Xəbər lenti

 

Ceyhun Məmmədov:Dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Beynəlxalq Tərcüməçilər günü ilə bağlı dəyirmi masa keçirib.
Tədbirdə Beynəlxalq Tərcüməçilər günü, dini ədəbiyyatların Azərbaycan dilinə tərcümə edilməsi, mövcud vəziyyət və perspektivlərlə bağlı müzakirələr aparılıb.
Dəyirmi masada Aİİ-nin rektoru Ceyhun Məmmədov, Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov, Aİİ Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Elaydi, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov, “İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi Abbas Qurbanov, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub mövzu ətrafında fikirlərini bildiriblər. 

 
Aİİ rektoru Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, Beynəlxalq Tərcüməçilər günü ilə bağlı təbriklərini çatdırıb. C.Məmmədov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasətindən danışaraq, bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Aİİ-nin yaradılmasını dövlət-din siyasəti sahəsində mühüm addımlardan biri olduğunu qeyd edən rektor vurğulayıb ki, dini ədəbiyyatların, mənbələrin əksəriyyətinin ərəb, fars, ingilis və digər dillərdə olmasını, ölkəmizin beynəlxalq konfranslarda layiqincə təmsil edilməsi gərəkliliyini nəzərə alaraq, ilahiyyatçıların xarici dilləri yaxşı bilmələri vacibdir. C.Məmmədov, bu səbəbdən Aİİ-də xarici dillərin öyrədilməsinə xüsusi diqqət yetirildiyini, bununla bağlı yaxın günlərdə dərslərdən əlavə ödənişsiz kursların təşkil ediləcəyini deyib. C.Məmmədov qeyd edib ki, dini tədris sahəsində dərs vəsaitləri Azərbaycan dilinə tərcümə edilərkən və onlara əsasən tədris aparılarkən ilk növbədə yerli şərait, ölkəmizdəki dövlət-din münasibətləri nəzərə alınmalıdır.
Azərbaycan Tərcümə Mərkəzinin Elm və təhsil şöbəsinin dil mütəxəssisi Zahid Məmmədov son illərdə mərkəzin dini tərcümə sahəsindəki fəaliyyətindən danışıb. Ölkə rəhbərliyinin bu sahəyə xüsusi diqqət yetirdiyini bildirən Z.Məmmədov tərcümə işinin spesifikası ilə bağlı məsələlərə aydınlıq gətirib. Vurğulayıb ki, hər hansı bir əsər dilimizə çevrilərkən onun mahiyyətinin düzgün çatdırılması əsas etalon olmalıdır.
İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi tərcümə işinin tarixinə nəzər salaraq, bu sahənin ölkənin, xalqın taleyində, mədəniyyətin, elm və təhsilin inkişafında xüsusi rolundan danışıb. O, mədəniyyətlərin inteqrasiyasının, elmi biliklərin mübadiləsinin tərcümə sayəsində mümkün olduğunu bildirib. Ə.Farsi bu sahədə İran Mədəniyyət Mərkəzinin gördüyü işlərdən danışaraq, birgə fəaliyyətin mümkünlüyünü qeyd edib.

 
Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi qeyd edib ki, dini mənbələrin əksəriyyəti ərəb dilində olduğu üçün ilahiyyatçıların bu dili mükəmməl bilmələri vacibdir. Ölkələrimiz arasında tarixi bağlardan danışan Ə. Elaydi diqqətə çatdırıb ki, Misir arxivlərində Azərbaycana aid ərəb dilində çoxlu sayda mənbələr var. Bu mənbələrin dilimizə tərcümə edilməsinin ölkə elminə, tarixinə xüsusi töhfə verə biləcəyini vurğulayan mədəniyyət elçisi bununla bağlı təkliflərini səsləndirib, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin Aİİ ilə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.
Sonra Aİİ-nin Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Şəms Bağırova Beynəlxalq Tərçüməçilər gününün tarixini, mahiyyətini əks etdirən təqdimatla Aİİ-nin müəllimi f.üf.d Elvüsal Məmmədov, “İpək yolu” nəşriyyatının müdir müavini, Bakı İslam Universitetinin müəllimi, tarix elmləri doktoru Abbas Qurbanov, Xəzər Universitetinin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub və digərləri Azərbaycanda tərcümə işinin mövcud durumundan danışıblar. Bu sahənin təkmilləşdirilməsinin vacibliyini bildirən fikir sahibləri dünyanın aparıcı ölkələrinin təcrübəsindən yararlanılmasının zəruriliyini vurğulayıblar. Qeyd olunub ki, dini ədəbiyyatların Azərbaycan dilinə tərcüməsi Aİİ-də İslam dininin və digər dinlərin dərindən tədris edilməsi, həmçinin qədim əlyazmaların tədqiqi baxımından xüsusi önəm daşıyır.

 




Ana səhifəyə qayıt        Baxış: 838          Tarix: 11-10-2018, 10:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma