Xəbər lenti

Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə dəfə xarici işlər naziri Zöhrab Mnatsakananın istefası məsələsini qoyub. Virtualaz.org xəbər verir ki, bu barədə Ermənistanda nəşr edilən “Past” qəzeti öz mənbələrinə istinadən yazır.

Səbəb isə xarici işlər nazirinin işindən narazılıq, bu və ya digər məsələdə yol verilən və beynəlxalq tərəfdaşlarla problemlərin yaranmasına gətirib çıxaran xətalardır. Mənbələr deyiblər ki, bu günlərdə Mnatsakanyanın istefası yenidən gündəmə gəlib, çünki baş nazir Qarabağ məsələsi ilə bağlı hadisələrin inkişafından, xüsusən də Rusiyanın mövqeyindən hiddətlənib.

“Belə ki, bu günlərdə “Valday” klubunun illik iclası zamanı Rusiya xarici işlər naziri kifayət qədər gözlənilməz və kəskin bəyanatla çıxış edib. Qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair siyasi proses tormozlanıb. Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” sözlərini xatırladaraq Lavrov faktiki olaraq Ermənistanın ünvanına ittiham irəli sürüb. Üstəlik yəqin ki, ilk dəfə. Və budur, bizim mənblələr təsdiq edirlər ki, bu bəyanatdan sonra hiddətlənmiş Paşinyan Zöhrab Mnatsakanyanı işdən azad etməyə hazırlaşır. Çünki hesab edir ki, o Rusiya ilə lazımı iş aparmayıb və “Qarabağ Ermənistandır, nöqtə” bəyanatının tam mahiyyətini , ümumiyyətlə Ermənistanın indiki hakimiyyətinin mövqeyini izah etməyib”,-qəzet yazır.

Mənbələr bildiriblər ki, indiyə qədər adətən Azərbaycan tərəfini “militarist bəyanatlarına görə danışıqları tormozlamaqda” ittiham edərdilər. İndi isə vəziyyət dəyişib...

Xatırladaq ki, Lavrov Paşinyanın həmin bəyanatını Albaniya baş nazirinin Kosovoya dair bəyanatları ilə müqayisə edib. Bildirib ki, belə yanaşma siyasi nizamlama prosesinə zərbə vurur.

Həmin forumda Azərbaycan prezidenti İlham Əliyev də Paşinyanın avantürist bəyanatına münasibət bildirib, “Qarabağ Azərbaycandır, nida” cavab bəyanatı ilə çıxış edib.




Ana səhifəyə qayıt        Baxış: 551          Tarix: 9-10-2019, 13:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma