Xəbər lenti

 

7 noyabr 1963-cü il, saat 10.00. SSRİ-nin bütün şəhərlərində olduğu kimi, Sumqayıtda da Oktaybr inqilabının ildönümü ilə bağlı şəhərin mərkəzi meydanı bayram nümayişinə hazır olub. Şəhər Partiya Komitəsinin birinci katibi Nadir Balakişiyevin göstərişi ilə müəssisə və təşkilatlardan müəyyən olunmuş sayda insanlar dəstə-dəstə meydana doğru üz tutublar. Tribunada onları şəhər rəhbərliyi salamlayıb, mikrafonla səsləndirilən şüarlar zəhmətkeşlər tərəfindən alqışlanıb.

İlk yarım saatda hər şey qaydasında gedib. Amma qəfil transpartyorları daşıyan avtomobilin meydanın mərkəzində dayanması bayram tədbirini başqa məcraya yönəldib. Həmin avtomobilin üstünə çıxan gənc oğlan İosif Stalinin portretini qaldıraraq “Yaşasın Stalin”, “Ura” deyə şüarlarla var səsi ilə qışqırmağa başlayıb. Bir göz qırpımında avtomobilin ətrafına yüzlərlə insan toplaşıb. Onların çoxunun əlində Stalinin şəkilləri olub.

Toplaşanlar Nikita Xruşovun əleyhinə hiddətli şəkildə ifadələr səsləndirməyə başlayıblar və bir neçə dəqiqə keçdikdən sonra Xruşovun meydanda quraşdırılmış böyük portretini daş-qalaq edib, portreti cıraraq ayaq altına atıblar.

Milisin hadisəyə müdaxiləsi nəticəsiz qalıb. Onlar meydanda etirazçılar tərəfindən döyülüblər. Tribunada dayanan şəhər rəhbərləri dərhal oranı tərk etmək məcburiyyətində qalıblar.

Etirazçıların sayı isə artıb, narazı kütlənin qarşısını almaq mümkün olmayıb. Onlar şəhərin küçələrinə axışaraq ərzaq dükanlarının, poçtun və digər dövlət qurumlarının inzibati binalarının şüşələrini sındırıblar.

Məsələyə aydınlıq gətirmək istəyən Sumqayıt şəhər milis şöbəsinin rəis müavini David Kidiaşvili etirazçılara yaxınlaşanda sərt təpki ilə üzləşib və fiziki təzyiqə məruz qalıb.

Hiddətləri aşıb-daşan kütlə şəhər milis şöbəsinə üz tutub. Min nəfərə yaxın insanın eyni vaxtda şöbənin qarşısında peyda olması milis əməkdaşlarını qorxuya salıb və onlar içəridən qapını bağlayıblar. Etirazçıların şöbəyə daxil olmaq ehtimalını düşünən milislər narazı kütləyə əvvəlcə xəbərdalıq ediblər, sonra isə pəncərələrdən havaya atəş açmağa başlayıblar. Bu qarşıdurma zamanı 14-15 yaşlı bir yeniyetmə güllə yarası alıb. Onu təcili xəstəxanaya çatdırıblar və həkimlər yeniyetmənin həyatını xilas edə biliblər.

Milis şəbəsinin qarşısında dayanan şöbəyə məxsus avtobus və iki motosiklet etirazçılar tərəfindən yandırılıb.

Etirazşıların bir qismi isə meydanda öz mitinqlərini davam etdiriblər. Onlar öz çıxışlarında Xruşovu lənətləyərək, onun yarıtmaz siyasəti nəticəsində sosial problemlərin burulğanında batdıqlarını qeyd ediblər.

Şahidlərin söylədiklərinə görə, məhz həmin ərəfədə SSRİ-nin digər şəhərlərində olduğu kimi Sumqayıtda da ərzaq qıtlığı yaranıb, hətta bəzən bir-iki sutka mağazalarda çörək də tapılmayıb.

Hadisə zamanı ağır bədən xəsarət alan rəis müavini David Kidiaşvili sonralar şəhərdə olan problemləri dilə gətirib:
“Bəli, ərzaq qıtlığı var idi, bəzən gün ərzində çörək dükanları boş olurdu. Təbii ki, bu da sakinlərin böyük narazılığına gətirib çıxarırdı. Şöbəyə tez-tez siqnal daxil olurdu ki, əhali mitinq edəcək, aksiyalar keçirəcək. Biz də öz növbəmizdə qabaqlayıcı tədbirlər həyata keçirirdik ki, sabitliyi təmin edək. Amma heç vaxt mənim ağlıma gəlməzdi ki, hadisələr bu cür irimiqyaslı və kütləvi şəkildə cərəyan etsin...”

Nəzarətdən şıxan şəhərdə vəziyyəti sabitləşdirmək üçün Bakıdan əlavə milis qüvvələri Sumqayıta göndərilib. Günorta saatlarından sonra dövlət qurumları, hüquq-mühafizə orqanları fəaliyyətlərini tam bərpa ediblər, şəhərdə sabitlik yaranıb.
Hadisə ilə bağlı cinayət içi açılıb. İstintaq yekunlaşdıqdan sonra 6 nəfər 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.

Maraqlı məqamlardan biri odur ki, Sumqayıt hadisəsi ilə bağlı Azərbaycan KP MK-da keçirilən iclasda Sumqayıt qiyamının siyasi və sosial motivdə olduğu bir cümlə ilə olsun belə qeyd edilməyib. Hadisənin səbəbi bir neçə gəncin sərxoş vəziyyətdə ictimai asayişi pozmaları kimi göstərilib.

Sumqayıt hadisəsində ən yadda qalan məqam isə səhər İcraiyyə Komitəsinin sədri ilə bağlıdır. Həmin ərəfədə bu vəzifədə Azərbaycanın birinci katibi Vəli Axundovun qardaşı Kamal Axundov işləyib. Şəhərdə kifayət qədər nüfuza sahib olan Kamal Axundov hadisə başlananda şəhər rəhbərliyindən yeganə şəxs olaraq narazı kütlənin qarşısına çıxıb. Etirazçılardan biri ona yaxınlaşaraq Stalinin portretini Axundova verib və amiranə tonla ondan “Yaşasın Stalin” deməyi tələb edib. Çıxılmaz vəziyyətdə qalan Kamal Axundov “Yaşasın Stalin” deyə yaxasını etirazçılardan qurtara bilib...




Ana səhifəyə qayıt        Baxış: 207          Tarix: 21-08-2019, 14:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma