Xəbər lenti

Maraqlı olduğunu nəzərə alıb müsahibəni ikinci dəfə biz oxucularımıza təqdim edirik.
 
Nə zaman, necə yarandı bu dünya? Yaranış öz başlanğıcını haradan götürdü? Mövcud olan insanlar Yer kürəsinə haradan və kim tərəfindən gətirilib? Bizdən əvvəl də sivilizasiya olubmu? Yer kürəsindən başqa digər planetlərdə, qalaktikalarda da həyat varmı? Bu kimi suallar əsrlər boyunca insanlığı düşündürmüş, narahat etmişdir. Müxtəlif dövrlərdə ayrı-ayrı insanlar bu suala öz düşüncəsinə və anlayışına uyğun cavab tapmağa çalışmışdır. Çoxları buna cavab verməyi bacarmasa da, bəzi alimlər nisbətən uyğun cavablar tapmağa nail olmuşlar. Əslində bu sualın özü insanlığı iki yerə ayırmışdır: dindarlar və elm adamları. Dindarlar bütün yaradılışın təməlini gözəgörünməz varlıqla əlaqələndirib adına “Tanrı” dedikləri və inanca əsaslandıqları halda, alimlər bunun elmi əsaslarını axtarıb tapmağa çalışmışlar. Hər iki tərəfin özünəməxsus məntiqi var. Biz də öz növbəmizdə yaranışla bağlı bizi maraqlandıran sualları şair, araşdırmaçı Namiq Hacıheydərliyə ünvanlamaq qərarına gəldik.
         – Dünyanın yaranması haqqında nə düşünürsüz?
        -Dünyanın ilk başlanğıcı haqqında qəbul olunmuş elmi nəzəriyyə var. Bu, “Böyük partlayış” nəzəriyyəsidir. Elmi ədəbiyyatda bu haqda kifayət qədər yazılıb. Kainatın bu və ya buna bənzər bir ilkin başlanğıcının olduğuna və kainatda mövcud olan bütün cisimlərin törəmə olduğuna inanıram.
        -Nədən törədi bütün cisimlər?
        -İlkin başlanğıcdan.
        -İlkin başlanğıc dedikdə nəyi nəzərdə tutursunuz?
        -İlkin başlanğıc dünyada mövcud olan bütün cisimlərin, planetlərin, kometaların, qalaktikaların və s.-in törəmiş olduğu ilkin, ana qaynaqdır. Bu, əvvəllər fərziyyə kimi meydana gələn, indi isə elmin qəbul etdiyi “Böyük partlayış” (Big Bang) və ya varlığın daha mükəmməl ola biləcək ilkin başlanğıcı ola bilər. Bütün hallarda kainatda mövcud olan trilyonlarla cisimlərin vahid və ilkin başlanğıcdan gəldiyinə əminliklə inanıram.
       -Bəs insanların var olması haqqında nə düşünürsüz?
       -İnsan Yer mənşəli deyil. İnsan Yerə gətirilib. Bu, eksperiment örnəyi kimi də ola bilər, daha əvvəlki məkanın yaşam şərtlərinə cavab verməməsi nədəniylə də bağlı ola bilər. Əslində, bu yeni bir şey deyil. İnsanın Yer mənşəli olmaması ilə bağlı əski dini mətnlərdə də mesajlar var. Məsələn, Quranda Bəqərə surəsinin 36-cı ayəsində deyilir: “Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var” dedik.
      -Eyni yerdənmi gətirildi ilk insanlar?
          -Eyni və ya bənzər sivilizasiyanın daşıyıcıları tərəfindən gətirilimiş ola bilər, lakin Yer kürəsində yaşayan insanların hamısı eyni qaynaqdan gəlmir. Dünya toplumunu təşkil edən insanlar zənnimcə, 2-3 ayrı-ayrı kökdən gəlir. Yəni bəşiriyyət, ən azı, 2-3 ayrı-ayrı qaynaq soydan gəlir. Bu soylardan biri digərlərindən üstün zəkası ilə fərqlənən soy olub, güman ki.
         -Dünyada nə zamansa elmin və sivilizasiyanın indikindən yüksək durumda olduğunu söyləyənlər var. Bu haqda nə düşünürsüz?
          -Bu, fərziyyə deyil, gerçəkdir. İtmiş mədəniyyətlər və itmiş elmlər var. Bu gün bizə möcüzə kimi görünən Heops ehramı, Semiramidanın asma bağları, Artemida məbədi, bizim Qız qalası və digər bu kimi örnəklər itmiş elmin və mədəniyyətin nişanəsidi. Daha böyük möcüzələr tarixin qaranlığında görünməz olub.
        -Yəni o itmiş dediyiniz sivilizasiyanın indiki sivilizasiya ilə fərqi nə olub?
       -İtmiş sivilizasiya haqqında hərtərəfli bilgimiz olmadığı üçün əhatəli müqayisə aparmaq imkanımız da yoxdur. Lakin əminliklə demək olar ki, itmiş sivilizasiyanın daşıyıcıları metafizik güclərlə (bu, yadplanetlilər də ola bilərdi) əlaqəyə girməyi bacarıblar. Sürətli şəkildə yerdəyişmə imkanlarına malik olublar. İndi bizə möcüzə kimi görünən örnəklərin qurulma mexanizmini biliblər. Yəni çox yüksək inşaat texnologiyasına və ən əsası da üstün zəkaya sahib olublar.
       -Bu sivilizasiyanın mövcud olduğu yer hara olub?
       -Çox böyük ehtimalla, bu yerin ana qaynağı itmiş Mu qitəsidir. Sakit okeanda mövcud olmuş bu qitədə 70 min il bundan əvvəl elm və mədəniyyət bizim indi təsəvvür edə bilməyəcəyimiz qədər yüksək olub. Qitə 12-14 min il əvvəl yeraltı təkanlar nəticəsində okenanın dərinliklərinə qərq olub. Batan qitə ilə birgə 70 milyona yaxın insan məhv olub. Çox az qism insan buradan sağ qurtula bilib. Dünyada mövcud olan dövlətçiliyin, elmin və sairin də əsasını həmin fəlakətdən sağ çıxaraq, dünyaya səpələnən bu insanlar qoymuşdu. İndi bizə möcüzə kimi görünən Misir ehramları və bu kimi örnəklər Mu qitəsindən sağ çıxmağı bacaranların əsərləridi. Əski möcüzələrin texnologiyası ordan gəlirdi. Onlar bundan min illər öncə öz qitələrində Misir ehramlarından daha möhtəşəm örnəklər yaratmışdılar. 5-6  min il əvvəl mövcud olan Mayya və Şumer mədəniyyətləri, digərləri itmiş sivilizasiyanın öləzimiş qalıqları idi. Şumer ərazisindən tapılan, ən azı, 5 min il əvvələ aid yanmış, yazılı gil lövhələr var. Həmin lövhələrdə dünyanın su altında qalması və “səmadan enib gələnlər” haqqında qeydlər var. Su altında qalan dünya, onların min illər öncə okeanda qərq olan ilk yurdları, “səmadan enib gələnlər” isə Mu sivilizasiyası dönəmində əlaqəyə girməyi bacardıqları metafizik güclər və ya yadplanetlilər idi.
        -İndiki yaşadığımız dünya məhv olmuş Mu sivilizasiyasının, təxminən, hansı mərhələsindədir?
        -Mu qitəsinin insanları çağdaş dünyanın insanlarından zəka baxımından çox fərqləniblər. Siz bu qitənin adını Mu deyil, başqa adla da adlandıra bilərsiniz, onun Sakit okeanda deyil, başqa okeanda mövcud olduğunu iddia edə bilərsiniz. Bu, həqiqəti dəyişmir. Gerçək budur ki, belə bir sivilizasiya mövcud olub. Onlar Nəsimi demişkən “aləmlərin sirrinə vaqif” olublar. Çağdaş insanın itmiş sivilizasiyalarda mövcud olmuş üstünlüklərə yetişməsi üçün, bəlkə də, min illərlə yol getməsi lazımdır. İnsan zəkasının, idrakının imkanlarının yüzillərlə durmadan gəlişməsi lazımdı. Bu gəlişmə isə təkcə elmlə mümkün olmayacaq. Bəşəriyyətin peyğəmbəranə özəlliklərə malik olması sonucunda mümkün olacaq. Bütün bunlar insanın ulduzları görməsi ilə yox, ulduzların ötəsini hiss edə bilmək yetənəyinə sahib olması ilə reallaşacaq.
          -İnsanlar bərabər halda yaşarkən, eyni dildə, eyni mədəniyyətdə və eyni şəraitdə yaşarkən dinə ehtiyac nə vaxt və niyə yarandı? Bir də ilkin sivilizasiya beşiyi olduğunu düşündüyünüz Mu ərazisində də din olubmu, yoxsa, onlar artıq o mərhələni keçmişdilər?
        -Dinlər hər zaman tarixi zərurət kimi meydana çıxıb. O coğrafiyalarda meydana çıxıb ki, orada toplum əxlaqi çöküş dönəmi yaşayır, eyni və
 ya qohum soydan gələn insanlar yüzlərlə yerə parçalanıb, ayrı-ayrı varlıqların heykəllərinə Tanrının simvolu kimi baxıb ibadət edirdilər.  Məhz belə bir ortamda meydana gələn dinlər insanları bir Tanrı yolunda birləşdirmək və insanlara ən optimal yaşam yolunu göstərmək ehtiyacını təmin etmək gərəkliliyindən yaranırdı. Və ən əsası da din insanların yüzlərlə ibtidai sualına sadə cavablar toplusu kimi meydana gəlirdi. Əski sivilizasiyanın beşiyi hesab etdiyimiz Mu qitəsində isə belə bir zərurət yox idi. Bütün insanlar varlığın yaradıcısı olduğu düşüncəsində idilər, hər kəs Tanrıya inanırdı. Yüksək səviyyədə elm və mədəniyyət vardı. Bizim bu gün bir ömür cavablarını öyrənməyə çalışdığımız bir çox gizlinlər onlara bəlli idi.
      -Yenidən həmin sivilizasiya qurula bilərmi?
      -Bəzi insanların alt şüurunda həmin sivilizasiyada mövcud olmuş zəkanın izləri və yaxud elementləri qalmaqdadı. Bəzən bu özəlliklər çağdaş insanın davranışında və düşüncəsində dumanlı şəkildə olsa da, özünü göstərir. Lakin həmin elmin yenidən meydana çıxması bizim düşündüyümüz kimi, oxumaqla yox, daha çox insan zəkasının oyanışı, idrakın gizli qatlarının açılması sonucunda baş verə bilər.
       -Zəkanın oyanışı baş verəndə və idrakın gizli qatları açılanda nə baş verəcək?
       -İnsanlar min kilometrlərlə məsafədən bir-birlərinə düşüncəsini ötürə biləcək. Bir-birlərinə sual verib, cavab ala biləcək. Bu, heç bir kənar vasitə (bilgisayar, telefon və s.) olmadan baş verəcək. İndi sizə hər kəsin bildiyi bir misal çəkim. Deyək ki, ana oturub Bakıda, övlad isə Tokioda işləyir. Ana heç bir informasiya olmadan deyir ki, balama nəsə olub, ürəyimə damıb. Araşdırılır və məlum olur ki, həqiqətən də Tokioda yaşayan övlad qəzaya düşüb və deyək ki, qolu əzilib. Bax, o dediyim zəkanın oyanışı və idrakın gizli qatlarının açılacağı dönəmdə bu kimi şeylər, artıq insanın ürəyinə dammayacaq. Nədən ki, insan bunu əminliklə biləcək. Çağdaş insan bu gün ona gələn zəngdən anında xəbər tutub cavabladığı kimi, gələcək insan da ona min kilometrdən ünvanlanmış fikir dalğasını tutacaq və anında cavablayacaq. Bu, təxminən, dünyanın lal dilində danışmasına bənzəyən bir şəkildə olacaq.
        -Dediyiniz gözəl dünyada yaşamaq üçün indiki insanların üzərinə hansı vəzifələr düşür?
        -Vahid Yer Mədəniyyəti yaranmalı, Vahid Yer İdeologiyası meydana gətirilməlidi. Dünya ülvi məqsədlər yönündə birləşib eyni hədəfə vurmalıdı. Vahid Yer Bilim Mərkəzi ortaya qoyulmalıdı. Bu Mərkəzdə dünyanın seçkin zəka sahibləri toplanmalı, itmiş sivilizasiyaların, qalaktikamızın və qalaktikalardakı nizamın mahiyyətinin öyrənilməsi əsas tədqiqat obyekti olmalıdır.
       -Vahid Yer Mədəniyyəti elə qlobalizm deyilmi?
        -Əsla! Bu gün dünyada ortaya atılan qlobalizm Vahid Yer Mədəniyyətini yaratmağı düşünmür. Ayrı-ayrı kültürlərin böyük güclərin yaratdığı mədəniyyətlər içində əridilməsini hədəf seçib. Böyük güclərin “mənim mədəniyyətimin dünyaya yayılması” ehtirasının təmin olunmasına hesablanıb. Dünya iqtisadiyyatının və siyasətinin vahid mərkəzdən idarə olunmasını hədəf seçib. Bu, ədalətsiz bir prosesdir və varlığın ali nizamına xidmət etmir.
      -Qalaktikalar idarə olunurmu, sizcə? Yoxsa başlı-başına buraxılıb?
       -İdarə olunur, əlbəttə. Həm Günəş sistemi, həm qalaktikamız, həm metaqalaktikalar idarə olunur və hər an nəzarət olunan bir mexanizm içindədir.
      -Kim idarə edir?
      -Bu, bəşərüstü bir heyət ola bilər.
      -Bəs Tanrı?
       -Tanrı Ali Nizamlayıcıdır. Onun varlığı kainatda mövcud olan Ali Nizamın mövcudluq qarantı, ilkin başlanğıcı, eyni zamanda varolmanı təmin edən və milyard yerə ünvanlanan sonsuz enerjinin vahid qaynağıdır.
       -Elmlə din bir araya gələcəkmi, sizcə?
       -Sonucda elm də, din də eyni həqiqətdə birləşəcək.
        -Elmin və dinin birləşəcəyi həqiqət nədir?
         -Tanrı! Təkcə elmin və dinin deyil, Tanrı, bütün fəlsəfi cərəyanların, dini axınların birləşəcəyi nöqtə olacaq. Bütün hallarda deyil, bəzi hallarda aqnostik, bəzən inkarçı (ateist) olan elm danılmaz Tanrı həqiqəti qarşısında Füzuli demişkən, “heyrət” edəcək, Tanrının inkaredilməz həqiqət olduğunu, varlığın ondan gəldiyini açıqlayacaq, din isə insan beyninin məhsulu olduğunu etiraf edəcək. Yəni hər şeyin elmi izahı ortaya çıxacaq deyə, varlıq haqqında min illər boyu qəlibləşmiş, inanclardan inaclara ötürülmüş  sadə cavablar öz yerini elmi izahlara verəcək. Söhbət gerçək Yaradandan gedir, minillər boyu ayrı-ayrı inancların ayrı-ayrı adlarla yaratdığı, bəlli bir dövrdən sonra tarixlərə gömülən yapma tanrılardan getmir. Əski yunan filosofu Sokratı Zevsə Tanrı olaraq inanmadığı üçün ateist kimi edam etdilər. Sokratın son sözü: “Kaş ki, siz gerçək Tanrını tanımış olaydız”- oldu. Elmin də, dinin də sonda birləşəcəyi həqiqət bax, o gerçək Tanrı olacaq.
 
                                                    Söhbətləşdi: Şəhanə Müşfiq


Ana səhifəyə qayıt        Baxış: 5 855          Tarix: 21-07-2020, 12:26      


Paylaş:   

Ən çox oxunanlar