Xəbər lenti


Dövlət Təhlükəsizlik Xidmətinin XİN-də həyata keçirdiyi anti-korrupsiya əməliyyatı ictimaiyyətə indiyə qədər bəlli olmayan bir çox həqiqətlərin üzərinə işıq saldı. İstintaqın gedişində daha ciddi nöqsan və pozuntuların üstünün açılacağı isə sirr deyil.  
Avropa Birliyi ölkələrindəki səfirlərlə iş sektorunun rəhbəri, eləcə də Xarici İşlər Nazirliyi Həmkarlar İttifaqı komitəsinin rəhbəri Elxan Azayevin müəllifliyi ilə həyata keçirilmiş tikinti "əməliyyatları" haqda ilginc faktlar daxil olub.
 
Həmin məlumatları təqdim edirik:
 
Qeyd edək ki, Elxan Azayev nazir Elmar Məmmədyarovun ən inanılmış kadrlarından sayılır. Görünür, elə buna görə də Məmmədyarov 2008-ci ilin sentyabrında Elxan Azayevlə tikinti biznesinə qərar verir və "DİPLOMAT 2008" Mənzil Tikinti Kooperativini qeydiyyatdan keçirir. Şirkət 25 manat nizamnamə kapitalı ilə Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi ev 33 A, 53-dür. Ofisi XİN-in Konsulluq İdarəsinin keçmiş binası ilə üzbəüzdə yerləşir.
 
Dövlət reyestri məlumatlarına görə qanuni təmsilçisi Elxan Çərkəz oğlu Azayevdir. Şirkəti idarə edən Azayevin diplomat kimi fəaliyyətilə bağlı mənbələrdə heç bir məlumata rast gəlmək olmur. Onun adı yalnız bir neçə dəfə şirkətin satdığı mənzillərlə bağlı məhkəmə çəkişmələrində çəkilir.
 
Belə ki, şirkət daşınmaz əmlak bazarına bahalı mənzillər təqdim edir. Məsələn, "DİPLOMAT 2008" MTK tərəfindən Xarici İşlər Nazirliyinin arxasında, Yasamal rayonu 422-ci məhəllə, M.İbrahimov küçəsi 53 (Nizami metrosuna yaxin) ünvanında inşa edilmiş 20 mərtəbəli, 110 mənzilli binada 166 kv metrlik təmirsiz mənzil 600 min manat civarındadır.
 
Şirkət Sumqayıtda iri ticarət mərkəzi tikib, hazırda Ağ Şəhərdə 1-ci fəvvarələr küçəsində 7 bloklu binaların tikintisini başa çatdırmaq üzrədir.
 
Xarici İşlər Nazirliyinin arxasında, Yasamal rayonu 422-ci məhəllə, M.İbrahimov küçəsi 53 (Nizami metrosuna yaxin) ünvanında inşa edilmiş 20 mərtəbəli, 110 mənzilli bina ilə bağlı isə olduqca maraqlı təfərrüatlar var. Belə ki, sözügedən binanın inşa edildiyi ərazi dövlət tərəfindən ayrılıb. Bina güzəştli qiymətlərlə XİN əməkdaşlarına təqdim edilmək üçün nəzərdə tutulub.
 
Eyni zamanda binanın tikintisi zamanı dövlətin verdiyi bütün imkanlardan və üstünlüklərdən istifadə edilib.
 
Bu səbəbdən də XİN əməkdaşları haqlı olaraq hesab edirdilər ki, buradakı mənzillər maaşla dolanan diplomatlar üçün ucuz və alçatan olacaq. Elə tikinti işləri başlayarkən də evlərin qiymətinin diplomatların maaşına adekvat olacağı anonsu verilmişdi.
 
Amma diplomatlar saydığını saysın, görək, Elxan Azayev nə sayıb...
 
Bina hazır olan kimi bütün vədlər unuduldu, evlər kommersiya qiymətləri, hətta ondan da üstün qiymətlərlə satışa çıxarıldı. Belə olan halda maaşı ilə dolanan diplomatların bu evləri almağa gücü çatmadı və nəticədə bu gün həmin binada yaşayanların 70%-nin XİN sisteminə heç bir aidiyyatı yoxdur.
 
Geridə qalan evlər isə nisbətən imkanlı XİN əməkdaşlarına satılıb. O əməkdaşların ki, onsuz da şəhərin ayrı-ayrı yerlərində evləri var idi.
 
 
Diplomatların binasından söz düşmüşkən... Burada kommunal xidmətlərə görə hər ay 1 kvadrat metr üçün 1 manat pul toplanır ki, bu da Bakı şəhərində ən bahalı qiymətdir. Pulun hara xərclənməsi barədə sakinlərə məlumat verilmir. Ən dəhşətlisi odur ki, binaya xadimələr qismində XİN-in təmizlikçiləri cəlb olunur ki, bu da onların hüquqlarını kobud şəkildə pozur, eyni zamanda vergidən yayınmaya səbəb olur.
 
Binada 10 kvadrat metrlik qarajlar 45 000 manatdan satılır. Elxan Azayevin bu binada 200 kvadrat metrlik evi və bir neçə qarajı var. Lüks avtomobil həvəskarı olan Elxan Azayevin 200 və 201 dövlət nömrə nişanlı bir neçə avtomobili var. Sual olunur ki, aylıq maaşı 2000 azn olmayan Elxan Azayevdə milyonlarla ölçülən sərvət haradandır...
 
Binanın tacı hesab olan 600 kvadrat metrlik şüşə tavanlı mənzilin isə Nazirə aid olduğu bildirilir.
 
 
Elxan Azayev hətta mənzillərin satışı yekunlaşdıqdan sonra da həmin binadan pul qazanmağa davam edib. Belə ki, binadakı evləri alan və borcunu ödəmiş insanlara borcun ödənməsi barədə maliyyə arayışları verildi. Sonradan isə görünür, binanı inşa edən Elxan Azayevin iştahı güc gəlib və yenidən vergi borcu adıyla hər kvadrat metr üçün 40 manat tələb edilməyə başlanıb.
 
Bu qanunsuz tələbə tabe olaraq həmin vəsaiti ödəyənlərə evlərin çıxarışlarının verilməsi barədə sənədlər verilib.
 
Bu qanunsuzluğa tabe olmayanlar isə hələ də evlərində "girov” statusunda yaşayır və onların qanuni haqqı olan çıxarışların alınması barədə sənədlər verilmir.
 
Sonda bildirək ki, Məmmədyarov-Azayev cütlüyü hazırda Ağ Şəhər ərazisində diplomatlar üçün yeni bina tikir. Binada mənzillərin satışı 1 kvadrat metr üçün 1500 Azn-dir. Bu layihə ilə ev həsrəti çəkən diplomatlara hansı üstünlüyün şamil olunacağı böyük müəmma olaraq qalmaqdadır.

Pravda.az


Ana səhifəyə qayıt        Baxış: 3 484          Tarix: 11-07-2020, 21:21      


Paylaş: