Noyabrın 2-nə keçən gecə Bakıda qatardan qaçan məhkum “Qoca” ləqəbli Etibar Məmmədovun tutulması istiqamətindən xüsusi əməliyyat keçirilib.
APA-nın xəbərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun Qaradağ rayonu ərazisində gizləndiyi yeri müəyyənləşdiriblər. Həmin ünvanda keçirilən əməliyyat zamanı E. Məmmədov və yanındakı şəxslər hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstəriblər. Nəticədə E. Məmmədov zərərsizləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya E. Məmmədovun öldürülməsi faktı təsdiqlənib.
Xatırladaq ki, oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.
Bir neçə gün əvvəl məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlar Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva və müğənni Fədayə Laçındır. Həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub və ya işdən azad edilib.
***
Paylaş: