Xəbər lenti

 
bir adın qalmalı geriyə, 
 bir də o qəhr edən qürbət... 

Ahmet Hamdi Tanpınar
Hərdən gözlərimi yumuram, iç dünyamda ötən yüzilliyin əvvəllərində Şərqi Anadolu vilayətlərini dolaşan bir uşaq canlanır...
O, atasının qazı vəzifəsində iş yerini tez-tez dəyişməsi üzündən Ergani, Sinop, Siirt, Kərkük, Antalyada yaşayır, hələ dünyanı təzəcə qavrayan ağlı ilə zamanın gedişatından baş çıxarmağa çalışır, gördüklərini, eşitdiklərini yaddaş saxlancının səhifələrinə həkk eləyir...
Həmin oğlan atalı-analı günlərin xoşbəxtliyini də yaşayır, ana itkisinin ağrısını da çəkir, səhranın, dağın, vadinin, dənizin ruhunu da duymağa can atır. Hələ bilmir ki, bütün yaşadıqları bir vaxt onu bütöv və böyük ruha – Türk Ruhuna aparıb çıxaracaq...
Hələ bu yolda əlindən tutacaq adamın ustadı Yəhya Kamal olacağını da bilmirdi. Amma İstanbul Universitetinin ədəbiyyat fakültəsinə daxil olmuş on səkkiz yaşlı gəncin taleyinə məhz Yəhya Kamalın şagirdi olmaq düşəcəkdi...
Sonra o gənc təhsilini tamamlayıb yenidən ruhunu çəkib aparan yerlərə gedəcək, Ərzurumda, Konyada, Ankarada, Bursada, İstanbulda yaşayacaq, türk tarixi, mədəniyyəti, ədəbiyyatı ilə nəfəs-nəfəsə ömür sürəcək, nəhayət, şeirləri, romanları, hekayələri, tərcümələri, araşdırmaları ilə türk ədəbiyyatını zənginləşdirəcək, millət vəkili kimi, xalqına xidmət eləyəcəkdi...
Qismətinə belə bir bənzərsiz tale düşmüş həmin uşaq – Ahmet Hamdi Tanpınar mənsub olduğu ölkənin və xalqın kimlik vəsiqələrindən birinə çevriləcəkdi... 
***
Ahmet Hamdi Tanpınar yaradıcılığa şeirlə başlayıb. Görünür, bu da yaşadığı və çalışdığı, hələ klassik türk poetik ənənələrinin geniş yayıldığı 20-30-c illərin ümumi ruhu ilə bağlıdır. “Nə içindəyəm zamanın,/Nə də büsbütün dışında...” deyən Tanpınar türk poeziyasının klassik ənənələrdən modern ab-havaya keçid dövrünün övladı idi. Qısa fərqlə yaşıdı olan Nazim Hikmətlə eyni vaxtda şeirə yeni nəfəs gətirənlərdən biri də məhz Tanpınardı.
O, eyni zamanda da ustadı Yəhya Kamal və Ahmet Haşimin yaradıcılığı ilə bağlı araşdırmalarını, “XIX əsr türk ədəbiyyatı tarixi” kimi sanballı tədqiqatını ortaya qoyub...
Tanpınar həm də Cümhuriyyəti quranların sıralarında olub, Mustafa Kamal Atatürk və silahdaşlarının döyüş cəbhəsində və dinc quruculuqda gördüyü işlərə təhsil və ədəbiyyat sahəsindəki fəaliyyətilə dəstək olmağa səy göstərib, bu yönümdə də az uğurlar qazanmayıb...
Bununla belə, Tanpınar ədəbiyyata məhz nəsri, ilk növbədə də romanları ilə möhrünü vurub...
Təxminən 30 il əvvəl Ustadın “Abdullah Əfəndinin röyaları” hekayələr toplusunu Anadolu türkcəsində oxuyanda Tanpınar qələminin qüdrətinə heyran qalmışdım. Onda heç ağlıma da gəlməzdi ki, bir müddət sonra romanlarını Azərbaycan türkcəsinə çevirəcəyəm.
Amma qismət oldu: “Saatları qurma institutu” romanını və “Beş şəhər” sənədli əsərini dilimizdə səsləndirdim. Bu çevirinin başlıca faydası da o oldu ki, əsərlərlə bağlı müəyyən mətləblərdən baş açmaq üçün istər-istəməz Tanpınarın yaradıcılığına baş vurdum və... qarşımda müəllifin təqdimatı ilə bir məmləkətin, millətin, cəmiyyətin iç dünyası qat-qat açıldı...
Ustad keçmişlə yaşadığı dövr arasında çox məhrəm əlaqələr yaratmağa hesablanmış ilk romanı “Mahur Bəstə”ni yazanda bir müddət Osmanlı dövlətinin ortaçağ anaşəhərlərindən – paytaxtlarından biri olan Bursada yaşayıb, memarlıq abidələrini bir-bir dolaşıb, zamanın ruhunu duyub, dövrün böyük musiqiçiləri Eyyubi Bəkir Ağanın və İsmayıl Dədə Əfəndinin yaradıcılığına vaqif olub, mədəniyyətin nə olduğunu dərk eləyib: “Bax, mədəniyyət dediyin bu imarətə oxşayır. Əvvəlcə o sandığın möcüzəsi vardı. Yəni rəhmətlik nənənin xoşuna gələn şeyləri sən hiss eləmədən hazırlayan sevgisi... Bu o mədəniyyətin yaradıcı tərəfidir və həqiqətən, möcüzəyə bənzərdi...”
“Saatları qurma institutu” romanında isə Tanpınar artıq zaman, məkan və düşüncə sarıdan yaşadığı cəmiyyətin də, vətəndaşı olduğu məmləkətinin də hüdudlarını aşır. Bu barədə Hilmi Ziya Ülken dəqiq deyib: “İki Ahmet Hamdi var. Zaman nizam-intizamı işlə bağlı məsələdə Tanpınar qəlbən keçmişin asta ötən zaman düşüncəsi və  bununla bağlı iş tərəfdar olsa da, əqlən modern iş nizam-intizamı və zaman fikrinin yayılması tərəfdarı olduğunu desək, səhv eləmərik. Bu əsərində həmin iki mövqe bir-birini qovur. Roman XX yüzil yazıçılarından Kafkanın mətnlərilə səsləşir...”
Mən romanı çevirəndə həm də böyük Amerika yazıçısı Tomas Vulfun mətnlərini  xatırlayırdım. İnsanın, zamanın və məkanın ruhunun dərinliklərinə baş vurmaq, dünyanı öz içındə sığışdırmaq istəyi məni hər cümləsində heyrətə salırdı. Görünür, yazıçı ustalığı da elə bundan ibarətdi...
Elə o vaxtlar da oxuduğum “Hüzur” romanını niyə qələmə aldığını dərk elədim. Səbəbini Tanpınar müsahibələrinin birində belə izah eləyib: “Çünki hüzursuz bir dünyada yaşayırıq. Çünki insan özüylə barışmayıb. Dəyərlər qarşısında və insan qarşısında yenidən düşünməyə məcburuq. Çünki hər şeydən şübhələnirik. Və nəhayət, arxamızda Allahı keçmişdəki kimi, o qədər yaxından  hiss eləmirik. Xülasə, hüzursuz olduğumuza görə...”
“Səhnədən kənardakılar”, “Aydakı qadın” romanları da zaman və məkan cəhətdən sanballı araşdırmalar imkan verir... 
Amma şübhəsiz ki, Tanpınarı tam ifadə eləyən əsəri “Beş şəhər”di...
 
***
Daha bir böyük türk romançısı, Nobel mükafatı laureatı Orxan Pamuk   öz yaradıcılığından söz açanda Tanpınardan təsirləndiyini gizlətməyib. Tanpınarın İstanbulu ilə Pamukun İstanbulu arasında təkcə məkan doğmalığı yox, ruh doğmalığı var: məndə belə bir hiss var ki, Pamuk Tanpınarın “Beş şəhər”ini oxumasaydı, “İstanbul, şəhər və xatirələr” o qədər dolğun və duyğulu alınmazdı.
Əslində, ustadı Yəhya Kamalın xatirəsinə həsr elədiyi “Beş şəhər” Tanpınarın məmləkət və millət sevgisinin misilsiz abidəsidi...
Uşaqlıq çağlarında taleyinə boyun əyib əyalətləri dolaşan adam artıq yetkin yaşında öz oxucusunun əlindən yapışıb yenidən yollara düşür, Ərzurumu, Ankaranı, Konyanı, Bursanı, İstanbulu məkan-məkan, küçə-küçə, abidə-abidə, gəzdirir, gah yaşlılardan eşitdiklərini, gah kitablardan oxuduqlarını, gah da şahidi olduqlarını sonsuz sevgiylə nağıl eləyir...
O, səyyah kimi ucqar küçələrə belə baş çəkir, dükan-bazarın səs-küyünü dinləyir, rastına çıxanlarla söhbət eləyir, nəticədə özü gəzdiyi şəhərə çevrilir – o şəhər müəllifinin dililə öz hekayətini danışır. Həmin hekayətdə türk boylarının Anadolunu fəthi, Ankara qalasının şahidi olduğu döyüşlər, Səlcuqlu dövrünün abidələri, Ərzurum zəlzələsi, Mustafa Kamal Atatürklə görüşlər, xalq dastanları və türkülər, Osmanlı sultanlarının, şairlərinin, musiqiçilərinin... taleyi romanlarda olduğu qədər maraqlıdı...
“Bir şəhəri sevmək – eşqə səbəb aramaqdı” fikri, əslində, Tanpınarın öz sevgisini şəhərlərin dililə danışmaq fürsətidi. Təkcə elə İstanbulu sevməsi üçün istənilən qədər bəhanəsi var:
“Əsl İstanbul, qala divarlarından bəridə olan minarəli camelər şəhəri, Bəyoğlu, Boğaziçi, Üsküdar, Erenköy tərəfləri, Çəkməcələr, Bəndlər, Adalar bir şəhərin içində, az qala, başqa-başqa coğrafiyalar kimi, öz gözəlliklərilə bizdəayrı-ayrı duyğular oyadan, xəyalımıza fərqli yaşam formaları bəxş eləyən mənzərələrdi. Hər bir istanbullu az da olsa, şairdi, çünki iradə və zəkasıyla yeni formalar yaratmasa belə, sehrə çox oxşayan təxəyyül oyunu içində yaşayır. Bu da tarixdən gündəlik həyata, eşqdən süfrəyə qədər genişlənir...”
Bir məkana sevgini bundan yaxşı necə ifadə eləmək olar...
 
***
Təbii ki, Ahmet Hamdi Tanpınar çapında bir fikir adamının və yazıcının dünyaya çıxışı xeyli gecikdi. Bu da yəqin ki, doğulub-yaşadığı Türkiyənin keçirdiyi ictimai, siyasi və mədəni çalxantılarla bağlıydı. Tanpınarın əsərləri ən azı ötən yüzilin 60-cı illərində dünyanın fəth eləyə bilərdi. Amma o, haqqı olana son onilliklərdə çatdı, haqqında kitablar yazıldı, elmi araşdırmalar aparıldı, xatirələr qələmə alındı, əsərləri dünyanın 30-a yaxın dilinə çevrildi. Maraqlısı da budur ki, müxtəlif təbəqələrə, dini, siyasi, mədəni görüşlərə mənsub olan adamlar belə, Tanpınar irsinin dəyəri barədə həmfikir oldular.
Əksər araşdırıcıların fikrincə, Tanpınarın əsərlərinə marağın bu qədər artmasının səbəbi tarixi qat və gələcəyin, həyatın və mühitin bir-birilə sehirli şəkildə çulğaşmasıdı; yəni təkcə Şərq-Qərb və Məhşər günü deyil, əksinə, dövr, dövrün naməlum sonu, xüsusilə əsərlərində təsvir elədiyi zaman kəsiyinin özü cazibə hədəfinə çevrilməyə başlayıb...
Əlbəttə ki, bu marağın birinci səbəbi Tanpınarın mədəni, ədəbi və fikri axtarışa əsaslanan utopik mühit yaratmasıdı. Onun hüdudsuz düşüncəsində türkçülüyə də, Atatürkçülyə də, islamçılığa da yer var.
Bəlkə elə buna görə, artıq araşdırıcılar “Tanpınar obrazı” ifadəsini işlətməyə başlayıb, bunun vasitəsilə də modernlik axtarışlarına çıxıblar...
Tanpınarın “kəşfi”sə hələ uzun illər davam eləyəcək...


Ana səhifəyə qayıt        Baxış: 1 092          Tarix: 10-04-2020, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma