Xəbər lenti

DÜNYA GÖRÜŞ YERİDİ
Dünya görüş yeridi,
Görüşüb gedirik.
Hər açılan sabah təzə xəbərdi,
bölüşüb gedirik.
Sənin nəyin varsa, mənim yoxumdu,
Mənim nəyim varsa, sənin yoxundu.
İçində şöhrətdi, mərifətdi, ardı,
Şadlıqdı, şənlikdi, dərddi, qubardı,
Hamısı bir yerdə sərvətdi, vardı,
Ərk elə, sağını, solunu ötür,
Səndə çox olandan qoy mənə qalsın,
Məndə çox olandan yığışdır, götür.
Dünya görüş yeridi, dostum
Əlimizi sıxıb gedirik,
Dostuqsa, birtəhər dost qalaq elə
Onsuz da vaxt çatır, çıxıb gedirik.
Şeytanı aradan qaçıra bilək,
Hərdən görüşməyi bacara bilək...
Əmanət məktub kimi
Oxunub, bitirik.
Bilmədən doğuluruq,
İstəmədən köçüb gedirik.
Dünya görüş yeridi, dostum...
 
XOR OXUYAQ
Xor oxuyan millətlərə,
Hörmət ilə baxıram mən.
Nisgilimi uşaq kimi
Ürəyimə sıxıram mən.
Xor oxuyur məmləkətlər,
Gur oxuyur məmləkətlər,
Bir oxuyur məmləkətlər
Heyrət ilə baxıram mən.
Düşüm yallı həvəsinə,
Coşum Himnimin səsinə.
Yollar çəkim yer üzünə,
Gedim çıxım axıra mən.
“Birlik harda, dirlik orda”-
Ata sözü qalıb darda.
Xor oxuyaq lap bazarda
Xoş niyyətlə baxıram mən.
Yar-yar deyib aramaqdan,
Bülbül kimi zarımaqdan,
Ondan-bundan qorunmaqdan-
Təklənməkdən qorxuram mən.
Vedi, Zəncan, Dərbənd ilə,
Qovuşum, tutum əl-ələ
Qarabağa gülə-gülə
Çoxdan gedib çıxaram mən!
Xor oxuyaq: “Özər-bay-can!”
Gur millətik, görsün cahan.
“Ayrılmasın könül candan”,
Heyran olum bu xora mən.
 
GÜLÜZLÜ GÜNƏŞ
Bu gülüzlü günəş,
camallı günəş
üz döndərəndə,
qaranlıq dünyanı ayaqdan salar.
Sarı Aşıq olar, Ay ağlar qalar...
Gecə məxmər yallı qara at kimi,
gəzər yer üzünü qara yerişlə.
Qaranlıq dünyanın qara fikrimi?
Üzər yer üzünü qara yerişlə.
Bu gülüzlü günəş üz döndərəndə
Ay dərdli qalarmış ümid içində,
Saralıb-solarmış ümid içində.
Özünü həsrətdən üzər, üzərmiş.
Gecənin qapqara hörüklərinə,
ağlaya-ağlaya ulduz düzərmiş...
Bu gülüzlü günəş
üz döndərəndə,
bizdən o yanlara nur əndərəndə,
saçı uzun sular qara tellənər,
üzü uzun dağlar qara geyərmiş!
Bu gülüzlü günəş üz döndərəndə,
bizdən o yanlara nur əndərəndə,
dünyanın bu üzü nəyə dəyərmiş...
 
BİR UŞAQ BƏLƏKDƏ ÖLDÜ...
Hələ duruş gətirməmiş,
Hələ yeriş gətirməmiş,
Hələ gülüş gətirməmiş
Bir uşaq bələkdə öldü,
Qarı nənə.
Qılıncıydı, qında qaldı,
Dərdi iki canda qaldı.
Gözü gündoğanda qaldı
Bir uşaq bələkdə öldü,
Qarı nənə.
Ölümün qəlbi daşmış,
Nə günümüş, nə yaşımış.
Yoxsa ömür bir qarışmış
Bir uşaq bələkdə öldü,
Qarı nənə.
Anasının döşlərində
Qisməti, payı qaldı.
Fələk çırağını üfürdü
Dam dolusu toyu qaldı.
Bir uşaq bələkdə öldü
Ömrünü bağışladı sənə.
Dünyanın işlərinə
Qar yağsın, qar yağsın,
Qarı nənə.
 
DÜNYA BİZDƏN GÖZƏLDİR...
Hərdən mənə elə gəlir
Danışmağa dəyməz daha.
Min il, milyon il əvvəl
Susan bu dağlar kimi.
Sevincini, qəmini
Çiçək licimində, gül licimində
sakit-sakit köksünə
yazan bu dağlar kimi!..
Hərdən mənə elə gəlir,
Anadan olmaq hələ
böyük kişilik deyil,
adi vərdişdi, vərdiş...
Heç kəs namərd doğulmur,
namərdlik dərsi olmur.
Ot kimi, ağac kimi
günəş işığında
boy atır, çiçəklənir adam.
Çörəyini, suyunu bitirən
torpaq görəndə
ürəklənir adam.
Yaşıl-yaşıl qurbağalar,
Göy üzünü meydan edən
Sabın oğrusu qarğalar
Çox-çox əzəldi bizdən.
Hərdən mənə elə gəlir
Dünya gözəldi bizdən...
 
BULUD
Alışdım dərdlər çəkməyə,
Yurdda qürbətlər çəkməyə,
Vermədin üstümə çəkməyə,
Yorğanın cırılsın, bulud.
Bulud, dərdimi ağlarsan,
Şəhid mərdimi ağlarsan,
Ağlasan, yurdumu ağlarsan
Göz yaşın var olsun, bulud.
Dumanlar,çənlər göyərib,
Qəribə günlər göyərib,
Çadır-vətənlər göyərib
Örpəyin yar olsun, bulud.
Bu nə çalmaq, nə oynamaq,
Yurd talanıb oymaq-oymaq.
Göbələktək artıb yaltaq
Yağma, qoy qurusun, bulud.
Kürsülər yaman püsgürür,
Vəd verir, yalan püsgürür,
Canımda yaram püsgürür,
De, haram sarınsın, bulud.
Al məni bəyaz belinə,
Şimşək ver geyim əynimə,
Yeriyim əsir elimə,
Boynuma sarılsın, bulud.
2000
 
ETİRAF
Bu yerlər necədə o yerlər imiş,
Bu yerlər bir zaman mən olan yerlər.
İndi sənə qalıb, mənim deyilmiş,
Səndən də olcaq sən olan yerlər.
 
Ay kimi, su kimi sadəkönül ol,
Gör necə dolanır günəş dünyada.
Ya sakit bulaq ol, ya daşqın sel ol,
Gedib ikisi də batır dəryada.
 
Bir gün üzülürsən peşmançılıqdan,
Sındır, təkəbbürüürəyindən at.
İstəsən inanma, istəsən inan,
Etiraf olanda gözəldir həyat.
 
SÖYKƏNDİYİM AĞACLAR
Mənim söykəndiyim yaşıl ağaclar
Mənim bacılarım,qardaşlarımdı.
O cavan ağaclar, ahıl ağaclar
Könlümü oxşayan sirdaşlarımdı.
 
Mənim söykəndiyim yaşıl ağaclar
Durnadı, leyləkdi başımın üstə.
Sevincdən, fərəhdən qol-qanad açar
Taki kölgəsindən sərinlik istə.
 
Ələnib başına qar da, yağış da,
Dönüb yolçuların yol çətirinə.
Ağac kölgəsini salsınlar yada,
Qoy kölgə olsunlar barı birinə.
 
Hələlik, payıza bürünən ağac,
Səndən ayrılıram gözümdə kədər.
Eh, bizi duymağa varmı ehtiyac?
Sağ ol, əziz dostum, bahara qədər.
 
ATAM BƏNNA İDİ
Atam bənna idi, elin dayağı
Əlləri torpaqdan, daşdan tutardı.
Çəkdiyi divarın öz yaraşığı,
Hördüyü evlərin işığı vardı.
 
Ona xoş gələrdi xeyirxahlığı,
Sakit əməlinə gülümsəyərdi.
Yadına düşməzdi kasıbçılığı,
Hər vaxt allahına şükr eləyərdi.
 
Qonaqpərvər idi, mehrli idi,
Özünü bununla öyərdi atam.
“Daş üstə daş qoymaq adam işidi,
Ev yıxmaq günahdı”-deyərdi atam.
 
Mavi gözlərində bir gizli istək
Sonsuz səmaları oxşayardı o.
Ardıc çubuğunu tüstülədərək,
Xəyala dalmağı xoşlayardı o.
 
Əlləri qabarlım-atam o idi,
Bəzən yorğun gələr, yorğun düşərdi.
Dostu, həmsöhbəti radio idi
Xeyir xəbərlərlə yüngülləşərdi.
 
Alnının təriydi alın yazısı
Çörəyi hördüyü daşdan çıxırdı.
Həmişə bol idi onun ruzusu,
Çünki əllərinə çox əl baxırdı.
 
Atam bənna idi, o mənim kimi
Misra düzməyirdi, kərpic düzürdü.
Möhrə divarların ətirli nəmi,
Axıb çöhrəsindən nur tək süzürdü.
 
Hörmət qoyulardı ehtiqadına
Yayın ortasında oruc olardı.
Qışın şaxtasında Tanrı adına
Sübhün ətəyində namaz qılardı.
 
Atam bənna idi, qəlbi düz idi,
“Hədis” oxuyardı hər axşam bizə.
Atam məndən ötrü çox əziz idi,
Ata haqqı-sayı sığarmı sözə?..
 
Sevdim, uca tutdum əziz adını
Düşündüm, hər şeyin öz sırası var.
İndi oğlum qoyub Əziz adını
Evində mehriban bir “babası” var.
 
MƏRHUM ŞAİRLƏRƏ MƏKTUB
Əriyir, tükənir, yox olur ömür
Çəkilən bir kibrit çöpüdü sanki.
Köçüb gedənlərin yolu görünür,
Daha aramızda nə fərq qalır ki...
 
Bu dünya başından eləyir bizi,
Fələyin sonadək vəfası qalmır.
Xəzan bürüyəndə çəməni, düzü
Daha əvvəlki tək səfası qalmır.
 
Bəzən bir misranın olur əsiri,
Yaralı quş kimi çırpınır qələm.
Vaxtsız yaxalayır əcəl şairi
Bir də ki belədir əzəldən, nə qəm.
 
Qeybə çəkilibdi Məhəmməd Hadi,
Tofiqi, Xəlili, Arazı yoxdu.
Çox da çoxalıbdı şairlər indi,
Şeir matahına tamarzı yoxdu.
 
Görüş salonları coşub çağlamır,
Şəhər şairləri təbdən düşübdü.
Avtoqraf üçün heç kəs saxlamır
Kitab oxumaq da dəbdən düşübdü.
 
Şeir gecələri çoxdan yadlanıb,
Şair, bu dünyanın qaçıb ləzzəti.
Bir yığıncaq görsən ordan boylanıb
Çağır, gəlib görək o “qiyaməti”.
 
Ölənlər şadlanıb, nikbin görünsün,
“Axır ki, yetişib məşhər”-desinlər.
Bütün başdaşları kürsüyə dönsün,
Şairlər söykənib şeir desinlər.
2015
 
MƏN O AĞAC KİMİYƏM
Könlüm pərişan ola,
Dönəm başına sənin.
Gəncliyim geri dönə
Olam yaşıdın sənin.
Bir möcüzə baş verə,
Gələm xoşuna sənin.
O göyərçin əllərin
Qonub əlimdə qala,
Nəğmən könlümdə qala.
Necə də bənzəyirsən,
İlk sevdiyim o qıza.
Sən bahar yaşındasan,
Mən dönmüşəm payıza...
Könlüm səhra kimidir
Dünyasını axtarır.
Məcnun pərişan düşüb
Leylasını axtarır.
Hərə öz nigarını,
Sevdasını axtarır.
Hamı bəxtəvər olub,
Gözüm səni axtarır ...
Həsrətini çəkənin
Halını sordunmu heç.
Dərdindən əriyənin
Fərqinə vardınmı heç.
Payızda çiçək açan
Sən ağac gördünmü heç?
Mən o ağac kimiyəm
Sən fikir verdinmi heç...
Uzaq xatirələrdən
Könlümdə qubar qalıb,
Mən o ağac kimiyəm,
Canımda bahar qalıb.
2013
 
O QIZ...
Qara gözlərinə qəm çökən sonam
Salam, bir də salam o qız sən idin.
Bir vaxt ürəyimə dağ çəkən sonam
Məni oda salan o qız sən idin.
 
Bir sevgi nağılı var idi onda
Sevənlərin sözü bir idi onda.
Şöhrətə aldandın, sovruldu o da,
Eşqin oldu talan-o qız sən idin.
 
Hər dərsdən çıxanda dönüb kölgənə
Arxanca gələrdim hey dönə-dönə.
Qızlara göstərib, gülərdin mənə
O ədalı şeytan-o qız sən idin.
 
Bir su pərisiydin, çəkdilər dilə,
İndi atılmısan quru sahilə.
Yandım bu halına, sən döndün külə
Dərdinə mən qalan o qız sən idin.
 
Qızların kirpiyi kaman, oxuydu
Olsun, səndən gözəl gözəl yoxuydu.
Sevgi məktəbində Leyli çoxuydu,
Məcnunu mən olan o qız sən idin.


Ana səhifəyə qayıt        Baxış: 1 704          Tarix: 23-05-2020, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma