Xəbər lenti

 TORPAQ BİZDƏN YUXARIDA

Səbəb olduq çox günaha,
Ölüm ucuz, ömür baha.
Tanrı yiyə durmur daha,
Bezib bizdən yuxarı da.


Yolundadır vaxt karvanı,
Tanrı özüdür sarbanı,
Unutmayaq ki, dövranın,
Dəyişəcək axarı da.


Canımızı yoracaqdı,
Qolumuzu buracaqdır,
Sonumuzda duracaqdır,
Torpaq bizdən yuxarıda.

ADAM İÇİNDƏN YIXILIR

Könül, az oyna qəm ilə,
Köksümə qəhər tıxılır.
Ha üstə gəl, ha cəm elə,
Hər gün ömürdən çıxılır.


Tapammazsan qarasında,
Çıraqla ağ arasan da.
Bu YERlə GÖY arasında,
Didərgin RUHum sıxılır.


Sözmü qəhət sağ başına,
Qaysaqlı yara qaşıma.
Baxdıqca kor qardaşına,
Dilim- dodağım yaxılır.


...Gəl az çəkdir dağı dağa,
Güvənmə heç əl- ayağa.
Etibar yox bağ- dayağa,
Adam içindən yıxılır.

BU DÜNYA CƏZA YERİ...

Ömrümüzə sirr əkirik, 
Biləni Allah olacaq.
Dəm çəkirik, qəm çəkirik,
Sonumuz bir Ah olacaq.


Bizik dərgahdan qovulan, 
Tanrısından cəza alan.
Yol azdırdı bizə ilan, 
Bilmədik günah olacaq.


Ərşdə qaldı məleykələr,
Gəlib yerdə gördük nələr...
Biz bilməzdik gecə gələr, 
Bilməzdik sabah olacaq.


...Dünən günahim bir idi, 
Min olub hələ diridi.
Bu dünya cəza yeridi, 
Çətin ki, islah olacaq


ƏYİL DÜNYA, ƏYİL KEÇİM...

Bir atəş var hər harayda, hər ündə,
Dağa-daşa düşmək əbəs, köz üçün.
Dəli dünya, od gizlənib içində, 
Alışacaq, kül olacaq öz için.

Qoca dünya, daşın çoxdu, başın az,
Bazarında at oynadır baş satan.
Hər doğulan qoynunda baş saxlamaz, 
Günü-gündən çoxalırsa daş atan.

İblislərin gəzir mələk donunda,
Yaşadırsan səni qurdtək yeyəni.
Əvvəlin yox, bilinməyir sonun da, 
Sahibsizsən itirmisən yiyəni.

Ətəyindən yapışan çox çüt əlli,
Çüt əllərdi qan axıdan, qan udan.
Nə fərqi var, otuz olsun, ya əlli,
Alt üzündü son mənzilim, son odam.

Yetən vurur, yetişməyən daş atır,
Tanrı da ki, yiyə durmur adama.
Başdaşılıq mənə də bir daş çatır, 
Əyil dünya, əyil keçim odama.

YOL GƏLİRƏM.

Məndən MƏNə həsrətimdi,
Saraldıbdı gözüməcən.
Qarışıb gözün yaşına, 
Naxış salıb üzüməcən.

İçimdəki ey MƏN OYAN,
Oyan, qəmə, dərdə uyan.
Kiməm, nəyəm, elə buyam-
Yalanımdan düzüməcən.

Sığışma, gəl, bədən qına, 
Suçlarımı sana, qına, 
Tənbeh eylə, bir də sına-
Səbirimdən dözüməcən.

Yalan desəm göz tutular,
Uman yerə üz tutular.
Məsəl var ey, SÖZ tutular-
Yetəmmirəm sözüməcən.

... Söyləmişdin ol, gəlirəm,
Sağ gəlirəm, sol gəlirəm, 
Bir ömürdü yol gəlirəm,
Catammıram özüməcən.




Ana səhifəyə qayıt        Baxış: 1 823          Tarix: 29-04-2018, 11:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma