Xəbər lenti


 

Prezident İlham Əliyev 2022-ci ildə Naxçıvanın separatizmə varan muxtar hüquqlarını məhdudlaşdırmaq üçün bəzi vacib addımlar atıb. Bu addımlardan biri də Naxçıvanın hər hansı qurumuna öz mətbu orqanını təsis etmək hüququnu verməməsi olub.

 

Maraqlıdır ki, Naxçıvanda qanunvericiliyə zidd olaraq hələ də “Şərq qapısı” qəzeti fəaliyyət göstərir. Üstəlik, qəzet özünü MR Ali Məclisinin və Nazirlər Kabinetinin rəsmi orqanı kimi təqdim edir. Bəs görəsən, həmin qurumların bu qəzetdən xəbərləri varmı?

 

Ovqat.com olaraq bu suala aydınlıq gətirmək üçün Naxçıvan MR Ali Məclisinə və Nazirlər Kabinetinə sorğu göndərdik. Sorğuda deyilir:


Hörmətli Naxçıvan MR Ali Məclisinin sədr əvəzi Anar müəllim və Naxçıvan MR Baş naziri Səbuhi Məmmədov müəllim,

 

Prezident İlham Əliyevin 08 avqust 2022-ci il tarixində imzaladığı “Media haqqında Azərbaycan Respublikası Qanunu”nun 59-cu maddəsinin 2-ci bəndində hansı rəsmi dövlət qurumlarının mətbu orqan təsis edə biləcəyi açıq şəkildə göstərilərək bildirilir: 

 

“Siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən orqanlar (qurumlar), Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi istisna olmaqla, digər dövlət orqanları (qurumları) çap mediası subyektinin təsisçisi ola bilməzlər”.

 

Prezidentin şəxsi saytında çap mediası təsis edə biləcək dövlət orqanlarının (qurumlarının) siyahısı isə belə təsnif olunub:

 

1. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

6. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

8. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

9. Azərbaycan Milli Elmlər Akademiyası

 10. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

 

Göründüyü kimi, media orqanını təsis edən qurumlar arasında Sizin rəhbərlik etdiyiniz idarələrin adı çəkilmir. Amma hal-hazırda Naxçıvanda dərc olunan “Şərq qapısı” qəzetinin üzərində bu sözlər yazılır: “Təsisçi: Naxçıvan MR Ali Məclisi və Nazirlər Kabineti”.

 

Öyrənmək istərdim, belə bir qəzetin adınızdan istifadə etdiyindən xəbəriniz varmı? 

 

Faktiki olaraq, “Media haqqında Azərbaycan Respublikası Qanunu” qüvvəyə mindiyi andan qeyri-leqal fəaliyyət göstərən “Şərq qapısı” qəzeti sizin razılığınızlamı dərc olunur?

 

Əgər bütün bunlardan xəbəriniz varsa, səlahiyyətinizi hardan alırsınız?

 

 

Hörmətlə, Ovqat.com-un Baş redaktoru Heydər Oğuz.

                                               




Ana səhifəyə qayıt        Baxış: 8 738          Tarix: 12-02-2024, 09:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma