“Cənab Prezident, məni bir sual çox düşündürür. Nəyə görə Ümummilli Lider Heydər Əliyevə və Sizə sədaqətlə xidmət edən, heç bir nöqsanı olmayan, təmiz insanlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi tərəfindən heç bir nöqsan və səbəb olmadan işdən uzaqlaşdırılaraq həmin insanların yerinə kadr islahatları adı altında muxtar respublikada vaxtilə səriştəsiz, idarəetmə bacarığı və siyasi dünya görüşü olmayan, savadsız, hətda zamanında dövlət büdcəsi vəsaitini talayan insanlar vəzifəyə gətirilir? Bunun səbəbi nədir?
Ovqat.com-un məlumatına görə, bu sətirlər 8 ay əvvələ qədər Naxçıvan şəhər İcra Hakimiyyətində müavin vəzifəsində işləyən Səfər Əhmədovun Prezident İlham Əliyevə ünvanladığı məktubundadır.
Prezidentlə yanaşı onun Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə də göndərilən məktubun tam mətnini təqdim edirik:
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Surəti: Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi cənab Fuad Nəcəfliyə
Hörmətli cənab Prezident!
Bir zəhmətkeş dəmiryolçu ailəsində anadan olmuşam. Gözlərimi açan gündən atamın stolüstü rəfinin üzərindəki şüşənin altında və onun idarə etdiyi teplovozun ön şüşəsində Ümummilli Liderin şəkilini görmüşəm. Heydər Əliyev ideası və prinsipləri ilə tərbiyə almışam. Xatirimdədir, 3 sentyabr 1991-ci ildə dostlarımla dərsdən qaçaraq indiki Ali Məclis binasının qarşısına yığışmışdıq. Həmin vaxt Ulu Öndər Heydər Əliyev xalqın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilirdi. Həmin vaxt mənim 15 yaşım vardı.
Cənab Prezident,
İndi 48 yaşım var. Sədri olduğunuz Yeni Azərbaycan Partiyasının üzvüyəm. Sizin sayənizdə müxtəlif rəhbər vəzifələrdə işləmişəm. Sizə və dövlətimizə sədaqətlə, vicdanla, nöqsansız xidmət etmişəm. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısıyam. Pensiya yaşına hələ qarşıda 17 ilim var. 22 il fasiləsiz dövlət qulluğu stajım var. Dövlət qulluğu müşaviriyəm. Sizin muxtar respublikaya təyin etdiyiniz yeni rəhbərliyin şifahi tapşırığı ilə başqa işə keçmək adı altında 8 aydır işdən azad olunmuşam.
Cənab Prezident,
Məni bir sual çox düşündürür...
Nəyə görə Ümummilli Lider Heydər Əliyevə və Sizə sədaqətlə xidmət edən, heç bir nöqsanı olmayan, təmiz insanlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi tərəfindən heç bir nöqsan və səbəb olmadan işdən uzaqlaşdırılaraq həmin insanların yerinə kadr islahatları adı altında muxtar respublikada vaxtilə səriştəsiz, idarəetmə bacarığı və siyasi dünya görüşü olmayan, savadsız, hətda zamanında dövlət büdcəsi vəsaitini talayan insanlar vəzifəyə gətirilir? Bunun səbəbi nədir?
Cənab Prezident,
Naxçıvan Muxtar Respublikasının sakini olaraq Sizə və Dövlətimizə olan sədaqətimi nəzərə alıb, sadaladığım faktların müvafiq orqanlar tərəfindən araşdırılmasını Sizdən xahiş edirəm.
Öncədən Sizə dərin minnətdarlığımı bildirirəm.
Allah Sizi qorusun!”
Paylaş: