Xəbər lenti

 (hekayə dostum Firdovsi Sarvanlının valideynlərinə ithaf olunur)

Qonaqlar gecədən bir xeyli ötmüş gəldilər. Həyətdəki it onlara tərəf cumub hürməyə başladı. Sahibinin zəhmlə: - “ ay it, rədd ol buradan” deməsi heyvanın, elə bil, hıçqırığını içində qoydu. İt quyruğunu bulaya-bulaya, sakitcə tövlənin arxasına keçib, bu dəfə ağzını yola tərəf tutaraq bir-iki ağız bərkdən hürdü. Bununla sahibinə bildirmək istədi ki, mən sizə hürmürəm ki..
Qonaqların hər üçü kişi xeylağı idi. Bu səbəbindən də, evin qadın tayfası həmin andaca yan otaqlara çəkilərək gözdən itdilər. 
Ev sahibi Qasım kişi gələnləri yan otaqların birinə, qonaq-qara üçün nəzərdə tutulmuş olan geniş bir otağa keçirib, tezcə də geri döndü. Adəti üzrə şəhadət barmağını dodaqlarının üstə qoyub susdu. Evin adamları onun bu hərəkətindən nə demək istədiyini yaxşı başa düşürdülər. Əslində, Qasım kişi bu hərəkətiylə evdəkilərə bir quranlıq söz başa salirdı.
Evin adamları əl-ayağa düşdülər. Həmin anda evin böyüründəki hindən toyuq-cücənin səsi bir-birinə qarışdı. Gecə vaxtı onların səsləri kənd-kəsəyi bürüməsin deyə, uşaqlar xoruz-beçənin boğazlarından yapışmışdılar. Xılxalanmış heyvanlar, xırıldaya-xırıldaya uşaqların əlində çabalayardı. 
Qasım kişi tezcə həyətə enib uşaqların əlindəki beçələrin başlarını üzdü və bıçağın qanını yuya-yuya uşaqlara: - keçin evə, kirimişcə dərslərinizi oxuyun, birinizin cınqırı çıxsa özündən küssün, - deyə tapşırığını verdi.
Uşaqların həddi nəydi onun bir sözünü iki eləyəydilər. Ona görə də, dinməzcə eyvana qalxıb otağa keşdilər. 
Çay süfrəsindən azca sonra yemək hazır oldu. Həyətdəki ocaqlıqda, palıd ağacının közünün üstə qoyulmuş iri mis tavada, nehrə yağında, soğanla qızardılmış və üstünə də bir-iki ədəd yumurta vurulmuş beçə çığırtmasının iyi beşaddımlıqdan adamın burnunu qıcıqlandırırdı. 
Onsuz da, səbirsiz olan evin kişisi Qasımın hər beşdəqiqədənbir qapıda görünüb ora-bura boylanmasından hiss olunurdu ki, gələnlər elə belə adi adamlar deyillər. 
Ərinin bu halı Xırdaxanım arvadın canına bir üşütmə salmışdı. Ürəyində Allahına yalvarırdı ki, əlindən pis bir iş çıxmasın. Pis iş deyəndə ki, neçə ilin evdar arvadıydı. Bundan da böyük məclislər, qonaqlıqlar yola salmışdı. Amma iş olanda olur da, bir də görürsən, yeməyin içindən nə bilim, andıra qalmış nataraz bir şey çıxdı. Onda da, keçi qalar çaydan o tərəfə... Ona görə də, yemək yeyilib qurtarıncaya qədər arvadın nigarançılığı davam etdi. O vaxtacan ki, böyük oğlu Firdovsi boş qab-qacağı məcməyidə gətirib onun qabağına qoyana kimi. Necə ki, boş qab-qacaq qonaqların qabağından yığışdırılıb gətirildi, arvad dərindən nəfəs alıb allahına şükür etdi ki, xata sovuşdu.
Yatmaq vaxtı gələndə əri Qasım arvadını eyvanın bir küncünə çəkib, pıçıltıyla: - o məxmərüzlü yorğan-döşəyi bəri ver görüm, - deyəndə, arvad tam əmin oldu ki, doğurdan da, bu qonaqlar o biriləri kimi adi qonaqlar deyillərmiş. Çünki evdə xüsusi səliqəylə hazırlanmış, iki-üç dəst məxmərüzlü yorğan-döşək var idı ki, onlar ancaq əziz qonaqlar üçün nəzərdə tutulmuşdu. Həmin yorğan-döşəkdən indiyə kimi bir dəfə də olsun ev adamları özləri üçün istifadə etməmişdilər. 
Xırdaxanım arvad yan otaqdan yorğan-döşəyi daşıyıb ərinə verdi. Əri Qasım kişi də onları qoltuğuna vurub qonaq otağına daşıdı və evin adəti üzrə yad adamların yatacaq yerlərini evin kişisi özü birtəhər səhmanladı. Bir azdan evin işığı söndürüldü.
Qonaqlar yuxuya gedəndən sonra, Xırdaxanım arvad həyətə düşüb, bayaqdan ağzını evə tətəf tutaraq səfeh-səfeh hürən itin qabağına süfrədən qayıdan artıq-urtuqdan bir şey atdı. Sonra isə bulaşıq qabları aparıb evin qabağındakı su quyusunun yanında düzəldilmiş xırda hovuzun başında yudu.
İşini görüb qurtarandan sonra yadına düşdü ki, uşaqlar bayaq cücə tutarkən hinin ağzını açıq qoyublar, gedib onu bərkitdi. Darvazanın kilidini vurub evə qalxmaq istərkən, baxıb gördü ki, ərinin və qonaqların ayaqqabıları çirklidir. Dəmir ləyənə su alıb, əvvəlcə ərinin ayaqqabılarını yuyub kənara qoydu. Sonra qonaqların ayaqqabılarını yumağa başladı. Ayaqqabıları yuduqca cütləyib kənara qoyurdu. Arvad birdən döyüküb qaldı. Ayaqqabılardan biri yox idi. Ayaqqabıları təkrarən cütləyib bu dəfə gözünün qabağına qoydu. Ərinin ayaqqabılarıyla bərabər cəmisi yeddi ayaqqabı saydı. Bəs, bunun biri hanı? - düşündü. Özü də ayaqqabının ən irisinin bir tayı yox idi. Arvadı təlaş bürüdü. Yan-yörəsinə göz gəzdirdi, orda da yox idi. Öz ev adamlarının ayaqqabılarının arasına baxdı, yenə də gözünə yad bir şey dəymədi. Evin böyüründəki ayaqyolunun, hamamın yan-yörəsinə hərlənib baxdı. Düşündü ki, bəlkə kimsə səhvən ayağına alıb aparıb oralarda atıbdır. Ayaqqabı oralarda da yox idi. Əlacı kəsilən Xırdaxanım arvad tövlənin böyüründəki itin gecələr uzandığı şax-şəvəlin altına da göz gəzdirdi. Onsuz da, qaranlıqda göz-gözü görməyən bu yerdə bir şey tapa bilməyəcəyini zənn etdiyindən geri döndü. 
Çox həyəcanlanmışdı. Əgər qonağın ayaqqabısı tapılmasaydı, səhər bu evdə əmməlli-başlı bir mərəkə qopacaqdı, bunu o yəqin bilirdi. Əri Qasımın qorxusundan arvadın ürəyi titrəməyə başladı. Bu ayaqqabı hara yox ola bilər? – düşündü. Olmaya, qonşulardan kimsə gəlib oğurlayıbdır?- fikirləşdi. Tezcə də, fikrindən vaz keçib, - qonşu aparsaydı iki tayını da aparardı, bir tayını gözünə soxmur ki, - düşündü. Bəlkə, qonşu-bacanın iti aparıb? Arada belə hallar olur, axı... Bir də görürsən, kiminsə paltarı, ayaqqabısı qonşunun həyətindən tapılırdı. Kənddə sülək itlər vardı ki, gecə düşən kimi qonşu-bacanın ayaqqabılarını, nə bilim rastlarına çıxan aftahadan- zaddan nə keçsə idi ağızlarına alıb, hara gəldi daşıyıb atardılar. Gümanı min yerə yozulsa da, yazıq arvadın fikri, qərarı bir yerdə toxtaqlıq tapa bilmirdi. Sabah ərinə nə cavab verəcəkdi? Hələ qonaqlar nə fikirləşəcəkdi onlar barəsində? Deməyəcəkdilər ki, gör bunlar nə təhər adamlardır, evlərinə gələn qonağın ayaqqabılarını oğurlayırlar? Arvad bunları düşünə-düşünə hölündən ağlamağa başladı.
Gecə yarısı olsa da, o, hələ də həyət-bacada ora-bura vurxunub, itmiş bir tay ayaqqabını axtarırdı. Ayaqqabı isə, elə bil bir iynə olub qara şumda itmişdi, tapılmırdı ki, tapılmırdı.
Səhəri dirigözlü açan Xırdaxanım arvad ərinin oyanmasını gözləyirdi. Gözləyirdi ki, heç olmasa, bu evi yıxılmamışın oğlu yuxudan ayılsın və baş verən hadisədən xəbərdar olsun. Necə olsa kişi xeylağıdır, bu işin töhürün-təhərin bilməmiş olmazdı. Ondan sonra ona nə deyir desin, təki canı bu intizardan qurtarsın. Evdəkilər isə hələ də şirin yuxudaydılar.
Səhər artıq açılmışdı. Xırdaxanım arvadın qəlbi isə qap-qara fikirlərlə doluydu. Görəsən, bu andıra qalmış ayaqqabı hara yoxa çıxa bilərdi?- deyə öz-özünə sual verirdi. 
Səhər açıldığına görə tövlədən ala inəyin böyürtüsü eşidilirdi. Bu vaxtlar onun sağılan vaxtı idi. Arvad əlinə vedrəni alıb tövləyə tərəf getdi və inəyi tövlədən çıxarıb saray deyilən yerdə dirəyə bağladı. Sonra uzun tumanının ətəyini dürgələyib diziüstə çömbəldi və inəyi sağmağa başladı. İnəyi sağa-sağa fikri-zikri hələ də itmiş ayaqqabının yanında idi. Axı, o, hara yox ola bilərdi? – düşünürdü. 
Elə bu vaxt evin qapılarından hansısa cırıldayıb açıldı. - Nə mağıl durdun? - deyə ərinin oyandığını zənn etdiyindən onun qarasınca deyindi. Amma qonağın ayaqqabısının itməsini yadına salanda yenidən canını qara-qayda aldı və fikirləşdi ki, indi əri ayaqqabının itməsindən xəbər tutan kimi onun üstünə ağzını açıb, gözünü yumacaqdır. Ona görə də, fikirli-fikirli yenidən inək sağmağına davam etdi.
Bu vaxt həyətdən kal öskürək səsi eşidildi. Adətən belə öskürək səsini həyət-bacaya girən yad adamlar edirdilər ki, ev yiyəsi duyuq düşüb bilsin həyətə adam gəlib. 
Xırdaxanım arvad başını qovzayıb həyətə, səsgələn tərəfə boylandı. Qonaqlardan ən yaşlısı idi, pencəyini çiyninə salıb həyətə düşmüşdü. Arvad diqqətlə qonağa baxdı və gördüyü mənzərədən az qaldı ki, ağlını itirsin. O, gördüyünə inanmırmış kimi, bir neçə dəfə əllərinin arxasıyla gözlərini ova-ova qonağa diqqətlə baxdı. Sonra sevindiyindən göz yaşlarını saxlaya bilməyərək, əllərini göyə qaldırıb: - Şükür sənə, İlahi! - dedi.
Həyətə düşən qonaq isə, baş vermiş hadisədən xəbərsiz halda əl ağacına söykənə-söykənə həyətdəki əl-üz yuyulan tərəfə gedirdi. Qonağın br qıçı dizdən yuxarı yox idi...




Ana səhifəyə qayıt        Baxış: 749          Tarix: 13-02-2019, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma