Xəbər lenti


 
Xatırlayırsınızsa, keçmiş Təhsil naziri Mikayıl Cabbarov Vergilər naziri təyin olunanda Azərbaycanın maarif sistemi uzun müddət başsız qalmışdı. Çünki cənab Cabbarov Təhsil Nazirliyində qabağına kim çıxmışdı yanına salıb Vergilər Nazirliyinə gətirmişdi. Nəticədə Təhsil Nazirliyi tam boşalmışdı.



 
Həmin dövrlərdə aylarla boş qalan yerlər:
 
1. Təhsil naziri
2. Təhsil nazirinin müavini
3.Təhsil nazirinin müşaviri
4.Təhsil nazirliyinin aparat rəhbəri
5.Təhsil nazirliyinin informasiya şöbəsinin müdiri
6.Lənkəran Dövlət Universitetinin rektoru
7. Azərbaycan Texniki Universitetinin rektoru
8. Ali Attestasiya Komissiyasının sədri
9. Təhsil İnstitutunun direktoru
10.Təhsil nazirliyində bir neçə məktəb direktoru vəzifələri
11. Heydər Əliyev adına Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasının rəisi.
 
Deyəsən, Azərbaycanın pedaqoji kollektivini yenə uzun müddət “başsız atlı” taleyi gözləyir. Nədən ki, Mikayıl Cabbarovun xələfi də onun yolunu gedir və Təhsil Nazirliyindəki köhnə komandasını da özüylə bərabər XİN-ə gətirir. 
 
Ovqat.com xəbər verir ki, dünən ictimailəşdirdiyimiz kadr dəyişikliyi ilə bağlı xəbəri bu gün Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Leyla Abdullayeva Lent.az -a təsdiqləyib.
 
 
Onun bildirdiyinə görə, nazir Ceyhun Bayrmovun əmrinə əsasən, Şahin Bəbir oğlu İsgəndərov nazirliyin İşlər İdarəsinin rəisi, Roman Ağamalı oğlu Məmmədov Kadrlar İdarəsinin rəisi, Elnur Məmmədov isə Ümumi Katibliyin rəisi vəzifələrinə təyin olunublar.
 
Qeyd edək ki, Ş.İskəndərov bundan öncə Bakı Şəhər Təhsil İdarəsində Təchizat və Təminat şöbəsinin müdiri, R.Məmmədov idarənin müdir müavini, Elnur Məmmədov isə Təhsil nazirinin müşaviri vəzifələrində çalışıblar.
 
Maraqlıdır ki, bu gün artıq ömrünün diplomat mərhələsinə qədəm qoyan Elnur Məmmədov isə hələ də pedaqoji havalardan ayrıla bilməyib. Özünün etirafına görə, ömrünün sonuna qədər də təhsil ailəsinin üzvü olaraq qalacaq. 


 
 “Böyük təhsil ailəsinin üzvü olduğumdan qürur duyuram. Hesab edirəm ki, təhsildə çalışan hər bir insan bu sahəyə ömürlük bağlı olur. Bu mənada mən təhsil ailəsinin üzvü olaraq qalıram. İşlədiyimiz yerdən, tutduğumuz vəzifədən asılı olmayaraq, hamımızın amalı hər sahədə doğma Vətənimizə xidmət etməkdir” – Elnur Məmmədov APA-ya açıqlamasında belə deyib.
 
Göründüyü kimi təzə nazir XİN-nin köhnə kadrlarını öz yeni kadrları ilə ilə əvəzləmək əzmindədir. 
 
Bəs, yeni kadrları kim dişinə vurub diplomatlığa layiq olduğunu müəyyənləşdirəcək? Yəqin deyəcəksiniz ki, bu sualda anlaşılmayan nə var. Əlbəttə ki, Nazirliyin yeni Kadrlar İdarəsinin rəisi. Türklər demiş, “tamam da”. Bəs, bu adam kim olsa yaxşıdır?  Təxmin edirəm ki, bu sətirləri oxuyanda öz-özünüzə dediniz: yəqin ki, saçını-saqqalını diplomatiya sahəsində ağartmış biri olar, hər halda. 
 
Elədirsə, gəlin saçını, saqqalını diplomatiya sahəsində ağartmış həmin adamla ötəri tanış olaq.


 
Məmmədov Raman Ağamalı oğlu: 28 may 1981-ci ildə anadan olub.
 
Bakı Dövlət Universitetinin Hüquq fakültəsini Hüquqşünaslıq ixtisası üzrə bitirib. 2004-2011-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsində hüquq məsləhətçisi, baş məsləhətçi, Hüquq sektorunun müdiri, 2011-2012-ci ildə «Aqrolizinq» ASC-nin Hüquq şöbəsində aparıcı mütəxəssis, 2012-ci ildə "Texno-Atinak" MMC-də hüquqşünas, 2012-2015-ci illərdə "Absheron Construction" MMC-də Hüquq və İnsan resursları şöbəsinin müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Təhsil nazirinin 2015-ci il 28 dekabr tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri vəzifəsinə təyin olunub.
 
Azərbaycan Respublikası təhsil nazirinin 2019-cu il 1 noyabr tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinin icrası həvalə edilib.
 
Ailəlidir. Vəssəlam.


Ana səhifəyə qayıt        Baxış: 7 040          Tarix: 23-07-2020, 19:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma