsələn Pakistan deyir ki, Azərbaycan bizə müraciət eləməsə belə, biz bu müharibəyə girəcəyik. Yəni bizim rəhbərlərimiz başa düşməlidir ki, yeni qlobal dünya siyasətinin əsas motivləri nədir. Bilsələr, başqa addım atarlar, yoxsa sən Rusiyaya yalvar, Rusiyanın quyruğunda get. İslam ölkələrinin maraqları var, Türkiyənin maraqları var…
(Ardı var)
Ülviyyə ŞÜKÜROVA, Hurriyyet.org



Ana səhifəyə qayıt        Baxış: 21 333          Tarix: 19-07-2020, 02:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma