
2014/15-ci illərdə dünya birjalarında enerji qiymətlərinin kəskin şəkildə azalması digər neft istehsal edən ölkələr kimi Azərbaycanda da ciddi təşviş yaratdı. Həm hakimiyyət, həm də müxalifət nümayəndələri bu prosesin davamlılığı halında ölkəmizi gözləyən böhranı eninə-uzuna müzakirə etməyə başladılar. Yeganə çarəni isə qeyri-neft sektorunun inkişafında gördülər və kənd təsərrüfatını bu sektorun prioritet sahəsi elan etdilər. Təsadüfi deyildi ki, 2015-ci il Kənd təsərrüfatı ili elan olundu və bütün diqqətlər bu sahənin inkişafına yönəldi. Həmin il Prezident İlham Əliyevin imzaladığı “Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da haqqında danışdığımız sahəyə necə böyük ümidlərin bağlandığının işarəsidir. Sərəncamda bildirilirdi:
“İqtisadiyyatın səmərəliliyinin artırılması və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində qeyri-neft sektorunun inkişafının təmin edilməsi dövlətimizin əsas iqtisadi prioritetlərindəndir”. Sərəncamın bu ilk cümləsindən də aydın olur ki, 10 il əvvəl kənd təsərrüfatı sahəsi Azərbaycanın iqtisadi inkişafının əsas təməli və özünüqoruma sığortası olaraq görülürdü.
Dünya yeni bir enerji böhranına hazırlaşır. Ukrayna-Rusiya müharibəsi səbəbilə Qərb ölkələri şimal qonşumuza ağır zərbə vurmaq üçün neft və qazın qiymətlərinin ucuzlaşdırılması istiqamətində bir çox versiyaları müzakirə masasına yatırıblar. Sözsüz ki, Rusiyaya qarşı hazırlanan tədbirlərin bir zərbəsi də bizim neft və qaz sektorumuza dəyə bilər. Bəs, biz ölkəmizi gözləyən yeni enerji böhranına nə qədər hazırıq? 2014/2015 böhranından lazımi dərslər almışıqmı? Həmin dövrlərdə qarşıya qoyduğumuz hədəfləri nə qədər reallaşdıra bilmişik?
Nə yazıq ki, ölkə rəhbərliyini və ictimaiyyətimizi ciddi düşündürməli olan bu suallara müsbət cavab vermək mümkün deyil. 44 günlük Qarabağ zəfərimizdən sonra ümumiyyətlə kənd təsərrüfatı və qeyri-neft sektorunun inkişafı məsələlərini tamamilə unutmuş kimiyik. Ən pisi isə odur ki, bu sektorun inkişafına birbaşa cavabdeh olan KTN-dən tükürpədici məlumatlar gəlməkdədir.
Adının açıqlanmasını istəməyən mənbəmizin Ovqat.com-a bildirdiyinə görə, təzə nazir Məcnun Məmmədov kreslosunda oturan kimi köhnə komandanın böyük əksəriyyətini işdən uzaqlaşdırıb və yerlərinə öz yaxın dostlarını gətirib.
“Məcnun Məmmədovun 5 müşaviri var, hamsını da əvvəl işlədiyi holdinqdən gətirib və hər birinə 15-20 min manat paket verir. Bunlardan biri Zaur Əliyevdir. Nazirin tələbə yoldaşı olduğu deyilir. FETÖ ilə əlaqəsi barədə ciddi iddialar səsləndirilir” – mənbəmiz iddia edir.
Əlimizdə bunu sübut edən yetərli dəlillər olmadığından qəti fikir söyləyə bilmir, iddianı araşdırmağı müvafiq orqanlara həvalə edirik.
KTN, yoxsa Vatikan kilsəsi?
Digər iddialara görə, Zaur Əliyev bütün qurumlara öz adamlarını yerləşdirib və yaxın zamanlarda nazir müavini olmağa hazırlaşır: “Ona və digər müşavirlərə söz demək olmur. Dərhal bir-birini müdafiə edir və səni “aforoz” edirlər. KTN-ni rəsmən papaya söz deyilməsi mümkün olmayan Vatikan kilsəsinə çeviriblər. Hamısına da xidməti maşınlar verilib – sürücüləri, katibələri və s ilə bir yerdə. İşləri-gücləri tenderləri öz adamlarına verməkdir. Hamsını bir əldən edirlər”.
Həyatı “perevod” və transferlərlə dolu olan müşavir
Məcnun Məmmədovun digər müşaviri Fərid Nəcəfovdur. Ötən ilin iyul ayında bu vəzifəyə təyin olunub. Nazirin kadr məsələləri siyasətinə nəzarət edir. Yəni KTN-na təyin olunan hər kəsin sənədi bu adamın əlinin altından keçir. Mətbuata verilən rəsmi məlumatlarda onun harda təhsil aldığı göstərilmir. KTN-dəki mənbələrdən aldığımız məlumatlar isə olduqca maraqlıdır və yəqin ki, sözügedən konfidensiallıq müəmmasına aydınlıq gətirəcək mahiyyətdədir: “Fərid Nəcəfov orta məktəbi bitirdikdən sonra qəbul imtahanına girmədən Dağıstandakı bir universitetə daxil olub. Guya orada 1-2 il təhsil aldıqdan sonra Azərbaycanda bir universitetə “perevod” olunub. Bu “perevod”dan sonra onun karyerasının qızıl çağları başlayıb. Əvvəl “Gilan Holding”ə, sonra isə KTN-nə transfer olunub. Özünün deyinə görə, “Gilan Holding”in İstehsalat, İnşaat, Pərakəndə Satış sektorlarında İnsan Resursları şöbəsində böyük təcrübə qazanıb. Bir sözlə, bu böyük təcrübəyə malik adamın iş və təhsil həyatı müdhiş “perevod” və transferlərlə doludur”.
Mənbəmizin iddialarına görə, Dağıstan universitetlərindən birində “ilk nəzəri biliklər” alıb, “Gilan Holding”də bu nəzəri bilikləri böyük təcrübələrlə birləşdirən Fərid Nəcəfov KTN-də də bu qabiliyyətindən faydalınır: “Adlarını digər qurumlara yazdırıb Daxili nəzarət söbəsinə ən azı əlavə 5 adam gətirib oturdub. Hamısı da qeyri-peşəkardır. Məhz o qeyri-peşəkarların sayəsində nazirliyi tam nəzarəti alına alıb”.
Məcnun Məmmədovun digər müşaviri Rövşən Həsənov da qeyri-adi bacarığı ilə digər həmkarlarından geri qalmır: “Vaxtilə “MKT İK” MMC-nin direktoru vəzifəsində işləyən Rövşən Həsənov pambıq yığımına nəzarət edib. İddialara görə, rəhbərlik etdiyi şirkətə milyonlarla pul atıb gəlib KTN-nə”, - mənbəmiz bildirir.
Məcnun Məmmədovun ən “qənaətcil” kadrı “revizorun payı” ilə dolanır
Digər 2 müşavir barədə də bəzi ilginc məlumatlar verən mənbəmizin ən maraqlı iddiaları “Aqrar Xidmətlər Agentliyi” və “Aqrolizinq”lə bağlıdır. İddialara görə, 02 noyabr 2023-cü il tarixində nazir Məcnun Məmmədovun imzaladığı əmrlə Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri vəzifəsinə təyin olunan Sərdar Hacıyev bundan əvvəl PAŞA Holdinq” MMC-yə məxsus “Yalama Aqropark” MMC-nin İdarə Heyətinə rəhbərlik edib. Onun da nazirin xüsusi diqqəti sayəsində ayda 15-20 min manat “maaş əlavəsi” aldığı vurğulanır. Maraqlıdır ki, Sərdar Hacıyevin hazırda rəhbərlik etdiyi qurum Prezident İlham Əliyevin 14 yanvar 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Əsas təyinatlarından biri isə “aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, səmərəliliyinin artırılması, həmin xidmətlərin daha az resurs sərf etməklə həyata keçirilməsi, dövlət vəsaitinə qənaət edilməklə bu sahədə inzibati idarəetmənin təkmilləşdirilməsi”dir. Yəni Sərdar Hacıyev əslində “daha az resursla” dövlət siyasətinin həyata keçirilməsinə və qənaətə nəzarət etməklə məşğuldur. Özü isə, necə deyərlər, “revizorun payı”ndan “əmək haqqı” alır. Bundan əlavə, Sərdar Hacıyevin ailə üzvlərindən birinin “Sadval işi” üstündə həbsdə yatdığı da bildirilir.
Heyvan xəstəliklərinin adını bilməyən baş baytar
AXA-ya yeni təyinatlarla bağlı digər maraqlı iddia quruma sədr müavini təyin olunan Elməddin Namazovla bağlıdır. Bildirilir ki, Elməddin Namazov aqrokimya fakultəsini bitirməsinə baxmayaraq ölkənin baytarlığına rəhbərlik edir. Heyvan xəstəliklərinin adını belə bilməyən bu adamın həmin vəzifəyə təyin olunması hər kəsdə təəccüb doğurub. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatınin Azərbaycan ofisində indiki AXA sədri Sərdar Hacıyevlə bir yerdə işlədiyi bildirilən Elməddin Namazovun məhz bu səbəbdən həmin vəzifəyə gətirildiyi bildirilir. Yəni adamın yeganə işgüzar keyfiyyəti öz sədrlə eyni qeyri-hökumət təşkilatında işləməsi olmuşdur.
"Şərikli çörək" – laborant-məmur
AXA-nın yeni təyin edilən sədr müavini Taleh Zeynalovun isə nazirin biznes şəriki olduğuna dair iddialar var. Bildirildiyinə görə, nazirləə Taleh Zeynalov Qusarda birlikdə bağ salıblar. Əvvəllər hansısa idarədə laborant işləyən Taleh Zeynalov torpaq analizi ilə məşğul olub. İndi isə AXA kimi önəmli bir quruma sədr müavini vəzifəsinə gətirilib.
“Aqroservis” ASC-ə Gürcüstan vətəndaşı rəhbərlik edir
KTN-nin bir başqa maraqlı kadrı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Mehman Veysəlovdur. İnsafən, Mehman Veysəlov tərcümeyi-halına baxıldığında Məcnun Məmmədovun bəzi müşavirlərindən xeyli savadlı kadr təsiri bağışlayır. O, Azərbaycan İqtisad Universitetinin maliyyə və kredit ixtisası üzrə bakalavr təhsili alıb, Oxford Universiteti “Said Biznes Məktəbi”nin Strateji idarəçilik Proqramını bitirib. Qlobalnüfuzlu Böyük Britaniyanın Peşəkar Mühasib və Maliyyəçilər Assosiasiyasının (“ACCA”) Beynəlxalıq Hesabatlılıq üzrə Diplomunu əldə edib. Intellekt” MMC-də İcraçı direktor, audit və konsaltinq xidmətləri təqdim edən “Böyük dördlük” hesab olunan PWC Azərbaycanda baş konsultant, KPMG Azərbaycanda vergi meneceri, Vergi Məsləhətləri Xidmətinin rəhbəri, TAAC DMCC şirkətində maliyyə rəhbəri vəzifəsində çalışıb və s.
Bununla belə, onun çatışmayan bir özəl durumu var. O, dövlət orqanında işləməsinə baxmayaraq, Azərbaycan vətəndaşı deyil. Gürcüstan vətəndaşı olan Mehman Veysəlovun bu xüsusiyyəti onun nazirliyə bağlı qurumda işləməsinə imkan vermir.
Çətin tapmaca: bu adamlar maaşı az olan vəzifələrə niyə axışıblar?
KTN-nin müxtəlif idarələrinə yeni təyin olunan şəxslərin əvvəllər özəl sektorlarda çalışdıqlarını və kifayət qədər yaxşı maaş aldıqlarını bildirən mənbəmiz onların birdən-birə nazirliyə gəlməyə razılıq verməsinin normal olmadığını düşünür: “Gəldikləri yerdə 8-10 min maaş alan işçi niyə görə gəlib burda 1,5- 2 minə işləsin. Deməli, Məcnun Məmmədov onlara yaxşı maraq yaradır deyə, hamısı nazirliyə axışır.
Üstəlik, qanunda belə bir müddəa var ki, dövlət idarəçiliyində rəhbər vəzifəyə təyin olunmaq üçün ən azı beş il stajın olmalıdır. Bunların iş stajında isə heç bir gün belə yoxdur”, - deyən mənbəmiz fikrini belə yekunlaşdırdı:
“Görünür, elə bu səbəbdən də KTN-də belə bir fikir dolaşır: Məcnun Məmmədov nazirliyi dövlət qanunları ilə yox, özünün şəxsi maraqları və ambisiyaları ilə idarə edir”.
P.S. Yazıda adı keçən şəxslərin də fikirlərini işıqlandırmağa hazırıq.
Ovqat.com
Paylaş: