Xəbər lenti


““Qızıl Kürdüstanı” Laçınlılar üsyanla ləğv etdirdilər”


Erməni separatçıları Laçını boşaldırlar. Sözsüz ki, bu məlumata ən çox sevinənlər Laçınlılardır. Bəs bu rayon hansı şəraitdə işğala məruz qaldı? Onu qorumaq mümkün deyildimi? Ümumiyyətlə Laçının hərbi-strateji əhəmiyyəti nədən ibarətdir?

 

Bu və digər suallarla 1990-cı illərdə Laçın alayının komandiri olan və bölgəni hamıdan daha yaxşı tanıyan Arif Paşaya müraciət etdik.

 

Arif bəyin Ovqat.com-a müsahibəsini nəzərinizə çatdırırıq.

 

 -Arif bəy, istəyərdim, söhbətə xatirələrdən başlayaq. Laçın sizin üçün hansı duyğularla, anılarla yadda qalıb?

 -Laçın təbii ki, yurd yeridir. Deyirlər qızıl qəfəsə salınan sərçə həsrətdən, zikildəyir. Onu qəfəsdən buraxırlar ki, görək, hara gedəcək? Gedir qaratikan koluna qonur. Yəni hər kəsə öz vətəni gözəldir. Hər kəs üçün yurd yeri gözəldir. Laçın həm də həqiqətən gözəl idi. İnsanları, mənəviyyatı, ənənəsi,  adamların biri-birinə münasibəti və təbiəti ilə Laçın fenomenal bir yerdir. Onun özünəməxsus gözəlliyi ilə yanaşı, insanlarının da yüksək mənəvi keyfiyyətləri vardı: mərdlik, kişilik, comərdlik, səxavət, vətənə bağlılıq. Mənim üçün Laçın təkcə Laçınlılar üçün yox, Azərbaycan üçün bir dəyərdir. Həm də Laçın tarixi ənənəsi olan bir dəyərdi. 

 

Bilirsiniz, o vaxtı 1918-20-ci illərdə ermənilərlə savaşda, Xalq Cümhurriyyəti dövründə Andranikin dəstələri məhz bu rayonda darmadağın edildi, nəticədə Qarabağ sakinlərinin təhlükəsizliyi təmin olundu. Laçın həm də Azərbaycan Xalq Cümhurriyyətinə 3 nazir vermiş yer kimi tanınır, yəni o ucqar bir yerdən 3 nazir çıxıb...

 

- Laçının nə qədər əhalisi vardı?

 

- Biz çıxanda təqribən 65-70 min əhalisi vardı. Təsəvvür edin, Laçının Nurməmməd Şahsuvarov, Xosrov bəy Sultanov, Sultan bəy Sultanov kimi şəxsiyyətləri olub. Sultan bəy Sultanova portfelsiz nazir deyirdilər. O, konkret bir sahənin naziri deyildi. Məsələn, Nurməmməd bəy maarif naziri idi, Xosrov bəy Sultanov isə əvvəl hərbiyyə naziri, sonra səhiyyə naziri oldu. Belə körkəmli insanları vardı Laçının. O iki qardaşın Azərbaycan xalqının qarşısında xidmətləri böyükdür. Çünki o vaxt Andranik Qarabağa daxil olsaydı, Qarabağın taleyi tamam başqa cür olardı. Təkcə Qarabağın da yox, eyni zamanda digər rayonların da taleyi ermənilərin xeyrinə həll olunardı. Laçın belə tarixi ənənələrə sahib yerdir. Sarı aşıqdan, yəni qələm adamından tutmuş  qılınc adamlarına qədər bir çox görkəmli insanlar yetişdirib Laçın rayonu. Yəni belə bir geniş spektrdə özünü tanıtmış insanların regiondu. Azərbaycanın bir parçasıdır, qədim Oğuz yurdu, türk yurdudur...

 

- Yeri gəlmişkən, oranın etnik tərkibi necə olub?

 

-Məsələyə bu aspektdən yanaşmaq mənə çox qəribə gəlir. Azərbaycan elə bir məkandır ki, burada  həqiqəti demək bir az çətin məsələdir. Laçında 127 kənd var. Onların sadəcə 8-i kürd kəndi idi. Biri tat kəndidir - Zerti,  qalanı isə, yəni 118-i türk kəndi idi.. Amma Laçında heç vaxt milli ayrıseçkilik olmayıb. Heç vaxt Laçında etnik zəmində hər hansı bir qarşıdurma yaşanmayıb. Amma Laçının əhalisi kənara çıxanda bizə kürd deyiblər. Biz isə rayonumuzda kürdlərin yaşadığının fərqində olmamışıq. Çünki onları özümüzə qardaş bilmişik. Bu məsələlər o zaman üzə çıxdı ki, 1978-ci ildə bir qrup adam Kozlovun yanına getdi ki, bizim pasportumuza öz milliyyətimiz yazılmalıdır. Ondan sonra, biz də dedik pasportumuza öz millətimiz yazılmalıdır. Mənim bir talış dostum var, o məni bir türk oğlu kimi, sevir, mən də onu bir talış oğlu kimi, sevirəm. Bu, bizim münasibətlərə mane olmur, çünki biz hamımız bir yerdə azərbaycanlılarıq.

 

-Yox, mənim etnik tərkib deyərkən, nəzərdə tutduğum bu deyil. Millət anlayışı şəxsən mənim anlamıma görə, mədəniyyət anlaşıyışı ilə bağlıdı. İnsan qanı ilə milət olmur, düşüncəsi ilə, həyata baxışı, hansı mədəniyyət sahəsinə daxil olması ilə millətləşir. Biz də, talışlar da, kürdlər də, ləzgilər də eyni mədəniyyətə sahibik. Adını nə qoyursunuz qoyaq, kürd qoyaq, türk qoyaq, azərbaycanlı qoyaq, biz əslində eyni millətik. Mənim nəzərdə tutduğum ermənilər idi. Soruşmaq istəyirdim ki, o vaxt Laçında nə qədər erməni vardı?

 

-Bəli, millətin millət olması üçün dil birliyi, tarix, birliyi, kültürəl birlik əsas rol oynayır. Burda ən önəmli olan kültürəl birllikdir. Bizim ənənələrimiz, yaşayış tərzimiz, dünyaya baxışımız eynidir. Yəni bir xalqıq, bir toplumuq, bir millətik...

-Doğrudur, hətta bir vaxtlar rus imperialistləri Laçında “Qızıl Kürdüstan” adlı qondarma qurum yararmağa çalışmışdılar, 30-cu illərdə. Hətta onun haqqında bir film də çəkiblər, guya, Kürdüstanın folklorunu göstərirdilər: aşıq saz çalır, Azərbaycan dilində şer oxuyur, kilimarası oyunu oynayırlar. Amma sovet imperializminin bütün cəhdlərinə baxmayaraq, “Qızıl Kürdüstan” yaşamadı...

 

-Mən o məsələnin tarixini deyim sizə. 1924-cü ildə Ümumittifaq Kommunist Partiyasının Rostov bürosunun üzvü Anostos Mikoyan Hüsü Hacıyevi götürüb Laçına gəlir, onlar kəndləri gəzirlər. Qarakeşiş kəndinə gedirlər, Həsən əminin evində qonaq olurlar. Həsən əmi kürdlərin, eləcə də Azərbaycan xalqının hörmətli oğullarından biridi, ləyaqətli bir insan olub, milliyətcə kürddü. Həmən bu dəstənin arasında erməni Mkırtıçyan da var idi, o filmi çəkən. Həmin film onda çəkilib. Amma kürd dilində “kilimarası” yoxdu, buna baxmayaraq, kürd xalqının özünəməxsus gözəl mədəniyyəti var. Erməni Mıkrtçyan ziddiyət toxumu səpmək üçün bu sözü kürd mənşəli kimi göstərir. Təbii ki, mən o filmə baxanda bir türk oğlu olaraq içimdə etirazlar yaranır. O film çəkiləndə də buna hesablamışdı. Anastas Mikoyan Azərbaycan K(b)P - kommunist (bolşeviklər) partiyası qarşısında həmin arazidə Kürdüstan qəzası yaratmaq məsələsini qaldırıb. Sovet hakimiyyəti də bu təklifi qəbul edir. 1929-cu ildə “Qırmızı Kürdüstan” adına etiraz olaraq Laçın əhalisi üsyan qaldırır. Həmin üsyanın nəticəsində 1932-ci ildə əhalinin siyahıyaalma kampaniyası aparılır və məlum olur ki, həmin ərazidə kürdlər əhalinin 2 faizini təşkil edir. Ona görə də Qızıl Kürdüstan qəzası ləğv olunur. Buna baxmayaraq, 1937-ci ilin mart ayının 21-də Laçında “Qırmızı Kürdüstan” adına etraz edən 700 nəfər adamın özlərinə qəbir qazdıraraq, onları güllələyib həmin qəbirlərdə basdırıblar. Ona görə yox ki, bu adamlar qolçomaq idilər. Ona görə ki, bu adamlar “Qırımızı Kürdüstan” adına qarşı çıxmışdılar. Onların əksəriyyəti cavanlar olub. 1929-cu ildə üsyan olur, amma üsyana rəhbərlik etməkdə günahlandırılanlar 1937-ci ildə güllənəniblər. Güllələnənlər arasında 18 yaşlı gənc də vardı. 1929-c ildə 9-10 yaşı var idi. 9-10 yaşlı uşaq üsyanın necə ideoloji rəhbəri ola bilərdi? Bax, laçınlılar ermənilərin fitnələri ilə belə haqsızlıqlara məruz qalıblar.

 

“Qırmızı Kürdüstan” yaratmaqda məqsəd Dağlıq Qarabağla Ermənistan arasında bir bufer zona meydana gətirmək idi. Həmin zona vasitəsilə Dağlıq Qarabağın Emənistana birləşməsini təşkil etmək istəyirdilər...

 

-Mən də onu öyrənmək istəyirdim ki, orada ermənilərin sayı nə qədər olub?

 

-Laçında cəmi 4 erməni ailəsi vardı. Ondan qabaq 3-4 ailə də olmuşdu, sonra köçüb getmişdilər. Qalanları adbaad tanıyırdıq, cəmi 4 erməni ailəsi vardı.

 

- Erməni kəndi yox idi?

 

 -Laçında həyatı boyu erməni kəndi olmayıb.

 

-Şuşa gedəndən sonra Laçını saxlamaq mümkün deyildi,  biz elə bilirik. Elə idimi?

 

-Laçınla Şuşa arasında məsafə 44 km-dir. Yəni hərbi baxımdan, bu, az məsafədir. Müəyyən silahların mənzili qədər. Odur ki, Laçınla Şuşanın müdafiəsi kompleks halda bir yerdə təşkil oluna bilər. Şuşa işğal olunandan sonra Laçın hər tərəfdən kasanın içində qalır. Strateji yüksəkilik düşmən əlində, yəni müdafiə olunmaq mümkün deyildi. Ona görə, mən həmişə demişəm ki, Laçınla Şuşa döyüş meydanında kürək-kürəyə söykənmiş cəngavərə bənzəyir. Çünki Şuşa daha yuxarıdadı. Oradan Laçının mərkəzini vurmaq olur. Amma sizə bir şey deyim, Şuşa alınanda qaytarmaq imkanı vardı, amma təbii ki, bu, xəyanət üzündən baş tutmadı. Bu xəyanət olmasaydı, Şuşanı geri almaqla, Laçının etibarlı müdafiəsini təşkil edə bilirdik. Amma həmin dövrdə hakimiyyət dəyişiklikləri baş verdi. Azərbyacan ordusuna rəhbərlik edənlər ölkəmizi yox, Rusiyanın mənafeyini qoruyurdular. Hərbi-siyasi rəhbərlik tamamilə Rusiyanın təsiri altında olan insanlar idi və bunlar sübut etməyə çalışırdı ki, Azərbaycan müstəqil yaşaya bilməz. Onlar Azərbaycanda Rusiya mənafeyinin təmsilçiləri idilər, həm hərbdə, həm də siyasi rəhbərikdə təmsil olunurdular.  Siz təsəvvür edin ki, biz milli ordunu quranda hansı müqavimətlə rastlaşırdıq. Mən obrazlı şəkildə deyirəm ki, milli ordu qurmaq əmri əslində, milli ordu qurulmamaq üçün verilmişdi. Təsəvvür edin, “Səfərbərlik haqqında” qanun və “Hərbi Xidmət Haqqında” qanun Laçının işğalından 4 ay 15 gün sonra qəbul edildi. Sual olunur: bu qanunu niyə vaxtında qəbul edib, insanları səfərbərliyə almırdınız? Həmin vaxtı bizim hərbi dəstələr xaotik şəkildə qurulur və idarə olunurdular. Yalnız biz Laçında qanuni motoatıcı batalyon yarada bilmişdik. Silahları da müxtəlif yerlərdən alırdıq.

 

-Silahları haradan alırdınız?

 

- Silahların böyük bir qismini rusları, erməniləri tərksilah yolu ilə əldə etmişdik, sonra ən böyük partiyanı Etibar Məmmədov Türkiyədən gətirmişdi -  850 silah. Səhv etmirəmsə, Naxçıvana 1200 silah verilmişdi, digər bütün rayonlara 200-250 silah düşmüşdü, Laçına 850 silah göndərilmişdi. Etibar Məmmədovun Türkiyədən gətirdiyi silahlar idi.

 

-Naxçıvandan sonra ən çox silah Laçına verilmişdi. Bu ayrıseçkiliyin səbəbi nə idi? Laçının geostrateji əhəmiyyəti, yoxsa sizin Etibar Məmmədovla yaxınlığınız var idi?

 

-Ona görə ki, Laçında Azərbaycanın çağdaş tarixində ilk dəfə nizami motoatıcı struktur yaradılmışdı. Biz onu hansı zülmlərlə qurduq. Yəni Azərbaycan tarixində ilk nizami ordunu biz yaratdıq, məhz o baxımdan Azərbaycanda olan milli vətənprəvər qüvvələrin bizə olan münasibəti tamam fəqli idi və biz bunu yaratmaqla, Azərbaycan rəhbərliyi tərəfindən düşmən münasibətə məruz qaldıq. Xüsusilə hərbi rəhbərlik tərəfindən əməlli-başlı gözümçıxdıya salındıq. Həmin silahlar bizə verilməsəydi, Laçını daha erkən və olduqca ağır qurbanlarla itirə bilərdik.

 

 -Niyə elə edirdilər. Siz deyirsiniz, ki, sizə əsas silah verən Etibar Məmmədov oldu. O,  hətta o silahları Naxçıvandan gətirmişdi. Çünki belə başa düşürəm Ayaz Mütəllibov ona razılıq verməmişdi ki,  Gürcüstandan keçirib gətirsin, yaxud Bakıya birbaşa təyyarə ilə daşısın. O da məcbur olub, Naxçıvana gətirmişdi. Deyəsən, Naxçıvandan Gəncəyə təyyarə ilə yola salmışdılar və Gəncədən də rayonlara paylanmışdı. Niyə Azərbaycanın o vaxtkı rəhbərliyi imkan vermirdi ki, insanlar silahlansın, özünü müdafiə etsin, torpaqlarını qorusun?

 

Ardı gələn buraxılışımızda

 

Söhbətləşdi: Heydər Oğuz,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 7 723          Tarix: 22-08-2022, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma