Xəbər lenti
Tanınmış yazıçı, şair, publisist mərhum Əli Vəlioğlunun kitabları, əsərləri ədəbi-bədii siqləti, ictmai məzmunu, əxlaqi-mənəvi dəyəri ilə həmişə   diqqətimi çəkib. Oxumuşam, zövq almışam, bir oxucu, peşəkar bir ədəbiyyatşünas kimi Əli Vəlioğlunun əsərlərindəki əxlaqi-mənəvi dəyərlərin dərki və qorunması problemini yeni ədəbi müstəvidə qiymətləndirmək qərarına gəlmişəm. Çünki bu məsələnin müasir dövrümüzdə yeni ədəbi müstəvidə şərhi həyati zərurət qədər vacib sahələrdəndir.
      Əxlaqi-mənəvi mədəniyyət xalqın həyat tərzindən, insanların birgə yaşayışından doğan ümummilli və ayrılıqda hər bir fərdin baxışlar sistemidir. Məlumdr ki, əxlaqi-mənəvi məzəmmət sistemi və bu sistemi təşkil edən komponentlər xalqın sosial-mədəni, dini və mənəvi həyat tərzindən yaranmış, onun azərbaycançılıq ideyası ilə sıx qarşılıqlı əlaqədədir.  Azərbaycan xalqına məxsus milli-mənəvi keyfiyyətlər onun sosial həyatında, milli məişətində, mədəniyyətində, inam və əxlaqi məziyyətlərində etiketləşərək, ta qədim dövrlərdən indiyə kimi yaşaya-yaşaya gəlib çıxmışdır. Azərbaycan cəmiyyətində xalqın milli-mənəvi keyfiyyətlərindən olan   dostluq və yoldaşlıq, mərdlik və ədalətlilik, böyüyə hörmət və kiçiyə qayğı, ata-anaya ehtiram, qonaqpərvərlik və səxavətlilik, namusluluq və qeyrətlilik, vətən və el, vicdan və mənəvi borc, doğma torpaq və yurd təəssübkeşliyi, birlik və vəhdət milli mentalitetimizin əsas xüsusiyyətlərindən olduğundan müdrik yazıçı Əli Vəlioğlunun əsas mövzu sisteminin axarını təşkil etmişdir.  Əli müəllimin yaradıcılığı ilə tanış olduqca, bir daha, tapındığım bir qənaət daha da möhkəmləndi ki, yuxarıdakı epiqrafda deyildiyi kimi, “biz öz milli-mnəvi dəyərlərimizlə fəxr etməliyik!”
Ümumiyyətlə, belə götürəndə Əli müəllimin yaradıcılığının əsas istiqamətini müəyyənləşdirəsi olsaq, onun yaradıcılığı müdrik bir ömrün zərrələrindən  yaranmış mozaik müşahidələr, müdrik kəlamlar, aforizmlər, gündəlik notlar toplusundan ibarətdir. Uzün və səmərəli bir ömür keçmiş bu müdrik, təkcə yaşın deyil, sözün də ağsaqqal zirvəsinə ucalmış Əli Vəlioğlunun özü demiş, “taleyin qaranlıq səhifələrini yaşadıqca oxumuş və yaşadıqlarını kağıza köçürmüşdür.” 
Əli Vəlioğlu 1940-cı ildə Qərbi Azərbaycanın Mehri bölgəsinin Nüvədi kəndində halal çörəkli, zəhmətkeş bir ailədə anadan olubdur. ADU-nun filologiya fakültəsini bitirib, müəllim və jurnalist işləyibdir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü olubdur. “Qızıl qələm” və “Həsən bəy Zərdabi” adına media mükafatı laueratı olmuşdur. 2019-cu il, may ayının 11-də haqq dünyasına qovuşubdur.
Yüzlərlə publisist, satirik yazının, yüzdən çox karikaturanın, onlarla mahnı sözlərinin müəllifidir. Əli Vəlioğlunun “Mənim dan ulduzum” (1985), “Qəzəllər”(1997), “Halal çörək” 1997), “Bu minvalla dünya belə qalammaz” (1997), “Mənim dünyam” (1993), “Ömrümüzə işıq düşür” (2001), “Mənim mənalı dünyam” (2001), “Vətən boyda dərd göyərtdim, dərd yedim” (2004), “Ağıl dəriyasından incilər” (2007),  “Ağıl dəryasından incilər” (2008), “Nüvədi və nüvədililərin tayfa şəcərəsi” (2009), “Məndən elə qalanlar” (2012), “Nüvədi antologiyası və Nüvədi şairləri”, “Göylərə yazmışam şikayətimi” (2013), “Zirvələrdə imzam var” (2017), “Mənim mənalı dünyam – ovqat ayələri” kitabaları ədəbi ictimaiyyət və oxucuları tərəfindən maraqla qarşılanıbdır... 
Onun “Halal çörək”də daxil olmaqla, bütün əsərləri, demək olar ki, müdriklilklə  keçən bir ziyalı ömründə əksini tapan xalqımızın tarixinin özəl mənzərələrinin əks etdirməsidir. Bu, keçən əsrin 30-cü illərindən bu əsrimizin ilk onillikərini əhatə edən əhvali-ruhiyyəni, müəyyən hadisələri, Qərbi Azərbaycanda yaşayan aborigen Azərbaycan xalqının dramatik həyatının lövhələrində ibarətdir...    
Başqa sözlə ifadə etsək, Əli Vəlioğlunun əsərlərində təsvir-təqdim olunan həyat lövhələrini izlədikcə xronoloji bir ardıcıllıqla baş verən tarixi hadisələr, xalqın azadlıq hərəkatı, Qərbi Azərbaycandan silah gücünə deportasiya edilən zalqımızın əzabları, Qarabağ işğalının törətdiyi faciələr, qaçqın- köçgün psixoloji durumu fraqmental bir tərzdə göz önündə canlandığını görərik...
Əli Vəlioğlunun bir yaradıcı şəxsiyyət kimi timsalında, həyatda qarşısına böyük məqsədlər qoyan və nə qədər çətinliklərlə qarşılaşsa da, bu ali məqsədə gedən yoldan sapmayan, dönməyən, mənəvi bütövlüyünü pozmadan, xaotizmin təzyiqinə baxmayaraq həyatının  harmoniysını qoruyub-saxlayaraq, əlindəki qələminə söykənərək ona doğru addım-addım gedən bir müdrik insanı, ziyalını, yazıçını, şairi, publisiti görürük... 
  Əli müəllimin əsərlərindən biri “Mənim mənalı dünyam” adlanır və bu adın platfopmasından çıxış edəsi olsaq, bu möhtəşəm ağıl sahibinin bütün həyatını halallıqdan mayalanmış mənalar zəmisi adlandıra bilərik...
Əli Vəlioğlunun “Halal çörək” povesti onun  “Məndən elə qalanlar” (Bakı, 2012) kitabında   oxuculara təqdim edilmişdi, bu rəhmətlik yazıçının vəfatından sonra (2020)  nəşr olunan müstəqil və yenilənmiş variantdır. Atalar və oğullar silsiləsinin növbəti ədəbi-bədii örnəyi olan bu əsərdə müəllif yazıçı təxəyyülünün məhsulu olan uydurma və qondarma hadisələrdən yan keçərək, həyatda gördüyü, şahidi olduğu, hər gün rastlaşdığı insanların içərisindən seçdiyi Usta Vəlinin simasında mükəmməl və yaddaqalan ata obrazı yaratmağa müvəffəq olmuşdur.
Unudulmaqda olan adət-ənənələrimizə hörmət, Vətənə məhəbbət, yüksək insani dəyərlərə sədaqət ruhunda – düzlük, zəhmət və halallıq bu əsərin əsas qayəsini təşkil edir ki, həyati təcrübədən də görsənir ki, bu müqəddəs ənənələrin atrofiyaya uğraması cəmiyyətdə mənəvi-əxlaqi deqredasiyaya səbəb olur... 
Onun müxtəlif poeziya və nəsr əsərlərində, həmçinin “Halal çörək” memuar janrında yazılmış avtobioqrafik povestində   heyrətamiz müdrikliyin, sadəliyin, dərinliyin, humanizmin, adət-ənənəmizin etnoqrafik dəqiqliklə təqdim-təsvir olunmuş parlaq nümunərilə rastlaşmaq mümkündür. Povest on səkkiz fəsldən ibarətdir və bu fəsillərin adları əsərin ədəbi-estetik qayəsindən aşkar informasiya verir – “Adqoyma”, “Halal çörək”, “Müqəddəslərimizi qoruyaq”, “Namərdə bel bağlama”, ... “Dost yaman gündə tanınar”, ...“Səxavət haqqında”, “Vicdan”, “Borc”, “Mərdlik”, ...”Ucalıq”, “Ata əmanəti” və s. Bəli, hər fəsldə təsvir-təqdim olunan mətləblər ata əmanəti qədər müqəddəs və ucadır, insan mənəviyyatının reallıqdan, həyatdan alınan ovqatlarıdır...     Bu bölmələrdə xeyli dərəcədə bənzərsiz, cəsarətli, bəsitlikdən çox uzaq və ağıllı fikirlər diqqət çəkir. Metaforik-obrazlılıq, indiyə qədər heç kimin yaradıcılığında rastlaşmadığımız, heç nə ilə müqayisə edilməyən orijinallıqla qələmə almaq cəhdi, halallığa səsləyiş oxucuda   mənəvi rahatlıq hissi, məmnunluq ovqatı yaradır...
     Əsərin baş qəhrəmanı Usta Vəli müdrik el ağsaqqalıdır, insanların təpər, məsləhət yeridir, haqq-ədalətin, mənəvi-əxlaqi nizam-intizamın el hüquqşünasıdır, el hakimidir, müdrikliklə dediyi söz, buyurduğu əməl  hökm kimi qəbul edilir...
"Atam adını əməklə ucaltdı. Səxavətdə də əməkdən geri qalmadı. Əmək atamın maddi dünyası, səxavət isə mənəvi dünyası idi. Atam öz ömrünün bir şamı idi. Bu şamın yağı əmək, piltəsi səxavəti idi.Əməklə  səxavət onda vir vəhdət təşkil etməsəydi, böyük xasiyyətli adam ola bilməzdi”.
   Habelə müəllif dostluğa, valideynlərə, yurdsevərliyə dair bölümlərdə Vəli kişinin düşdüyü situasiyalarda doğru olanı gerçəkləşdirmək missiyasını təsvir edir, eyni zamanda oxucuya, birinci növbədə genetik kodun daşıyıcılarına – övladlarına tövsiyyələrini verir.   “Halal çörək”də səmimiyyət, mənəvi etiraf, inam və əxlaq  müəllifin iç dünyasından (həmçinin hamımızın iç dünyasından), xəbər verdiyi üçün çox maraqla oxunur. Müəyyən seçmələrə diqqət yetirək :   “...Kim ki, əmanətə xəyanət etdi, o, inamını itirir. Elə adama bir daha əmanət tapşırmazlar. Ögeylik münasibətləri göstərən qohuma uşaq tapşırmazlar. Qonaq oğru oldu, ikinci dəfə qəbul etməzlər. Vətənə xain çıxan rəhbərə bir daha el tapşırmazlar” və s.  
     Buradakı etnoqrafik etüdlər, adət-ənənə, tarix, güclü-qabarıq mentalitet elementləri diqqət çəkir:  “Xalqımın mehribanlığını, Vətənimin gözəlliyini, qonaqsevərliyimizi, səmimiliyimizi görmək istəyən dostluqla, halallıqla, əzizliklə qapımıza qonaq düşsünlər. Ayaqları altında qurban kəsərik, əzizləyərik” və s. 
      Bəzən tənqidçiləri yüngülcə məzəmmət etməsi də hiss olunur ki, əslində bu, başadüşüləndir: “Tənqidçi yoldaşlar, qələminizi iti saxlamaq əvəzinə, zəkanızı iti saxlayın. ...İnam atım yüyrəkdir. İnanıram ki, halal çörək bərəkətli olur, halal çörək şöhrət gətirir. Ancaq yenə tələsirəm. Çünki “Darvazamdan qəbiristanlığa bir yol gedir...”
   Bu misalları verməklə diqqəti o məqama çəkmək istəyirəm ki, onların içərisində öz sanbalı, çəkisi,  fikir sərrastlığı və yığcamlığı ilə seçilən elə deyimlər var ki, Əli müəllimin qələmindən çıxdığını bilməsəydik, onun müəllifinin dünyaca məşhur hansı aforizm ustasına məxsus olduğunu dəqiqləşdirməyin özü belə maraqlı olardı... 
     Təbiəti obrazlaşdırmaq ustalığı, müəllifin son dərəcə iti müşahidə qabiliyyəti, həssaslığı, humanizmi, çoxları üçün əhəmiyyətsiz görünən, lakin olduqca əhəmiyyətli anlardan, məqamlardan təsirlənmək, bunları  gərəyincə mənalandırmağı bacarmaq əsərin ən uğurlu cəhətlərindəndir.
     Müşahidə elədiyim bir cəhəti də qeyd edim.  Əli Vəlioğlunun öz yaradıcılığına bir an da olsun unutmadığı məsuliyyət, tələbkarlıq, ciddi yanaşma, dediyi, yazdığı sözün-fikrin əhəmiyyətinə inamı, laqeydlikdən tam uzaqlığı, ədalətliliyi,  həssaslığı, obyektivliyi, dürüstlüyü  onun yazıçı obrazını da səciyyələndirir və oxucusunda məmnunluq hissi yaradır, katarsis rolunu oynayır.  Xüsusən, Əli Vəlioğlunun Vətən, torpaq, halallıq, valideyn sevgisi, zəhmətə qiymət, ləyaqət, səxavət, kulinariya, şəcərə - etnoqrafiya, mərdlik, mənəvi-maddi borc, vicdan, dostluq, gözütoxluq, kara gəlmək və s. haqqında fikirləri, misal gətirdiyi rəvayətlər, hikimətlər  çox ciddi maraq doğurur və dediyim bu mətləbin aşılanmasına xidmət edir... “İradəsiz xalq kölədir”, “Ərənlər ucalar, kişilər çoxalar, Vətən ucalar, ədalət yerə enər”, “Dünyanın kefini pozandır qəddarlar. Dünyanın kefi pozuldumu, laqeydlər, gözügötürməzlər, namərdlər, nadanlar, zalımlar qılıncını çəkib atını çapar. Qoruyun insanları, qoruyun insanlığı!!”
   Bu kəlamların tələb etdiyi mənəviyyat ölçüləri, sanki müstəqil dövlətimizin təsbit etdiyi ictimai qanunlar sisteminin ədəbi dillə ifadəsidir, Respublikamızın Prezidentinin çağrışlarının məzmununa ədəbi-bədii sözün təkanıdır, onunla səsləşməsidir... 
   Müəllifin ləyaqət, mənəvi zənginlik, səxavət, mərdlik kimi dəyərləri təbliğ etməsi, nümunə göstərməsi milli mentalitetimizin əbədi-əzəli keyfiyyəti kimi ortaya çıxır. Kitabdakı  son dərəcə qiymətli, ibrətamiz, sözün yaxşı mənasında yüklü fikirlərin  yaradıcı fərd kimi yazıçının qayğılarını, nəcib arzularını, böyük ideallarını ifadə eləmək məqsədi daşıdığını görürük... Onu da görürük ki, Əli Vəlioğlunun əsərləri məramına, qayəsinə, qaldırdığı ciddi  problemlərin vacib, müasir, taleyüklü olduğuna görə  qiymətli, səmimi və təsirlidir..
     Yazıçının atalar sözü kəsərində deyilmiş öyüd-nəsihət məzmunlu əksər fikirləri, cəmiyyətə çatdırdığı deyimləri anlayana, hətta anlamayana belə təcrübəli həyatın enişini-yoxuşunu görə-görə, acısını-şirinini dada-dada gəlmiş bir müdrikin söylədiyi kəlamıdır. Atalardan, babalardan deyilərək gəlib bu günümüzə çıxmış sözlərin artıq cəmiyyətimizə bəzən  kar etmədiyini özümüz də hiss edirik və bu deyimlərin müasir dövrümüzlə ayaqlaşan variantına çox böyük ehtiyac duyulduğunu, deyimlərdə bir boşluq olduğunu görürük. Fikrimizcə, Əli müəllim də bu boşluğu gördüyü üçün öz dəyərli fikir dolu kəlamları ilə, ədəbi məntiqə də diqqət edərək, həyat həqiqətləri ilə müqayisədə bu boşluğu doldurmağa çalışmışdır. O, “Mənim mənəviyyatım, mənim mənliyimdir”, “Su qədər pakdir vicdan”, “Vicdan insanlığın mizan-tərəzizi, dünyamızın məhvəridir”, “Adam mənliyindən uzaq düşəndə, belə adamlara deyərlər: “Vicdanın itin olsun!”, “Tamahkarlarda azırda (yəni azıb- T.N.) olub vicdan, yaltaqlarda murdarlaşıb, fırıldaqlarda iblis donundadır”, " Vicdan gördüyün deyil, duya bildiyindir. Etiraf onun doğmaca oğludur. Vicdan – kəşf olunmamış fəlsəfə. Açılmamış riyazi düstur. İnsanlar bu fəlsəfəni öz qəlblərində yaradırlar, əməlləriylə bu düsturu açırlar. O hava kimi şəffaf, atəş kimi isti, buz kimi soyuqdur. Gözlə görünməzdir, lakin gerçəkdir” –  deməklə, qanun pozuntusuna açıq-aşkar yol verən məmurlara, sanki "Bir, utanın!" deyir. Və vicdanlılıq missiyasını belə təsdiq edir: “Vicdanlı olmaq böyüklükdür. Vicdanlılıq insanlığın nişanəsidir. Vicdan “əxlaq” süfrəsinin başında əyləşən müdrik “ağsaqqaldır!”
    Qanun və qanunçuluq, qayda-qanun məfhumunun çəkisi cəmiyyətin, dövlətin əsas prinsiplərindəndir.  Nizam-intizam olmayan cəmiyyəti təsvir edən müəllif hər dəfə oxucusunun diqqətini dediyi hikmətli sözlərlə cəmləşdirə bilir. O deyir: "Qaydasız cəmiyyət - əqrəbsiz saat". Çox sadə dillə qayda-qanuna əməl etməyin düsturunu yazaraq deyir: "Qayda - cəmiyyətin nizamı, fərdlər onun əsgəridir". Bu ideyalar, Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyev cənablarının son dövrdə korrupsiyonerlərə, iş yarıtmazara, əqidəsizlərə qarşı çağrışları ilə həmahəng səsləşir...
     Bu dünyanın keşməkeşində, sanki dönə-dönə yanıb qovrulmuş yazıçı dolğun yaş dövründə olmasına, ömrünün son məqamını yaşamasına baxmayaraq deyimləri, hikmətli sözləri bir neçə əsr yaşanmışları və həm də müasirliyi əks etdirir. İnanıram ki, hər bir vətənpərvər, vicdanlı, ədalətli oxucunun ürəyindən xəbər verən yazıçı insan mənəviyyatını formalaşdıran hər sahəyə toxunub. 
Halallıq onun yaradıcılığının başlıca, əsas kredosdur və əsərinin adını da, “Halal çörək” qoyması, elə bundan xəbər verir. Halallıq dövlətin də, dövlətçilliyin də, idarəçiliyin dəəzəli, dönməz prinsiplərindən, postulatlarındandır. Müəllif yazır: “Atam demişkən, halal var dövlət hörmət gətirər, haram, bədbəxtlik! Tamah zəlillikdir, alçaqlıqdır. Əmək ucalıqdır, şöhrətdir. Tamah, fırıldaq cəmiyyəti doğrayan güvədirsə, halallıqla yoğrulmuş əmək bəşəriyyətin canının gövhəridir. İnsan halallıqla ucalıb, cəmiyyət halallıqla inkişaf edib.” Kitabı maraqlı, oxunaqlı, cazibədar edən üslubi xüssiyyətlərdən biri də, məna və məzmuna uyğun verilən şeir parçaları, rəvayyətlər, olmuş əhvalatlar, “Atam deyərdi” adı altında söyləmələr, “atamın lətifələri”, “hikmət kitabından” verilən seçmələr-aforizmlərdir.
Məsələn “Atam fırıldaq haqında deyərdi:
 
Bulud gələr yan verər,
Dağları nişan verər,
Kələklə dövran sürən
Möhnət ilən can verər.
 
   Atam nəsihətlərini belə yekunlaşdırardı:
 
Əzizim, haqqa doğru,
Aç qəlbin haqqa doğru,
Dünyada bədbəxt olar
Gedən nahaqqa doğru.”
   
   Həyat məktəbi görüb dərindən əxlaq və kübarlığı özündə cəmləşdirmiş təcrübəli müəllimlik  peşəsinin tələblərindən bir an belə ayrılmaq istəmədən ətraf mühiti, xüsusilə gəncləri əxlaqlı, tərbiyəli, olmağa çağırır və deyir: "Gözəlliyin məhək daşı əxlaqdır".  Peşəsini çox sevən şagirdlərinin xiffətini edən Əli müəllim öz peşəsinə uyğun onlarla deyimə imza atıb. O deyir: "Öz dibinə işıq salmayan şam hər tərəfi işıqlandırdıqca əriyirdi. Müəllimliyim yadıma düşdü". Ardınca yenə növbəti bənzətməsini dilə gətirir: "Tapmaca saldılar: - Aləmi bəzər özü lüt gəzər? Müəllimdir" demək istəyirdim ki, "o, iynədir" - dedilər. 
    Əli Vəlioğlu hisslərlə, duyğularla, bənzətmələrlə yazıb-yaradan yazıçı olubdur. O, oxucusunun əlindən tutub öz yaradıcılığına səyahətə çıxır və ətraf mühitə, təbiətə, insanlara, peşələrə, məmurlara müxtəlif insanların həyat tərzinə, cəmiyyətə ayıq gözlə baxmağı tövsiyə edərək, nəzər-diqqətləri düzgün şəkildə göstərmək istədiyini obyektə yönləndirib, yatıb qalmış, hələ də açılmamış beyin qırışlarını açmağa çalışıbdır.
    Uzunçuluqdan, söz yığımından qaçan, yaradıcılığında sözlərin ağırlığına, fikirlərin mahiyyətinə diqqət edən müəllifin hər deyimi bir məhək daşı kimi oxucunun düşüncələrinin bünövrəsində özünə yer edir.
   Yenə də, demokratik müstəviyə qayıtsaq, qeyd edək ki, insanların vətəndaş cəmiyyətində, hüquqi dövlətdə və bir-birlərinə olan münasibətlərini tənzimləyən əsas vasitələrdən biri mentaldan süzülüb gələn əxlaqi-mənəvi mədəniyyətdir. Ənənəvi və eləcə də demokrtaik cəmiyyətlərdə əxlaqi-mənəvi mədəniyyətin formalaşması, mənəvi tərbiyə funksiyasını yerinə yetirən bir sıra istiqamətlər var ki, onlardan biri də ədəbiyyatdır, incəsənətdir, milli mədəniyyətin müxtəlif sahələridir.  
    
     Əli Vəlioğlu yaxşı bilirdi ki, əxlaqi, mənəvi vəziyyəti lazımi səviyyədə olmayan dövlət hüquqi-demokratik dövlət ola bilməz. Bu təkcə mənim gəldiyim qənaət  deyil. Şərq fəlsəfəsində bu məsələlərə münasibət min illərdir ki, bildirilib. Şərq mədəniyyətinin də elmi, idraki nüvəsində bu prinsiplər dayanır. Təəssüf ki, şərq siyasətçiləri,  din xadimləri  bu müdrikliyin xalqın mənəviyyatına keçmə mexanizminin yaranmasına mane olmuşlar. Əhalinin mənəvi səviyyəsi yüksək olmadıqda ictimai münasibətlərin mahiyyəti, onlara əməl olunmanın mədəniyyət olduğu dərk olunmur, yaxud ləngiyir... Camaat qadağa prinsipi ilə yaşayanda vəhşiləşmə, mütiləşmə, şəxsiyyətsizləşmə  baş verir. Bir sözlə əhalinin davranış keyfiyyəti aşağı düşür. Təəssüf ki, indi bizdə bu sahədə ciddi problemlər yaşanmaqdadır. Xalqın əsrlər boyu formalaşmış əxlaqi-mənəvi dəyərləri ciddi aşınmaya məruz qalmışdır. Fikir verin, məsələn, ailə zəminində əxlaqi anormallıq nə qədər artıb! Elə başqa sahələrdə də… Buna televiziyalar, sosial mühit, rüşvətxorluq hallarının yayılması, korrupsiya və s. hallar səbəb olur. Ona görə də hər bir milli, müstəqil dövlətin ən mühüm vəzifələrindən biri də əxlaqi-mənəvi məsələlərə diqqətin artırılmasıdır.  Bu baxımdan şair, publisist, düşüncə adamı Əli Vəlioğlunun müdrik kəlamlarında, hikmətli deyimlərində, bütövlükdə isə yaradıcılığında ictimai, mənəvi-əxlaqi problematika, mövzu və məzmun zərif bir xətlə, incə və duyğusal lövhələrlə dərin mənaya, tutumlu mündərəcəyə və unudulmaz təsir gücünə malikdir.   
  Əli Vəlioğlunun qəhrəmanı bəzən özü söhbətə qoşulur, bəzən müəllifin baxış acısında hadisələri müşaiyət edir. Bütün hallarda, məkandan və zamandan asılı olmayaraq vicdan kateqoriyasının natamam görünməsinə imkan vermir.
     “Halal çörək”də ictimai problemin milli kökdən gələn fəlsəfəsinə, örtülü qatlara nüfuz etməsi, insanları düşündrməyi, zülmə, zalıma, ədalətsizliyə, haqsızlığa qarşı mübarizəyə səsləməsi onun yaradıcıığının əsas məziyyələrindəndir və hüquqi sahəyə köməkdir... Bu cəhətdən mərhum ədibimiz  Əli Vəlioğlunun ümumən ədəbi yaradıcılığı, o cümlədən də “Halal çörək” povesti, fikrimizcə, dəyərli ədəbi-bədii mənbələrdəndir. Görkəmli ədib Əli Vəlioğlu əbədiyyətə qovuşsa da, onun ədəbi irsinin, yaradıcılığının enerjisi, potensialı əbədidir, ona görə də, Əli Vəlioğlu kimi ədiblər cismən dünyadan köçsələr də, əbədən söz dünyasının əbədiyaşarlarıdılar… 
Allah rəhmət eləsin, özü yoxdursa da, ruhu bizimlədir…
 
Tərlan Novruzov,
filologiya elmlər doktoru,
professor.
04.05.2020.


Ana səhifəyə qayıt        Baxış: 2 795          Tarix: 22-06-2020, 11:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma