Xəbər lenti

 

Şair-publisist Heydər Oğuzun Müəllimlər Gününə həsr etdiyi şeiri Ovqat.com oxucularına təqdim edirik:

 

Duydum, bayramındır bu gün, müəllim!

Məgər ki, sənin də bir günün varmış.

Bu saxta gününlə öyün, müəllim!

Təqvimdə xoş sədan, xoş ünün varmış.

 

Nə olsun, tapılmır süfrəndə çörək?

Günü-güzaranı unut bu gecə.

Hər kəs bayram günü sevinə gərək,

Doyursun qarnını umud bu gecə.

 

Nə olsun, aldığın quru maaşı

Ötən aydan qalan borca verirsən?

Gileylənmə, sənə hökm edir naşı,

Əkdiyin ağacdan meyvə dərirsən.

 

Həmin o naşıya yazaraq qiymət

Adam eyləyən şəxs sən deyildmiydin?

Aldığın rüşvətə deyərək hörmət

Xoşbəxt deyilmiydin, şən deyilmiydin?

 

Əkilən ağacın meyvəsi cırsa,

Bağbanmı günahkar, bağmı günahkar?

Bağışla, sözlərim qəlbini qırsa,

Dimdiyindən tora düşər tamahkar.

 

Hər kəsə yaraşan adın var sənin

Cahil də özünə “müəllim” deyir.

Hər yerdə qoxun var, dadın var sənin

Hamı bir müəllim çörəyi yeyir.

 

Sənin çörəyini yeyən uşaqlar

O halal süfrənə əl uzadırlar.

Qarşında boynunu əyən uşaqlar

Böyüyüncə sənə dil uzadırlar.

 

Bilirəm, yox artıq dərdinin sayı

Kimə çörək versən, zayı çıxırmış.

Kim sənin yanına gəlmişsə ayı,

Sənin də yanından ayı çıxırmış.

 

Müəllim zəhməti, müəllim təri

Kimi nazir edib, baxan edibdir.

Sənin əllərindən diplom alanlar

İndi səni ələ baxan edibdir.

 

Gün sənin günündür, bu gün, müəllim!

Günü-güzaranı unut bu gecə!

Saxta bayramınla öyün, müəllim!

Qarnını doyursun umud bu gecə!




Ana səhifəyə qayıt        Baxış: 3 223          Tarix: 5-10-2017, 10:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma