Xəbər lenti
Tanınmış yazıçı Əlabbasın Qardaş Türkiyədə “Əski adam və digər öykülər”  adlı hekayələr kitabı çapa hazırlanır.Kitabda yazıçının on beşə yaxın hekayəsi  və povestləri  yer alacaq. Yazıçının kitabda toplanan əsərlərini Əbdülkadir Özkan Türkiyə türkcəsinə uyğunlaşdırıb.Həmin kitabda yer alan  “Şəbi-hicran”  adlı  hekayəni “Ovqat.com” oxucularına təqdim edirik.
 
                                                      Şəbi-hicran
 
Pianomuzu mebel ustası olan dostuna bağışladığını atamın gecəyarı telefondan qırıq-qırıq və fasilələrlə gələn hüznlü səsində eşidən kimi Bakıda, xəttin o başında onu necə yaş boğduğunu göz önünə gətirmək mənimçün elə də çətin olmadı. Onsuz da əziyyət çəkməyək deyə, anamla məni rayona yola salıb təmirə görə özü evdə tək qalmağı istəyəndə bilirdim ki, şəhərdən gələcək ürəkaçmayan xəbərlərə hər dəqiqə hazır olmalıyıq. Son zamanlar qəlbi elə yuxalmışdı, deyirdin bəs günbəgün, saatbasaat dəyişilir. Gəlişimizin elə üçüncü günü zəng vurub ki, təklik amanını kəsib, ya biz geri qayıdaq, ya da iş-gücünü qoyub o özü ardımızca gələcək.
-Başa düşün,-deyir,-isti bir yandan, əlifin, rəngin iyi o biri yandan, biş-düşə həvəs yox, axşamacan toz uduram. Təzyiq də o tərəfdən axırıma çıxıb, məqam gözləyir ki, canımı alsın. Özünüz baxın.
Ona elə gəlirdi, nə var səhhətindəki nasazlıqla, əsəblə bağlıdı, tezliklə hər şey keçib gedəcək, daha fikirləşmirdi, yaş öz işini görür: səbəb oldu-olmadı, kədərlənir, xüsusilə cəbhə yeniliklərini gözyaşı içində dinləyir, dünyanın o başından gələn hər hansı ölüm xəbərindən də dərhal mütəəssir olurdu.
-Qocalırsan ha, xəbərin var? Bir az laqeyd ol!- tanımadığı adamların acı taleyi üçün vaxt-bivaxt kədərlənməyi, axır ki, günün birində anamı da dilə gətirdi. Günahkar halda baxan atam özünü onda qoymasa da, hər şey göz önündə idi. Xeyli müddət sussa da, sonda bircə bunu dedi: “Axı niyə öldürürlər?” Anamın: “Yaz getməsə, yay gəlməz” deyib vaxtında filosofluğa başla-mağı lap yerinə düşdü, kişi gülümsünüb razılıqla başını yırğaladı:
-Orası elədi, gərək gələn gedə ki, başqası da gələ.
Bilirdim, atam daha o gücdə, o həvəsdə deyil ki, gənclik illərində olduğu kimi beş-üç nəfər tay-tuşunu da başına yığıb deyə-gülə o cür ələngəni böyür-başını zədələmədən altıncı mərtəbədən həyətə endirələr. Axır ki, uzun, yorucu və bürkülü avqust ayını başa vurub anamla birlikdə şəhərə qayıdanda atam ondan ötrü hər mərtəbəyə görə fəhlələrə köz kimi on beş manat tərlədiyini deyəndə qətiyyən təəccüblənmədim. O hər dəfə kirayədən-kirayəyə köçəndə yalnız pianinoya görə başına qiyamət qopduğunu və onunla bağlı əhvalatları o qədər təkrarlamışdı ki, onun necə uzundərə məsələ olduğunu artıq hamımız bilirdik.  Bir dəfə arxasına düşən saatı götürməkdən ötrü qonşudan köməyə adam çağırmağımız da o qədər uzaq vaxtın söhbəti deyildi. Atamı dəfələrlə dilə gətirən qüvvənin nə olduğunu da elə o gün, qardaşımla bərabər çiyinlərinə bürmələnmiş döşəkağı keçirib o buğa kimi cavanların bu qara zindanı döşəmədə şırım aça-aça necə zülmlə ora-bura çəkdiklərini gözümlə görəndən sonra başa düşdüm.
Atam onu doxsanıncı illərin lap əvvəlində Bakıdan İsrailə köçən bir cuhud ailəsindən o vaxtlar üçün baha hesab olunan bir qiymətə almışdı. O, uzun barmaqları olan oğlunu musiqiçi, daha dəqiqi, pianoçu görmək istəyirmiş. Onda bu arzunu doğuran həm də qardaşımın yaxşı səsinin olmağı idi. Qonşumuz Rahib əmi, o, konservatoriyada müəllim işləyir, ilk dəfə Rüstəmin avazını eşidəndə atamın qulağına pıçıldayıbmış ki, uşaqdan göz-qulaq olsun, o, yaxşı vokalist ola bilər, belə səs hamıya qismət olan şey deyil. O bunu bir mütəxəssis kimi deyir, bu, Allah vergisidi.
Bunu atam bizə sonralar, ağlımız kəsəndə danışırdı. Aşkar deməsə, onu da hiss edirdik ki, muğamın xəstəsi olmağı da piano almaqda onu az həvəsə salmayıb. İllər ötəndən, qardaşım müəllim yanında o sənətin sirlərinə az-çox yiyələnəndən sonra atamın muğam parçaları çaldırıb, kefinin lap o kök vaxtlarında bəm və şirin səslə bizi feyziyab eləməyi hesab-kitaba vurulsaydı, ömrümüzün, bəlkə də, ən yaxşı günlərindən sayılmalıydı. Çoxları, illah da qonşularımız ailəlikcə səsimiz olduğuna görə elə indinin özündə də bizi istedadlar ailəsi kimi tanıyırlar. Atam muğamla təsnif, anam hind və xalq, Rüstəmlə mən isə estrada və bəstəkar mahnılarının həvəskarı olmaqla yanaşı, deyilənlərə görə, həm də onun gözəl ifaçılarından sayılırıq. Rahib əmi də dəfələrlə məsləhət görüb ki, atam yüz yerə pul xərcləyə bilir, amma ailəmiz barədə beş-on dəqiqəlik çəkilişə görə kiməsə ağız açmağa tənbəllik eləyir. Bir ziyalı kimi onu tanıyanlar çoxdu, olsun ki, heç təmənna da güdməzlər. Qoy musiqi ictimaiyyəti də bilsin ki, bizdə belə istedadlı, amma abır-həyasını ondan da üstün tutan ailələr var. Hamı özünü artistliyə qoymayıb ki!
-Guya, mənim istədiyim budu?
Atam o cavabı verməsəydi belə Rahib əmi də bilirdi ki, onun ürəyindən keçən qardaşımı kamil bir sənətin yiyəsi görməkdi.  Amma o, Allahın yetirdiyi çörək ağacına vur-tut on dörd yaşı olanda öz əli ilə balta çalmışdı. Şəhərə ilk payız yağışı yağdığından o günün soyuğu baş verənlərlə birgə sazaq kimi hələ də canımda dolaşır. Sentyabrın son çərşənbəsində o, dostları ilə stadionda milli futbol komandamızın yarıtmaz oyununa tamaşa edəndən sonra özünü cumculuq halda evə ancaq yetirmişdi. Amma kaş hər şey elə bununla bitmiş olaydı. Kaş atamın bütün tənbehləri onun qolsuz köynəkdə saat yarım yağışın altda qalmasına görə olaydı…
Bəlkə də, Rüstəmin alakönül danışığına, hər şeyə qısaca “hə-yox”la cavab verməyinə görə o gün anamla mən nə baş verdiyini dərhal anlaya bilmədik. Hər şeydə olduğu kimi, onda da işin nə yerdə olduğunu atam əlüstü hiss elədi, o saat da hədəqəsindən çıxmış gözlərində sanki şimşək çaxdı, başını ikiəlli tutub:
-Sən nə eləmisən?-soruşdu,- bu yaşda da belə şey eləyərlər? Tüpürüm sənin futboluna. Kişinin oğlu azarkeş olub. Axı demişdim, muğayat ol boğazından. Adama bir sözü neçə dəfə deyərlər?
Onun belə qəfildən alovlanmağının səbəbini üzünü bizə tutub otaqdan çıxan qardaşımın qarasınca:
-Hazır çörək ağacından oldu, qədrini bilmədi onun, qoy getsin işinin dalınca, o nə qanır səs nədi, sənət nədi?-deyəndə başa düşdük. Atam gələcəyin böyük bir istedadının məhz bizim ailədə böyüdüyü ilə həmişə fəxr edər, Rüstəmi dostlarının yanında oxudub zövq aldı-ğını da kimsədən gizlətməzdi. İndi artıq yox idi o, bəlkə də, həmişəlik batmışdı o səs… O üzdən anamın:
-Özün həmişə demirsən, nə çoxdu Allahın möcüzələri? Nə oldu indi? Adını da yazıçı qoymusan, təmkinli ol,-deyib təsəlli vermək istəyi də qəfil zərbədən çaşmış atamı sakitləşdirmədi. O “sən umudlu ol, möcüzə baş verəcək, o da gəlib mütləq bizim qismətimizə çıxacaq” deyib başılovlu balkona çıxdı, təzədən içəri qayıtdı, Rüstəmi çağırıb səsini bir daha yoxladı və başını bulaya-bulaya: “Hayıf, dedi, arzumu gözümdə qoydun. De-yirdim bəs, sinəndə qartal ürəyi döüynür, səndə heç sərçə cəsarəti də yoxmuş”
Bizə, anamla mənə hesabat verirmiş kimi, gedib-gəlib  qarşımızda dayanır, səsini həmişəlik itirən böyük sənətkarlardan misal çəkir, o yaş dövrünün səs üçün təhlükəsindən söz açır, bu günəcən Rüstəmi möhtəşəm sarayların səhnəsində görmək istəyi ilə yaşadığını ağrı ilə dilə gətirirdi. Sonra onu mətbəxdə nəyisə taqqıldadan gördük, bir azdan kitab şkafında qurdalanmağa başladı, amma o da dərdinə çarə olmadı. Axırda da çəkiclə barmağını əzib deyinə-deyinə təcili yardım stansiyasına yollandı.
Bir oğul kimi Rüstəm onu heç nədə yarıtmadı: güləşin daşını uşaqkən atdı, ingilis dili kursunu yarımçıq qoydu, futbola görə ürək və diz ağrılarını bəhanə elədi… Hələ onda hardan biləydik ki, hamını istedadına heyran qoyduğu şahmatla işini də orta məktəblə bir yerdə qurtaracaq. Vaxt gələcək ən böyük uğuru olsa-olsa parkda gün keçirən təqaüdçüləri udmaqla bitmiş hesab olunacaq. O vaxt Rüstəmin haralarda girələndiyini atam ilk dəfə eşidəndə rişxəndlə:
-Gərək pul basıb səni də təqaüdə çıxaraq,-dedi,-onda işlərin lap yağ kimi gedər. Sırğa elə as qulağından, hər şeydə sənin axırına iradəsizlik çıxacaq.
…Atamın pianinonu satmaq fikrinə düşdüyü az vaxtın söhbəti deyildi. Baxmayaraq ki, son illərin ad günləri, qonaq-qaralı hər hansı tədbirimiz bir qayda olaraq “Cavan olmam bir də mən” şərqisi ilə bitərdi. Ar-tıq bu, dəb halını almışdı. Hamımız ayaqüstə pianonun ətrafına yığılar, Rüstəmin müşayiəti ilə o kədərli melodiyanı gah solo, gah da xorla ifa edər, günlərlə bu hadisənin təsirindən çıxa bilməzdik. Amma nəvələrinin pianonun başına oyun açmaqları azmış kimi hələ bir üstünə çıxıb şirmayı dilləri ayaqları ilə necə döyəclədiyini də bir neçə dəfə görəndən sonra atamın qərarı lap qətiləşdi. Onu daha çox həmin mənzərənin qardaşımın gözləri önündə baş verməyi buna məcbur eləmişdi.
-Axı sən bilirsən, onu gətirib bura çıxaranacan neçə qapı dəyişmişəm. Onu bilirsən, ya yox?
Mübahisə uzanmasın deyə Rüstəm gülə-gülə: “Şəhər yeridi, dar otaqlar, tərpənməyə imkan yox, uşaq da hardasa oynamalıdı?” cavabını verəndə elə bil yarasına duz qoydular onun:
-Ay mənim yox ağlım!-deyən gərək lazım idi sənə bu?
Bununla belə bilirdim ki, Rüstəmin heç olmasa xalaxətrin etirazını eşitməyi onu bircə anda fikrindən da-şındıra bilər. O, sadəcə bu qədirbilməzliyi bağışlaya bilmirdi. O da var ki, pianinonun çox ucuz bir qiymətə olduğunu öyrənməyi də, bildiyim qədər, az-çox atamın qarşısını kəsən maneələrdən idi. Tez-tez:
-Əlli manat? Yox bir, əlli qəpik,-deyirdi,-nadan nə bilir, piano nədi ki, ona da qiymət qoya.
Onsuz da gecənin o nagahan vaxtı zəng edib onu dostuna bağışladığını deyəndə hiss eləmişdim ki, o özündə daha qüvvə tapmadığına, dərdini bölüşməyə adam axtardığına görə telefona əl atıb. Yoxsa nə olmuşdu, o gecənin bir səhəri yox idi? Ya sözünü bizə deməyin ən münasib məqamı onda, gecənin ilanvuranın da yatan vaxtında idi? Zənnimcə, onun məqsədi bu yox, dola-dola dediyi:
-Elə bil canımın bir parçasını aparıblar. Neçə saatdı balkondan baxa-baxa qalmışam. Adam da bir quru taxta parçasını bu qədər istəyə bilərmiş?!-fikrini çatdırmaq olmuşdu. Xəbəri aldığımız həmin dəqiqələrdə anamla bərabər məni də yaş boğanda ağlımdan keçən ilk fikir o oldu ki, əgər pianonu altıncı mərtəbəyə qaldırmağın dərdi olmasaydı, atam onu yenidən qaytarıb yerinə qoydurar, bu ömürlük peşmançılıqdan canını birdəfəlik qurtarardı… Hələ üstəlik zənginə cavab olaraq biz də üz vurduq ki, daşı ətəyindən töksün. Onu kiməsə bağışlamağı heç birimizin ürəyindən deyil, nə anamın, nə də mənim…
Bir il sonra, atamın anım günündə  Rahib əminin məhz o vida dəmləri ilə bağlı xatirələrini televiziya tamaşaçıları ilə bölüşdüyünü eşidəndə o gecə bizdən çox-çox uzaqlarda baş verənlərin ağlımdan keçənlərlə hədsiz oxşarlığına özüm də mat qaldım:
-Dedi, vaxtım olsa, axşam bir baş çəkim ona. Bilirdim, evdə ayaq qoymağa yer yoxdu, təmir gedir. Amma sözünü yerə salmadım. Ona görə yox ki, uzun illərin qonşusu idik, ona görə ki, Əli müəllim həm çox sevdiyim yazıçı, həm də son dərəcə həssas insan idi. Nə isə… Girirəm içəri, baxıram ki, bir-birindən pəzəvəng beş nəfər dayanıb. Belə yerdə gəl özünü itirmə. Nə məsələdi, görəsən? Deyir, səndən son iltimasım var. Nə iltimas, Əli müəllim, sizə əmr etmək yaraşır. Buyurun, eşidirəm. Başıyla işarə eləyən kimi uşaqlar ehmalca sellofan örtüyü pianonun üstündən götürdülər. Doluxsuna-doluxsuna olsa da, dönüb ərklə:
-”Şəbu-hicran” çal,-dedi,-bilirsən də sən, bu gecə ayrı bir gecədi.…
Hiss elədim ki, amanabənddi. Səsi elə titrəyirdi, zarafatla “zər burda, zərgər burda, ondan asan nə var, dedim” Tozdan onsuz da oturmağa yer yox idi, elə ayaqüstə akkord götürməyimi gördüm. Uşaq kimi hönkürdü. Onu heç vaxt belə kövrək görməmişdim. “Nə olub, “Əli müəllim, özünüzü ələ alın”. “Mənə fikir vermə, sən işində ol” deyir, o tərəfdən də kirimək bilmir ki, bilmir. Gördüm alınmayacaq, yarımçıq saxladım. Söz versə də ki, təmkinli olacaq, yenə dediyinə əməl eləmədi. Dəsmalı suya dönmüşdü. Dönüb dodaqları əsə-əsə, uşaqlara qəhərlə “indi götürün!” deyəndə bildim ki, cavanları nəyə çağırıb. “Nə məsələdi belə?” “Onu soruşma, dedi, iyirmi beş ilə yaxın məndən ötrü o bu evdə bir insanı əvəz eləyib. Dərdimi sirdaş kimi ovudub. Niyə oyuncağa döndərim onu? Qoy hörmətli ayrılaq. Dili-ağzı olmayanda nə olar?”
Amma iş bununla da bitmədi. Obaşdan sübh namazına durub Əli müəllimi həyətdə, pianonun yanında görəndə gözlərimə inanmadım. Azacıq da yağış çisələyirdi. Yer islanmışdı. Havadan torpağın xoş ətri gəlirdi. Elə balkondan soruşdum ki, xəbəri var, saat neçədi, neyləyir bu vaxt orda? Bütün şəhər yuxudadı.
Başını qaldırdı, qəmli-qəmli aşağıdan yuxarı mənə baxdı, handan-hana verdiyi cavabdan hiss elədim ki, yatmaq nədi, səhərəcən gözünü də yummayıb:
-Saat onda gəlib aparacaqlar. Dedim, yağış isladar, üstünü örtüm, hayıfdı…
 
3 noyabr 2014


Ana səhifəyə qayıt        Baxış: 1 142          Tarix: 8-04-2020, 15:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma