Xəbər lenti

    

 Ruhumuza sığal çəkən, könlümüzü oxşayan, bizi düşündürən, mənəviyyatımıza təsir edən poeziya romantik duyğuların təcəssümüdür. "Şair olmaq xoşbəxtlikdir"- deyirlər. Lakin o şair xoşbəxtdir ki, yaratdıqları özündən sonra da onu yaşadır. Əminliklə deyə bilərik ki, şair Xanəli Kərimlinin də yaradıcılığı  nəsildən-nəsilə keçərək onu yaşadacaq. Çünki Xanəli Kərimli "Ay işığında", "Anamdan məktub", “Bu da bir nağıldı...”, “Mənə elə gəlir ki...”, “Duyğularım, düşüncələrim”, “Mənim könlüm bir ümmandır”,"Payız Duyğuları", "Ahlat taşı" kimi onlarla bir-birindən dəyərli poeziya nümunələrinin toplandığı kitabların müəllifidir.

Sözün dəyərini bilən, şeiriyyətin bəstəkarı, gözəl poeziya nümunələri yaradan Xanəli Kərimli ilə olan söhbətimiz şairlər üçün əlamətdar bir günə - Beynəlxalq Poeziya Gününə təsadüf etdi.

-Şair Xanəli Kərimli üçün poeziya nədir?

-Poeziya elə bir sənət, insan qəlbinin elə bir kəşfidir ki, o  bütün bəşəriyyəti irqindən, dinindən, dilindən  asılı olmayaraq  bir məcrada birləşdirə bilir. Poeziya geniş anlamdır, o, təkcə şeir deyil. Nə qədər varlıq, nə qədər yaranış varsa hər bir varlığın, hər bir yaranışın özünəməxsus poeziyası var. Rənglərin poeziyası var, səsin poeziyası  var, memarlığın poeziyası  var. Ona görə də  poeziya hislərin,  duyğuların tərənnümüdür və poeziyanın  bayramı da   azad düşüncənin, azad  fikrin  bayramıdır.

-Taleyinizə Şahbuz rayonunun Mahmudoba kəndində, dağlar qoynunda, zəhmətkeş bir ailədə doğulmaq  və şair olmaq düşdü. Hər halda Məmməd Araz yurdunda doğulmaq, şair olmaq özü də bir xoşbəxtlikdir?

-Şairlik taleyin, qismətin işidir. Şair adını daşımaq, şair sözünün yükünü çəkmək çox çətindir. Şair hər şeydən əvvəl  öz zamanının, öz dövrünün danışan dili, vətəninin çarpan ürəyi, görən gözüdür. Dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatovun bir yaxşı sözü var. Deyir: “Mən bilirəm ki, xalqım mənə öz adından danışmaq etibarını, danışmaq səlahiyyətini veribsə gərək  mən elə yazam, elə danışam ki həmişə xalqıma baş ucalığı gətirəm”. Yuxusuz gecələr keçirib yaxşı alim, tədqiqatçı olmaq olar. Amma şair olmaq üçün gərək anadan şair doğulasan. Şair olmaq ona görə xoşbəxtlikdir ki, sən duyğularını, hislərini, düşüncələrini sözə çevirib kiməsə ötürə bilirsən. Şair ömrü  daim  vətənin keşiyində olan əsgər ömürdür.  

-Yaradıcılıq əhval-ruhiyə ilə sıx bağlıdır deyirlər. Hər şeir yazılmamışdan öncə ağrı – acıdan, sevincdən, həsrətdən,  sevgi yanğısından doğursa ürəklərə daha tez yol tapar ...

-Poeziya ovqat işidir, şair hər şeydən əvvəl  öz duyğularının, düşüncələrinin, hisslərinin əsiridir. Sevgi, məhəbbət, ata, ana, ağsaqqal, əxlaq, vətən mövzusu   yüz illərdir işlənir, yenə də dadı, duzu qaçmır. Ona görə ki, hər bir şair o kədərə, o  sevgiyə öz möhürünü  vurur, hər bir şair  o vətən sevgisinə özünün dərk etdiyi sevgini yazır.

-Ayrı–ayrı dövrlərdə nəşr olunmuş kitablarınıza nəzər salanda  keçdiyiniz yaradıcılıq yolunu  əhatəli şəkildə izləmək mümkündür. Yazdığınız şeirlərin hər misrasında  torpağa, vətənə, təbiətə və insana məhəbbət bəsləyən bir şair ürəyinin yanğısı var.

-Təbiət, cəmiyyət vahiddir. İnsan təbiətin bir parçasıdır. İnsan təbiət qoynunda olanda  onda  romantik duyğular, sentimental düşüncələr baş qaldırır. Çünki, insan təbiətdən gəlib cəmiyyətə. Ona görə  insan təbiət ilə qovuşanda o hiss, o duyğuda, ilkə qayıdış baş verir. İnsan təbiətə doğmalaşdıqca təbiətə olan duyğularını təbiətə qaytarır. Hər  bir şeirin özündə də  bir ictimai duyum, düşüncə var.  Şair üçün   təbiətin ağacı da, torpağı da, daşı da, yarpağı da hər biri  bir insan obrazıdı. Çünki şair bir çox hallarda cəmiyyətə təbiətdən baxır… 

-Bir bahar gününü yaşayırıq. Bu havada  şairin ovqatı necədir? “Ömür bahar deyil ki, bir də qayıtsın”,- deyirlər . Siz necə düşünürsüz,  baharlar olduğu kimi  qayıdırmı insan ömrünə?! Hər halda belədirsə, bu, şairin gözündən yayınmır... 

-Bahar həmişə gözəldir. Ama insan ovqatından çox şey asılıdır. Bahar həmişə insana zövq verir , əhval-ruhiyyəsini  xoş edir.  Xüsusilə şairləri ilhama gətirən fəsildir bahar. Amma şair var ki baharda daha çox yazıb yardır , şair də var ki payızda.  Şair Xanəli Kərimli isə   payızda  daha çox yazıb-yaradır.

O ki, qaldı baharlar olduğu kimi qayıdırmı ömrümüzə sualınıza, baharlar təbii ki, insan ömründə bir-birinə bənzəmir. Əlbəttə heç nə əvvəlki kimi olmur. Hər şeydə nəsə bir təzəlik olur. Ömür   isə bahar kimi bir də  geri  qayıtmır.İnsan ömrünün yayı,  payızı,qışı da var. Hər fəslin bir gözəlliyi var sadəcə  təbiətin bir parçası olan insan o gözəlliyi duymalıdır.

-Poeziya və vətən. Bu mənada şair X. Kərimlinin poeziyasında  vətən anlayışı...

-Vətən mövzusu  həmişə ədəbiyyatmızın başlıca mövzusu olub. Abbas Səhhət  nə gözəl deyib:

Vətən  əcdadımızın mədfənidir,

Vətən övladımızın məskənidir.

Vətənin yoxdursa  sənin  qürurun da yoxdur, arxan  da, elin, oban da yoxdur, sözünün kəsəri də yoxdur.  Vətən elə bir məfhumdur ki,   ondan  min ildir  yazıblar, min il də bundan sonra  yazacaqlar  yenə də bitib tükənməyəcək. Məmməd  Arazın  məhşur misrasında deyildiyi kimi…

 Vətən daşı  olmayandan olmaz ölkə vətəndaşı.. 

Şeirlərimin birində yazmışam:

“Qeyrət qılıncımız pas atsa qında,

Bizə məzarlıqçün torpaq da qalmaz”.

Əgər biz  vətənimizi qorumasaq  dəfn olunmağa  yer də tapmarıq...

-Yaradıcılığınızda  fəlsəfi fikir və düşüncə  aparıcı mövqe tutur...

Mənim oxucuya dediklərim ilə oxucunun şeirimdən  götürdükləri arasında   bərabərlik bəzən pozula da  bilər.  Yazıdıqlarımı hər kəs eyni cür qavramır. Şair çox sey deyə bilər, oxucu isə özünün düşüncə imkanlarına uyğun  olanı mənimsəyir.  Fəlsəfi düşüncə mənadır,  mənasız söz yoxdur.  O sözün ki, mənası var onun özü fəlsəfədir.  Hər bir şairin bu və ya digər şəkildə özünün fəlsəfi fikri var. O fəlsəfəni qarşındakı necə qəbul edəcək, o  artıq oxucunun fəlsəfi düşüncəsindən asılıdır. İnsan sözü kəşf edib, söz də insanı, bax, bunun özü bir fəlsəfədir.

-“Şeirlərində də özü olan adam”- qələm dostlarınız sizin üçün belə deyirlər. Qismətinizə “öz taleyinizin  yol yoldaşı” olmaq yazılıb... 

- Şairin gərək öz yolu ola,  düşüncəsi ola. Əgər yolu yoxdursa  mənzili də yoxdur.   Ondan sonra deyilir ki,  bu dəsti -xətt  Xanəli Kərimlinindir  ya da başqa şairin. Hər bir şair özündən əvvəlkilərdən bəhrələnir, sonda öz yolunu tutur.İlkində kiminsə yaradıcılığına oxşarlıq ola bilər. Amma şair gec-tez  öz yolunu tapmalıdır.    

İllərdir yazırsınız. Yüzlərlə şeirləriniz arasında özünüzə həsr etdiyiniz  poeziya nümunəsi varmı?

 “ İnsan var” şeiri…Şeirdə yazmışam ki,

İnsan var –

sürtülmüş çay daşına bənzəyir.

Lap üzünə tüpürsən də,        

qaşıyaraq boynunu

üzünə gülümsəyir.

İnsan var –  

susuz səhra daşı kimi

dəfn edibdi içində

sevincini, qəmini.

Yaşın çoxu keçsə də,

hələ tapa bilməyib

yaşamağın çəmini.

İnsan da var –

bir üzü səhra daşı,

bir üzü çay daşıdı.

Bir tikə çörək üçün

bütün ömrü boyu

üzdə boynun qaşıdı,

içində qəm daşıdı.

Beş əli alımlı.

bir əli verimli,

üzü bazar,

içi azar dünyada

bəs sən kimsən –

ay Xanəli Kərimli?!..

Şair özü-özünə hesabat verməli, özünün başlıca tənqidçisi olmamıdır…

 İçində insanlıq ölən  şairin

 ölü də doğulur şeiri, sənəti,

min dastan yazsa da vətən eşqinə

 bir toz qədərincə yoxdur qiyməti  ..   

 -Xanəli müəllim gerçək şeir həm də o zaman uzun ömürlü olur ki, həm tarixə, həm bu günə, həm də torpağın ruhuna bağlı olur...

-Haqqın dərgahı bəşəriyyətin şərikli vətəni olduğu kimi, Azərbaycan da əlli milyonluq xalqımızın bölünməz,vahid Vətənidir.Vətənimizin hər bir qarışı,hər bir guşəsi bizim üşün həmişə əzizdir,o cümlədən onun  ayrılmaz tərkib hissəsi Naxçıvan da…

-Bu dünya bir cənnətdirsə,

O cənnətin qapısı sən!

Varım, yoxum - nəyim varsa,

Cümləsi sən, hamısı sən!

Yaşa xoşbəxt anım mənim -

Əbədi ünvanım mənim -

Doğma Naxçıvanım mənim!

Naxçıvan hamımızın döyünən ürəyidir. Naxçıvan haqqında olan duyğu, düşüncələrimiz də,sevgimiz də  sonsuzdur. Naxçıvan  bəşər  sivilizasiyasının beşiyi, peyğəmbərlər vətənidir. Ona görə bu vətəni vəsf etmək bütün zamanların  şairlərinin borcudur.

Ey  şəhidlər qanı ilə yoğrulan torpağım mənim,

Fırtınalar qucağında sönməyən çırağım mənim.

Sən dünyaya sığışmayan özün boyda  bir qüdrətsən

 Sən peyğəmbərlər vətəni, bir müqəddəs məmləkətsən.

          Müqədəs məmləkəti də gərək müqəddəs sözünən vəsf edəsən...

- Bu payızda 70 yaşa qədəm qoyacaqsınız. Söz  cavandı, təzə-tərdi, ancaq   şair qocalır...

-Qocalıq ucalıq deməkdir.  Əgər taleyimə şair kimi qocalmaq  düşübsə  bu   Allahın bir lütfüdür.  İnsan  qocaldıqca müdrikləşir. Qaldı ki şairin qocalmağı... bu şərti ifadədir. Əgər şair 80 yaşında da gənclik həvəsi ilə yazıb-yaradırsa, o ruhən cavandı. Xalq şairimiz Bəxtiyar Vahabzadənin bu misralarını yerində xatırlasaq  əgər…  “Əsl sənətkarın ,  əsl şairin özü qocalsa da, sözü qocalmır”.

Ona görə şairlər həmişə cavandı  sözü ilə, düşüncəsilə….   

-Şair bir ömrün işığına nələri sığdırdı?  

-Ömrün işığına sığdırdıqlarım   çox  oldu, amma elə şeylər də oldu ki, heç  o ömrün işığına yaxın da gəlmədi.  İnsan  bir addım qazandıqca bir addım da itirir, qazana - qazana, itirə - itirə  bu   yaşa çatdıq.  Aylar, illər,  ailə, övlad, müəllim, şair... Bu ömür yolunda yol göstərənim də oldu, yol göstərən də oldum.

Bir şeirinizdə yazmısınız ki,

Şair haqqın yolçusudur,

 Haqq yolu  kəfən yoludur.

 Kəfənin özü biçənin,

 Yolu da vətən yoludur.

 

Şair, yolunuz axarlı olsun...

            Söhbətləşdi:

Türkanə Əmoyeva,




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 28-03-2020, 11:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma