Onlar bütün günü ağızlarında maska, əllərində spirt evdə oturarlar?
Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.
Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”
Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.
AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.
Bu gün dünya gündəmini zəbt edən əsas mövzunun COVİD-19 adlanan koronavirus olduğunu desək, yanılmarıq. Artıq neçə aydır ki, hamı ondan danışır, bu COVİD də günü-gündən əl-qol açır və total şəkildə yer üzündə mövcud olan bütün ölkələrin yaşamına təsir edir. Bir neçə ay əvvəl yaranan təşvişli xəbərlər insanları daha əvvəlki kimi qorxutmur. Sanki adiləşir koronavirus və çox güman ki, bir aydan da az müddətə - hər halda çinlilər belə ehtimal edirlər - ona qarşı vaksin hazırlanıb, dövriyyəyə buraxılacaq.
COVİD-19 bizim də həyatımımıza təsirsiz ötüşməyib. Sovet dövründə biz güclü qar yağanda dərsə getmirdik, amma indiki uşaqlar məktəbdən koronavirus təhlükəsinə görə qalırlar. Və hətta sosial şəbəkələrdə artıq bu virus mövzusunu yumora çeviriblər: uzadılan tətilə görə COVİD-ə təşəkkür edən kim, onun haqqında meyxana deyən kim... Amma Azərbaycan hökumətinin dərsləri məcburi qaydada saxlamaq qərarı məndə ikili təsir yaradır. Məncə, bu qərar məntiqdən bir xeyli məsafədə uzaqdır. Axı niyə belə düşünürəm – izah edim.
Bir tərəfdən yaxşı başa düşürəm ki, bu qərar ÜST-nin tövsiyəsi ilə verilib: məktəblər, universitetlər bir neçə günlük bağlanmalı və ciddi dezinfeksiya olunmalıdır. Təbii ki, insanın həyatı bütün digər nəsnələrdən öndə gəlir. Amma başa düşmədiyim, daha doğrusu, məntiqdən uzaq hesab etdiyim başqa reallıq var: dərslərdən azad olan tələbələr, tutaq ki, əksəriyyəti şəhərdə qalmayacaq, öz regionlarına gedəcəklər, amma ali təhsil ocaqlarında oxuyanların hamısı rayonlardan gəlməyib. Sizcə, onlar bütün günü ağızlarında maska, əllərində spirt evdə otururlar?
Və yaxud məktəbdən azad olan uşaqlar – onlar da bütün günlərini kompüter arxasında və ya kitab oxumaqla keçirmirlər axı. Şəhərin kafe və restoranları, çayxanaları, oyun salonları ağzına qədər doludur. Yəqin, bu dediyimin həqiqət olmasını sən də təsdiqləyərsən, əziz oxucu. Məktəb uşaqlarının məcburi tətilində gördüyüm məntiqsizliyin bir qolu da valideynlərdir. Tutaq ki, mənim uşağım bütün günü evdən çıxmayacaq, maska taxıb oturacaq, əllərini də tez-tez sabunla yuyacaq. Bəs valideynlər? Axı biz səhər işə gedirik, ictimai nəqliyyata minirik, adam arasında oluruq və təbii ki, COVİD-lə “qardaşlaşmaq” şansımız daha çoxdur. Və axşam evimizə dönürüksə, elə COVİD də bizimlə gəlir uşaqlarımızın bizi gözlədiyi evə.
Qətiyyən elə hesab etməyin ki, mən ölkədə bütün müəssisələrin bağlanmasını təklif edirəm. Xeyr! Mən sadəcə demək istəyirəm ki, koronavirus təhlükəsinə görə məktəbləri bağlasalar belə, bu təhlükə aradan qalxmır və atılan addımı effektsiz edir. Onsuz da hələ bu bəlanın dərmanı yoxdur və görülən dezinfeksiya tədbirləri adi qriplə mübarizə zamanı istifadə edilən metodlardır. Odur ki, bir neçə günə ölkədəki bütün təhsil ocaqlarını dezinfeksiya edib, uşaqları geri qaytarmaq olardı. Ən azı valideyn bilərdi ki, boş-bekar qalan uşağı hansısa parkda, çayxanada, oyun salonunda veyillənmir. COVİD-ə belə yerlərdə rast gəlmək imkanı heç də məktəblərdən az deyil axı.
Amma bu koronavirus, deyəsən bala-bala dala çəkilir. Düzdür, hələ rəsmi olaraq dərmanı tapılmasa da, istənilən qrip növü kimi, o virusun da aktivlik dövrü var. Martın 8-də koronavirusun vətəni sayılan Hubey əyalətindən başqa Çinin heç bir ərazisində yeni yoluxma halları qeydə alınmayıb. Bu barədə Çin Səhiyyə Nazirliyinin rəsmi təmsilçisi Mi Fen açıqlama verib.
Dünən həm isə COVİD-in yaşlı adamları daha tez təslim etməsi barədə xəbərlər də təkzib olunub. Məlum olub ki, Çinin Hubey əyalətinin Vuhan şəhərində koronavirusa yoluxmuş 100 yaşlı kişi sağalıb. Uzunömürlü kişinin Çinin ən yaşlı koronavirus xəstəsi olduğu bildirilirdi. Qeyd olunub ki, kişi ötən ay, fevralın 24-də xəstəxanaya çatdırılıb. İlk günlər vəziyyəti ağır olsa da, virus əleyhinə müalicə üsullarından sonra sağalıb.
Bu, o deməkdir ki, COVİD-ə qarşı aparılan mübarizə effekt verməyə başlayır. Amma bütün insanlığın koronavirusla mübarizəyə səfərbər olduğu bir vaxtda, Azərbaycan Prezidentinin də tibbi maska və spirt çatımazlığı ilə bağlı dediyi sözlərdən sonra da, bəzi möhtəkirlər bu vəziyyətdən pul qazanmaq arzusuna düşürlər. Əhalinin aptekləri gəzərək çətinliklə tapdığı tibbi maskalar, sən demə, iri partiyalarla Çinə və İrana daşınırmış.
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı əməliyyat keçirib. Həbs edilənlər arasında İran və Çin vətəndaşları var. Amma onlara kömək edən də elə özümüzünkülər olub...
Paylaş: