Xəbər lenti

 

GünAz TV: İranın "dini lider"i Əli Xamneyi İraq və Livanda korrupsiya və yarıtmaz hökumət əleyhinə keçirilən xalq etirazlarına münasibət bildirib.

 

O, bu gün İran ordusunun hərbi akademiyalarının məzunları ilə keçirilən 17-ci buraxılış və and içmə mərasimi zamanı etdiyi çıxışın bir hissəsini sözügedən ölkələrdə baş verən son olaylara həsr edib.

 

Xamneyi İraqda və Livanda yaşananları "düşmənlərlə" bağlayıb və bu ölkələrin xalqlarını öz haqlı tələblərini qanun çərçivəsində irəli sürməyə çağırıb.

 

"Bu hadisələrin arxasında dayananlar məlumdur. Onlar Amerika, Qərb xüsusi xidmət orqanları və regionun varlı mürtəce ölkələridirlər. İraq və Livan xalqları bilməlidirlər ki, düşmən onların ölkələrində qanuni strukturları məhv etmək, əvəzində xaos və iğtişaş yaratmağa çalışır. Buna görə də, onlar haqlı tələblərinin yalnız qanuni çərçivədə reallaşmasının mümkün olmasına diqqət yetirməlidirlər",- deyə "dini lider" iddia edib.

 


Xamneyi "düşmən"in İrana qarşı da bu formada planlarının olduğunu, lakin xalqın "ayıq-sayıqlığı"nın və silahlı qüvvələrinin bütün hallara hazırlığının bunun qarşısını aldığını deyib. O, eyni zamanda ölkənin silahlı qüvvələrini mümkün "fitnələr"ə qarşı hazır olmağa çağırıb.

 

Əli Xamneyi çıxışının davamında anti-Qərb fikirlərə yer verib və İran İslam Respublikasının ordusunun "heç vaxt digər ölkələri işğal və ya qəsb etmədiyini" iddia edib.

 

Xamneyinin iddialarının əksinə olaraq, son illər ərzində İran hərbçiləri Suriyada gedən vətəndaş müharibəsi zamanı bu ölkə xalqının qətliam edilməsində Bəşər Əsədə dəstək verən əsas qüvvə olub. Eləcə də, İranın Yəmən, İraq və Livan kimi ölkələri öz təsir dairəsinə salmaq üçün başlatdığı müharibələr bu günə qədər minlərlə insanın həyatına son qoyub.

 

Ə.A




Ana səhifəyə qayıt        Baxış: 515          Tarix: 30-10-2019, 18:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma