Xəbər lenti

 

GUAM üzvü olan dövlətlərin hökumət başçıları bu ölkələrin ərazilərində baş verən, onların suverenliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına xələl gətirən həll edilməmiş münaqişələrlə bağlı dərin narahatlıq ifadə ediblər.

Təşkilatın saytı xəbər verir ki, bu barədə Kiyev şəhərində keçirilən zirvə görüşünün yekununa dair GUAM-ın hökumət başçılarının birgə bəyanatında bildirilir.

Bəyanatda həmçinin bu cür münaqişələrin “dayanıqlı inkişafa və hərtərəfli inkişafa” mane olmaqla “regional sülhə, təhlükəsizliyə, sabitliyə ciddi təhlükə” yaratdığı vurğulanır.

Dövlət ərazisinin başqa bir dövlət tərəfindən hədə-qorxu, yaxud güc tətbiqi vasitəsilə ələ keçirilə bilməyəcəyini, bu kimi hərəkətlər nəticəsində ərazi əldə etməyin, habelə hərbi işğal və ya ilhaqın yekdilliklə qanunsuz hesab ediləcəyini diqqətə çatdıran bəyanat müəllifləri BMT Nizamnaməsində, Helsinki Yekun Aktında, habelə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində təsbit edilmiş beynəlxalq hüquq normaları və prinsipləri əsasında, dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədləri daxilindəki ərazi bütövlüyünə və suverenliyinə tam şəkildə hörmət etmək şərti ilə GUAM ölkələri ərazisindəki münaqişələrin həll olunmasının vacibliyini qeyd ediblər.

GUAM regionunun “Avropa ilə Asiyanı birləşdirən alternativ təbii körpü olaraq coğrafi üstünlüklərindən” yararlanmağı təklif edən sənəd müəllifləri GUAM üzv ölkələrinin iqtisadi, mədəni, insani potensialını da üzə çıxartmağa tərəfdar çıxıblar.

Bununla yanaşı, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın inkişafı üçün müasir rəqəmli texnologiyalarının inkişaf etdirilməsinin, o cümlədən yük daşımalarının asanlaşdırılması və sürətlənməsi üçün nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırəılmasının zəruri olduğunu qeyd edən hökumət başçıları həmçinin nəqliyyat dəhlizinin texniki iqtisadi əsaslandırılması üzərində işləri sürətləndirmək əzmində olduqlarını təsdiqləyiblər.

Bəyanat müəllifləri Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna arasında sərbəst ticarət zonası yaratmaqla bağlı plan hazırlamaq barədə də razılığa gəliblər.

Bundan əlavə, işgüzar və sahibkarlıq subyektlərin gömrük, nəqliyyat, ticarət, turizm sahələri haqqında zəruri məlumatlar əldə etmək üçün GUAM virtual ticarət qovşağının yaradılmasını tezləşdirmək və asanlaşdırmaq barədə aidiyyatı milli qurumlara müvafiq tapşırıqlar verilib. (Report)




Ana səhifəyə qayıt        Baxış: 357          Tarix: 13-12-2019, 15:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma