Xəbər lenti

 1.SÖHBƏT

- Sonuncu şerini nə vaxt yazmısan?

- Birinci şerimi yazdığım günü.

- Sənə nə veribdir şeir yazmağın?

- Bir “baş ağrısını”, bir qara günü.

- Eləysə,gəl at sən bu şerin daşın,

Bir ömür yaşarsan - ağrımaz başın.

-Əzizim, fikrindən,sən allah,daşın,

Qələmdir,şeirdir mənim candaşım.

Mənə ümid verən,yaşadan onlar.

Onlardır şəriksiz varım,dövlətim.

Gözümün qarası,ağı da onlar,

Onlarda yaşayır sevgim,nifrətim.

Hər dəfə əlimə qələm alanda,

İlk sözüm,son sözüm yazılır sanki.

Birinci şerimin həyəcanını

Yaşadır sonuncu şerin ahəngi.

Həm sözə qul oldum,həm də Allaha,

Xəyanət etmədim heç birinə də.

Sözdə yaşatsam da Allah sirrini,

Vaqif olammadım bir sirrinə də.

Qələmin bətnində, sözün canında,

Uyuyur göylərin,yerin cövhəri.

Bir damla cövhərdə olub bərqərar,

Həm Tanrı əməli,həm şeytan şəri.

Qələmdir ayıran haqqı nahaqdan,

Qələm tutan əlsə haqq ola gərək.

Onda nə haqq itər,nə nahaqq bitər,

Onda xoşbəxt olar--yaşar gələcək!..

21.10.2016.

   2.APARSAM, BƏLKƏ...

Mənsiz açılacaq bir gün bu səhər,

Onda vətənim də yeni olacaq.

Buludlar gözündən yağacaq qəhər,

Təkcə bu dünyaya sevgim qalacaq.

Sevgim yaşadacaq məni mənsiz də,

Ona bir döyünən ürək vermişəm.

Haraya sevgimlə getmişəm qoşa,

Orada duz-çörək,ülfət görmüşəm.

Nifrətim əriyib yaz qarı kimi,

Kədərim sevgimlə tapıb təsəlli.

Hərdən dindirəndə qəm sarı simi,

Sevgim sipər olub qəmə beşəlli.

Sevmişəm daşın da daş yaddaşını.

O yaddaş kimliyim,nəçiliyimdir.

Sevdim bulaq adlı yurd sirdaşını,

O sirdaş saf sözüm,duz-çörəyimdir.

Mənim sevgi dünyam bütöv bir ölkə,

Onunla ümmana,dəryaya vardım.

Aparsam,aparsam,aparsam,bəlkə...

Vətəndən vətənə vətən apardım.

 3.NƏNƏM XALÇA TOXUYARDI...

Nənəm xalça toxuyardı,

Toxuduqca ilmə-ilmə,

Naxış-naxış,... narın-narın,

Şirin-şirin oxuyardı:

“Xurcunu qotazlı yar,

Sinəsi söz, sazlı yar,

Sən məni ta neynirsən,

Yanında var nazlı yar”.

             0

Nənəm xalça toxuyardı,

Toxuduqca həvə-həvə,

Kirgit-kirgit,çeşni-çeşni,

Gözündən yaş axıdardı:

“Xalçamı sərdim qara,

Ürəyimdə var yara,

Yurd-yuvasız bir quşam,

Allah,mən gedim hara?”

              0

Nənəm xalça toxuyardı,

Toxuduqca hər naxışdan,

Hər ilmədən dağın-daşın

Çiçək ətri qoxuyardı:

“Çiçəyi xallı dağlar,

Maralı hallı dağlar,

Yarı yara qovuşdur,

Butası allı dağlar”.

            0

Nənəm xalça toxuyardı,

Əriş-əriş,arğac-arğac.

Kücülərdi hanasını,

Oxşayardı qulac-qulac:

“Yeləni güllü xalçam,

Sinəsi göllü xalçam,

Yaman gözdən uzaq ol,

Ətəyi tüllü xalçam”.

              0

Nənəm xalça toxuyardı,

Allı-güllü,  naxış-naxış,

Hər naxışı,hər ilməsi

Bu dünyaya yeni baxış:

“Könlümün başı xalçam,

Yurdumun yaşı xalçam,

Sən getdiyin ocaq kaş

Olmasın naşı, xalçam”.

            0

Nənəm xalça toxuyardı,

Hər ilməsi ağılıydı.

Vurduğu sirli naxışlar

“Məlikməmməd” nağılıydı:

“Xalçam uçdu göylərə,

Müjdə verdi yerlərə,

Göydən üç alma düşdü,

Paylayın dəcəllərə...”

            0

Nənəm xalça toxuyardı,

Yeddi rəngin yeddisindən.

Qan verərdi,can verərdi

Hər rəngə öz nəfəsindən:

“Gözümün nuru xalçam,

Qəlbimin qoru xalçam.

Mən köçüb gedərgiyəm,

Adımı qoru,xalçam”.

         0

Nənəm xalça toxuyardı

Qışı qış tək,yazı yaz tək.

Deyərdi ki, haqq arasan,

Xalçam üstə salavat çək:

“Dinim-imanım xalçam,

Arxam,gümanım xalçam,

Qalsam cəllad əlində

Sənsən amanım , xalçam”.

               0

... Nənəm nağıl oxuyardı,

Nənəm xalça toxuyardı...

11.01.2019

4.ÜÇ NÖQTƏYƏ(...) İTHAF

-Təzə nə yazırsan,nə yaradırsan?

- Daha şeir yazmıram-

yaza bilmirəm.

Yazdıqlarım mənə nə veribdi ki,

yazmadıqlarım da mənə nə verə...

İndi

keçmişdə yazdığım şeirlərimi

bükərək kəfən kimi

ağappaq vərəqlərə

çevirib təzədən sinə dağıma

qoyuram qabağıma.

Ana şəhidini ağlayan kimi

ağlayıram şəhid şeirlərimi!..

19.04.2019

5.ƏDƏBİ MÜHİT

Hərdən seyrək-seyrək

göy gurultuları qulağa dəyir,

Ara-sıra

şimşəklər də buludlar arasından

od çiləyir,

İldırım vəlvələsi

qəhəddir hələ...

Həzin-həzin

bulaqlar da pıçıldaşır,

çaylar da təkəmseyrək

aşıb-daşır,

dəniz fırtınası

görünmür hələ...

Handah-hana

təpələri titrədən,

dərələri yellədən

püskürmələr duyulur,

Dağları silkələyən,

ümmanları tufana,

fırtınaya səsləyən

zəlzələ yoxdur hələ...

28.07.2019

6.BIR NAKAM SEVGİYƏ...

Torpaq səni sevdi,

sən də torpağı.

Bitdi bir ömrün

acılı-şirinli

qarası,ağı.

Söndü arzuların

ümid çırağı.

18.08.2019

7.Ə M A N Ə T

Dünyasını vaxtsız dəyişən əvəzsiz dost,

görkəmli dilçi,AMEA-nın müxbir üzvü

Adil Bağırov Naxçıvanda yaşadığı evinin

pəncərəsi önünə bir fidan çinar əkmişdi...

Bu gün

pəncərənin önünə

illərcə bundan öncə

əllərinlə əkdiyin,

körpə övladın kimi

qayğısını çəkdiyin

çinarını gördüm.

Çinarı sən bilib salam verdim.

Yaman qol-budaq atıb

səndən sonra,

Tək başına dov gəlir

şaxtaya, borana, qara.

Budaqların çoxu da

əyilibdi yollara...

Ancaq

ağac olanda nə olar...

onun da qəlbi var,

düşüncəsi var,

Çoxumuzdan vəfalıdır

“ kəsdiyi çörəyə”.

Sahibdir riyasız, boyasız

gül kimi ürəyə.

Bir ovuc su versən

qədrini biləcək,

üzünə güləcək,

istəsən

yolunda da öləcək...

Yaxşı ki,

insanlar kimi deyil ağaclar,

Yoxsa heç nəyin üstündə

bir-birini qırıb-çatır,

qırıb-çatar...

Üzə vurmasa da kimsəsizliyini,

ancaq elə bil

duyub sənsizliyini.

Onunçün də

sığala həsrət qalan,

saçın küləklər yolan

bir körpə balan kimi

yarpaq-yarpaq,puçur-puçur

isti göz yaşların

dibinə salır çinar.

axı, onun nə yaşı var?!..

Sən Haqqa əmanət olsan da,

ruhunla baş-başa qalsan da,

bunu bil:

Səndən də çox şeylər qaldı

bizlərə əmanət,Adil:

əsərlərin,

əməllərin,

halalca təmiz adın ...

Birdə ki,

yarımçıq ömrünü

səndən sonra yaşadan,

boyuna baxıb öyündüyün,

kədərinə sıxılıb,

dəminə sevindiyin

tənha,yorğun çinarın.

15.10.2019

8.ÖMÜR YOLU

Geriyə baxıram, acılı-şirinli,

qayğılı, qayğısız, bəhərli, bəhərsiz

illərim, aylarım, günlərim,

irəli baxıram sayılı anlarım,

bəlkəli gümanlarım görünür.

Fikrim,xəyalımsa

ömrün dolaylarında

duman kimi sürünür.

Sən demə,bu da bir ömür yolu imiş-

bir insan ömrünün yolu-

gah boş, gah da dolu.

Ötənlərdən bu günlərə

ailə, uşaq, nəvə, nəticə-

bütöv bir nəsil,

bir də, bir-iki misram qaldı.

Bir para şeylərimi də

aman umduğum zaman aldı.

Ancaq vaxt-vədə,

Istəsək də, istəməsək də,

öz sözünü deyir.

Və səvabını, günahını

xatırladır sənə bir-bir.

Günahım səvabımdan

çox olub, deyəsən,

deyim ki,bunu da biləsən:

Vaxtında görməli işlərimi

vaxtInda görmədim-

ağlımın ucundan.

Ancaq, onu da deyim ki,

bir şey də ummadım ağlım kəsəndən

nə atamdan. nə anamdan,

nə də qardaş- bacımdan..

Öz dişim, dırnağımla qazandım nəyim varsa,

Yoxsa, batacaqdım zamanın burulğanında

özgəyə qalsa...

İnsafən, hərdən əl tutanım da olub,

“qorxma” deyənim də.

Haqqımı yeyənlər də çox olub,

çörəyimi yeyənlər də.

Hərdən-hərdən məni

öyənlər də tapılıb,

qaramca deyənlər də,

bəzən də

bir “çarəsiz” iş üşün

qapımı döyənlər də...

Bəlkə də ,

ömür dediyimiz yolun

ləzzəti də bu imiş,

necə ki, bir kişı nə vaxtsa demiş:

“İnsan kərpic kimidir,

yandıqca bərkiyir”.

Biri də demişdi ki:

“İnsan yıxılır, durur, sonra yeriyir”.

Mən də yandıqca bərkidim,

yıxıldım, durdum, yeridim.

Yıxıla-yıxıla,

dura-dura,

yeriyə-yeriyə,

bərkiyə-bərkiyə

bir də gördüm ki,

qar yağıb, qapımı alıb...

Indi bəzi işlərim də var ki,

onlar da, ömür vəfa etsə,

sabaha qalıb...

30.12.2019




Ana səhifəyə qayıt        Baxış: 1 903          Tarix: 7-01-2020, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma