Bir neçə gün əvvəl Müsavat TV-yə verdiyi müsahibəsində Azərbaycan Milli Məclisinin deputatı Siyavuş Novruzov seçiciləri ilə intensiv görüşdüyünü iddia etmişdi. Doğrusu, bu iddia mənə də inandırıcı gəlməmişdi. Çünki mən də dəfələrlə Naxçıvanı təmsil edən deputatların hətta seçki dövründə belə seçiciləri ilə görüşə getmədiyini eşitmişdim. Deputatı fakt qarşısında qoymaq üçün telefon nömrəsini tapıb ona zəng etdim.
Gözləmədiyim halda, Siyavuş Novruzov telefon zəngimi səmimi qarşıladı. Mənə bir-birimizə əks cəbhələrdə yer almağımıza baxmayaraq, öz mövqeyimdə sabit qədəm olduğumu və bunu təqdir etdiyini bildirdi. Mən də ona, təbii ki, eyni sözlərlə cavab verdim. Təkcə ona görə yox ki, siyasi nəzakət qaydaları belə tələb edirdi. Həm də ona görə ki, Siyavuş Novruzovun fikirlərini nə qədər qəbul etməsəm də, zaman-zaman onu sərt şəkildə tənqid atəşinə tutsam də, onu həqiqətən öz səhv mövqeyində sabit-qədəm görmüşəm. Hətta hər kəs Ramiz Mehdiyev, Vasif Talıbov kimi 5-ci kolonun aparıcı nümayəndələrini son anda tərk etsələr də, Siyavuş Novruzov bu cür siyasi manevrləri bacarmayan adamdır. Onun bu mövqeyi bir çoxlarında “tutduğunu buraxmayan kor” təəssüratı yaratsa belə, hər halda öz dostlarına sədaqət müsbət keyfiyyətdir. Siyavuş Novruzovu bu müsbət keyfiyyətinə görə hətta yaponların kamikadzelərinə bənzətmək olar; ölümcül olduğunu bildiyi halda mübarizəsindən geri çəkilmir, hədəfini sıradan çıxarmaq üçün öz canını silaha çevirir.
O başqa məsələdir ki, yanlış mövqenin kamikadzeliyi cəmiyyətə daha çox ziyan vurur. Amma etiraf etməliyik ki, Siyavuş Novruzovun bu fədakarlığı onun şəxsi mənfəətlərindən də irəli gəlmir. Əks halda digər həmkarları və müdafiəsinə qalxdığı iri korrupsionerlər kimi o da Azərbaycanın sərvətlərinin talan olunmasında rol alar, böyük iqtisadi imperiyalar qurardı. Siyavuş Novruzovun isə ictimaiyyətin gözünə dəyən elə bir sərvəti yoxdur. Halbuki, uğrunda siyasi karyerasını, nüfuzunu fəda etdiyi iri məmurlar qədər, hətta onlardan daha çox Siyavuş Novruzovun da bu hakimiyyətdən faydalanmaq imkanları vardı. Hər halda YAP-ın ilk quruculuq illərindən indiyədək Siyavuş Novruzov bu partiyanın ön sıralarında yer alıb və rahatlıqla ölkə rəhbərlərinin qəbuna düşmək imkanları olub. O isə Ramiz Mehdiyev, Vasif Talıbov kimi fürsətdən yararlanıb ölkənin talanmasında yer almayıb, şəxsi əlaqələrindən faydalanmayıb. Hətta kəndliləri belə, bəzən Siyavuş Novruzovdan umduqlarını bula bilməyiblər və onun yaralı barmağa məlhəm olmadığını düşünüblər. Siyavuş Novruzov isə kamikadzeliyi oğurluqdan, talançılıqdan üstün tutub. Müdafiə etdiyi cinayətkarların vurulduğunu bilə-bilə, onların yanından geri çəkilməyib öz şəxsi karyerasını onların qarşısında sipərə çevirib. Bunun ən bariz nümunəsini biz Ramiz Mehdiyevin və Vasif Talıbovun vurulduğu anlarda onun öz sinəsini qabağa verib bu yaramazları müdafiə etməsi nümunələrində də görə bilərik.
Açığı, mənə ən qəribə gələn də Siyavuş Novruzovun Vasif Talıbov uğrunda özünü fəda etməsidir. Dəqiq məlumatıma görə, 27 illik hakimiyyəti dönəmində Naxçıvanı talan edən, bir çox evləri yıxan, əhalini ölkədən didərgin salan Vasif Talıbovun Siyavuş Novruzova zərrə qədər hörməti olmayıb. Hətta Vasif Talıbov YAP-ın bir çox qurultaylarında Siyavuş Novruzov ön cərgədə oturub deyə orada iştirakdan belə imtina edib. Bildiyimə görə, onun deputat “seçilməsi” də “xan”ın istəyi ilə olmayıb. Ölkə rəhbərliyi mərhum Heydər Əliyevə sədaqətlə qulluq etdiyini nəzərə alıb onu mandatlandırıb və buna qarşı çıxan “xan”ı zorla ipə-sapa yatırıb. Bundan mənim belə xəbərim varsa, Siyavuş Novruzov da məlumatlı olub. Buna rəğmən, o, Vasif Talıbovun vurulduğunu bildiyi halda onu son ana qədər müdafiə etdi. Halbuki Naxçıvandan seçilən digər deputatlar, başda “Pəncov” İsa, “Putyovka” Səttar Möhbalıyev olmaqla, hamısı qaçıb siçan deşiyində gizlənmişdi. Vasif Talıbovun oğlu Rza belə, “mənim Naxçıvanla heç bir əlaqəm yoxdur” deyib atasını tək buraxmışdı. Siyavuş Novruzov isə sinəsini qabağa verərək Müsavat TV-nin ekranına çıxıb Vasif Talıbovu müdafiə edirdi. Taleyin ironiyası baxın ki, həmin müsahibə zamanı Vasif Talıbovun istefa xəbəri gəldi və “xan” son addımı ilə belə Siyavuş Novruzovu pərt vəziyyətə saldı. İnanıram ki, kim Siyavuş Novruzovun yerinə olsa, “xan”a ya arxadan ilk zərbə vurardı, ya da ən azından qaçıb siçan deşiyini satın alardı. Siyavuş Novruzov isə adətinə xilaf çıxmayaraq, kamikadzeliyə üstünlük verdi.
Düşünürsünüz ki, Siyavuş Novruzov həmin müsahibə zamanı belə, “xan”ın hakimiyyətini qoruyacağınamı inanırdı? Yox, əlbəttə. Həmin vaxt “xan”ın kitabının bağlandığını bu məmləkətdə uşaqlar da bilirdi. Siyavuş Novruzovun hakimiyyət daxili proseslərdən bir çoxlarımızdan daha məlumatlı olduğu şübhə doğurmur. Buna baxmayaraq, onun son ana qədər şəxsən borclu olmadığı “xan”ı müdafiə etməsi öz sabit qədəmliyindən irəli gəlirdi.
Qısası, bu fikirləri beynimdən keçirə-keçirə ondan Müsavat TV-də dilə gətirdiyi fikirləri təsdiqləyəcək dəlillər istədim. O da mənə bir çox şəkillər göndərdi. Üstəlik, “istəsən, yenə göndərə bilərəm” dedi. Mən isə “dənizin suyunun duzlu olduğunu anlamaq üçün bir damlasını içmən kifayətdir” deyib buna ehtiyac olmadığını bildirdim. Ədalət naminə deyək ki, həqiqətən bu şəkillər Siyavuş Novruzovun ən azı seçki təşviqatı zamanı seçiciləri ilə görüşlər keçirdiyini sübut edir.
Heydər Oğuz
Paylaş: