Xəbər lenti

 
Nazim Əkbərov,
Naxçıvan MR-ın sabiq Təhsil naziri
 
Meydandakı mitinq ara vermir, Mərkəzin xəyanəti, imperiyanın iç üzü və çirkin siyasəti ifşa edilirdi. Artıq mitinq iştirakçıları Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin iclasını çağırmağı, Mərkəzin satqın, xəyanətkar siyasət yeritdiyini elan etməyi və İttifaqdan çıxmaq barədə qərar qəbul etməyi tələb edirdi. 
 
Kabinetindən bir an belə olsun ayrılmayan, aramsız telefon danışıqlarından və adamlara izahat və təskinlik verməkdən səsi tədricən tutulan Səkinə Əliyeva məni çağırıb növbətli telefonoqramma hazırlamağı tapşırdı. Mətn hazır olanda, artıq onun səsi tamam tutulmuşdu və mənə SSRİ Xarici İşlər Nazirliyinə həmin telefonoqramı çatdırmağı tapşırdı.
 
Peyk telefonu zənginə özünü İvanov familiyası ilə təqdim edən biri cavab verdi. Mən telefonoqrammı oxudum. Mətndə Muxtar Respublikanın aramsız hücuma məruz qaldığı, artıq bir neçə nəfərin həlak olduğu, evlərin dağıdıldığı, xalqın mitinqə toplaşdığı və tədbir görülməzsə, SSRİ-dən çıxmaq tələbi barədə danışılırdı və təcili müvafiq tədbirlər görülməsi tələb edilirdi...
 
Sonuncu ifadəyə “İvanov” laqeydliklə “Siz hansı köməkdən danışırsınız?” sualı məni hiddətləndirdi, mən də eyni tonda, hisslərimi gizlətmədən onun sualına sualla cavab verdim:
 
- Belə çıxır ki, sizin üçün nələrin baş verdiyinin heç bir fərqi və mənası yoxdur? Belə başa düşürük ki, artıq siz heç bir tədbir görməyəcəksiniz?
 
O da öz növbəsində son dərəcə laqeydliklə "Ladno" deyib dəstəyi yerinə qoydu.


 
Məni diqqətlə dinləyən S. Əliyeva heç nə soruşmadı, görünür, mənə verilən cavabı o dəfələrlə başqa ünvanlardan almışdı. Təkcə "Vicdansızlar!" dedi.
 
- Səkinə müəllimə, gəlin, sessiyanı çağıraq, qoy deputatlar məsuliyyəti paylaşsınlar. Meydanda tək siz qalmısınız. Eşitdiniz Qorbaçov nə dedi? Mitinq də bunu tələb edir. Qoy camaat da görsün ki, onlara sahib çıxan bir rəhbər işçi vardır. Yoxsa bu gedişlə biz məhvə sürüklənirik.
 
Səkinə müəllimə fikrə getdi.
 
- Sessiyanı çağırıb nə qərar qəbul edəcəyik?
 
- Heç olmazsa, camaat sakitləşər, yoxsa bu gedişlə nə olacağı bəlli deyildir.
 
Bu vaxt Xalq Cəbhəsinin liderləri ilə Ali Sovetin Rəyasət Heyəti aparatı arasında münaqişəli vəziyyət əmələ gəldi. Cəbhəçlərdən bir qrupu partiya orqanlarının təzyiqi altında belə bir iclasın lüzumsuzluğunu sübut etməyə çalışırdı.


 
Əjdər Əhmədovla mən tələbin düzgün qoyulmamasını, məsələni Rəyasət Heyətinə deyil, sessiyaya çıxarmağı düzgün hesab etdiyimizi sübut etməyə çalışırdıq. Bizimlə razılaşmayan, bizi bürokratçılıqda təqsirləndirən bəzi cəbhəçilər hətta qəzəblərini gizlətməyə belə çalışmadan bizi təqsirləndirərək çıxıb getdilər.
 
Biz Səkinə müəlliməni çətin vəziyyətdən çıxarmağa çalışırdıq. Səkinə müəllimə təklif etdi:
 
- Gəlin, deputat qrupunu çağıraq, görək onlar nə deyirlər?
 
Səkinə müəllimə əlini telefona atıb yenə ora-bura zəng vurmaq istədi, cəhdləri yenə boşa çıxdı.
 
- Səkinə müəllimə, niyə obkom irəli çıxmır, niyə camaata söz deməkdən qorxurlar? Belə olmaz axı!
 
Səkinə müəllimə mənim bu sözlərimə başını bulamaqla cavab verdi. Sonra çarəsizliyini nəzərə çarpdıracaq şəkildə:
 
- Deputatlardan kimi tapa bilirsən, tap, çağır, qoy sessiyaya gəlsinlər.
 
Bu qərarı qəbul etmək bu günün oxucusuna, o günlərdə uşaq və ya məktəbli olanlara adi hal kimi görünə bilər. Lakin o zaman yuxarının rəyi və qərarı olmadan sessiya çağırmaq təşəbbüsünün arxasında bilirsiniz nə dayanırdı? Ən azı siyasi motivlərə görə həbs. Bu qərarı isə qadın qəbul edirdi. O qadın ki, baş verən faciəvi hadisələrin axarında tək qalmışdı, hamı harayasa qeyb olmuş, 67 yaşlı bu qadını talenin ixtiyarına buraxmışdılar. Daha dəqiq desək, SSRİ hökuməti Naxçıvanı ermənilərə qurban verdiyi kimi, Səkinə müəlliməni də qurban vermək istəyirdilər, yaxud belə bir niyyəti olanlara qarşı çıxmaq istəmirdilər.
 
Biz qəhrəmanlıq anlayışının altında əli qılınclı, tüfəngli, tapançalı, özünü düşmən səngərinə atan, canını tankın altında verən insanları nəzərdə tuturuq. Lakin həyatın elə məqamları olurmuş ki, sadəcə səbr və təmkin, tutduğu vəzifənin tələblərinə sədaqət qəhrəmanlığın ən yüksək zirvəsi olur. Həmin 1990-cı ilin Yanvar hadisələrində Səkinə müəllimdə bu keyfiyyəti gördük.
 
Ali Sovetin binası yığın-yığın adamlarla dolmuşdu. Onların arasında elələri vardı ki, aləmi bir-birinə vurmağa bir kiçicik bəhanə axtarırdı. Bir dəstə qadın hay-küylə Ali Sovetə soxuldu. Onlar elə fəryad edir, elə bağırır və elə siyasi tələblər irəli sürürdülər ki, onların bu halı acımaqdan daha çox gülməli görünürdü. Bu qadınların çoxunu tanıyırdım. Onlar xaraktercə və həyat tərzlərinə görə vətənpərvərlikdən çox-çox uzaq olan, bir çoxu da əxlaqsız həyat keçirənlər idi. Buna görə də belələrinin özlərini Janna Dark kimi xislaskar təqdim etmələri adamda ikrah doğururdu.


 
Bir az sonra başqa bir qadın dəstəsi gəldi. İkinci dəstənin tərkibi elə idi ki, onlarla müqayisədə birincilərin ətəyində namaz qılmaq olardı. Onlar əllərinə keçən hər şeyi dağıdır, sındırır, söyürdülər. Bir kəlmə lazım idi ki, onlar yırtıcı kimi ortaya atılıb adamı boğub öldürsünlər. Biz onları sakitləşdirməyə çalışır, indicə qəbul edilən qərar haqqında onlara məlumat verir, sakitləşdirmək istəyirdik. Lakin onlar sakitləşmək üçün gəlməmişdilər, aranı qızışdırmaq üçün göndərilmişdilər. Onlar verilən tapşırığı icra edirdilər.
 
Bu vaxt gözləmədiyimiz və çox təhlükəli olan bir hadisə baş verdi. Naxçıvan universitetinin müəllimi, bir neçə saat əvvəl Səkinə müəlliməni Nigarla, Həcərlə müqayisə edib mədh edən adam birdən-birə bu gözü dönmüş adamların yanında barmağını Səkinə müəlliməyə tərəf uzadıb belə dedi:
 
- Bütün bu işlərin günahkarı bax, bu qadındır.
 
Bu sözlər, əslində, Səkinə müəllimənin qətlinə fərman vermək demək idi. Çünki bu sözlərdən sonra oradakı insanlar hərəkətə keçsəydilər, onların qarşısını almağa, Səkinə müəlliməni onların əlindən almağa heç kəsin gücü çamayacaqdı. Həmin müəllim 1988-ci ilin noyabr mitinqlərində bu hərəkəti ilə adamları Vilayət Partiya Komitəsinə istiqamətləndirə bilmiş, onlar Vilayət Partiya Komitəsini, Nurəddin Mustafayevin kabinetinin pəncərələrini daşa basmış, nəticədə də Naxçıvana hərbi qüvvələr yeridilmiş və bir gün sonra Nurəddin Mustafayev vəzifəsindən azad edilmişdi. Həmin hadisədən bir gün keçməmiş Ermənistandan qovulan azərbaycanlıların ilk dəstəsi səhər saat 5-də vilayət partiya komitəsinin qarşısına gəlib çıxmışdılar.
 
...Biz hərəmiz bir telefonun başında oturub əlimiz çatan, səsimiz yetən deputatları deputat qrupunun iclasına dəvət etdik. İlk gələnlərdən biri deputat, Yüngül Sənaye naziri Oqtay Niftəliyev oldu. Oqtay müəllim digərlərinə nisbətən daha cəsarətli idi. Qorbaçovu, Moskvanı söyür, Xalq Cəbhəsinə haqq qazandırırdı.
 
- Oqtay müəllim, məncə mitinq iştirakçıları haqlıdırlar. Sessiyanı çağırıb SSRİ-nin tərkibindən çıxmaq məsələsini müzakirə etməliyik. Əlimizdə əsas var, Naxçıvanı Türkiyədən təhvil alanda onu üçüncü dövlətə verməmək barədə öhdəlik götürülüb. Bu gün isə gördüyümüz kimi, Moskva ermənilərin qarşısını almaq istəmir. Camaatın qaçmağa, özünü xilas etməyə yeri də yoxdur. Belə getsə, hamımızı qıracaqlar,-dedim.
 
- Mən də o fikirdəyəm, sessiyanı çağırıb o alçaqlara sözümüzü deməliyik. Heç olmazsa, sabah sağ qalanlar bir-birlərinin üzünə baxa bilsinlər,-deyə Oqtay Niftəliyev öz qəti fikrini tamamladı.


 
Çox az sayda deputat toplaya bildik. Bir də çox adam çağırmağın xeyri də yox idi. O zamanın siyasətinə görə ziyalılar deputatların heç 40 faizini də təşkil etmirdi. Qalan deputatlar partiya orqanları tərəfindən seçilmiş fəhlə və kolxozçular idi. Onlara sessiyada çıxış mətnini biz yazıb verirdik, onlar da zor-bəla ilə onu üzündən oxuyur, çoxu da nə oxuduğunu belə doğru-dürüst başa düşmürdü. Belə olan halda onlar bu qədər həyati məsələ barəsində nə deyəcəkdilər ki?
 
Deputat qrupunun iclasında Səkinə müəllimə yenə də mövcud vəziyyət barədə, özünün teleqram və telefonoqrammaları haqqında ətraflı məlumat verdi, sonra onlardan fikirlərini bildirməyi xahiş etdi. Deputatlar da ağsaqqallar kimi hərə bir təklif verdi, yenə də Bakıya, Moskvaya zəng etməyi məsləhət gördülər. Bu dəfə Səkinə müəllimə əsəblərini tuta bilmədi.
 
- Əşi, nə Bakı, Moskva deyib durursunuz?-dedi və telefon aparatlarına işarə etdi,-İki gündür nə Bakı cavab verir, nə də Moskva. Eşitmədiniz Qorbaçov nə dedi? Bakı, Moskva...
Oqtay Niftəliyev ayağa qalxıb sessiya çağırmaq, lazım gələrsə, SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etmək lazım gəldiyini dedi.
 
- Nə olsun? Bundan nə qazanacağıq ki?-deyə deputatlardan kimsə onun bu təklifinin əleyhinə çıxdı.
 
- Səkinə müəllimə,-deyə Oqtay Niftəliyev mənim kabinetimdə dediklərini təkrar etməyə başladı,- Qorbaçovun dediklərini biz də eşitdik. Onun başı xarabdır, mən bunu qorxmadan deyirəm. Onların nəsə bir planları vardır, ağlını verib ermənilərə, başı lap xarab olub.
 
- Ə, Oqtay, nə danışırsan?-deyə deputatlardan vəzifəli bir şəxs qorxusunu gizlədə bilmədi,-Məgər hökumət yoxdur, partiya yoxdur?
 
Oqtay müəllim onun bu sözlərinə əsəbiliyini gizlətmədi:
 
- Ay ..... müəllim, görmürsən, nələr olur? Bəli, mən qorxmuram və deyirəm ki, Qorbaçovun başı xarabdır. Onun başı yoxdur, ermənilərin sözü ilə oturub durur. Məgər bu boyda həngamədən onun xəbəri yoxdur? Kərkini ermənilər ala bilmədi, ordunun köməyi ilə əlimizdən aldılar. Sən indi ora gedə bilərsən? İki gündür müharibə gedir, neçə nəfər adamımız ölüb, onların arasında uşaqlar da vardır. Bir adam bizə kömək etmək istəmir. Nə olacaq? Sabah hamımızı qıracaqlar. Heç olmazsa, sağ qalanlarımız olsa, başımızı qaldırıb xalqın üzünə baxa bilək, deyə bilək ki, əlimizdən nə gəlirdisə, etdik.
 
Bu çıxış Səkinə müəllimənin də ürəyincə oldu. O, özü də başqa çıxış yolu olmadığını bilirdi və sessiya çağırmağın tərəfdarı idi. Amma necə olsa, qərar qəbul etməyə tələsmirdi. Çünki sessiya çağırılarsa, hansı qərarı qəbul edəcəyi artıq məlum idi. Bu isə məsuliyyət idi.
 
Mən deputatları cəsarətləndirmək üçün söz istədim.


 
- Səkinə müəllimə, qanunvericilikdə hər bir deputatın növbədənkənar sessiya çağırmaq barədə təşəbbüs qaldırmaq hüququ var. Oqtay müəllim belə bir təşəbbüslə çıxış edir. Səsə qoyaq. Deputat qrupu səs verərsə, qanunun tələbi yerinə yetirilmiş olar.
 
İştirak edən deputatlar hamısı Səkinə müəlliməyə baxdılar. Səkinə müəllimə onlara müraciət etdi:
 
- Nə deyirsiniz, sessiyanın çağırılmasına razısınızmı?
 
Bu sessiya heç nə ifadə etməyəcəkdi, lakin heç olmazsa, xalqı sakitləşdirər, rəhbər vəzifə tutanların məsuliyyətini onlara xatırladardı. Lakin ona da kömək lazım idi. Axu bu günün sabahı da vardı!
 
- Başqa təklif vardırmı? –deyə Səkinə müəllimə bir də soruşdu.
 
Heç kəsdən səs çıxmadı.
 
- O zaman sessiya çağıraq. Saat indi 5-dir. Saat 8-dək deputatları toplayaq, siz də axtarın, hər yerə zəng vurun.
 
Beləliklə, sessiyanı çağırmaq barədə qərar qəbul edildi.
 
- Belə də şey olar? Bunun axırı nə olacaq?-deyə Səkinə müəllimə öz-özünə danışırmış kimi giley etdi və üzünü mənə tutdu,-Rəyasət Heyəti üzvlərini çağırın, sessiyanın çağırılması haqqında Fərmanı müzakirə edək, sessiyaya başlayaq.


 
...Meydanda arası kəsilmədən davam edən mitinqin rəhbərləri artıq neçənci dəfə gəlib xalqı xilas etmək üçün qəti tədbir görməyi tələb etdilər və mitinqin qətnaməsini S. Əliyevaya təqdim etdilər. Onu da qeyd edim ki, vəziyyətin bu qədər ağır və çıxılmaz olmasına baxmayaraq, partiya aparatı işçilərinin bir-bir "yoxa çıxmasından" və onların artıq tam iflic vəziyyətə düşməsindən qəzəblənsələr də, cəbhəçilər Səkinə müəllimlə çox sakit, təmkinlə danışır və davranırdılar. Səkinə müəllimə faktiki olaraq meydanda tək qalmış, bir çox kişilər kimi aradan çıxmağı özünə rəva bilməyən bu qadın, sessiyanı çağırmaq haqqında qərar layihəsi hazırlamaq barədə mənə tapşırığını verdi və bunu xatırlatmağı da unutmadı:
 
-Tez hazırlayın, sənin başqa işlərlə işin olmasın. Cəbhənin bu tələbini də qeyd elə. Bu günün sabahı da var. Qoy görək, başımıza nə gəlir?!..
 
* * *
 
Bir azdan məlum oldu ki, deputatların bir hissəsi, xüsusən də partiya nomenkulaturasından olanlar tapılmır. Bunu bilən adamlar Ali Sovetin binası qarşısında toplaşdılar və sessiyanın çağırılmasını qətiyyətlə tələb etdilər. Cəbhəçilərdən kimsə mikrofonu əlinə alıb gizlənən deputatların ünvanına hədə yağdırdı:
 
-Bütün deputatlara sifariş göndərin, qoy gəlməyənlər gəlməsin, biz bilirik onlarla necə rəftar edərik... Belələrinin, onların ailələrinin bu torpaqda yaşamaq haqqı yoxdur!
 
Bu sözlərin təsiri oldu, ən azı öz həyatı üçün, övladlaqrının taleyi üçün qorxuya düşdülər və bir qismi sessiyaya gəldi.
 
Sessiyanın qanuni olması üçün deputatların ən az yarısınan çoxu, yəni 50% + 1 lazım idi. Amma deputatlara rayon partiya komitələri deməsəydi, kimsə kənddən Naxçıvana, sessiyaya gəlməzdi. Raykom katibləri isə yuxarının tapşırığı olmadan bunu deməzdilər. Odur ki, biz cəbhəçilərdən kömək etmələrini istədik. Onların köməyi ilə kvorum çətinliklə də olsa, alındı.
 
Sessiyanı çağırmaq haqqında qərar qəbul olunanda saat təqribən 3 idi, lakin sessiyanı 6 saatdan sonra başlamaq mümkün oldu. Vilayət PK-dən olan deputatlar dərhal qeyb oldular. Rayonlardan deputatların Naxçıvana göndərilməsi gecikdirilirdi. Bayaqdan sessiyanı çağırmaq tələbi irəli sürən kütlədən bir dəstə qadın ayrılıb sədrin kabinetinə girdi və elə bir qışqırıq qoparmağa başladılar ki, sədr və mən tamam çaşıb qaldıq. Əgər deputat Tahir Əliyev gəlib çıxmasaydı, nələr baş verəcəyini təsəvvür etmək mümkün deyildi.



 
Başqa bir dəstə (kişilərdən ibarət) “xain rəhbərliyi cəzalandırmaq üçün” binanın ikinci mərtəbəsinə hücum etməyə başladı. Onların qarşısını almağa kömək üçün nə milis, nə də digər partiya nomenklaturası gəlmədi. Cəbhəçilərin əksəriyyəti sərhədlərdə olduğuna görə onların nümayəndələri də bu qadın və kişi dəstələrinin hücumlarının qarşısını almaqda aciz idilər. Cabbar Cəlilov, Əli Şamilov, Sülhəddin Əkbərov, Kazım Teymurlu, Sərdar Məmmədov, İbrahim İbrahimov, Əsgər Səfərov insan axınının qarşısında zor-güclə dayana bilirdilər. İş o yerə çatdı ki, Cabbar Cəlilov çığırmaqdan əldən düşüb huşunu itirdi.
 
Hərdən silahlı naməlum adamların izdihamı yarıb sədrin kabinetinə girməsi vəziyyəti daha da ağırlaşdırırdı. Bu adamların xüsusi tapşırıqla göndərildiyi, nəyin bahasına olursa olsun, sessiyanı keçirməyə imkan verməmək cəhdi məlum idi. Hökm sürən xaosda, ildırım sürəti ilə yayılan əsaslı və əsassız şaiyələrin müqabilində gərginliyin son həddə çatdığı, əsəblərin tarıma çəkildiyi bir şəraitində sessiya keçirmək heç də asan deyildi.
 
Binaya soxulan bu adamlar gözlərinə dəyən nə vardısa, hamısını sındırılır, dağıdırdı. Qorbaçovun rəngli, çərçivəyə alınmış portreti təpiklər altında əzildi, iş stollarının üstündə, otaqlarda ələ gələn nə vardısa yerə atılıb tapdalanırdı. Bu işin icraçılarının bir hissəsi öz hərəkətlərindən açıq aydın həzz alırdılar və onların xüsusi tapşırıq yerinə yetirdiklərini müəyyən etmək çətin deyildi. Amma onları durduracaq güc, iradə bizdə yox idi.
 
Adamlar arasında sərxoşlar da var idi və onlar qəribə bir fəallıqla, uca səslə rəhbərləri, dövlət aparatı işçilərini xalqa xəyanətdə, milləti satmaqdaittiham edir, bəziləri dəli kimi çığırıb-bağırır, söyüş yağdırırdı. Belələrindən bir cavan oğlan mənim iş otağımda özündən getmişdi və təcili yardım stansiyasından olan həkim qız ona iynə vururdu. Ertəsi gün kabinetə gələndə masamın üstündəki dərman ampullarının bir neçəsinin narkotik tərkibli olduğunu gördüm.
 
Bütün bunlara baxmayaraq, sessiyanı başlamaq mümkün oldu. Doğrudur, partiya işçilərinin çoxu sessiyaya gəlmədi, lakin deputatların yarıdan çoxu toplaşmışdı. Deputatlardan başqa zalda 100-dən çox başqa adamlar da var idi. O vaxtkı reqlamentə görə sessiya səlahiyyətli idi. Güclü qar yağırdı, meydanda on minlərcə adam toplaşmışdı. İnsanlar indiyədək ümid yeri bildikləri partiya komitəsinin binasına arxa çevirib Ali Sovetdən ümid gözləyirdilər. Sessiyanı səsucaldanlarla meydana translyasiya edirdilər.
 
S. Əliyeva yaranmış vəziyyət, görülən tədbirlər və Moskvanın xain mövqeyi haqqında ətraflı məlumat verdikdən sonra deputatlara söz verdi. Oqtay Niftəliyev, Tahir Əliyev, Tamara Məmmədova, indi adlarını xatırlaya bilmədiyim deputatların bir çoxu Mixail Qorbaçovun və SSRİ-nin digər rəhbərlərinin satqın və xəyanətkar mövqeyini qeyd etməklə artıq İttifaqda qalmağın mümkün olmadığı fikrini irəli sürdülər.
 
Hər bir çıxış, hər bir təklif qar altında dayanmış meydandakı adamlar tərəfindən diqqətlə dinlənilirdi və onlar hər irəli sürülən təklifə, ağızdan çıxan hər bir sözə dərhal reaksiya verirdilər. Bir anda meydandan insan selinin uğultusu, bağırtısı ucalırdı. Başqa cür də ola bilməzdi axı! 310 min əhalisi olan bir yerin ölüm-qalım məsələsi müzakirə edilirdi.
 
Bu vaxt kimsə dedi ki, binanın üstündə artıq üçrəngli bayraq dalğalanır. Görünür, cəbhəçilərdən kimsə çoxdan bəri həsrətində olduğu bir işi görmüş, meydanlarda gəzdirdikləri bayrağı lazım olan yerə sancmışdı.


 
Yaxud da bu, provakatorların işi idi. Sabah üçün “tutarlı əsas” hazırlayırdı. Həmin bayraq doqquz gün binanın üstündə qaldı.
 
Naxçıvan Dövlət Universitetinin (o zaman institut adlanırdı) müəllimi Vəliyəddin Əliyev təklif etdi ki, məlum Qars Müqaviləsinə istinad edilsin və Naxçıvan İslam Respublikası elan edilsin. Deputat Tahir Əliyev Qars Müqaviləsində belə bir müddəanın olmadığını dedi və Naxçıvan Türk Respublikasının yaradılması və müstəqil respublika elan edilib İttifaqdan çıxmağı təklif etdi. Beləliklə fikirlər haçalandı və diskussiya genişlənməyə başladı.
 
Danışanların sayı artdıqca təkliflərin də mozaikası artır, təkliflərə edilən hər bir əlavə vəziyyəti daha da gərginləşdirir, çıxılmaz dalana sürükləyirdi.
 
Özünü Azərbaycan SSR Xarici İşlər Nazirliyinin məsul işçisi kimi təqdim edən Yadigar Babayev bu təkliflərə qarşı sərt çıxış etdi və ad məsələsinin ikinci dərəcəli olduğunu, bunun referendum yolu ilə həlledilə biləcəyini irəli sürdü. Bundan sonra hava bir az dəyişdi. Artıq gecə saat 12-ni keçmişdi və meydana toplaşan xalq bu mənasız diskussiyadan qəzəblənməyə başlamışdı.
 
Səkinə müəllimə hələ də kömək olacağı, yaxud döyüşlərin dayanacağı ümidi ilə iclası uzatmağa çalışırdı. Kimsə belə bir şayiə yaydı ki, güya Bakıdan silah dolu təyyarə gəlib, lakin aeroport qaranlıq olduğundan eniş zolağına enə bilmir. Bu məlumatın dürüst olub-olmadığının fərqinə varmadan dərhal xeyli avtomaşın aeroporta gedib uçuş xətti boyunca düzüldü, enmə zolağına işıq saldılar ki, təyyarə enə bilsin. Lakin nə təyyarə gəldi, nə də silah gətirən oldu.
 
Nəhayət, sessiya mərkəz tərəfindən SSRİ Konstitusiyasının 81-ci maddəsinin tələblərinin pozulmasını, “Qars Müqaviləsi” əsas götürülməklə Naxçıvanda müstəqil respublika yaradılmasını elan edən, bu barədə dünya ölkələrinə, BMT-yə, xüsusilə İran və Türkiyəyə kömək üçün müraciət etməyi zəruri hesab edən qərur qəbul etdi.
 
Bu qərarın qəbul edilməsi yaranmış gərginliyi dərhal aradan qaldırdı və adamların çoxu hələ sərhədlərdə ağır döyüşlər getməsinə baxmayaraq nicat tapdığına inamı ilə meydandan dağılışmağa başladılar.
Səkinə xanım Əliyeva, Həsən Xəlilov (Ali Soveti Rəyasət Heyətinin katibi) aşağıya, Səkinə müəllimənin kabinetinə endilər. Uzun illərdən sonra ilk dəfə Ali Sovet əvvəlcədən hazırlanmamış, yuxarılarla razılaşılmamış və redaktə edilməmiş bir qərar qəbul etmişdi və indi onun son redaksiyada mətni, həmçinin bəyanat mətni hazırlanmalı idi.
 
Kabinetdə S. Əliyeva və H. Xəlilovdan başqa Nehrəm kənd orta məktəbinin müəllimi Əsəd Əliyev (onu Əli Şamilov gətirmişdi və özü bizim işləməyimizə başqalarının mane olmaması üçün qapını örtüb arxasında dayanmışdı), Naxçıvan institutunun müəllimləri Vəliyəddin Əliyev, Allahverdi müəllim, Ali Sovetin böyük məsləhətçisi Əjdər Əhmədov, Ali Məhkəmənin dəftərxana müdiri Fəxrəddin Şirzadov, özünü Azərbaycan SSR Xarici İşlər Nazirliyinin məsul işçisi kimi təqdim edən Yadigar Babayev, Naxçıvan MSSR Ali Sovetinin deputatı, muxtar respublikanın kommunal təsərrüfatı naziri Tahir Əliyev, cəbhəçilərdən Sülhəddin Əkbərov, Kazım Teymurlu, hüquqşünas Fəxrəddin Şirzadov, bir də mən qərar və bəyanatın son redaksiyada mətnini hazırladıq və səhv etmirəmsə, gecə saat ikiyə işləmiş S. Əliyeva, S. Əkbərov və indi xatırlaya bilmədiyim bir neçə başqaları ilə televiziya studiyasına getdilər.
 
Səkinə müəllimə televiziyaya getmək haqqında təklifi əvvəlcə rədd etdi. Lakin cəbhəçilər - Sülhəddin Əkbərov və Əli Şəmilov onu dilə tutmağa başladılar:
 
- Səkinə müəllimə,-dedilər,-Siz bu gün heç bir kişinin görmədiyi bir işi gördünüz. İndi qalır onun son mərhələsi. Gəlin, onu siz özünüz oxuyun. Onsuz da imza atmısınız, qorxmayın, biz sizinləyik...
 
Son söz - “qorxmayın” deyilməsi, deyəsən Səkinə müəllimənin heysiyyatına toxundu. O, artıq heç nə demədən ayağa qalxıb paltosunu geyindi. Cəbhəçilər onu əhatəyə alıb binadan çıxartdılar. Yarım saat sonra Səkinə müəllimə artıq efirdə idi, Naxçıvan televiziyası sessiya və onun qəbul etdiyi qərarı birinci ağızdan efirə yaydı. Lentə alınmış bu çıxış sonrakı günlərdə bir neçə dəfə təkrar verildi.
 
Həmin Qərarın mətnini təqdim edirik:
 
NAXÇIVAN MSSR ALİ SOVETİ FÖVQƏLADƏ SESSİYASININ
QƏRARI
Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında
SSRİ-nin Əsas Qanununun (Konstitusiyasının) 81-ci maddəsinə əsasən Azərbaycan SSR, o cümlədən Naxçıvan MSSR-in suverenliyi və ərazi btövlüyü müdafiə edilmədiyindən;
Azərbaycan SSR və Naxçıvan MSSR Ali Qanunvericilik orqanlarının İttifaq orqanlarına dəfələrlə edilən müraciətləri nəticəsiz qaldığından;
Ermənistan SSR tərəfindənedilən təcavüz nəticəsində muxtar respublikanın ərazi bütövlüyü pozulduğundan, vətəndaşlarının həyatı təhlükə altında qaldığından;
Türkiyə və Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR arasında RSFSR-in iştirakı ilə bağlanmış müqavilənin şərtləri kobud şəkildə pozulduğundan:
Naxçıvan MSSR Ali Sovetinin fövqəladə sessiyası qərara alır:
1) Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
2) Qars müqaviləsinin şərtlərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq və kütləvi insan qırğınının qarşısını almaq məqsədi ilə Türkiyə respublikasına müraciət edilsin.
3) Yaranmış vəziyyətlə əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatına, İran İslam Respublikasına, dünyanın bütün dövlətlərinə kömək məqsədi ilə müraciət olunsun.
4) Naxçıvan MSSR ərazisində olan SSRİ qoşun hissələri respublikadan çıxarılsın.
5) SSRİ Ali Sovetindən tələb edilsin ki, Naxçıvan Respublikasına edilən təcavüzə son qoyulsun.
6) Sessiyanın qərarı Azərbaycan SSR və SSRİ respublikalarının nəzərinə çatdırılsın.
Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin Sədri:  S.Əliyeva.
Naxçıvan MSSR Ali Soveti
Rəyasət Heyətinin Katibi:  H.Xəlilov.
Naxçıvan şəhəri, 19 yanvar 1990-cı il.
 
Bu qərar oxunar-oxunmaz, sanki qurbağa gölünə daş atdılar. Ermənilərin hücumu qəflətən dayandı.
 
Həmin andaca İran və Türkiyəyə göndəriləcək nümayəndə heyəti müəyyən edildi (Eldar İbrahimov və Tahir Əliyevin rəhbərliyi ilə) və onlar İrana və Türkiyəyə göndərildilər. Doğrudur, nümayəndə heyətinə daxil olanların heç də hamısı sərhəddi keçə bilmədilər. Lakin hər halda keçənlər oldu və 70 illik imperiyanın köləlik zəncirinin birinci həlqəsi məhz burada, indiyədək heç kəsin tanımadığı, əvvəlcə sərhəd simlərini dağıdan, 20 gün sonra isə imperiyaya meydan oxuyan Naxçıvanda qırıldı.



Bundan sonra Qorbaçov rejimini və əlaltılarının nə günə düşdüyünü təsəvvür etmək çətin deyildir. Günlər keçəcək, Qorbaçov, Şevardnadze və başqaları Naxçıvan Ali Sovetinin həmin qərarının qanunauyğun olmaması haqqında bir çox xarici dövlətlərin başçılarına və nümayəndələrinə izahat verməli olacaqlar, Səkinə müəllimənin bu qətiyyəti, ondan cürət alan naxçıvanlıların bu siyasi addımı Azərbaycanın parçalanması, Şərqdə ikinci anti-islam oyuncaq dövlətinin yaranması ümidini alt-üst edəcək, İran və Türkiyədə siyasi duruma təsir göstərəcək, Bakı qırğınına Qorbaçovun biçdiyi donu yırtacaq, onun generallarını sıravi Naxçıvan vətəndaşımnın qarşısında aciz və gülünc vəziyyətə salacaqdı. Qorbaçovu o qədər qəzəbləndirəcək ki, Ali Sovetin sessiyasında ən elementar etik normalara belə əməl edə bilməyəcək, Ali Sovetin sədri S. Əliyevaya "Eta jenşina pod dulami avtomatov prinyala Reşenie protivoreçavoe Konstitutsiyu SSSR," deyə müraciət edəcəkdi. Kim bilir, bəlkə M. Qorbaçov elə həmin gecə başında durduğu imperiyanın dağılmağa məruz qaldığını dərk etmişdi?
 
O günlərdən xatirələrə həkk olan bir də doqquz şəhid oldu. Onlardan ikisi Sədərk kəndindəki bir həyətdə oynayan iki balaca uşaq idi. Şərur rayonundan bir polis işçisi, Naxçıvandakı Şahab məhəlləsindən İdris adlı bir gənc və beş nəfər də başqaları.
 
Dünyanı bir-birinə vurmaqdan utanmayan, "Zülm imperiyası" adı ilə dünyada ad çıxaran bir dövlət Əfqanıstanda biabırçılıqla məğlub olduğunu etiraf etdikdən sonra, Naxçıvan kimi kiçik bir ərazidə, hər cür müasir silahlarla təmin etdiyi ermənilərin əli ilə məqsədinə nail olmaq istəyirdi, lakin bacarmadı, "quş tüfəngləri" və əldəqayırma qumbaralarla silahlanmış Naxçıvanlıların əzmini qıra bilmədi. Bu əzmin, fədakarlığın və qəhrəmanlığın önündə Səkinə müəllimə dururdu.
 
Səkinə müəllimə Naxçıvan televiziyası ilə sessiyanın qərarını oxudu, evə getmədi, birbaşa kabinetinə geri qayıtdı. Hamını otaqdan çıxardı. Artıq hamı sakitləşmiş, indicə oxunan və efirdə tez-tez təkrar edilən sessiya qərarını, BMT-ə, dünya dövlətlərinə, beynəlxalq ictimaiyyətə edilən müraciəti danışırdı.
 
Bu ara Səkinə müəllimə məni otağına çağırdı, əlindəki zərfi mənə uzatdı.
 
- Apar, bunu Afiyəddin müəllimə, ya da “orqotdel”ə ver, gəl,-dedi.
- Səkinə müəllimə,-deyə mən təəccüblə bir Səkinə müəlliməyə, bir də əlimdəki zərfə baxdım,-“obkom”da kim var ki, görmürsüz, işıqların heç biri yanmır...
 
Səkinə müəllimənin üzündə rişxəndli təbəssüm ifadəsi göründü. Başı ilə pəncərədən qaranlığa gömülmüş “obkom” binasına işarə etdi:
 
- Hamısı oradadır,-dedi,-işıqları söndürüb bu işin nə ilə qurtaracağını gözləyirlər.
 
Mən otaqdan çıxdım. Dəhlizdən keçərkən Əli Şamilov və Sülhəddin Əkbərov əlimdəki zərfi görüb məni saxladılar.
 
- O nədir, yoxsa Səkinə müəllimə ərizə verib?..
 
Yalnız bu sözləri eşidəndən sonra mən əlimdəki zərfin nə demək olduğunu başa düşdüm. Çox ayıq adam imişlər bu cəbhəçillər!..
 
- Gəl gedək Səkinə müəllimənin yanına...,-deyə onlar məni sədrin kabinetinə tərəf çəkdilər.
 
Bizi görən Səkinə müəllimə təəccüblənmədi, üzündə yenə də yorğun təbəssüm göründü.
 
- İndi nə istəyirsiniz?-dedi,-İstədiyiniz bu idi, mən də onu etdim...
 
- Səkinə müəllimə,-deyə Əli sözə başladı,-siz niyə ərizə verirsiniz ki? Qoy onlar ərizə versinlər, qorxaqlıqlarını, kişi olmadıqlarını bildirsinlər.
 
- Elədir, Səkinə müəllimə,-deyə Sülhəddin də sözə qarışdı,-biz sizin vəzifədən getməyinizə yol verməyəcəyik!
 
Səkinə müəllimə onları ərizə verməyəcəyinə inandırdı və biz otaqdan çıxdıq. Amma bir azdan o, yenə məni çağırdı, zərfi gizlətməmi, heç kəsə göstərməmi tapşırıb yenə də “obkom”a göndərdi.


 
Səkinə müəllimə haqlı imiş, sən demə hamısı burada imiş. İşıqları söndürüb bir qadının başına nələr gələcəyini gözləyirmişlər, bəlkə Səkinə müəlliməni hədələyənləri göndərənlər də bu qaranlıq otaqdakılar idi, kim bilir?
 
* * *
 
Bu qərar Naxçıvana nə qazandırdı, nə kimi zərəri oldu?
 
Əvvəla onu qeyd edim ki, bu qərarın qəbul edilməsindən və Səkinə müəllimənin televiziya ilə çıxışı yayımlanandan az sonra erməni hücumu dayandı. Sonralar bir erməni yüksək rütbəli zabiti bu hadisədən yana-yana danışacaqdı: “Gərək biz döyüşü dayandırmayaydıq. Moskvaya qulaq asdıq, asmasaydıq, Naxçıvanı alacaqdıq.”
 
Bu qərar nə qədər antikonstitusion aktı olsa da, nəinki Naxçıvan, Azərbaycan, SSRİ, hətta beynəlxalq aləmdə müzakirələrə səbəb oldu və Qorbaçov çox çətin vəziyyətdə qaldı. Hətta Səkinə müəllimənin qarasınca barmağını belə silkələdi. Amma artıq gec idi.
 
Bu qərərdan sonra Bakıya yeririlən qoşunlar da gülləbaranı dayandırmağa məcbur oldular. Yoxsa, kim bilir, bəlkə bu gün Şəhidlər Xiyabanında dəfn edilən 20 Yanvar şəhidlərinin sayı bir neçə yüz ola bilərdi.
 
Dünya ictimaiyyətinin diqqəti Naxçıvana, Bakiya yönəldi. Qonşu İran və Türkiyə istər-istəməz bu prosesdə uzaqdan da olsa tərəf oldular.
 
SSRİ-də ilk hadisə olan bu proseslərlə SSR-nin dağılmasının əsası qoyulmuş oldu.
 
Bu gün bütün bunlar tariiximizin bir səhifəsidir, lakin tarix təkərrür edir zaman-zaman. Allah bir daha bizi əsarətə salmasın, bizi düşmənlə təkbaşına, çarəsiz buraxmasın.

Qeyd: Məqalə ilk dəfə Ovqat.com saytının 2021-01-21 tarixli buraxılışında  dərc olunub.





Ana səhifəyə qayıt        Baxış: 10 512          Tarix: 19-01-2022, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma