Xəbər lenti









 Bu gün Azərbaycan ədəbiyyatına bir sıra gözəl hekayə, povest və romanlar bəxş edən   dəyərli yazıçımız Əlabbasın 63 yaşı tamam olur.  “Ovqat.com” olaraq böyük sənətkara möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayır, oxucularımıza onun  “Tapdıq” hekayəsini təqdim edirik. 
                  
                                                   Tapdıq 
                                                  (hekayə)
     Həmişə səhərlər gələrdi o. Tərs kimi də həmişə  həyətdən gələn səsinə oyanar, gözlərimi ovuşdura-ovuşdura qarasınca deyinər, cilov gəmirsəm də,  görəndən sonra ki, qışın sazağında o, yenə sitildəyə-sitildəyə qara meşin gödəkçədə həyətin ortasında təmtək dayanıb,  qəzəbim əlbəəl soyuyardı. Başa düşə bilmirdim, Qəşəm dayının adına əziz-əziz seyrangah dediyi bu kölgəliyi  hansı ağılla düz  yatdığım pəncərənin qarşısında ucaldıblar. Qəşəng görünsün deyə, üstünə də günbəzəoxşar bir şey qondarıblar. Elə bil qəsdən, mənə görə eləyiblər bunu, əbləhlər!... Görəsən, vaxtında atam niyə onlara mane olmayıb? Yəqin, bu südsatan məsələsi ağlına gəlməyib, yoxsa gündə eyni vaxtda, eyni səsi eşitmək kimi olsa, zinhara gətirərdi, qalmışdı atam kimi əsəbi bir adam ola.
   -Süd var, süüüd, qatıııq!
   -Zəhrimar var, zəhrimaaar,-heç nəyə zorum çatmayanda mən də yorğanı başıma çəkib astadan da olsa qırışmalın cavabını verərdim. Özünüz deyin: yer üzündə elə bir məktəbli taparsan ki,  dərs günləri obaşdan ayılaraq təzədən  isti yorğan-döşəyə girib şirin yuxuya getməyin ləzzətini ondan ötrü ayrı  nəsə əvəz eləyə bilsin.   Tərslikdən dərs olmayan şənbə və bazar  günləri təsadüfən ertədən oyanıb min oyundan çıxsam belə   saatlarla çimir eləyə bilmirdim. Nəsə çox anlaşılmaz bir şeydi.   Onun həmin günlər yubanıb, bəzənsə lap nahara yaxın gəlib çıxmağı da bizdən bir mərtəbə yuxarıda qalan Səfalı dayıya görə olmuşdu. Hər yerin bir dəlisi olan kimi, bizim məhəllənin dəlisi də  bu kişidi.   Niyəsə hamı onu demaqoq kimi tanıyır.   Bir şey olan kimi  qabağa onu verirlər, o da gedib hər şeyi yoluna qoyub gəlir.  Yaxşı da dili-dilçəyi var, nəyi necə deməyi, harda deməyi hamıdan yaxşı bilir. Ha eşidərdik ki,  heç kimdən   çəkinmədiyinə görə  ondan bərk ehtiyat eləyirlər.  Bir dəfə o, ikinci mərtəbədən oğlanın üstünə necə qışqırdısa,  oğlan elə o gedən oldu. Heç bilməzdim, ondan ötrü belə darıxa bilərəm.  Qonşuların giley-güzarı başlayanda isə heç kim başa düşmədi ki, Səfalı dayı onu yenidən hardan tapıb üzə çıxardı, yerin təkindən ya göyün yeddi qatından.  Kişinin mülayim səslə gözümüzün qabağında onun başına necə ağıl qoymağı, oğlanın tısbağa kimi qınına yığılıb bu  şəlpəqulaq, burnutüklü adama necə matdım-matdım baxdığı   hələ də yadımdadı:
     -Ruzini verən Allahdı, bala, səni burdan didərgin salmaqla qazancın kəsilən deyil. Burdan olmayacaq, başqa yerdən olacaq. Odu ki, sən gəl, get, bizi ağartısız qoyma, bu da sənin işindi, amma  istirahət günləri bir az gec gəlsən, lap əntiqə olar. Körpəsi, xəstəsi, qocası olan var, onları nəzərə al, qoy  yatıb dincəlsinlər. Bir də biləsən, günortayacan yatmaq azarı bu millətin qanındadı, ac qalar ki, yuxusuz qalmaz.
     Oğlan yenidən qayıdıb gəldi. Yenə özünəxas qəribə bir səslə, uzada-uzada sübh səhərdən:
     -Süd var, süüüd, qatıııq!-deyərək əvvəlkitək  gur səslə   olmasa da, yenə öz  mahnısını dilləndirməyə başladı. Hərdən  elə bilirdim, o, yarımçıq qalan nəğməsini oxumaq üçün qayıdıb, o hamının bacara biləcəyi bir xitab deyil. Bunu çoxdan hiss etmişdim. Bir dəfə təklikdə olanda onu yamsılamaq istədim, özü də bunu təkrar-təkrar etdim, amma gülməli bir şey alındı.  Məndən fərqli olaraq  o qışqırmır, kimsəni çağırmır, istəyini səsinin ən ufacıq və yumşaq yeri ilə deyirdi, özü də xüsusi  avazla...   Məhəllədə hamı ondan razılıq edirdi, illah da qadınlar. Deyirdilər, o, halal oğlandı, hələ indiyəcən bir adama kəf gəlməyib, nə qiymətdə, nə malda. Gözə dəymədiyi o bir ayda hardansa peyda olan   cüvəllağının biri qonşuların   başına oyun açandan sonra  da hörməti birə-beş   artmışdı.  Özümü inandırmaq istəyirdim ki,  azacıq    olsa belə  burda o avaz  da öz işini görüb. 
     İşə bax ki, adını bilmədiyimiz azmış kimi, bunu öyrənməyə də can atmırdıq. Sanki Südsatan adını ona ata-anası qoymuşdu. Bəzən heç təəccüblənmirdim də. Bir dəfə kitabdan oxumuşdum ki, Stəkan, Pazı, Kombayn, Qrafin nə bilim daha nə   adda adamlar var. Onda Südsatan niyə olmasın?  Əsl həqiqəti öyrənmək əvəzinə, əksinə, əyin-başı müdam kir-pasaq içində olan  cılız   oğlanın yanından keçəndə niyəsə ona sataşar, söz atar, cırnadar, böyük qəhrəmanlıq eləmiş  kimi səfehcəsinə bundan həm də ləzzət alardıq.  O isə bizə məhəl qoymaz, utancaq halda qımışar, təhqir olunduğunu bildiyi halda, üzümüzə gülər, işini qurtaran saat  boş qablarını  da götürüb binanın o biri üzündəki avtobus dayanacağına tələsərdi. Yadımda deyildi, nə vaxtsa fikirləşəm ki,  necə eləsə ona sataşmazlar. Bəlkə, hər sözü qulaqardına vururdu, ona görə? Bəlkə, heç kimə cavab vermirdi, ona görə?  Ya səbəb o idi ki, o, ilk gündən özünü hamıya qorxaq kimi tanıtmışdı?  İzdihamın içərisində itənə qədər onu gözdən qoymaz, boy-buxunu kimi də kiçik və yöndəmsiz addımlarına baxıb onuca düşünərdim ki, görəsən, o burdan hara, kimin yanına qayıdır? Dostlarının, qohumlarının, ya heç birinin? Bəlkə, onu heç evə buraxmırlar? Bəlkə, onu heç adam yerinə qoymurlar? O da cınqırını çıxarmadan, başı salamat,  yeri isti olsun deyə  elə tövlədə, malların axurunda gecələyir? Bunu fikirləşəndə az qaldı dəli kimi bağıram… Eşitmişdik ki, o, kimsəsiz uşaqlar evində böyüyüb, hazırda da   baxanı yoxdu, məhəlləmizə də şəhərətrafı hansısa kənddən gəlib-gedir. Deyirdilər, onu kimsə götürüb saxlayır, özü üçün işlədir,  qazancını da   əlindən alıb,  yalnız qəpik-quruş verir.  Niyə məhz bu xəbəri eşidəndən sonra hər şey gözümdə bir heçə döndü, bilmirəm. O gecə südsatan haqda bildiklərimi anama danışanda  necə çaş-baş qaldığımı görüb, yadıma salma, dedi, uşağın dərdi məni də üzüb,  bu tale sənin də, yaşıdlarının da  hər birinə qismət ola  bilərdi. Görün ki, çörək qazanmaq nə cür olur?  Özü də dilənçiliklə yox, alın təri ilə. Tifil işləməkdən  qara qayışa dönüb. Ayağı da şikəst. Amma sən səhərlər beş-on dəqiqə ertədən durmağının davasını eləyirsən. İndi özünü də, dostlarını da, onu da yan-yana qoy, gör hansınız yaxşı oğlansınız və səbəb nədi?  
    Anam danışdıqca  balaca süd bidonları və qatıq şüşələrini axsaya-axsaya  ordan-ora, burdan-bura daşımaqdan boyu bir damcı qalan   südsatanı düşünürdüm. Bu dəqiqə yanımda olsaydı, düşüncəsiz hərəkətlərimə görə ondan min dəfə üzr istəməyə hazır idim. Necə olmuşdu anamdan eşitdiklərim barədə  düşünmək  bir dəfə də olsun ağlıma  gəlməmişdi?   O andan, o gecədən ona münasibətim büsbütün dəyişdi, bundan sonra onunla əsl dost kimi davranacağıma və tay-tuşlarımı da   buna məcbur edəcəyimə ürəyimdə qəti söz verdim. Kimin hünəri nə idi ona sataşa, haqqında artıq-əskik danıça? Çox arzulayırdım ki, belə bir adam varsa, tezliklə ortaya çıxa, görə qan su yerinə axır, ya axmır?    
     Bir dəfə   anam, bikef halda həmişəki yerində, kölgəlikdə təkcənə dayanıb dırnaqlarını yeyən oğlanı qonşular hiss etməsin   deyə astadan səsləyərək təzəcə bişirdiyi yaglı kökələr olan bükülünü  ona verəndə iki göz lazım idi, südsatanın gedə-gedə bağlamanı eşələyib   ordan çıxardıqlarını necə acgözlüklə içəri ötürdüyünə tamaşa eləsin. O, əvvəl kökənin birini, sonra o birini, daha sonra isə ikisini birdən ağzına soxub ovurdlarını şişirdə bildikcən şişirtdi. Elə bil kimsənin onu əlindən alacağından təşvişə düşmüşdü. Dadlı kökələr qurtarana qədər o bir dəfə də başını qaldırıb ətrafa nəzər salmadı. Kim bilir, nə vaxtdan yarımçıq qalmış  tikilinin üstündə oturub, yalın ayaqlarını divardan aşağı sallayaraq onları öz-özünə oynadanda da  heç nəyə fikir vermirdi. Anam xeyli müddət onu süzüb gözləri dola-dola nəvazişli səslə nəsə pıçıldadı. Nə dediyini eşitməsəm də, o gün  kefi ala buludda olan dostuma necə ürəyim yandığını  bütün canımla hiss etdim. 
     Aradan daha bir neçə gün keçdi.  Anam yenə onu çağırıb bu dəfə xeyli müddət mənimlə bərabər süfrə başında otuzdurdu, qonağından muğayat ol ki, dedi, səninlə axıradək dostluq eləsin.  Bu sözü eşidən dəqiqədən  özümü kişi kimi aparmağa başladım. Deyəsən, artıq  anam da mənə  böyük gözü ilə baxırdı, bəlkə, bu görüş səhnəsini də qəsdən özü düzüb-qoşmuşdu ki, biz daha uşaq olmadığımızı dərk edək. Amma o ikiadamlıq  balaca məclis sona çatanda bildim ki, bu da öz uydurmamdı, anam bu barədə heç nə belə düşünməyib…
       Arabir bir-birimizə göz qoyub utana-utana gülümsünür, sonra yeməyimizə davam edirdik. Getmək məqamı çatanda heç gözləmədiyim halda, anam dəhlizdəki dolabdan çıxartdığı  iri   bağlamanı səliqə ilə qapının ağzındakı boş süd şüşələri olan həsir zənbilə  yerləşdirib   qonağıma:
     -Sabahdan bu paltarları gey,-dedi,-köhnələri at getsin. Axı sən yaxşı oğlansan, niyə gözəl geyməyəsən? Eşitdin, mənim balam? Çəkmələr ayağını sıxsa, gətirərsən dəyişdirərəm. Tez-tez yuyun, tez-tez çim, dırnaqlarını da yemə. Onda  olarsan şokolad kimi oğlan, qızlar da dərdindən ölər.     
     O, anamı  elə süzürdü, sanki göydə Allahı görürdü. Gah irilib, gah qıyılan gözləri ilə altdan-yuxarı key-key baxıb gülümsünür, arada mənə də göz qoyur, nə deyəcəyini belə bilmirdi. Bərk kədərlənmişdim. Duruxduğunu görüb,  özümü elə apardım ki, guya, hər şeydən xəbərdaram:
      -Onlar sənindi, anam sənə alıb,-dedim və bilə bilmədim ki, məni hönkürməkdən nə saxladı. Onu dayanacağa aparıb avtobusa mindirənə qədər, heç ondan xeyli sonra da özümə gələ bilmədim. Yolda adının nə olduğunu soruşmağım da məni lap dərdə saldı. Yumşaq və titrək səslə:
     -Bilmirəm ki,-dedi və günahkar halda üzümə baxıb gülümsündü,-kim nə istəyir, deyir. Arıq, Ciliz, Balaca.  Bağçada  Topal deyirdilər. Ordan bir ailəyə verdilər məni.  Onlar da   Axsaq qoydular adımı.   Sənubər xala çox yaxşı, rəhmli adam idi. Məni çox istəyirdi.  Ölən kimi məni də qovdular.  İndikilər də Südsatan çağırır. Onlardan heç danışma. 
     -Bəs özün nə istəyirdin olsun? Ən çox hansı addan xoşun gəlir?  
     -Özüm?-o da sual verdi, ancaq biz dayanacağa çatana qədər ondan cavab gəlmədi, susub-susub lap axırda, bir ayağı yerdə, bir ayağı köhnə, sınıq-salxaq avtobusun ayaqlığında geri  qanrıldı və bircə kəlmə ilə:
      -Qəmgin,-dedi. Bir anlığa elə bildim   dünyanın bütün qəm-qüssəsi, dərd-ələmi hüzn və kədəri onun sifətində qərar tutub.   
     Geri qayıdanda özümü lənətləyirdim ki, axı nəyimə lazım idi bu söhbət,  indi də özümə gələ bilməyim? Guya, nəyisə öyrəndim ki? Amma nahaq özümü danlayırdım, işin nə yerdə olduğunu  bilməsəydim,   onda da buna can atmadığıma görə özümü qınayacaqdım.   
     Bir həftədən sonra onu görəndə gözlərimə inanmadım. Sanki bu neçə gündə böyüyüb     qəşəng bir oğlan olmuşdu. Amma onu belə qıvraq və yaraşıqlı göstərən boy-buxunu yox, əyin-başı və təzə qara çəkmələri idi. Arxadan yaxınlaşıb balaca, ensiz çiyinlərini qucaqlamaqdan özümü saxlaya bilmədim, çevrilib məni gördü, başını bədəninə qısaraq gülümsündü, canıyananlıqla soruşdum,   bilirmi ki, mən onun dostuyam, ona bir söz deyənin ağzını cıraram. Baxıb-baxıb  ərklə:   
      -Dost,-soruşdu,-yoxsa qardaş?
      Doğrusu, mənə bu qədər bel bağlamağından da çox, ağlıma gəlməyən  bir şey düşünüb tapmağından çaşan kimi oldum. Qürrələnsəm də,  bilmədim, onu bu fikrə gətirən nə olub? Bəlkə, ürəyindən keçən o idi? Qoy olsun. Axşamacan top qovduğum dostlarımın bir çoxundan ağıllı idi o. 
      Hardan biləydim ki, o bizim son görüşümüz olacaq.  Məktəbdən   yay tətilinə buraxılan kimi   rayona, əmimgilə yollandım və iki ay yarım kənd havasında yaxşıca  dincəlib,   bir də sentyabrın on beşində, dərslər başlananda geri döndüm. Yalnız bir neçə gündən sonra yadıma düşdü ki, Qəmgin gözə dəymir.  Olmaya   bir şey olmuşdu ona? Axşam  anam soruşanda ki, heç dostunu xəbər almırsan, bilmədim onu necə inandırım ki, elə bu gün onu xatırlamışam.    
     -Allah haqqı, düz sözümdü.
     -Belə də dost olarlar?-anamın iradı bu tənbehlə qurtarsaydı, bəlkə, heç nə soruşan da deyildim. Amma onun müalicə olunduğunu   biləndə yox, sadəcə anamın səsindən hiss etdim ki, deyəsən, xoş xəbər eşitməyəcəm. Əgər elə deyildisə,  anam onun xəstəxanada olduğunu  hardan bilə bilərdi? Nə çox idi şəhərdə xəstəxana… Ürəyimdə də Allaha ona görə yalvarırdım ki, nə olurdu, olaydı,  bircə anam işləyən xəstəxanada olmayaydı o. Amma onu da açıqca deyə bilmədim, qorxa-qorxa:   
     -Qoy gedim onun yanına,-dedim, gec də olsa, günahlarımı yuyum.  Ona hər şey alaram.  Əmim cibxərcliyi verib. Bircə apar məni ora. 
      -Elə bilirsən nəsə almaqla iş bitir?-anam başını buladı və bunu heç vaxt edə bilməyəcəyini deyəndə anladım ki, hər şey elə ürəyimə daman kimidi…          
     Aradan nə qədər saysız-hesabsız il ötüb, xeyli yaşa dolmuşam, indi işim-gücüm, ailəm-uşağım var, təzə mənzilə köçmüşük. Anam da çoxdan işlədiyi vərəm dispanserindən təqaüdə göndərilib, bircə Qəmginin haralarda olduğunu bilmirəm. Bu illər ərzində, bəlkə də,  dünyanın hər üzünü görmüşəm, min cür səsini, qarğışını, alqışını,  söyüşünü eşitmişəm, amma uşaqlıq illərindən yaddaşımın hansısa  küncündə  ilişib qalan o dördcə kəlməlik qəribə və bənzərsiz avazın sehrindən heç zaman olmayıb:
       -Süd var, süüüd, qatıııq!...
                                               mart, 2018


Ana səhifəyə qayıt        Baxış: 2 326          Tarix: 5-05-2020, 00:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma