Xəbər lenti

 

Fransanın Gürcüstan üzərindən Ermənistana “Bastion” tipli zirehli personal daşıyıcıları göndərməsi Azərbaycanda birmənalı qarşılanmadı. Rəsmi Bakı Parisin bu addımını sərt tənqid etdi və müxtəlif dövlət qurumları Ermənistanın silahlandırılmasını regionda sülhə töhfə vermədiyini diqqətə çatdırdı. 

 

Maraqlıdır ki, bir sıra erməni ekspertləri Fransanın İrəvanı revanşist savaşlara həvəsləndirən bu təşəbbüsünün ölkənin müdafiə gücünə də heç bir töhfə vermədiyinə inanırlar. Onların fikrincə, “Bastion” zirehli texnikası Ermənistanın müdafiə gücünü nəinki möhkəmləndirmir, əksinə onun hərbi qulluqçularını Azərbaycan Ordusunun asan yeminə çevirir. 

 

Ovqat.com-un məlumatına görə, erməni hərbi eksperti Ayk Naapetyan da belə düşünənlərdəndir.

 

O, “Sputnik Ermənistan”a açıqlamasında bildirib ki, “Bastion”lar ilk növbədə, şəxsi heyətin daşınması üçün nəzərdə tutulsa da, yalnız düz ərazidə yüksək sürət və görmə xətti ilə düşmənin hərəkət edən texnikasını vurmaq qabiliyyəti malikdir: “Lakin Ermənistanın dağları, təpələri və dərələri arasında bu texnika Azərbaycan Ordusunun asan ovuna çevrilə bilər”. 

 

Üstəlik, Bastionlar zəif qorunur və hər hansı bir tank əleyhinə vasitə onları bir neçə kilometr məsafədən məhv edə bilər. Naapetyanın fikrincə, ümumiyyətlə dağlıq ərazilərin müdafiəsi üçün tamamilə fərqli silah növləri alınmalı idi.

 

Fransa BTR - ləri yalnız mövcud hakimiyyətin görkəmli xadimlərini İrəvan ətrafında daşımaq üçün yararlıdır. Bu texnikalar sayəsində Paşinyan hakimiyyəti sadəcə bir neçə yüz polis və təhlükəsizlik məmurunu işdən azad edə biləcək. Ciddi olsaq da, Ermənistan üçün bir nömrəli problem zirehli maşınlar deyil. Bizim üçün super vəzifə səmanın qorunmasıdır. Prioritetlərdən danışarkən, düşmənin səmada mütləq üstünlüyə sahib olduğu 44 günlük müharibəni xatırlamaq kifayətdir. Bizim əsas vəzifəmiz bu üstünlüyü neytrallaşdırmaq olmalıdır", - deyən hərbi ekspertin sözündən belə çıxır ki, “Bastion”lar Ermənistanı yox, Paşinyanı etirazçı kütlələrdən qorumaq üçün alınıb.

 

O qeyd edib ki, ölkənin müdafiəsi sisteminin bütün problemləri hərtərəfli təhlil edilməli olunmalı və bu sistemin bütün hərbi elementləri həll olunmalıdır. Hərbi elementlər arasında ölkə səmasının qorunması müdafiənin ən vacib ünsürüdür. 

 

"Yaxşı, tutaq ki, bu zirehli maşınlar ölkələrarası qabiliyyətə malikdir. Bəs o, neçə şəxsi heyət daşıya və hansı döyüş tapşırıqlarını yerinə yetirə bilər? Hava hücumundan və raketdən müdafiə vasitələri, kamikaze dronları, zərb alətləri, şəbəkə mərkəzli döyüş idarəetmə sistemlərinin bir hissəsi kimi kəşfiyyat dronları-bütün bunlar, səmamızın düşmənin nəzarəti altında olduğu şəraitdə bizə lazım olan əsas hərbi vasitələrdir", - Naapetyan vurğulayıb.

 

Ekspertin fikrincə, Ermənistan öz hərbi texniklarını Fransadan yox, Rusiyadan almalı idi. Çünki Rusiya hazırda düşmən hərbi hava qüvvələrini zərərsizləşdirmək üçün dünyanın ən yaxşı silahına sahibdir. Naapetyan buna misal olaraq Rusiyanın "Krasuxa" radioelektron mübarizə və özüyeriyən "Carapir-C1" zenit-raket-top komplekslərinin adını çəkib.

 

Naapetyan xatırladıb ki, əgər 2020-ci ildə Türk “Bayraktar”ları döyüşlərin taleyini həll edirdisə, artıq bir ildən çoxdur ki, Ukrayna səmasında Türk dronlarının səsi eşidilmir, çünki onlar “Krasuxa” və “Pantsir”lar tərəfindən zərərsizləşdirilir.

 

“Ukraynada Amerika, alman və fransız istehsalı olan çox sayda tanklar və digər zirehli texnikalar da həlledici rol oynamır. Ukrayna Silahlı Qüvvələri heç bir irəliləyiş əldə edə bilmirlər, çünki uzaq məsafələrdə də Rusiya dronları müdafiə xəttinə yaxınlaşmaq istəyən canlı qüvvəni və zirehli maşınları çox təsirli şəkildə sıradan çıxarır. Həmin texnikaların döyüş sahəsinə çatmağa belə vaxtı olmur”, - deyə ekspert vurğulayıb.

 

Naapetyanın fikrincə, Ukrayna ordusu rus ordusundan daha yaxşı təmin olunub. Ancaq səma Rusiyanın nəzarətindədir və hər hansı bir dövlətin göydə üstünlüyü varsa, qələbə də onundur.

 

Elədirsə, sual ortaya çıxır: əgər həqiqətən də “Bastion”lar belə yarasız texnikalardırsa, Azərbaycan niyə Fransanın Ermənistanı bu cür mənasız hərb maşınları ilə təchiz olunmasından narahatdır? 

 

Erməni ekspertinin fikrincə, rəsmi Bakının bu qınaqları təbliğat şousundan başqa bir şey deyil.

 

“Azərbaycan özü üçün təbliğat zəmini hazırlayır. Ölkənin yüksək vəzifəli məmurları Fransanın Ermənistanı Azərbaycana hücum etmək üçün silahlandırması fikrini səsləndirirlər. Bu, sabah-ertəsi gün profilaktik zərbə bəhanəsi ilə ölkəmizə qarşı hərbi əməliyyatlara başlamaq üçün əlverişli “əsas” ola bilər”, - deyə hərbi ekspert bildirib.

 

Ekspert onu da xatırladıb ki, Fransa hələ Ermənistanı silahlandırmayıb. Hər şey bir neçə BTR-nin göndərilməsi haqqında Memorandumun imzalanması ilə məhdudlaşıb. Naapetyan hesab edir ki, Fransanın bu addımı özünü reklam etmək cəhdindən başqa bir şey deyil. “Ümumiyyətlə, döyüşən ölkəyə silah verildikdə, bu barədə yüksək səslə danışılmır. Nə müharibədən əvvəl, nə də müharibə zamanı bu barədə danışmaq adət deyil, çünki bu məlumat hərbi sirr kimi qorunmalıdır”.

 

Azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev də “Bastion” zirehli texnikasının Ermənistan ordusuna yüksək qabiliyyətlər qazandırmasına inanmır. O, “Buta”ya açıqlamasında deyib ki, “Bastion” zirehli personal daşıyıcılarının Ermənistan şəraitində, xüsusilə də yüksək dağlıq və sərt iqlim şəraitində istifadəsi kifayət qədər problemlərlə müşahidə olunacaq. O, fikrini bununla əsaslandırıb ki, Afrika ölkələrində istifadə olunan bu vasitələrin Qafqaz iqlim şəraitində tətbiqi çətindir:

 

“Bu texnikanın Ermənistanda istifadəsi üçün zirehli maşınlarda müəyyən modernləşmə və konfiqurasiyada dəyişiliklər edilməlidir. Bundan başqa, “Bastion” qorunma səviyyəsinə görə də zəif hesab olunur. “Bastion” zirehli personal daşıyıcıları qorunma səviyyəsinə görə STANAG 4569 standartlarında ikinci pillədən yuxarı qalxa bilmir. Bu maşınlar yalnız 7.62 mm-lik mərmilərdən qorunmanı təmin edə bilir. Yəni 12.7 iriçaplı pulemyot və ya əl qumbaraatanları, tank əleyhinə idarə olunan komplekslərin sursatları effektiv atəş məsafəsində bu texnikaları rahatlıqla sıradan çıxara bilir.

 

Bu maşınların yükgötürmə qabiliyyəti də zəifdir. Maşın asfalt yollarda 2 tona, yolsuzluq şəraitində isə cəmi 1 tona qədər yük daşıya bilir. Bu maşınların döyüşlərdə tətbiqinə dair kifayət qədər mənfi rəylər də mövcuddur. Burkina-Fasoda “Ənsar əl-İslam” qruplaşması “Bastion” maşınlarını kifayət qədər sıradan çıxara bilməsi ilə yadda qalmışdı”.

 

Qeyd edək ki, Fransanın “Ouest-France” nəşri də bu texnikaların ciddi bir işə yaramadığı fikrindədir. Nəşr bir müddət əvvəl yazırdı ki, Ermənistana tədarük olunan fransız zirehli personal daşıyıcıları əvvəlcə Ukrayna üçün nəzərdə tutulmuşdu, lakin Kiyevdə artilleriya atəşindən və tank əleyhinə raketlərdən zəif qorunduğunu nəzərə alıb həmin texnikalardan imtina etmişdi.

 




Ana səhifəyə qayıt        Baxış: 6 579          Tarix: 15-11-2023, 11:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma