Xəbər lenti

 GÜNAHINI YU, YERİDİ...

Nə var Allahındı, canım,
Bu göyüdü, bu yeridi...
Bir də, bir də bu son şərqi...
Əcəb tənha qu yeridi...

Axşam çağı, şər vaxtıdı,
Gəlsin, xoş xəbər vaxtıdı.
Bir uzun səfər vaxtıdı,
Bir uzun yuxu yeridi.

Məəttələm, atam, hələ,
Tam deyilmiş bu tam hələ.
Adam oğlu adam hələ
saman altdan su yeridir...

Vaxt da ədəb, üsul vaxtı,
Allah vaxtı, Rəsul vaxtı.
Tövbə vaxtı, qüsl vaxtı,
Günahını yu, yeridi...

 

MƏN ELƏ BİLDİM Kİ...

Dayanıb baxırdım boynu bükülü,
Birdən gülümsədi şəhər üzümə.
Mən elə bildim ki, sən gəldin, gülüm,
Elə bil açıldı səhər üzümə...

Necə içdəndilər, necə candılar,
Ötdü şirin-şirin dillər nə gözəl.
Adamlar nə qədər mehribandılar,
Çiçəklər nə gözəl, güllər nə gözəl...

Beşdən birisiydin, üçdən birisi
O həmin ucalıq, qürur içində.
Həmindin, o elə içdən birisi,
Üzürdün yenə də nurun içində...

Sən demə adın da bəsiymiş mənə,
Başımın tacıymış, yaraşığıymış...
Mən elə bildim ki, sən gəldin yenə,
Demə, pəncərəmdə ay işığıymış...

 

 

GƏZƏSƏN ÖZÜNÜ BİR ÖMÜR BOYU...

Qala əllərində canın bu bəxtin,
Nə ötə yan ala, nə bəri çıxa.
Ölə bilməyəsən ölmək istəsən,
Yaşamaq istəyin dəbərib çıxa...

Gözlərin umduğun yerdən yığıla,
Ümidin ən hündür yerdən yıxıla.
Bir yuxun yol ala uşaqlığına,
Qarşına qonşunun çəpəri çıxa...

Sevəsən, təzədən düşəsən tora,
Gəzə ayaqların yolları yora.
Önünə bir daha o qızdan sonra
Nə huri rast gələ, nə pəri çıxa...

Ağrının-acının üstə gedəsən,
Bir az asta gedib, usta gedəsən.
Üz tutub bir sadiq dosta gedəsən,
Onun da bir qəfil səfəri çıxa...

Elə Vətən adlı yer ömür boyu,
Qala səndən yana sirr ömür boyu.
Gəzəsən özünü bir ömür boyu,
Nə öldü, nə qaldı xəbəri çıxa...

 

 

. ADAMLARDAN YIXILIR
BU ŞƏHƏRDƏ AĞACLAR…

Adamından daha çox
Sevdim torpağı, daşı.
Mənim ağac bacım var,
Mənim ağac qardaşım…

Kökü necə işləyib,
Mənimtək torpağa, bax…
Yamyaşıl budağı gör,
Ya solan yarpağa bax…

Şivləri də uçmağa
Qanadlarımdı mənim.
Asılıb yelləndiyim
Ağac darımdı mənim…

Bu barlı, bəhərlisi,
Meyvəsinə bax üstdə…
Bax, bu da mənə çəkib,
Ölübdü ayaq üstdə…

Lap elə mənim kimi,
Düşür dərdə ağaclar.
Adamlardan yıxılır
Bu şəhərdə ağaclar…

MƏN KÖLƏ BİLDİYİM...

Kim nədən sevib səni,
Kim nədən bəndin olub...
Ağızlara əzməyə,
Şəkərin, qəndin olub...

Bir az dahi sayıblar,
Ad-sanını yayıblar.
Yəqin tanımayıblar,
Üzdə rübəndin olub...

Gör nələr uydurmusan,
Nələr üstdə durmusan...
Min cür oyun qurmusan,
Min cür də fəndin olub...

Bu nə həvəs, bu nə bəhs,
Tükənməz ki, tükənməz...
Mən kölə bildiyim nəfs,
Sənin əfəndin olub...

YAXANDAN AS ÜRƏYİMİ…

Hardasan, bircə yol səsini çıxar,
Üzməsin hər qəfil səs ürəyimi.
Qayıt da bu yasın yasını çıxar,
Tükətdi, bitirdi yas ürəyimi…

Aldığı nəfəsdin, havası çatmır,
Dərdlidi, sən adlı davası çatmır.
Nə vaxtdı gör ipə-sapa da yatmır,
Gəl oxşa, bağrına bas ürəyimi…

Heç bəla yox imiş gözəllik kimi,
Gözəlsən dünyaya təbərrik kimi.
Qorusun qoy səni üzərrik kimi,
Çıxarıb yaxandan as ürəyimi…

DAVA

Bizimki davalıq deyil,
Getsə də hər yanda dava...
Bu dən ki urvalıq deyil,
Nədir dəyirmanda dava?..

Çoxu kimin, azı kimin,
Toyu kimin, yası kimin?
Haqlıdı davası kimin,
Davadı ad-sanda, dava...

Nə baş, nə can davasıydı,
Nə də yorğan davasıydı.
Dava bəy, xan davasıydı,
Başqaydı bəy, xanda dava...

Yaşayıb bu üzlə hələ,
Baş qatırıq sözlə hələ.
Gözlə, Şuşam, gözlə hələ
Görünmür fərmanda dava..

Gələn gedəndən betərdi,
Qaladı dərd üstdən dərdi.
Kəsəmmədik şumda şərti,
Çıxacaq xırmanda dava...

DƏRDLİDƏN DƏRDİ SORUŞMA...

Əvvəli saxla yadında,
Soruşma, ardı soruşma.
Nə zamansa mən adında,
Birisi vardı...soruşma...

Kimi kim itirdi necə,
Kiminki gətirdi necə...
Bu necə kətildi, necə,
Bu necə dardı, soruşma...

Yadam səndən özgəsinə,
Qadam, səndən özgəsinə.
Nədən səndən özgəsinə
Gözlərim kordu, soruşma...

Dünyadı, min dolağı var,
Min yolu var, yolağı var.
Bilmirsənmi qulağı var,
Burası yerdi, soruşma...

Demişdim sənə, çəkirəm,
Gərmişəm sinə, çəkirəm.
Heç soruşma nə çəkirəm,
Dərdlidən dərdi soruşma...

NƏDƏN ŞƏHİD SAYILMIRAM

Mən ki hər gün od üstdəyəm, köz üstdə,
Oda qurban, közə qurban gedirəm.
Nəyim varsa saxlayıram göz üstdə,
Tez gəlirəm gözə, qurban gedirəm.

Durulacaq yermi dünya, durmanam,
Artıq qalıb bir kimsəni yormanam.
Mən dünyaya doğulandan qurbanam,
Baxmayın ki təzə qurban gedirəm.

Çox kiçikdi, darısqaldı yer Ona,
Baş əyməkdə ocaq ona, pir Ona.
Bir canım var, verəsiydim bir Ona,
Bir sevdiyim qıza qurban gedirəm.

İri-iri, yekə-yekə adamlar,
Düşürsünüz kökdən-kökə, adamlar.
Dərdinizi çəkə-çəkə, adamlar,
Çəkə-çəkə sizə qurban gedirəm.

Vəsf etmirəm nə vəziri, nə şahı,
Gözgörəti haqq etmirəm günahı.
Nədən şəhid sayılmıram, İlahi,
Bu qədər ki sözə qurban gedirəm?

DEYİRSƏN YUXUDA GÖRMÜSƏN MƏNİ...

Çox uzaq bilirdin, uzaq, sən məni,
Qoymazdın bu boyda yaxına, qurban.
Deyirsən yuxuda görmüsən məni,
Nətəhər görmüsən, yuxuna qurban?

Durdummu üstündə, yoxsa, düzün de
Pozdummu sözümü, əhdimi söylə?
İlişib qaldımı gözüm üzündə,
Əllərim əlinə dəydimi söylə?

Bu da bir qismətdi, barış, nə olur,
Qorxma, birgünlükdü, pozulur, qorxma.
Nətəhər görmüsən, danış, nə olur,
Yuxular tərsinə yozulur, qorxma.

Neyləyim, mən bir az tez doğulmuşam,
Sənsə bu dünyaya gec gəlmisən, gec.
Axşamlar içində barı bu axşam
Qumral saçlarını oxşadımmı heç?..

Görən fərq etdimi olub-keçəni,
Pörtüb, qızardımı yanaqlarımız?
Görən yarıldımı bağrı gecənin,
Dinib, danışdıqca dodaqlarımız?..

Gördümü görəsən necə dolmuşam,
Gördümü mən adlı tayın buludlar?
Qaranlıq otaqda əridimi şam,
Örtdümü üzünü ayın buludlar?

...Oyağam bu gecə yuxunla, oyaq,
Bu da bir yuxudu dalmışam bəlkə...
Oyan qucağına yaxşı-yaxşı bax,
Ölüb qucağında qalmışam bəlkə?..




Ana səhifəyə qayıt        Baxış: 568          Tarix: 12-11-2018, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma