Xəbər lenti

Artıq həftələrdir bütün fantastların, antiutopiklərin, sürrealistlərin bir zamanlar təsvir etdiyi mənzərələr içində yaşamaqdayıq.
Robert Sheckley, Ray Bradbury, Isaac Asimov, Aldous Huxley, Struqatski qardaşları, Yevgeni Zamyatin, George Orwell, Frans Kafka, Aleksandr Belyayev, Pelevinlə Sorokin – hamısı gedib işinin dalınca.
Dünya rəsmən dayanıb, Azərbaycanın şairlər ordusunun bir çox yerlərdə gəldi-gəlmədi istifadə etdiyi “dayan dünya” kimi klişesi sözün hərfi mənasında təcəssüm edib. Daha doğrusu hərəkət var, amma anlamı başqadır – bu hərəkət içində maska daşıyan Çin təyyarələrinin üstündə aparıcı dünya dövlətlərinin davası, Fransada Chloroquine adlı maddənin bu virusdan sağaldıcı olub-olmadığı mövzusunda qızğın debatlar, Avropa Birliyinin əsaslarını sarsıdan hadisələr baş verəndə, Türkmənistanda “koronavirus” kəlməsi belə qadağan edilir, azərbaycanlıların da bu arada günü dövlətlə SMS oyunu oynamaqla keçir.
Böyük böhranlar hər zaman bəşəriyyətin “formatlanması”na gətirib çıxarır, bu dəfə də istisna olmayacaq. Bunu artıq kimsə müzakirə etmir, hamını düşündürən başqa şeydir – bu dəyişikliklər necə bir dünyaya gətirib çıxaracaq? İngilis fantastı Aldous Huxley bir zamanlar gələcək haqqındakı fantaziyalarını öz məşhur romanında “Brave New World” adlandırmışdı. Görən indi adını nə qoyacağıq?
Bu necə bir dünya olacaq, gözlərimiz önündə formalaşan planetar rəqəmsal konslager, yoxsa futbol və show industriyasına axmaqcasına yatırılan milyardların elmə, konkret tibbi axtarışlara yönəldiyi daha mükəmməl bir dünya?
Qərb mətbuatında hazırkı hadisələri II Dünya Müharibəsindən sonrakı ən ağır dövr adlandırırlar, amma fikrimcə bu məhz Qərb coğrafiyasına aiddir, çünki bizə, şərti olaraq “şərqi avropalılar” adlandırılanların coğrafiyasına bunu aid etmək çətindir. Biz zamanlar Putinin Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırması Qərb coğrafiyasında gülüş və istehza doğurmuşdu, amma indiki azacıq gəlişmələr fonunda Avropada indiyə kimi ağzına qədər dolu supermarketlərdən tualet kağızı və undan tələm-tələsik boşaldılmış rəfləri görüncə homo sapiensin hüsnündəki kültür maskasının necə də nazik və incə olduğuna bir daha təəccüblənməyə bilmirsən. Söhbət Putindən və onun təbliğat maşınından getmir, nəhəng coğrafiyanı əhatə edən sovetlərin qəflətən dağılması və burada oturuşmuş iqtisadi sistemin tam çökməsi dövründə bu coğrafiyada insanlar real aclığın qorxunc üzü ilə qarşılaşmışdı, Qafqaz və Balkanlarda isə bunun üstünə müharibənin, etnik konfliktlərin dəhşətləri əlavə edilmişdi.
Bircə məsələ şübhəsizdir ki, bu pandemiyadan sonrakı dövrdə bir çox ölkələrdə dövlət istər-istəməz səhiyyə sisteminə, insanlarsa sosial və fərdi gigiyena vərdişlərinə yenidən göz atmalı olacaqlar. Vərdişlər ümumiyyətlə çox dəyişəcək, göz görəsi başqa xarakter alacaq, salamlaşmadan tutmuş qida qəbuluna, turistik səfərlərdən dini baxışlara kimi.
Kiçik haşiyə: Burada azca da olsa ciddi-qaşqabaqlı söhbətlərdən yayınaq. Bakıda hardasa mileniumdan sonrakı onuncu illərdə glamour civilərin arasında bir dəb vardı. Demək spa salonlarından çıxmayan, gündəlik həyatda high level class sərgiləyən bu xanımların bir şakəri vardı – ildə bir dəfə Hindistana səfər edir, orda bilmirəm, bir Sai-baba (ya da nə bilim hansı baba) adlı bir müdriki-müqəddəs varmış, onun yanına gedirlərmiş. Demək uçağın uça biləcəyi yerə kimi gedib çıxan bu civilər, yolun ardını yerli minik vasitələri ilə qət etməli olur, antisanitariyadan boğulan Hindistanın allah bilir hansı ştatının cəngəlliklərində o qardaşın çirkli ayağını bunların başına vurması üçün hər fədakarlığı edirmişlər. Qardaş da qəbulu zamanı rəsmən bunların başına öz çirkli-müqəddəs ayağını qoyurmuş, civilər də bundan bayılırmış, «от нирваны, от обуревающего чувства благоденствия, ну понимаешь да.»
Şühbəsiz ki, bu hadisələrdən sonra bütün bunlara da münasibət dəyişiləcək, daha əvvəlki tək səyahətlər yəqin ki, mümkün olmayacaq. Son onillikdə dünyada vizaların tədricən aradan qalxması və bir çox istiqamətdə low cost uçaqların peyda olması çox böyük bir insan kütləsi üçün səyahəti, traveling-i adi, sıradan by default bir nəsnəyə çevrilmişdi. Sanki az qala bütün planet sanskrit mantrasındakı “bütün dünya – bir ailədir” deyiminin real təzahürünə dönmüşdü. İndi alınan azadlıqlar pandemiyadan sonrakı dövrdə geri qayıtmasa necə olacaq, kimsəyə bəlli deyil.
Bir məsələ aydındır ki, son illər insanların bu qədər hərəkətli olması artıq xüsusi xidmətləri, ümumiyyətlə dövlət bürokratiyasını narahat etməyə bilməzdi. Hazırda isə mövcud reallıq bir çox dövlətlərin zamanında boyunlarına götürdükləri konvensiyalardan legitim surətdə geri çəkilməsinə çox böyük şanslar yaratmışdır. Dünyanın bütün nöqtələrində, o cümlədən Avropada çoxdan baş qaldırmış millətçillərlə antiqlobalistlərin bu münbit şəraitdən yığacaqları bəhrə haqda Apostrofun növbəti buraxılışında bəhs edərik.
İnsanların öz zamanına baxışı da dəyişəcək, zatən hazırda, hamının məcburi downshifting həyat tərzi sürməyə məhkum edilməsi, “dolce far niente” moduna keçməsi fonunda bu artıq hiss edilməkdədir.
Sonda hazırkı pandemiya haqda bilib-bilmədiklərimizin qısa xülasəsinə göz ataq. Koronavirus haqda bu günə artıq dəqiq məlumdur ki:
Evdən çıxmaq olmaz, amma lazım olsa, mümkündür.
Maskalar əslində heç kömək də etmir, lakin geyilməlidir.
Mağazalar bağlanır, lakin lazım olduqda açılır.
Xəstəxanalara getmək faydasızdır, çünki vaksin-filan yoxdur, ancaq getməlisiniz.
Bu virus ölümcüldür, amma prinsipcə qorxulu deyil.
Əlcəklər kömək etməyəcək, amma taxılmasında zərurət var.
Hamı evdə qalır, amma hamı da gəzir.
Özünüzə yaxşı baxın, məşhur pritçada deyildiyi kimi bu da keçib gedəcək. \\Azlogos




Ana səhifəyə qayıt        Baxış: 2 620          Tarix: 7-04-2020, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma