Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Dağlıq Qarabağdakı son müharibənin arxasında Rusiyanın enerji siyasətinin dayandığı heç kimə sirr deyil. Xatırlayırsınızsa, hələ iyulun birinci yarısında ermənilərin Tovuz rayonuna hücumları ilə başlayan bu müharibədən əvvəl Tramp administrasiyası Qərb şirkətlərini “Şimal axını-2” və “Türk axını”ndan imtina etməyə çağırmış, əks halda onları ciddi sanksiyalarla təhdid etmişdi. Almaniya, Fransa kimi Qərbi Avropa dövlətləri əvvəl bu təhdidlərə qarşı çıxmağa çalışsalar da, sonradan Vaşinqtonun israrına boyun əyməli olmuşdular. Hazırda Ermənistanı dəstəkləyən dövlət arasında məhz həmin ölkələrin xüsusi fəallıqla seçilməsi bu baxımdan təsadüfi görünmür.
O da sirr deyil ki, Rusiyanın enerji layihələrinə ilk sarsıdıcı zərbə Türkiyədən gəlmişdi. Ankara Rusiyadan aldığı təbii qaz həcmini ciddi şəkildə azaltmış və onu TANAP-la ixrac olunan Azərbaycan qazıyla əvəz etmişdi. Bu gəlişmələri özünə qarşı ciddi təhdid sayan Rusiyanın təhrikiylə ermənilər TANAP-ın keçdiyi Gəncə-Tovuz dəhlizinə saldırmış, bununla da müvafiq dairələrə “sizin söykəndiyiniz alternativ güvəndə deyil” mesajı verilmişdi. Azərbaycan Ordusu ölkəmizin boğazına uzanan bu əli geri çəkilmək məcburiyyətində qoyduqdan sonra növbəti həmlə sentyabrın son günlərində Dağlıq Qarabağdan gəlmişdi. Beləcə, 44 günlük misli görünməmiş savaş nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın mühüm qismini azad etməklə qalmamış, həm də düşmənin əhədini üzəcək nöqtəyə yaxınlaşmışdı. Bu gedişlə Dağlıq Qarabağın tamamilə itiriləcəyini görən Rusiya “sülhməramlı” qoşunları ilə prosesə müdaxilə etmiş və Cənubi Qafqazın “yəhərini” son anda yenidən ələ keçirmişdi.
Azərbaycanın suverenliyi altında olan Dağlıq Qarabağa Türk əsgərlərinin gəlməsinə Rusiyanın açıq-aşkar qarşı çıxması, rəsmi Bakının və Ankaranın ölkəmizi böyük savaş poliqonuna çevirməmək üçün məsələni mümkün olduğu qədər dinc yolla həllinə çalışması da bu baxımından başadüşüləndir. Görünən budur ki, Moskvanın əsas niyyətinin qlobal enerji sövdələşmələrində mövqeyini gücləndirmək olduğunu düşünən iki qardaş ölkə məsələnin dinc yolla həllini daha məqsədəuyğun hesab edirlər.
Sual oluna bilər: Problemin qlobal enerji sövdələşmələri yoluyla həlli mümkündürmü? Xüsusilə ABŞ-da son prezident seçkilərini qazanan Baydenin hakimiyyəti dövründə Kreml bu istəyinə nail ola bilərmi?
Baydenin hələ 90-cı illərdən başlayaraq, Rusiyanı zəiflədilməsi projesinin aparıcı oyunçularından olması bu suala birmənalı cavab vermək imkanını daraldır. Yeni prezidentin keçmişi və bugünkü bəzi siyasətləri bu versiyaya kölgə salsa da, bir çox mütəxəssislər sövdələşmənin baş tutma ehtimalını da istisna etmirlər. Gəlin, hər iki versiyanı son zamanlar Rusiyanın enerji siyasətində yaşanan hadisələrin işığında fikir süzgəcindən keçirək.
Müşahidəçilər Baydenin hələ Ağ Evə köçməmişdən Trampın başlatdığı rus enerji layihələrinə qarşı siyasətini daha intensiv şəkildə sahib çıxdığı görüşündədirlər. İddialara görə, hakimiyyət dəyişikliyinə hazırlaşan Ağ ev hazırda da "Şimal Axını-2" tikintisində iştirak edən Avropa şirkətlərinə müraciət edir və onları layihədən geri çəkilməyə çağırırlar. Son çağırışlardan Almaniyanın daha çox narazı qaldığı vurğulanır. “Almanlar hamıdan daha çox yeni sanksiyaları sərt hesab ediblər. Berlinin fikrincə, demokratların enerji layihələrinə münasibəti daha kəskin olacaq. Bayden nəhayət boru kəmərini bağlaya biləcəyi alman hökumətini ciddi narahat edir”,-“RİA Novosti” yazır.
Xəbər agentliyinin iddiasına görə, gələnin ilin yanvar ayında Trampın imzaladığı sənədlər qüvvəyə minəcək və Rusiyanın boru kəmərinə bir milyon dollardan az sərmayə qoyan şirkətlər belə, sanksiyalara məruz qalacaq. Bu, logistika ilə məşğul olanlara da toxunacaq.
"Qazprom" isə hələ də bu sanksiyaların hüquqi baxımdan “Şimal axını 2” tərəfdaşlarına şamil edilməməsi görüşündədir. Çünki bu layihəyə investisiya yatıran şirkətlər sanksiyalar elan edilməmişdən əvvəl həmin addımı atıblar. Qanunların isə zaman baxımından geriyə işləmək xüsusiyyəti yoxdur. Di gəl ki, bir aydan sonra qüvvəyə minəcək sanksiyalar layihədə iştirak edənlərin hamısına şamil edilib, bu da istər-istəməz tərəfdaşlar arasında ciddi narazılıq yaradır. Ən pisi isə odur ki, həmin şirkətlər yarımçıq qalan layihəyə yatırdıqları investisiyanın da kompensasiyasını ala bilmirlər.
“Qazprom”-un sədr müavini Aleksandr Medvedev də mediaya verdiyi açıqlamasında “Engie”, “OMV”, “Shell”, “Uniper” və “Wintershall” kimi şirkətlərin layihəyə sanksiyalardan əvvəl investisiya yatırdığını, vəsaitlərin artıq təyinatı üzrə xərcləndiyini təsdiqləyib. Onun fikrincə, Almaniyanın “Uniper” şirkəti hətta rəsmi Berlinin tədarük təhlükəsizliyinə zəmanət verdiyi üçün layihəyə qoşulub və bu da Berlinin öz zəmanətini yerinə yetirmək məcburiyyətində qoyur. Berlin isə Vaşinqton qarşısında nəsə edə bilməyəcək qədər zəifdir. Çünki ABŞ-da buna var gücləri ilə mane olmağa çalışanlar var. Almaniyanın ən böyük İnformasiya Agentliyi olan “DPA” Ağ Evdəki mənbələrə istinad edərək bildirir ki, amerikalılar layihə iştirakçılarına növbəti dəfə sərt "xəbərdarlıqlar” göndərib.
"ABŞ Avropa şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək istəmir. Biz onları xəbərdar etmək və layihədən çıxmaq üçün möhlət vermək üçün çağırırıq. Bu boru kəməri olmayacaq", - deyə mənbə agentliyə bildirib.
“RİA Novosti”-nin mülahizələrinə görə, Trampın sanksiya taktikası sınaqdan yaxşı çıxdığından Bayden hakimiyyəti tərəfindən də tətbiq oluna bilər: “İlk sanksiya paketindən sonra dünyada ən iri boru kəmərlərini çəkən İsveçrənin “Allseas” şirkəti inşaat sahəsini tərk etdi. Bununla belə, Vaşinqton Rusiyanın öz boruçəkmə şirkətlərinin olduğunu nəzərə almamışdı. Nəticədə tikinti, demək olar ki, başa çatıb”,-portal belə yazıb.
Amma “RİA Novosti”-nin bu ümidinin nə qədər əsaslı olması şübhə doğurur. Zira ABŞ Rusiyaya iqtisadi zərbə vurmaq üçün adətən layihələr çəkildikdən sonra təzyiqləri artırır və 10 milyardlarla dollara başa gələn kəmərlər rentabelsiz hala düşür, istifadəsiz boru yığınından başqa bir işə yaramır. Bunun ən bariz nümunəsini “Türk axımı” layihəsində gördük. Faktiki olaraq, Rusiyadan aldığı qaz həcmini 60%-dən çox azaldan Ankaranın bir aydan sonra enerji alışlarını tamamilə dayandıracağı gözlənilir. Eynilə “Şimal axını-2” layihəsində də boru kəmərinin 95% çəkilməsinə baxmayaraq, Rusiya “soyub-soyub quyruğunda murdarlamaq” talesizliyi ilə üzləşə bilər.
ABŞ-ın bu enerji enerji siyasəti təkcə Rusiyanın deyil, bu gün Ermənistanın yanında yer alan Fransa və Almaniyanın da iqtisadi maraqlarına ziddir. Faktiki olaraq, Qərbi Avropa ölkələrini “qoca qitə”nin enerji mərkəzi olmaqdan uzaqlaşdıran bu siyasət Polşa və digər Baltikyanı dövlətlərin yer aldığı Şərqi Avropanı ön plana çıxarır. Nədən ki, ABŞ öz mayeləşdirilmiş qazını bu ölkələr vasitəsilə “qoca qitə”yə nəql etmək fikrindədir.
Xüsusilə Almaniyada Amerikanın bu siyasət və təhdidlərini “anlaya” bilmirlər. "Bu yanaşma müttəfiqliyə sığmır. ABŞ-ın xarici şirkətlərə qarşı sanksiya qərarı beynəlxalq hüquqa yolverilməz müdaxilədir", — deyə Almaniyanın Şərq Komitəsinin iqtisadiyyat üzrə rəhbəri Oliver Hermes vurğulayıb.
Son prezident seçkilərinin ardınca alman şirkətlərinə təhdidlərlə dolu zənglərin çoxalması da Berlinin narahatlığını artırıb. “Vaşinqtonda hakimiyyət dəyişikliyindən sonra ritorikanın yumşalacağına ümid etməyə dəyməz. Önümüzdəki aylarda, Bayden, Alman investorlarının üç milyard avro yatırdığı layihəyə qarşı "ventilləri daha da sıxmağı planlaşdırır",- Almaniyanın “Bild” nəşri belə yazır: “ABŞ-ın Rusiya müəssisələri ilə işləyən sığorta və sertifikatlaşdırma şirkətlərini sanksiyalara məruz qoymaq niyyəti xüsusilə təsirlidir. Bayden, demək olar ki, hazır olan "Şimal Axını-2" ni basdırmaq iqtidarındadır”.
Rusiyaya da eyni narahatlıq hakimdir. “Yeni sanksiyalar artıq Konqres tərəfindən razılaşdırılıb və 2021-ci il üçün müdafiə büdcəsinə düzəlişlərə daxil ediləcək. Əvvəlki məhdudiyyətlər də, əlbəttə ki, ləğv olunmayacaq. Nəticədə, sığortaçılar boru kəmərinin tikintisi zamanı dəymiş zərərin əvəzini ödəməyə risk etməyəcək, sertifikatlaşdırma şirkətləri isə qaz Almaniyaya çatdırılmamışdan əvvəl boru xəttinin etibarlılığını qiymətləndirə bilməyəcəklər”, - müstəqil sənaye eksperti iqtisadçı Leonid Xazanov “RİA Novosti”-yə açıqlamasında belə deyib. Onun fikrincə, Trampın vaxtı çatmasa belə, bu siyasət Bayden tərəfindən davam etdiriləcək.
Bununla belə, ABŞ-la Rusiyanın sonunda dil tapacağına inananlar da var. Leonid Xasanov da onlardan biridir. Onun fikrincə, Amerika sənayesi dünya bazarından, xüsusilə də Avropa iqtisadiyyatından çox asılıdır və Vaşinqtonun boru kəmərinin başa çatmasına mane olmaq cəhdləri həm bütünlükdə Avropa İttifaqı, həm də onun ayrı-ayrı üzvləri tərəfindən əks-sanksiya dalğasına səbəb ola bilər. Üstəlik, amerikalılar bu halda NATO-dakı siyasi müttəfiqlərini avtomatik itirirlər", - deyə Xazanov bildirir.
Amma Xasanovun da bu ümidi çarəsizlikdən saman çöpünə pənah aparmağa daha çox bənzəyir. Çünki kansler Angela Merkelin bir sıra çıxışlarında alman şirkətlərinə qoyduqları investisiyanı kompensasiya edilərsə, Vaşinqtona qarşı iddiaların yumşalacağına dair eyhamlar vurması Berlini razı salmağın çox da bahalı olmayacağını göstərir. Nədən ki, bu ölkənin şirkətləri layihəyə indiyədək 3 milyard avro xərcləyiblər ki, ABŞ üçün bu o qədər də böyük “sövdə parası” sayılmaz.
Rus analitiklərinə nikbinlik duyğusu bəxş edən başqa məqamlar da var. Bu da ABŞ iqtisadiyyatının son ildə keçirdiyi gizli böhrandır. Moskva ümidlidir ki, Bayden üçün ilk növbədə, daxili problemləri həll etmək lazımdır, bu da çox vaxt aparacaq. Bu mülahizəyə əsasən, Amerika iqtisadiyyatının vəziyyəti acınacaqlıdır. İlin ikinci rübündə ABŞ ÜDM-u görünməmiş səviyyədə - 33 faiz kiçilib. İqtisadçılar pandemiyanı Böyük Depressiya dövründən bəri ölkə üçün ən ciddi təhlükə hesab edirlər.
Sözügedən mülahizəyə əsasən, ABŞ-da bu təhlükənin nəticələrini aradan qaldırmaq üçün 2,5 trilyon dollara qədər növbəti stimul paketi müzakirəyə çıxarılıb. Bu, işsizliyə dair əlavə müavinət, kiçik və orta biznesə yardım deməkdir. “Pul çap edən maşınının işə salınması” isə dolların avro qarşısında təxminən on faizlik zəifləməsinə yol aça bilər. Belə bir vəziyyətdə Bayden administrasiyasının "Şimal Axını-2"-ə kifayət qədər diqqət ayıra bilməyəcəyinə inanılır.
Üstəlik, Rus qazına ehtiyac da aradan qalxmayıb. Rus ekspertlərinin fikrincə, bu da “Şimal axını-2” layihəsinin tamamlanmasında ümidverici amil rolu oynaya bilər.
"Avqust ayından etibarən Rusiyada qaz hasilatı artır, təkcə oktyabr ayında 63 milyard kubmetrə yaxın yanacaq istehsal olunub — sentyabrda artım 13 faiz olub, hətta 2019-cu ilin oktyabr ayından da çox. Bu, ilk növbədə, xaricdə tələbatın artdığını göstərir", — deyə "Alpari" Analitik İnformasiya Mərkəzinin rəhbərinin müavini Natalya Milçakova xatırladıb.
Amma bu ümidləri Qazprom” ekspertləri o qədər də mənimsəmirlər. Onlar Baydenin “yaşıl xətt” adlanan enerji siyasətini öz maraqları baxımından mənfi qiymətləndirirlər. Demokratların 2035-ci ilə qədər ekoloji təmiz enerjiyə keçmək üçün 2 trilyon dollar sərf etməyi planlaşdırdığını deyən ekspetlər Vaşinqtonun 2050-ci ilə sıfır emissiyalarla (ətraf mühitə zərərli maddə buraxmamaq) qədəm qoymaq istədiyini xatırladırlar.
Bununla belə, Rusiyanın bu siyasətə uyğun “yaşıl energetika” alternativləri də var: "Şimal Axını-2" ilə yalnız təbii qaz deyil, həm də hydrogen qazı nəql etmək olar. Avropada hidrogen yanacağına tələbat isə potensial olaraq çox yüksəkdir.
"Bundan başqa, yeni administrasiyaya avropalılarla münaqişə qətiyyən lazım deyil. "İnauqurasiyadan sonra Bayden Avropa İttifaqı ilə, ilk növbədə, Almaniya ilə korlanmış münasibətləri bərpa etməlidir, axı bunsuz NATO-nun döyüş qabiliyyətini möhkəmləndirmək mümkün deyil", - deyə Milçakova ümidlərini geopolitik amillərlə qüvvətləndirir.
Maraqlıdır ki, təkcə Rusiyada yox, ABŞ-da da Ağ Evin yeni rəhbərinin Rusiyaya boru kəmərinin tikintisinin həyata keçirməsinə son ana qədər qarşı çıxacağına şübhə ilə yanaşanların sayı az deyil. Virciniya ştatından olan keçmiş senator Riçard Blek deyir ki, Bayden “Şimal axını-2” layihəsinin tikintisinin başa çatması barədə “sakit şəkildə" Moskva ilə razılığa gəlməyə üstünlük verəcək. Əvəzində isə Vaşinqton üçün hansısa fayda əldə etməyə çalışacaq.
Bir çox mütəxəssislərin fikrincə, ABŞ-ın əldə etməyə çalışacağı güzəşt əsasən dünyanın yenidən bölüşdürülməsi istiqamətində ola bilər. Daha yalın dillə desək, ABŞ-ın Rusiyanı mərkəzə sıxışdırmaq müqabilində onun qida borusundan yapışmış əlini boşaldacağı gözlənilir. Bu isə o deməkdir ki, yaxın zamanlarda Baltik-Qara dəniz-Xəzər qövsündə tarixi geopolitik dəyişikliklərin yaşanma ehtimalı istisna deyil. Məsələyə bu aspektdən nəzər salanda Azərbaycan ordusunun Dağlıq Qarabağ işğalına son qoymaq ərəfəsində Rusiya “sülhməramlı”larının bölgəyə müdaxiləsi də Moskvanın beynəlxalq sövdələşmədə əlindəki “kozırlar”dan birini itirməmək cəhdi kimi görünür.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar